POETİK KƏŞF
XX əsr Azərbaycan poeziyasının parlaq simalarından olan xalq şairi Rəsul Rza sevilib oxunan şairlərdəndir. O, bu sevgini şeirdə yalnız ustad olması ilə qazanmamışdır. Bu el məhəbbəti şairin ilhamını və tükənməz istedadını xalqına həsr etməsilə də daha möhkəm bağlıdır. Böyük ideallarla yaşayan, aydın məqsədli, coşqun istedadlı bir sənətkar olan R.Rza külli miqdarda lirik şeirlərin, poema və dram əsərlərinin müəllifi kimi şöhrətlənmişdir.
R.Rza poeziyasını nəzərdən keçirdikdə gözlərimiz önündə dərin fəlsəfi təfəkkürlü, görkəmli bir sənətkar canlanır. “Vəfa”, “Qardaşlar” kimi pyeslər R.Rza qələminin məhsuludur.
Həmişə bəşərin taleyi üçün narahat olan şairin poetik düşüncələri “Almaniya”, “Madrid”, “Cəlladları durdur”, “Həbəşistan”, “İnqalesyo”, “Yaponiya motivləri”, “Suriya dəftərindən”, “Amerikanın səsi” şeirlərində öz əksini tapmışdır. Sülh və demokratiya uğrunda mübarizəyə, insan hüquqlarına həsr olunmuş bu şeirlərin, eləcə də Cənub mövzulu şeirlərin (“Gözəl dost”, “Təbrizli dostuma”, “Hilal” poeması və s.) poeziyamızda ayrıca yeri vardır.
Rəsul Rzanın məhəbbət lirikasından isə kövrək bir qəlb döyüntüsü eşidilir, sədaqətli, etibarlı gözəlin ürkək baxışları boylanır, göyçək camalı görür:
Ürəyimin sevinci,
Sənin yadigarındır.
Yuxumu qaçıran da,
Sənin intizarındır.
Sən dərdimdən xəbərsiz,
Sən nəşəli, kədərsiz,
Görən deyir bu göyçək,
Hansı bəxtəvərindir?
R.Rza ən çox tərcümə olunan və tərcümə edən şairlərdəndir. Onun bir sıra əsərləri ingilis, fransız, rumın, polyak, macar, ispan, çex, ərəb dillərinə tərcümə edilmişdir.
Puşkin, Lermontov, Şevçenko, Mayakovski, N.Hikmət, Turgenev, Heyne kimi rus və dünya poeziyasının qiymətli incilərinin Azərbaycan dilinə tərcümə olunmasında onun böyük xidmətləri var. Nekrasovun “Rus elində kimin günü xoş keçir” əsərinin Azərbaycan dilinə ilk dəfə tam şəkildə tərcüməsi R.Rzanın zəhmətinin bəhrəsidir.
Onun qələmindən çıxan bir sıra məzmunlu məqalələr, xüsusilə Nəsimi haqqındakı “Cahana sığmayan şairin qərib məzarı”, “Böyük şair haqqında kiçik qeydlər” məqalələri, Kərkük bayatılarına yazdığı “Uzaq ellərin yaxın töhfələri” adlı müqəddimə öz dərinliyi və elmiliyi ilə diqqəti cəlb edir.
Şair üçün səfərlər, həm də bir elmi axtarışa çevrilmişdir. 1968-ci ildə bir qrup mədəniyyət xadimləri ilə Suriyada olan şair Nəsimi, onun qəbri, nəsli haqqında məlumatlarla geri dönmüş, ədəbi ictimaiyyətimizi narahat edən bir məsələni dəqiqləşdirmişdir.
Nəsiminin qəbrinin Hələbdə olması təxmin edilirdi. R.Rza yazır: “Hələ Bakıda ikən hörmətli alim Həmid Araslı “Nəsiminin qəbri Hələbdə olmalıdır. Siz onu yəqin görəcəksiniz” demişdi. Lakin uzun illərin əlaqəsizliyi bu məlumatın nə qədər səhih olduğunu bir nigaranlığa bağlamışdı”.
“…Xəyalımı bir an dinc qoymayan Nəsimi idi. Ondan bir nişan qalmışdımı? Qəbri haradadır? Əsərlərindən, bəlkə də əlyazmalarından tapmaq mümkün oldu. “Bir zaman Şam, bu gün Dəməşq adlanan şəhərdə, müqəddəs Şamda, gəzdiyimiz bir çox şəhərlərdə də bu nigaran fikirlər məni rahat qoymurdu. Dəməşq və başqa şəhərlərdə görüşdüyümüz suriyalı yeni-yeni tanışlarımız, dostlarımız da şair Nəsimi haqqında təsəlliverici bir şey deyə bilmirdilər”.
Gəzdiyi yerlərdə gərgin nigarançılıq keçirən şair böyük intizar və axtarışdan sonra Hələb qubernatorunun köməyilə Nəsiminin qəbrini tapır.
R.Rza poeziyada da həmişə inadlı axtarışlar aparmış, məqsədinə də nail olmuşdur. O, poeziya aləminə gəldiyi gündən böyük ideallara xidmət etmiş, səadətin, məhəbbətin, qardaşlığın nəğməkarı olduğundan, xalqının sevimlisinə çevrilmişdir.
Rəsul Rzanın poeziyası mövzu müxtəlifliyindən asılı olmayaraq ürəkdən qopan nəğmə kimi həmişə könülləri oxşamışdır. Onun şeirləri öz şirəsini canlı həyatdan, el gücündən aldığı üçündür ki, nəğmə kimi təbii səslənir, bulaq kimi çağlayır. Şairin:
Kölgəsiz budaq olmaz,
Nəğməsiz dodaq olmaz
Desəm də, heç ağ olmaz.
Düz sözlü, doğru yollu,
Qəlbi sədaqət dolu,
Xalqın inamlı oğlu
Mənəm, mənəm –
deməsinə gətirib çıxarır. Çünki Rəsul Rza poeziyasının arxasında dərin fəlsəfi təfəkkürlü, həyatın bədii salnaməsini, poetik xəritəsini yaradan görkəmli sənətkar durur. Onun şeirlərinə insanlara qayğı və məhəbbət, torpağı, vətəni, ana təbiəti ehtirasla sevmək kimi yüksək bəşəri hisslər hakimdir:
Mən insanam, ülfətsiz ölərəm,
Məhəbbətsiz, nifrətsiz ölərəm.
…Mən torpağam nemətimi, varımı,
Zəhmət sevən insanlarla bölərəm,
Mən ürəyəm, döyünməsəm ölərəm.
Yaradıcılığında Cənubi Azərbaycana həsr olunmuş şeirlərin ayrıca yeri olan şairin folklor ab-havasından gələn bayatı naxışlı “Nigaran suallar” şeiri bu baxımdan çox dəyərlidir.
Son zamanlar
Səni tez-tez,
Yuxuda görürəm, Təbrizim,
Yuxuma qəmli gəlirsən.
Hər gecə.
…Yoxsa dözüb-dözüb
İndi yaman qəribsəmisən?
İnanıram,
Hələ ümidin var böyüyəsən,
Arzun var boy atasan.
Hardan düşdü yadıma,
Anamın göynəkli bayatısı:
“Mən bütöv bir yuvaydım,
Yel vurdu paralandım.
Mən səndən ayrılmazdım,
Zülümnən aralandım”.
Şeirdəki bayatıdan da göründüyü kimi, Rəsul Rza xalq yaradıcılığından, onun nəhayətsiz zənginliklərindən, müdrik ifadələrdən, bayatılardan, özünəxas yaradıcılıq qüdrətilə istifadə etmişdir. Onun qüdrətli şair Mikayıl Müşfiqə həsr etdiyi “Qızılgül olmayaydı” poemasının adını oxuyanda hiss edirsən ki, buraya haradansa aşağıdakı bayatının ovqatı düşüb.
Qızılgül olmayaydı,
Saralıb solmayaydı.
Bir ayrılıq, bir ölüm,
Heç biri olmayaydı.
Və bu bayatının fonunda şair az, lakin mənalı yaradıcılıq yolu keçmiş bir şairin qısa ömrünü qızılgül ömrü kimi mənalandırırır.
İlham qaynağını şifahi xalq ədəbiyyatından, canlı xalq dilindən aldığı şeirlərini oxuyanda hiss edirsən ki, onun deyimlərində folklora bağlılıq güclüdür. Xalq arasında bəzi dili xəlpətər atan insanlar haqqında deyilir ki, “dili başına bəladır”. “Soruş” şeirində Rəsul Rza bu xalq ifadəsini elə işlətmişdir ki, burada xalq deyimi ilə klassik poeziyaya məxsus olan yüksək poetik keyfiyyətlərin qaynayıb-qarışmasından orijinal bir üslub yaranmışdır.
Od nə çəkdi, küldən soruş,
Baş nə çəkdi, dildən soruş.
Belə orijinallıq, belə poetik kəşf şairin “Rənglər” şeirində də müşahidə edilir. Həyatın, insan mənəviyyatının müxtəlif lövhələrinə simvolik münasibətin fəlsəfi gücünü əks etdirən “Rənglər” şeirində xalq deyimlərinin fəlsəfi qaynağı üzə çıxarılır. Xalq arasında “göy adam”, “boz adam”, “üzü qırmızı adam”, “Qara yaxmaq”, “qara basmaq”, “ağciyər adam” kimi rənglərlə bağlı ifadələr işlənir. R.Rza xalqda işlənən bu ifadələrlə maraqlı poetik nümunələr yaratmışdır.
Rənglər xatirələr oyadır,
duyğular oyadır,
Rənglərin də musiqi kimi ahəngi var,
Ağrının, sevincin, ümidin də
rəngi var.
Məlumdur ki, atalar sözü və məsəllər təsirli ifadə vasitəsi kimi həmişə təcrübəvidir. Rəsul Rza 8 misralıq “Məzmun” şeirində “İgidin başı qilu-qalda gərək” atalar sözündən, öz məqsədinə müvafiq istifadə edərək, poetik axtarış apararaq belə bir nəticəyə gəlir ki, “qilü-qal” ancaq müqəddəs amallara xidmət edən igidə yaraşır. Mənasız baş yormanın, “qilü-qal” etmənin heç nəyə faydası yoxdur:
Atalar deyib:
İgid başı qalda gərək.
Haqlı sözdür.
Gərək zamanın isti-soyuğu,
Kişiyə dəysin.
Ancaq gərəkməzmi
Qilü-qalın özü də bir şeyə dəsin.
Nümunələrdən də göründüyü kimi, Rəsul Rza poetik kəşflər edərək, şeirlərində istifadə etdiyi xalq danışıq dilini yüksək sənətkarlıqla ədəbi dil səviyyəsinə yüksəlməyi bacaran ustad sənətkardır.
Dostları ilə paylaş: |