Rəyçi və ön sözün müəllifi: Əziz ƏLƏKBƏRLİ



Yüklə 4,68 Mb.
səhifə8/42
tarix30.12.2021
ölçüsü4,68 Mb.
#17494
1   ...   4   5   6   7   8   9   10   11   ...   42
MİLLİ ŞEİR ƏNƏNƏSİ*
Azərbaycan şeirinin xalq poeziyası ilə əlaqəsinin öz ənə­nəsi və inkişaf xüsusiyyətləri vardır. Poeziyamız bütün inkişaf tarixi ərzində xalq bədii və poetik təfəkkürü ilə qırılmaz əlaqədə ol­muşdur. Ədəbi dilimizin müəyyən tarixi amillər nəticəsində ərəb və fars dillərinin təsirinə məruz qaldığı dövr­lərdə belə klassik poeziyamızın Nəsimi, Füzuli, Xətai kimi böyük simalarının xalq şeiri üslub və poetikasına yaxınlığını görmək mümkündür.

XVIII əsrdə Vaqif, Vidadi, XIX əsrdə Qasım bəy Zakir xalq şeiri poetikasını klassik şeirə gətirməklə bu ənənəni davam etdir­mişlər. Onların xalq poeziyası formasında yazdıqları qoşma, gəraylı və bayatılar realist şeir üslubunun təşəkkülündə əhəmiy­yət­li rol oynamışdır. Böyük satirik M.Ə.Sabirin yaradıcılığında da klassik poeziya xalq şeirinin üslubi ünsürləri üzvi şəkildə bir­lə­şərək tənqidi realist poeziyanı yaratdı və bu poeziya xalq həya­tının ən canlı məsələlərini sadə və inandırıcı şəkildə ifadə etdi.

Göründüyü kimi, müasir Azərbaycan şeirinin folklora, xalq şeirinə bağlılığının qiymətli ənənələri vardır. Müasir Azərbaycan poeziyası məhz milli şeirin ənənələrini dərindən mənimsəməklə, bu ənənələrə yaradıcı, cəsarətli münasibət bəsləməklə boy atıb möhkəm poetik ənənələr üzərində inkişaf etməyə başlamışdı.

Çoxəsrlik tarixi olan şifahi ədəbiyyatımızın ən güclü qolla­­rından birini aşıq poeziyası təşkil edir. Aşıq poeziyası isə həm janr, həm də forma cəhətdən çox zəngin və əlvandır. Xalq da­nışıq dili ifadələrindən geniş şəkildə istifadə olunması bu şeirin dilini daha da xəlqiləşdirmiş, onun milli koloritini qüvvət­lən­dirmişdir. Dilin inkişaf mərhələlərini tədqiq edən alimlərin daha çox şifahi xalq ədəbiyyatına, xalq poeziyasına müraciət etmələri bu baxımdan qanuni və təbii haldır. Şair H.Arif yazır: “Biz ana dilimizin, mili təfəkkürümüzün yad təsirlərindən qorunması üçün saza borcluyuq”. Saz deyəndə şair, şübhəsiz ki, xalqımızın

-------------------------------

* Məqalə Azərbaycan EA-nın xəbərlərində yayınlanmışdır. “Dil, ədəbiyyat və incəsənət” 1988, №4.

həyatını, milli təfəkkürünü, yaşa­yış tərzini, adət və ənənəsini özündə əks etdirən, qoşma, gəraylı, təcnis, müxəmməs kimi şeir formalarını özündə yaşadan, şifahi xalq poeziyasının bir qolu olan aşıq poeziyasını nəzərdə tutur. Aşıq poeziyası sintetik bədii sənətdir: musiqi, poeziya və ifaçılıq bu sənəti təşkil edən əsas komponentlərdir. Azərbaycan şeiri bir çox xəlqilik xüsusiy­yət­ləri üçün aşıq şeirinin ənə­nələrinə borcludur.

Azərbaycan poeziyasında çox işlənən şeir formalarından bi­ri gəraylıdır. Özünəməxsus qafiyələnmə prinsipi olan, hecaları­n sayı 8-dən artıq olmayan gəraylıların yaranma tarixi qə­dim­lə­rə gedib çıxır. Prof. V.Vəliyev yazır: “Azər­baycan xalq poe­zi­ya­sında sək­kizhecalı şeirin tarixi eramızdan əvvəlki dövrlə səsləşir”.

Xəstə Qasımın, A.Tufarqanlının nəsildən-nəslə keçən gə­ray­lıları da bu şeir şəklinin şifahi poeziyamızda çox işlək bir forma olduğunu göstərir. Yüksək, təmiz bəşəri hissləri ifadə edən gəraylı yazılı poeziyamızda da mövcuddur. Azərbaycan şei­rinin janr sistemində bu lirik xalq şeiri forması yaşamaqdadır.

Lakonik, yığcam lirik şeir forması olan gəraylılarda artıq kəlmə işlətmək, mətləbsiz olaraq şeiri uzatmaq hallarına az təsa­düf edilir. Bu yığcamlıq S.Vurğunun “Gülə-gülə”, “Dağlar”, S.Rüstəmin “Gəlin gəlsin”, “Bahar ürəyimdədir”, B.Vahab­za­dənin “Bir gül ilə yaz açılmaz”, “Bu gecə”, “Neçin?”, “Do­daq­da gəz”, B.Azəroğlunun “Kimdən öyrədin”, M.Gülgünün “Yora bilməz yollar məni”, H.Arifin “İnsan”, “Tələsirəm”, “Yetişmə­miş”, “Könül deyir yaşa hələ”, F.Meh­di­nin “Səni gözləyirəm”, M.Aslanın “Ürəyimdə”, “Ürəyim yar yanında” kimi gəray­lıla­rına xas olan məziy­yət­lərdəndir.

Azərbaycan şairlərinin tez-tez müraciət etdikləri digər şeir forması isə dördlükdən ibarətdir. Dördlüyün çox vaxt rübainin təsiri ilə yaranan şeir şəkli olduğu iddia edilir. Prof. Ə.Cəfər “Sabir şeirində kiçik şəkillər” məqaləsində “müəyyən vəzn və şəklə malik dörd misradan ibarət xüsusi şeir növü” olduğuna və “dörd misrada onun mövzu və ideyası ifadə edil­diyinə” görə rübai “bizim bayatılara çox bənzəyir” qənaə­tinə gəlir. Başqa bir məqaləsində Ə.Cəfər yazır: “Şeirin rübai şək­linin vəzni mənşə etibarilə əruz vəzni sisteminə daxil deyildir”.

Prof. A.Axundov isə “Şeir sənəti və dil” tədqiqatında belə hesab edir: “a-b-a bənd növünün, Şərq poetikası termini ilə desək, rübainin mənşəyi, müəyyən mənada mübahisəlidir”. A.Axundov Polşa şərqşünası Tadeuş Kovalskinin bu haqdakı fikrini də xatırlayır: “Bu vaxtadək orijinal fars yaradıcılıq məhsulu sayılan rübainin mənşəyi barəsində mötəbər bir şey yoxdur. O, ədəbiy­yata başqa formalarla (qəsidə, qəzəl) bir zamanda IX əsrdə kifayət qədər gözlənilmədən, özündən əvvəlki ədəbiyyatda nə ərəb, nə də ki fars ədəbiyyatında heç bir bənzəri olmadan gəlib. Güman etmək lazımdır ki, ərəb ədəbiyyatında ilk mənbələrin məhz bu yoxluğu belə ehtimala yol verir ki, rübai farslarda özünəməxsus bir hadisədir. Ərəb təsirindən başqa digər təsirlər də göstərilirdi. Lakin nə üçün türk dördlükləri ilə fars rübailərinin qarşılıqlı əlaqələri məsələsi qoyulmasın”. Bu fikirdən sonra prof. A.Axun­dov fikrini belə tamamlayır: “A-a-b-a bənd növünün istər Azər­baycan, istərsə də digər türk xalqlarının şifahi ədəbiyyatında geniş yayılması və dərin izlər buraxması onun türk xalqlarına məxsus orijinal bir forma və şeir növü olduğunu göstərir”.

Lakin bu fikirlərlə yanaşı ehtimal etmək olar ki, həm klas­sik, həm də xalq poeziyasında istifadə edilən a-a-b-a bənd növü xalq poeziyasının geniş yayılan janrı olan bayatı formalı dörd­lüklərlə də bağlıdır. Həmin dördlüklərin bayatıdan fərqli cəhəti ancaq hecaların sayından ibarətdir. Bayatılarda hecaların sayı 7, dördlüklərdə isə 8-11 olur. Qafiyələnmə tərzinə görə də çox vaxt dördlüklər bayatılardan bir o qədər fərqlənmir. Məsələn, xalq şairi M.Rahimin dördlüklərində vəziyyət belədir:

Aşıq gördüyünü dastan eyləyər,

Gəzər əlində saz, cövlan eylər.

Səadət yurdudur bizim yurdumuz,

Qocanı döndərib cavan eyləyər.

Müasir poeziyada bu cür şeirlər bir qayda olaraq rübai sa­yılır. Ancaq bu rübailərdə bayatı təsiri də yox deyildir. Başqa sözlə, bu dördlüklər bəlkə də şifahi poeziyamızın bayatı ovqa­tın­dan doğmuşdur. Belə ki, müasir şeirimizdə bu dörd­lüklər rü­bailərlə bayatıların qəribə sintezini xatırladır. Şeirin ruhundakı həzinlik bayatını, hecaların sayı isə klassik poe­ziya­dakı rübaini yada salır. Prof. A.Axundov M.Rahimin dörd­lük­ləri haqqında yazır: “M.Rahim öz rübailərini dördləmələr adlandırmış və bununla onların milli zəmin ilə bağlılığını gös­tərmək istəmişdir”.

Poeziyamızda qafiyələnmə şəklinə görə dördlüyün müx­təlif şəkilləri vardır. Prof. A.Axundov Azərbaycan şeirində dördlü­yün səkkiz növünü göstərir. O, belə nəticəyə gəlir ki, “dördlü­yün a-a-b-a növü bilavasitə xalq şeiri ilə bağlıdır. A-a-a-b qafiyə sistemli bənd aşıq poeziyasında qoşma, gəraylı, təcnis kimi şeir şəkillərinin strofik vahidini təşkil edir”.

Müəllif həmçinin yarımçarpaz dördlüyün də (a-b-b-a) el ədəbiyyatı ənənəsi olduğunu, qoşma şeir şəklinin birinci bən­di­nin daha çox yarımçarpaz dördlük növündə olduğunu göstərir.

Azərbaycan şeirinin lirik janrlar sistemində xalq lirikası janrları mühüm yer tutur. Şairlər bu janrlardan istifadə etmək yolu ilə yeni məzmunu məharətlə ifadə etməyə nail olmuşlar. Bu nöqteyi-nəzərdən qoşma xüsusilə şairlərimizin yara­dıcı­lığında maraqlı, zəngin bir inkişaf mərhələsi keçmişdir. Azər­baycan şairləri qoşma vasitəsi ilə ən müasir, canlı məsələləri ifadə et­məyi bacarmışlar. Buna görə də qoşmanı Azərbaycan şerinin əsas formalarından biri hesab edə bilərik. Şifahi poeziyamızda qoşma aparıcı və əsas janrdır. Prof. V.Vəliyev “Qaynar söz çeşməsi” kitabında bu məsələni çox gözəl in­cə­ləmiş, qoşayarpaq (daxili qafiyəli) qoşma, təkrar mis­ralı qoşma (varsağı), ayaqlı qoşma, dodaqdəyməz qoşma haq­qında ətraflı söhbət açmışdır. Demək, qoşma daxili zən­ginliyə malik poetik formadır.

Qoşma heca vəznində yaranır. Heca və qoşma ayrılmaz poe­tik vahidlərdir. Azərbaycan poeziyasında heca vəzninin bu formasında daha çox əsərlər yaranmışdır. S.Vurğun, S.Rüstəm, O.Sarıvəlli, R.Rza, M.Rahim və Ə.Cəmilin əsərəlrində bu for­maya tez-tez müraciət edilmiş, B.Vahabzadə, N.Xəzri, M.Araz, H.Arif, C.Novruz, N.Həsənzadə, M.Gülgün, F.Mehdi, M.Aslan və başqalarının yaradıcılığında bu lirik janr müvəf­fə­qiy­yətlə inkişaf etmişdir. Ümumiyyətlə, qoşma formasına mü­raciət et­məyən müasir şairə az rast gəlmək olur.

Aşıq poeziyasında qoşma fikir və məzmunca əlvan lirik janr­dır. Bu formadan istifadə etmək yolu ilə məhəbbət və məişət hisslərini ifadə edən qoşmalar yazmaq mümkün olduğu kimi, ic­timai-siyasi, fəlsəfi və qəhrəmanlıq motivləri ifadə edən qoşmalar da yazmaq mümkündür. Vaqif, Zakir, Ələsgər kimi şairlərin qoş­maları bu nöqteyi-nəzərdən diqqətəlayiqdir. Şairlərimiz qoşma­dan istifadə edərkən lirik janrın bu ənənəsini qoruyub saxlamış, onu yeni məzmun hesabına daha da qüv­vət­lən­dirmişlər. Bu cə­hətdən böyük şairimiz S.Vurğunun poe­zi­yasında qoşmanın yeri və funksiyası çox ibrətamizdir. S.Vur­ğun klassik qoşmanı təkrar etmədən onun böyük, qiy­mətli ənənələri ruhunda lirik, ictimai-siyasi və fəlsəfi qoşmaların misilsiz nümunələrini yaratmışdır.

Prof. C.Abdullayev “Səməd Vuğunun poetikası” monoq­ra­fi­ya­sında şairin qoşmalarından danışarkən onun bu formalı şeir­lərində “Vurğunun nikbin və hərarətli lirikasının xalq poe­ziyası ilə uyuşaraq bir “zümrüd quşu kimi adamın qəlbini oxşamağını”, “bu qoşmalarda ictimai-siyasi motivlərin, dövrün aktual məsələlərinin bədii əksini tapdığını, onlarda vətən­pər­vərlik, qəhrəmanlıq, müba­rizəyə, əməyə, həyata çağırış və s. motivlər” olduğunu yazır.

Qoşma S.Rüstəmin də yaradıcılığında ən çox istifadə olu­nan lirik janrlardandır. Hətta deyə bilərik ki, qoşma S.Rüstəm lirikasında bir növ sabitləşmiş formadır. S.Rüstəm qoşmaya yeni məzmun, yeni ideya keyfiyyəti aşılayıb, onu siyasi lirik şeir janrı səviyyəsinə qaldırıb. Vətənpərvərlik, qəhrəmanlıq motivləri S.Rüs­təm qoşmalarının xüsusiyyətidir. Buna uyğun olaraq şairin qoşmaları üslub və intonasiya cəhətdən də yeni və təravətlidir. Lirik-publisist intonasiya, coşğun siyasi və emo­sional təfəkkür bu qoşmaların aydın, bariz üslubi məziy­yətidir. Qoşmanın bu poetik özünəməxsusluğunu biz S.Rüstəmin məşhur Cənub şeirlərində, o cümlədən “Deyilmi?”, “Gəlir”, “Ağladı”, “Vüsal həsrəti”, “Dinlə” kimi qoşmalarında görə bilərik.

Şairlərimizin qoşmalarına xas sadəlik və səmimiyyət onları klassik aşıq qoşmalarına yaxınlaşdırır. Məsələn, M.Ara­zın “Əl­vi­da, dağlar” şeiri təkcə formaca deyil, səmi­mi­liyinə görə də klassik qoşmaların bir çox məziyyətlərini özündə da­şıyır. Burada vəznlə bərabər, şeirin kökləndiyi ritmin özü folklordan yoğrulmuşdur:


Bəlkə bu yerlərə bir də gəlmədim,

Duman, salamat qal, dağ, salamat qal.

Dalımca su səpir yoxsa buludlar?

Leysan, salamat qal, yağ, salamat qal.


Qıy vuran qartallar yox oldu çəndə,

Nərgizlər saraldı şehli çəməndə,

Ey qaragöz pəri, dalımca sən də,

Boylan, salamat qal, bax, salamat qal.


Gəldim qarşıladı güllər, çiçəklər,

Gedirəm əl edir, boz biçənəklər.

Nidamı çaylara dedi küləklər,

Bulaq, salamat qal, ax, salamat qal.


Dağların pələngi, şiri də sənsən,

Şairi də sənsən, şeri də sənsən.

Varı, bərəkəti, xeyri də sənsən-

Çoban, salamat qal, sağ-salamat qal.


Aşıq poeziyasının janr sistemində tərbiyəvi-didaktik məz­mun ifadə edən xüsusi şeir vardır. Ona ustadnamə deyirlər. Atalar sözünü xatırladan ustadnamələr ibrətli, müdrik nəsi­hət­lər ifadə edir, dinləyiciyə ibrətamiz fikirlər aşılayır. Əlbəttə, us­tad­namələr əlahiddə şeir forması sayıla bilməz. Bunlar əsasən qoşma kimi qafiyələnsələr də, didaktik məzmuna görə ustad­namə adlanır. Ustadnamələr məzmuna uyğun olaraq dastanın əvvəlində ifaçı tərəfindən söylənilir.

Aşıqların ənənəyə görə, xalq dastanlarının əvvəlində söylə­dikləri ustadnamələrin bir çox ünsürləri yazılı poeziyamıza da sirayət edibdir. Bu, daha çox poema janrında özünü göstərir. Bu cəhətdən bir sıra poemaların əvvəlində verilən proloqların das­tanlarımızdakı ustadnamələri xatırlatdığını iqrar edə bilərik. Çünki dastanların əvvəlində üç ustadnamə söyləmək ənənəsi vardır. B.Vahabzadənin “İztirabın sonu”, “Yollar-oğullar”, “416”, “Etiraf”, “Şəbi-hicran” poemalarının proloqları öz poe­tik xarakteri cəhətdən ustadnamənin müəyyən ünsürlərini daşıyırlar.


Adam var, yanında olsan bir qədər,

Tamam unudular dərdin, məlalın.

Adam var, bir kəlmə danışsa əgər,

Dəymişin durmuşkən tökülər kalın.


Adam var, tor qurar, danışar yalan,

Utanmaz, gözünü gözünə dikər.

Adam var, yanında yalan danışsan,

Sənin əvəzinə xəcalət çəkər.

(“İztirabın sonu” poemasının proloqundan)
Bəzən də didaktik məzmun daşıyan elə müstəqil şeirlərə rast gəlmək olur ki, bunlar nəsihət xarakterli şeirlərin sonradan aşıqların ustadnaməsinə çevrildiyini aydınlaşdırır. Şah İsmayıl Xətainin “Kərəm eylə” rədifli gəraylısının aşıqların ustadna­mə­sinə çevrilməsi buna yaxşı misaldır. Müasir şeirimizdə də belə nümunələr vardır. Xalq şairi S.Rüstəmin “Duz-çörəyi itirmə”, “Oğul”, “Ey qızım” kimi nəsihətamiz şeirləri bir tərəfdən klas­sik­lərin yaradıcılığında rast gəldiyimiz övlada öyüd for­masını xatırladırsa, digər tərəfdən də müəyyən mənada xalq poeziya­mızdakı ustadnamələri yada salır.

Göründüyü kimi, müasir dövrün Azərbaycan poeziyası aşıq şeirinin zəngin imkanlarından faydalanmış və buna görə onun aşıq şeiri ilə əlaqəsi çoxcəhətli olmuşdur. Bu əlaqə yalnız forma ilə məhdudlaşmır. Burada aşıq şeirinin ifadə üsulu və tərzi də müəyyən rol oynayır. Aşıq şeiri üçün səciyyəvi sayılan ayrı-ayrı ifadələrdən şairlərimizin özünəməxsus ustalıqla istifadə etmələri də bunu təsdiq edir. Məlumdur ki, “Dedim-dedi” forması xalq şeirində və bunun təsiri ilə klassik şeirimizdə dəfələrlə işlən­miş­dir. Xalq ədəbiyyatında, aşıq şeirində bu ifadə tərzinin özünə­məx­sus fərdi çalarları vardır.

Azərbaycan şairləri bu formadan da ustalıqla istifadə edə bilmişlər. Xalq şairi S.Vurğun özünün “Gülə-gülə”, “Partizan Babaş” kimi şeirlərində bu poetik formaya müraciət etmişdir.
Dedim: “Ay qız, nədir adın?”

Dedi: “Mənəm, gözün aydın”.

Dedim: “Bizə dost olaydın”,

Dönüb baxdı gülə-gülə.


N.Həsənzadənin yaradıcılığında da bu forma yeni poetik biçimlə tətbiq olunmuşdur. Şairin “dedim-dedi”lərini xalq poe­ziyasından fərqləndirən cəhət onun hər misrada “dedim-dedi”ni təkrar etməsidir:
Dedim: mən sevirəm, dedi: sevginən,

Dedim: qoşa gəzək, dedi: tələsmə.

Dedim: bağ içidi, dedi: seyr elə,

Dedim: bir gül üzək, dedi: tələsmə.


Dastanlarımızda, aşıq deyişmələrində, xalq poeziyasına xas olan digər xüsusiyyət iki aşığın deyişməsi zamanı deyilən “aldı görək nə dedi” ifadəsidir. Yeri gəlmişkən qeyd edək ki, “Kitabi-Dədə Qorqud” dastanında “Söyləmə” zamanı “Görəyin dəxi nə söylədi” ibarəsindən istifadə yolları çoxdur. Xalq poe­tikasından gələn bu ifadə neçə-neçə sənətkarın şeirində işlən­miş, əsərin poetik sığalını daha cilalı göstərmişdir:

Aldı görək,

söyləyir

kövrək ürək

qırxdan sonra.

Topa-topa buludum, hey,

Dağ havası - bir udum, hey,

Bir gülüm hey, bir odum hey,

qırxdan sonra…

(Ramiz Məmmədzadə)


Müasir poeziyamızın dilində işlənən “hey”, “ay haray” ni­dası “Dədə Qorqud”, “Koroğlu” poetikasından süzülüb gəlir.
Axır əcəl gəldi, yetdi hay, haray…

Çəkdiyim qovğalar bitdi, hay, haray…

Tüfəng çıxdı, mərdlik getdi, hay, haray…

Mənmi qocalmışam, ya zəmanəmi?

(“Koroğlu” dastanından)
Nümunə gətirdiyimiz şeirlərə xas sadəlik və səmimiyyəti eyni zamanda xalq şeiri poetikasının təsiri ilə izah etməliyik. Şairlərin müraciət etdikləri folklor deyim tərzi (“Döşə hey”, “buludum hey”, “bir udum hey”), müasir və xalq şeiri poeti­ka­sının qarşılıqlı əlaqəsini izah etmək baxımından maraqlıdır.

Azərbaycan poeziyasının xalq şeiri ilə əlaqələri, əlbəttə, bu deyilənlərlə məhdudlaşmır. Bu əlaqələr əslində geniş və əhatəli bir mövzudur. Biz burada onun ancaq bəzi cəhətlərinə toxuna bildik, xalq şeiri poetikasından istifadə nəticəsində müasir poe­ziyanın mənimsədiyi keyfiyyətləri göstərməyə çalışdıq. Bu de­yilənlər, şübhəsiz, Azərbaycan şeirinin inki­şa­fında, milli xüsu­siy­yətlərinin kamilləşməsində xalq şeiri ənə­nələrinin, aşıq poeziyası poetikasının rolunu tam izah etmir, ancaq bu müşahidələr belə bir həqiqəti təsdiqləyir ki, xalqın bədii və estetik təfəkkürü həqiqi bəşəri poeziyanın bitib-tükən­məyən qaynağıdır.




Yüklə 4,68 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin