Rəyçi və ön sözün müəllifi: Əziz ƏLƏKBƏRLİ


Çadır-çadır dağlar gülsün Üstümüzə nur tökülsün! Nəğmə-nəğmə



Yüklə 4,68 Mb.
səhifə5/42
tarix30.12.2021
ölçüsü4,68 Mb.
#17494
1   2   3   4   5   6   7   8   9   ...   42
Çadır-çadır dağlar gülsün

Üstümüzə nur tökülsün!



Nəğmə-nəğmə səsim gəlsin

Mənim illərdən-illərdən!

(M.Gülgün)
“Dədə Qorqud”un poeziyamızla bağlılığı, əlbəttə, yalnız sözlərin qoşa işlənməsi səviyyəsində qalmır. “Dədə Qorqud” ruhu və poetik dünyagörüşü də poeziyamızın mənəvi sərvətlər sistemində yaşamaqda davam edir. Bu cəhətdən ana mövzu­su­nu, qadın mövzusunu xüsusi qeyd edə bilərik.

Poeziyamızda ananın böyüklüyü, ucalığı haqqında klas­sik poetik nümunələr vardır. C.Cabbarlının “Ana” şeiri, S.Vurğun, M.Rza, M.Müşfiq, S.Rüstəm, H.Arif və b. ana mövzusunda gö­zəl, təsirli şeirləri buna misaldır. Onlar ana və doğma torpaq an­layaşlarını bir-birindən ayırmırlar:


Torpaqmı anasız qalmasın deyə,

Torpağın qoynuna köçür analar.

(H.Arif).
Anaya sonsuz sevgi və pərəstiş hissi “Dədə Qorqud” ki­tabının da əsas motivlərindən biridir. “Dədə Qorqud”da “ana haqqı Tanrı haqqı” kimi başa düşülür. Anaya məhəbbət Salur Qazanın simasında yüksək ifadəsini tapmışdır:
Mərə Şöklü Məlik,

Qırx yigitlə oğlum Uruzu gətirib durursan,

Qulun olsun.

Tovla-tovla şahbaz atlarım gətirib durursan,

Sənə yüklət olsun.

Qarıcıq anamı gətirib durursan, mərə kafir,

Anamı vergil mana

Savaşmadan, vuruşmadan qayıdayım,

Geri dönəyim, gedəyim, bəlli bilgil – dedi.
“Dədə Qorqud” dastanlarında işlənilmiş bir çox tipik idiom­lar, ibarələr, məsəllər və atalar sözləri Azərbaycanda indi də mövcuddur, xalqın dilində və məişətində qalmaqdadır. Das­tandakı bir çox motivlər isə digər dastanlarda, nağıllarda rən­garəng silsilə halında yaşayır. “Aşıq Qərib”dəki bir sıra hadi­sələr Bamsı Beyrək boyundakı hadisələrlə, vaqiələrlə səslənir. Bəzi nağıllarımızdakı kəlləgözlər təpəgözü xatırladır.

Yeri gəlmişkən qeyd edək ki, “Dədə Qorqud”un süjetləri əsasında yaranmış belə əsərlərdən biri professor Əbdüləziz Dəmirçizadənin “Qaraca Çoban” adlı nağıl-pyesidir. 1945-ci il­dən sonra Gənc Tamaşaçılar Teatrında tamaşaya qoyulan həmin pyesdə şeiriyyət zəif olsa da, pyesin “Kitabi-Dədə Qor­qud”dakı “Salur Qazanın evinin yağmalandığı boyu bəyan edər” heka­yəsindəki Qaraca Çoban əhvalatı ilə bağlı olması “Dədə Qor­qud” süjetlərinin bədii təsviri baxımından maraq­lıdır.

“Dədə Qorqud”un klassik və müasir Azərbaycan poe­zi­yası ilə ideya yaradıcılıq əlaqələrinin başqa aspektləri də var­dır. Bu baxımdan, “Dədə Qorqud” poetikası ilə müasir poeziyanın səsləşən cəhətləri xüsusilə böyük maraq doğurur.

60-cı illərdə Azərbaycan poeziyasında yeni üslub və forma meyillərinin sürətlə inkişaf etməsi, realizmə və sadəliyə meylin qüv­vətlənməsi müasir şairləri “Dədə Qorqud”a, onun poetik de­yiminə gətirib çıxarmışdır. Belə bir müraciət müasir poeziyamızın həm vəzn, həm də obrazlı strukturunda özünü hiss etdirmişdir.

Məlumdur ki, öz qədim ənənələri ilə möhkəm bağlı olan müasir Azərbaycan şeiri həm heca, həm əruz, həm də sərbəst şeir formasında yaranır, inkişaf edir və zənginləşir. Bu halda təbii olaraq belə bir sual meydana çıxır: “Kitabi-Dədə Qor­qud”da olan şeir müasir Azərbaycan şeirinə hansı cəhətdən yaxındır?

Qorqudşünaslıqda mübahisəli problemlərdən biri də das­tanın şeir formasının özünəməxsusluğudur. “Kitabi-Dədə Qorqud” təd­qiqatçılarının bir çoxu (V.Jurmunski, X.Koroğlu) “Dədə Qor­qud”dakı şeirin vəznini ritmik vəzn hesab edirlər. Bəziləri isə (məs.: Amerika naşirləri Ə.Uysal, V.Valger və F.Sumer) “Dədə Qorqud” şeirlərini “nəsrin poetikası” adlandırırlar. “Dədə Qor­qud”un türk və Azərbaycan tədqiqatçıları O.Ş.Gökyay, M.Ergin, H.Araslı, M.Təhmasib, A.Axundov, T.Ha­cıyev, E.Əlibəyzadə, Ş.Cəmşidov, A.Aslanov, K.Vəliyev, Anar və b. “Dədə Qorqud” şeiri haqqında maraqlı fikirlər söy­ləmişlər. Burada biz yazıçı Anarın bəzi fikirləri üzərində dayanmaq istəyirik.

Anara görə, “Dədə Qorqud” nəzmi türkdilli şeirin daha arxaik, daha qədim, ilkin şəklidir. “Bəs onda Dədə Qorqud özü Bayat boyundan ola-ola bayatların yaratdıqları nadir poetik in­cini – bayatı formasını niyə bilmir, tanımır? Bu bilməcənin izahı nədir? Yeganə izah Dədə Qorqud nəzminin türkdilli şeirin daha arxaik, daha qədim ilkin şəkli olmasıdır”.

Deməli, “Dədə Qorqud” şeiri türkdilli nəzmin hələ əruz vəz­­nini mənimsəmədiyi, heca vəznində dəqiq, qəliblənmiş heca və qafiyə sisteminə malik qoşmalar, gəraylılar, bayatılar yarat­madığı daha əski dövrlərin, çox-çox qədimlərin yadi­garıdır.

Dastanın şeiri üzərində düşüncələrini davam edən müəllif “Də­də Qorqud” şeirləri indiki Azərbaycan şeirinə həm ruhu, həm forması etibarilə çox doğma və yaxındır” qənaətinə gəlir (Bax: Anar. “Dədə Qorqud” dünyası, “Azərbaycan” jurnalı, 1985, № 11).

Qeyd etmək lazımdır ki, qədim ədəbi-mədəni abidəmiz olan “Kitabi-Dədə Qorqud” dastanındakı şeirlərin çoxu sabit öl­çülü poetik nümunə olmadığından bu şeirlər ədəbiy­yat­şünas­lığımızda sərbəst şeir hesab edilmişdir. Bu barədə prof. Ə.Ağa­yev göstərir ki, sərbəstliyin həm vəzndə, həm qafiyədə, həm də şeir dilinin sintaktik quruluşu və poetik təhlilində vax­tilə qədim türkdilli şeirlə təzahür etmiş olduğundan, onun qa­lıqları və izləri “Dədə Qorqud”dan başlayaraq, həm yazılı poeziyamızda, həm də şifahi şeirdə uzun müddət yaşamışdır.

Ədəbi tənqid müasir sərbəst şeirdə “Dədə Qorqud” poe­ziya­sının qüv­vətli təsiri olduğunu qeyd edir. Bunun bir çox sə­bəbi vardır.

Azərbaycan şeirinin ideya-mövzu cəhətdən təşəkkülündə folklor irsimiz əhəmiyyətli rol oynadığı kimi, poetika cəhətdən də onun zənginləşməsində, yeni poetik formalar axtarışında şifahi xalq poeziyasının, folklor abidələrinin təsiri həlledici amillərdən olduğu məlumdur. Bu nöqteyi-nəzərdən, Azər­bay­can şeirinin poetikası ilə “Dədə Qorqud” poetikasının bəzi səsləş­mələri çox təbiidir.

Azərbaycan folklorunun qədim abidəsi olan “Dədə Qor­qud”­la müasir Azərbaycan şeiri arasında oxşarlıqlar, hər şeydən əvvəl, özünü vəzndə, şeirin poetik strukturunda büruzə verdiyini gös­tərməliyik. Daha konkret desək, “Dədə Qorqud”la müasir Azər­baycan sərbəst şeiri arasında əlaqə burada ilk növbədə nəzərə gəlir. Lakin müasir poeziya ilə “Dədə Qorqud” əla­qələri yalnız vəzn faktoru ilə məhdudlaşmır. Dastanla müa­sir şeir arasındakı əlaqə və təmasın digər sahələri də vardır ki, bunu poetik obraz və motiv yaxınlığında, “Dədə Qorqud” mo­tiv­lərinin interperasiya­sın­­da təyin edə bilərik. O da qeyd olunmalıdır ki, “Dədə Qor­qud”­la yaradıcılıq əlaqəsi 70-80-ci illərdə yalnız poeziyada məh­dudlaşmır. “Dədə Qorqud”a mü­raciət nəsrdə və dramaturgiyada da müşahidə olunur. Anarın “Dədə Qorqud” motivləri əsasında ssenari yazması, bu ssenari əsasında filmin çəkilməsi dastanın ideya və fəlsəfi məzmun dərinliyini bir daha təsdiq etdi. Anar ssenaridə das­tanın dil və poetika sistemini hifz etmişdir. Əlbəttə, bunu dastanı təkrar etmək, üslubuna uyğunlaşdırmaq mənasında başa düşmək lazım deyildir. Anar “Kitabi-Dədə Qorqud”un hərfi mənasını yox, poetik formasını saxlayab, arxaik strukturunu tam dəyiş­məsə də, müəyyən əlavələr edib, ayrı-ayrı motivləri ob­raz­lı birləşdirib, dil və üslubunu da müasir oxucu və tamaşaçı səviy­yəsini nəzərə alaraq müasirləşdirib.

“Dədə Qorqud” motivləri 70-80-ci illər poeziyasında mü­hüm sosial-bəşəri və fəlsəfi problemlərin poetik həllinə kö­mək etmişdir.

Belə əsərlər içərisində N.Xəzrinin “Əfsanəli yuxular” poe­ması, “Torpağa sancılan qılınc” mənzum dramı və A.Ab­dul­laza­dənin “Ulu Qorqud” poemalarını ayrıca qeyd etmək müm­kün­dür. N.Xəzri poemada “Dədə Qorqud”dakı qadın-ana motivini əsas götürüb bu motivi vətənpərvərlik, torpağa, ocağa sədaqət mövzusu ilə üzvi şəkildə əlaqələndirmişdir.

Şair A.Abdullazadə “Dədə Qorqud” motivləri işığında dün­yanın, insanlığın taleyi üzərində, böyük bəşəri sərvətlər üzərində düşünür. Şairin öz qarşısına qoyduğu bu vəzifə onun əsərinin jan­rını və üslubunu da təyin etmişdir. A.Abdullazadə eposun motiv­ləri əsasında lirik-fəlsəfi poema yazmışdır. Dədə Qorqud öyüd­ləri, əxlaqi və anlayışları kontekstində müasir dünyanın, müa­sir insanın qayğılarını, problemlərini götür-qoy etmişdir. Poe­manın Dədə Qorqudla söhbət, ona müraciət for­ma­sında yazılması da bu­nunla bağlıdır. Şair “Dədə Qorqud”a bizim əsrin hadisə­lərindən, çətinliklərindən, mənəvi dəyər­lə­rindən çıxış edərək üz tutur, “gə­limli-gedimli dünya”dan Qor­qudla danışır. Dünyada Qorquddan sonra çox şey baş ver­miş­dir, çox hadisələr və faciələr olmuşdur. Lakin Qorqud həqiqəti, Qorqud müdrikliyi qalmışdır.

Beləliklə, bütün dediklərimizi yekunlaşdırsaq, tam əsasla qeyd edə bilərik ki, “Dədə Qorqud” və müasir poeziyanın əla­qələri çoxcəhətli olub, müasir poetik prosesin yaradıcılıq prob­­lemlərinin inkişaf meyillərini, janr və ideya-mövzu sahə­sindəki axtarışlarını əhatə edir.


Yüklə 4,68 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin