Əziz ƏLƏKBƏRLİ,
filologiya üzrə fəlsəfə doktoru, dosent.
FOLKLOR QAYNAQLARI
Milli düşüncə, milli kimlik, milli tarixi coğrafiya, milli mənəvi sərvət ədəbiyyatın başlanğıcı olan folklordadır. Folklor və onun motivləri yazılı ədəbiyyata mövzu və forma verir, ədəbiyyatın milli xarakterini müəyyənləşdirir.
Folklorun ədəbi prosesə hansı şəkildə təsir göstərməsi və bu posesin necə getməsinin özü son dərəcə maraq doğuran məsələdir. Min illər bundan əvvəl yaranan ağız ədəbiyyatı örnəklərini ərsəyə gətirən qaynaqlar müasir həyatımıza, indiki düşüncə tərzimizə necə uyğunlaşıb yaşayır? Bu günün nəsri və poeziyası şifahi söz xəzinəmizdən necə barınıb-bəhrələnir? Bütün bunlar ədəbi prosesdə öz elmi və bədii dəyərini saxlayan vacib prosesdir.
Folklorun yarandığı qaynaqların bədii əsərə təsiri günəşin torpağa təsirinə bənzər. Günəş almayan torpaqda hərarət çatışmaz. Başqa sözlə, nüvəsinə folklor ruzigarı əsməyən əsər, təbir caizcə, distillə olunmuş suya bənzər. Bütün təmizliyinə və saflığına baxmayaraq belə suyu içmək olmur.
Az yaradıcı sənətkar tapmaq olar ki, onun əsərləri xalq dilindən, bu dilin şəhdini-şəkərini şərtləndirən folklor qaynaqlarından qidalanmasın. Həqiqi sənətkar xalqını, onun arzu və istəyini, xalqın yaratdığı folkloru, bu folkloru şərtləndirən qaynaqları, bir sözlə, ona doğma olanların ruhunu gözəl bildikdə, dərin duyduqda kamil sənət əsəri yarada bilir.
Xalq yazıçısı İlyas Əfəndiyev “Folklor müasir əsərə hansı şəkildə təsir göstərməlidir” sorğusuna belə cavab vermişdir: “Folklordan istifadə barədə fikirləşəndə mənim yadıma Üzeyir Hacıbəyovun “Koroğlu” operası düşür. Bu ölməz əsərin musiqisində Ü.Hacıbəyov el musiqisini öz tükənməz istedadının qanadları ilə irişməz yüksəkliyə qaldıraraq Azərbaycan xalqının qəhrəman ruhunu qəlbin dərinliklərinə işləyən mərdanə, cəsur musiqi dili ilə tərənnüm etmişdir. Bəstəkar el nəğməkarlarından istifadə ilə yüksək musiqi mədəniyyətinə malik böyük opera yaratmışdır. İstedadlı yazıçı da belə edir” (bax: “Azərbaycan” jurnalı. “Bizim sorğu”,1981, №1, səh.10).
İlyas Əfəndiyev yazıçının folklor qaynaqlarına müraciətdə dərinliyə, folklor poetikasına nüfuz edərək, folklor motivini əsərin üz səthində deyil, daxilində – poetik məğzində duyulmasını şərtləndirmişdir.
Xalqın yaratdığı folklor çeşməsinin qaynaqları çoxdur. Bu qaynaqlar xalq dilinin şəhdi-şəkəri, el-obanın yaratdığı nağıl, rəvayət, əfsanə, mifologiya, dastan, ata sözləri, məsəllərdir, xalq ədəbiyyatında mövcud olan hazır folklor surətləri, bədii təsvir vasitələridir, xalqın xeyir-duaları, bəd duaları, lətifələri, xalq fəlsəfi təfəkkürü, məcazlı deyim tərzidir. Bu qaynaqlar öz kökü üzərində bitən qollu-budaqlı nəhəng ağaca bənzəyir və bədii əsərə forma və süjet verir.
Folklordan süjet əxz etmək bədii yaradıcılığın bütün dövrlərində istifadə olunan bir yaradıcılıq xüsusiyyətidir. Ədəbiyyat həmişə folklordan bəhrələnibdir.
Nizami Gəncəvi, Məhəmməd Füzuli, Molla Pənah Vaqif, Mirzə Ələkbər Sabir öz dövrlərinin sosial-ictimai mətləblərini bədii söz vasitəsilə ifadə etmək, oxucunun mədəni yüksəlişinə təsir göstərmək məqsədilə folklora, xalq zəkasına, el sözünə müraciət ediblər, ondan bəhrələniblər, bu yol ilə yaradıcılıqlarını xalqın həyatına, mənəvi və sosial tələblərinə yaxınlaşdırıblar.
XVIII əsrdə Molla Pənah Vaqif, Molla Vəli Vidadi, XIX əsrdə Qasım bəy Zakir folklor qaynaqlarına müraciət etməklə xalq şeiri poetikasını klassik şeirə gətirir, xalq şeiri tərzində yazdıqları əsərlərdə realist şeir üslubunu yaşadır, xalq həyatının ən canlı məsələlərini inandırıcı şəkildə ifadə edirdilər.
Təsadüfi deyil ki, ədəbiyyatımızın bütün dövrlərində olduğu kimi XVII-XVIII əsrlərdə ana dilli poeziyamızın inkişafında böyük xidmətləri olan adlı-sanlı sənətkarlar xalqın təfəkküründə dastanlaşan, milli folklordan gələn mövzulara, Şərq əfsanə və rəvayətlərinə, milli dastanlar kimi folklor qaynaqlarına müraciət edib dövrün mükəmməl yazılı ədəbi nümunələrini yaradıblar.
Məhəmməd Əmmaninin mövzularını xalq ədəbiyyatından aldığı “Dəvəsi ölmüş ərəb”, “Tiryəkçi” hekayələri, Fədainin Şərq əfsanələri əsasında yazdığı “Bəxtiyarnamə”, Məsihinin əfsanə əsasında yazdığı “Vərqa və Gülşa” poeması, Məhəmmədin “Şəhriyar və Sənubər” adlı xalq poeması əsasında yazdığı “Şəhriyar” dastanı məhz milli və Şərq folklor qaynaqları əsasında yazılmışdır.
Folklor qaynaqlarına müraciət XIX-XX əsrdə də yeni vüsət aldı. Bu əsrin bədii nəsri və şeirində bir tərəfdən folklor ünsürlərinin həmin əsərlərin müəlliflərinin yaradıcılıq xüsusiyyətləri ilə üzvi şəkildə qaynayıb-qarışdığını, digər tərəfdən də folklor ilə səsləşən əsərlərin yarandığını görürük. A.Bakıxanovun “Nəsihətnamə”sində, N.B.Vəzirovun əsərlərinin adına “Adı var, özü yox”, “Daldan atılan daş topuğa dəyər”, “Sonrakı peşmançılıq fayda verməz”, “Yağışdan çıxdıq, yağmura düşdük”, “Nə əkərsən, onu biçərsən” atalar sözlərinin verməsində bu prosesin gözəl nümunələrini görürük.
XX əsrdə C.Cabbarlı, S.Vurğun, R.Rza, M.Rahim, M.Rzaquluzadənin bir sıra poemalarının, S.Rüstəmin “Qaçaq Nəbi” dramının bədii müvəffəqiyyəti eyni zamanda onların folklor qaynaqlarına yaradıcı yanaşmasının nəticəsi idi. Bu cəhətdən S.Vurğunun yaradıcılığı müstəsnalıq təşkil edir. S.Vurğun poemalarında folklor motivlərinə müraciətlə Azərbaycan folklorunun dərinliklərində qiymətli nə varsa, onu poeziyamızın sərvətinə çevirdi. O, yazdığı 26 poemadan 7-ni məhz folklor motivi əsasında qələmə almışdır. “Aslan qayası”, “Ayın əfsanəsi”, “Bulaq əfsanəsi”, “Qız qayası”, “Hürmüz və Əhrimən”, “Ölən məhəbbət”, “Dar ağacı” kimi poemalarında folklor süjeti şairin xəlqi ideyasının ifadəsinə xidmət etmişdir.
Geniş bir məfhum olan folklor və onun qaynaqları bütün dövrlərdə ədəbi prosesin ayrılmaz tərkib hissəsi olmuş və olmaqda davam etməkdədir.
Folklorun böyük qaynaqlarından biri, bəlkə də, birincisi xalq danışıq dili, xalqın az sözlə böyük fikir ifadə edən toxtamış zərb-məsəlləri, şirin ifadələri, obrazlı təşbehləridir.
Xalq yazıçısı Mirzə İbrahimov yazırdı ki, “Obrazlı söz xalq dilinin ümumi qazanında qaynayıb yetişir və ancaq oradan xalq həyatı, xalq ruhu ilə birlikdə bədii ədəbiyyata keçir. Təsadüfi deyildir ki, bədii dilin ən gözəl nümunələri xalq ədəbiyyatındadır”.
Folklorun rəngarəng dil ünsürlərinin bədii əsərin dilinə daxil edilməsi surətlərin hiss və həyəcanlarını, onların ictimai simasını səciyyələndirir və bu üsulla xəlqilik dərəcəsini hiss etdirir.
Bir “xalq dili” var, bir də yazıçı və şairlər tərəfindən işlədilən “ədəbi dil”. Xalq dili daha çox el-oba arasında, onun dialekt və şivələrində yaşayır. Xalq dilindən gələn çoxlu sözlər vardır ki, bunlar ədəbi əsərlərə bir torpaq münbitliyi gətirir. Bunun çoxlu nümunəsini XX əsrdə Səməd Vurğun, Hüseyn Arif, Osman Sarıvəlli, Məmməd Araz, İlyas Əfəndiyev, Mirzə İbrahimov, Əli Vəliyev kimi şairlərin poeziyasında və nəsr əsərlərində görmək olur.
Hər yazıçı bitib-tükənməz folklor qaynaqlarından özünəməxsus şəkildə faydalanır, bu faydalanma nəticəsində folklor bədii əsəri məzmun, ideya, fikir və obrazlarla qidalandırır. Bədii əsər isə folklordan əxz etdiklərini yenidən işləyərək onu yeni və müasir mövzu ilə bədii şəkildə xalqa çatdırır.
Göründüyü kimi, ədəbi prosesin bütün dövrlərində folklor qaynaqları yazılı əsərlərin nüvəsinə sehirli bir ruzigar kimi daxil olmuşdur. Bədii yaradıcılığın bütün şah əsərləri öz tarixi taleyinin uğurunu da elə bu ruzigardan götürüb desək, yanlış olmaz.
Yüzilliklərin o başında yaranan folklor örnəkləri, folklor qaynaqları yüzilliklərin bu biri başında bir sənətkarın qələmində gül açır, mənəvi körpü quraraq milli bağları daha möhkəm şəkildə bir-birinə kilidləmiş olur.
Dostları ilə paylaş: |