Rəyçi və ön sözün müəllifi: Əziz ƏLƏKBƏRLİ


NİZAMİ” ADLI KİTAB HAQQINDA*



Yüklə 4,68 Mb.
səhifə7/42
tarix30.12.2021
ölçüsü4,68 Mb.
#17494
1   2   3   4   5   6   7   8   9   10   ...   42
NİZAMİ” ADLI KİTAB HAQQINDA*
XII əsrdə yaşamış, dünyada məşhur olan Azərbaycan şairi Nizami Gəncəvinin söylədiyi “Türk gözəldir” ifadəsini XX əsrdə Azərbaycanın siyasi tarixində böyük rolu olan “insanlara hürriyyət, millətlərə istiqlal”, “bir kərə yüksələn bayraq bir daha enməz” kimi milli inanc dolu sözlərin sahibi, 1918-1920-ci illər arasında müstəqil Azərbaycan dövlətinin qurucularından olan Məmməd Əmin Rəsulzadə incələmişdir.

M.Ə.Rəsulzadə böyük siyasət adamı olmaqla bərabər, həm də ədəbiyyatçı idi. O, “M.Ə.Rəsulzadə”, “Yalvacoğlu”, “M.Emin”, “M.Emin Rəsulzadə” imzaları ilə şeir, hekayə və məqalələr yazmış, dini və siyasi həyatı ilə əlaqədar bir çox kitablar yazmışdır. Onun “Çağ­daş Azərbaycan ədəbiyyatı” (1950), “Çağdaş Azərbaycan tarixi” (1951), “Azərbaycan Res­pub­likasının keçmişi, təşəkkülü və indiki vəziyyəti” (1928), “Əsrimizin Siyavuşu” (1928), “Azərbay­can şairi Nizami” (1951) əsərləri bir-birindən qiymətli əsərlərdir. Onun 1948-ci ildə qələmə aldığı “Azərbaycan şairi Nizami” əsəri da­­hi Azər­baycan şairi Nizami Gəncəvinin 800 illiyinə həsr olun­muş­­dur. Bu qiymətli əsər 1951-ci ildə Ankarada nəşr edilmiş, 1991-ci ildə isə Türkiyə türkcəsindən Azərbaycan türkcəsinə çevri­lərək Bakıda nəşr edilmişdir. Kitabı Türkiyə türkcəsindən Azər­bay­can türkcəsinə prof. Rüstəm Əliyev çevirmişdir (Bakı, Azərnəşr, 1991).

M.Ə.Rəsulzadə mükəmməl ədəbiyyat araşdırmalarından olan “Azərbaycan şairi Nizami” əsərində Nizami haqqında bunları yazır: “Nizami Azərbaycanın qədim şəhərlərindən olan Gəncədə doğulub, yaşayıb və dəfn edildiyi üçün Gəncəli Ni­zami mənasında işlədilən Nizamiyi-Gəncəvi adıyla tanın­mışdır”.

“Şairi eyni dövrdə yaşamış olan başqa Nizamilərdən ayır­maq üçün müzkirələr onu həmişə “Nizamiyi-Gəncəvi” deyə yad etmişlər” (bax: M.Ə.Rəsulzadə A.k.ə. səh. 351).

-------------------------------

* Məqalə 1996-cı ildə Türkiyə türkcəsi ilə Türkiyədə nəşr edilmişdir. Bax: “Gizli çiçək”. Samsun 1996, səh. 59-65.

M.Ə.Rəsulzadə “Azərbaycan şairi Nizami” əsərinin lap ilk səhifəsində Nizaminin:
Şairlikdəki əsrar pərdəsi,

Peyğəmbərlikdir bir kölgəsi.

Tanrı hüzurunda sıra tutmuşlar,

İkinci şairlər, ilkin peyğəmbərlər –


misralarını epiqraf kimi verərək, islam dünyasında pey­ğəm­bərlərdən sonra söz ustadları olan şairlərin ən nüfuzlu insanlar olaraq Tanrı qarşısında sırasının göstərildiyini ifadə edir. Niza­minin yaşadığı XII əsrdə Gəncə və Şamaxı şəhər­lərinin Yaxın Şərqin böyük mədəniyyət mərkəzləri olduğunu qeyd edir və Azərbaycanın o zamankı ədəbi mənzərəsi haq­qında tam təsəvvür yaratmaq üçün bir çox şairlərin, o cümlədən Əbulla Gəncəvi, Xaqani Şirvani, Fələki Şirvani, Mücir Beylaqani, Seyid Zülfüqar Şirvani, Kəmaləddin Naxçıvani və b. adlarını çəkir. Dörd fəsildən ibarət olan kitabda “Nizami kimdir?”, “Nizaminin beş kitabı”, “Nizaminin mövzuları”, “Nizamidə sənət və ideologiya” məsələləri dərindən-dərinə təhlil edilir.

“Azərbaycan şairi Nizami” əsərinin başlanğıcında M.Ə.Rə­sulzadə Şərq islam mədəniyyəti haqqında məlumat verərək, bu mövzu ilə bağlı “Başlanğıc”, “Şərq-İslam mədə­niyyətində Azər­baycanın rolu”, “Türk hakimiyyəti altında fars mədəniyyəti” kimi bölümlərdə açıqlamalar verir:

“Müsəlman Şərqi dedikdə, Nizaminin yurdu Gəncəni də içinə alan Azərbaycan da daxil olmaqla, Yaxın Şərq və Orta Asiyanı əhatə edən coğrafi ərazi nəzərdə tutulur. Bu ərazinin müxtəlif çağlarda yaşamış olduğu siyasi və tarixi təkamülü ilə mütənasib mədəni, kamillik dövrləri vardır. Bura bir tərəfdən İran və Turan, digər tərəfdən də Ərəb ilə Əcəm çəkişmə və qar­pışmalarının səhnəsi olmuşdur. Tarixi hadisələrin təsirilə baş ve­rən qaynayıb-qarışmalar nəticəsində əski mədəniyyətlər yata­ğı olan bu yerlərdə yeni bir mədəniyyət meydana gəl­mişdir: Şərq islam mədəniyyəti (A.k.ə., səh. 5).

Müəllif islam mədəniyyətinin şərqə yayılmasında ərəb dili ilə bərabər türkcə və farscanın da əhəmiyyətli rolu ol­du­ğu­nu gös­tərir və bunları “Şərq islam mədəniyyətinin üç ortağı” adlan­dırır.

M.Ə.Rəsulzadə “Türk olmaları etibarilə azərbaycanlıların İslam mədəniyyətinə xidmət etmiş türklər arasında yeri olduğu kimi bir Şərq İslam məmləkəti olmaq üzrə də Azərbaycanın bu işdə mühüm rolu olduğunu yazır” (səh. 8).

“Türk hakimiyyəti altında fars ədəbiyyatı” bölümündə təd­qiqatçı türk saraylarında yazılan fars ədəbi abidələrinə işarə edə­rək yazır: “İslamdan sonrakı yeni fars dilinin ən böyük abi­dəsi olan “Şahnamə”ni Firdovsi Sultan Mahmud Qəznəvinin sara­yında yazmışdır: “Dünyaca məşhur olan rübailəri ilə Ömər Xəy­yam Səlcuqi Məlikşahın məhəbbətini qazanmışdır. Fars qəsidə­sinin məşhur nümayəndəsi Ənvəri Sultan Səncərin şairidir. Sədi, Hafiz və digər İran klassikləri də ya Səlcuqilərin, ya onlardan sonra gələn Atabəylərin zamanında yetişmişlər. Klassik İran ədə­biyyatının sonuncu ustadı sayılan Cami, Teymurilərdən Hü­seyn Bayqaranın sarayına və Əlişir Nəvainin məclisinə mənsub olmuşlar… Türk xaqan və sultanları fars ədəbiyyatına hamilik göstərmiş və yalnız hamiliklə kifayət­lən­məyib, bir çoxları farsca yazmışlar (səh. 16-17).

M.Ə.Rəsulzadə Şərq İslam mədəniyyətinə mənsub olan İbn-Sina, Firdovsi, Əlişir Nəvai kimi şəxsiyyətlər haqqında fikrini aşağıdakı şəkildə ifadə edərək yazır:

“Ərəblərə görə, İbn-Sina ərəbdir, çünki əsərlərini ərəbcə yazmışdır. Farslara görə, başqa bir iranlı alimlər kimi şeirlərini ərəbcə yazsa da, İbn-Sina bir farsdır, hətta farsca şeirləri belə vardır. Türklərə görə, Türküstanın Əfşanə (Buxara) şəhərində doğulmuş Sina oğlu bir türkdür, farsca şeir yazması türk olması barədə iddianı rədd etmir, çünki ərəbcə yazmış farslar və türk­lər olduğu kimi farsca yazmış türklər də az deyildir” (A.k.ə., səh. 7).

M.Ə.Rəsulzadəyə görə, “Fars ənənəsini fars dilində can­landıran Firdovsi milli bir şəxsiyyətdir. O, İran millətçiliyinin ideoloqu və fars oğlu farsdır və “Mühakimətül lüğəteyin” adlı tanınmış əsəri ilə türk dilinin fars dilindən üstünlüyünü isbat edən və bu müddəanı əyaniləşdirmək üçün fars ədəbiyyatının başlıca kitablarına bərabər cağatay türkcəsi ilə əsərlər yazan Mir Əlişir Nəvai də ədəbi türk millətçiliyinin atası və “türk oğlu türkdür” (A.k.ə., səh. 7).

Dünyada tanınmış əsərlərini farsca yazan Gəncəli Nizami Şərq tədqiqatçıları tərəfindən çox vaxt İran ədəbiyyatı təmsilçisi kimi, Avropa və rus mənbələrində isə Azərbaycan şairi olduğu göstərilir.

Bu gün Nizaminin Azərbaycan şairi olduğu dünya elm adam­ları tərəfindən qəbul edilmiş bir həqiqət olsa da, M.Ə.Rə­sulzadə Nizami Gəncəvinin 800 illiyi münasibətilə qələ­mə aldığı əsərinə verdiyi “Azərbaycan şairi” adının onu İran şairi kimi tanıyanların bir qismində etiraz doğurmasa da, onların adət et­diklərinin pozulmasından doğan bir narahatlıq hissi doğuraca­ğına münasibətini də bildirərək yazır:

“Fəqət nə etməli, dünya böyüklərinin adları ətrafında mil­lətlər arasında çəkişmə yeni bir şey deyildir. Bir də baş­qalarının yanlış adətlərini pozmamaq üçün Azərbaycan öz təbii haqqından necə vaz keçsin?” (səh. 7-8).

M.Ə.Rəsulzadə müsəlman şərqində fars dilində əsərlər ya­zılmasına bir açıqlama verərək yazır ki, XVIII əsrdə fransız dili Avropanın böyük bir bölümündə elm və ədəbiyyat dili olduğu kimi, müsəlman şərqində də X-XII əsrlərdə farsca ədəbiyyat dili olmuşdur. Fars olmayanlar da əsərlərini bu dildə yazırdılar. Əsərlərini fars dilində yazmağın nəticəsidir ki, başda Nizami Gəncəvi olmaqla Azərbaycan İran ədəbiyyatına Xaqani Şirvani, Müciri Beylaqani, Əbulla Gəncəvi (XII əsr), Qətran Təbrizi (XI əsr) sonrakı əsrlərdə də Əhməd İbn-Məhəmməd Təbrizi (XIV əsr), Qasım Ənvər (XV əsr), Sadıq Əfşar (XVI əsr), Saib Təbrizi (XVII əsr) kimi məşhur qələm ustaları qazan­dırmışdır.

M.Ə.Rəsulzadə əsərinin III fəslində Nizami Gəncəvinin möv­zularını incələyərkən onun əsərlərindəki farslıq, türklük düşüncələrinə toxunaraq əsərəlrində ruslar haqqında təsəv­vü­rünə də yer ayırmışdır. Kitabın bu fəslində “İsgəndərnamə” əsərindən Duvalinin İsgəndərə dediyi


Adamlıq gözləməz bir kimsə rusdan,

Ki bənzər insana yalnız baxışdan (səh. 160) –


misralarını incələyərək, oxucuda rusların Azərbaycana tarixi bas­­qınlarını, Xəzər dənizi sahillərinin zaman-zaman ruslar tərə­findən basqına məruz qalması, burada yaşayan insan­ların qədim rus vəhşilikləri barədə qanlı xatirələrinin yaddaşlarda yaşadığına səbəb olduğunu xatırladaraq yazır:

“Nizami dövründə acı xatirələrin yeni qüvvə ilə təzə­lən­məsini ehtimal etmək yerinə düşərdi. Məlum olduğu üzrə, Şah Axsitanın dövründə Şirvanlılar rus basqınçıları ilə şid­dətli dö­yüşmüş, Dərbənd və Şabranlı onların qəsbindən qurtardığı kimi Bakı limanında və Lənkəranda Sari limanında 73 gəmidən iba­rət rus gəmisini məhv etmişlər. Şirvan sarayının rəsmi şairi Xa­qani tərəfindən yazılan tarixi bir qəsidədə təsvir olunan bu döyüş şüb­həsiz qədim rus vəhşilikləri barədə qanlı xatirələrin yad­daşlarda yenidən canlanmasına səbəb olmuşdur” (səh. 160-161).

M.Ə.Rəsulzadə göstərir ki, Nizaminin əsərlərini yazdığı dil fars dili olsa da, şairin daşıdığı hisslər və işlətdiyi mövzular Azərbaycan türklərinin duyğularından doğmuşdur. Nizaminin yaradıcılığı, onun duyğu və düşüncələri onun yetişdiyi milli mühitlə bağlı olduğu üçün o, Azərbaycan türklərinin milli duy­ğularını əsərlərində qabarıq şəkildə əks etdirən bir şəxsiyyətdir. Bu şəxsiyyətlə yalnız Azərbaycan türkləri deyil, bütün türklər öyünməlidir. Çünki dilinin farsca olmasına baxmayaraq, heç bir şairdə türklük Nizamidə olduğu qədər ideallaşdırılmayıb. Niza­mi fars millətçiliyindən çox-çox uzaq olub türk sevgisi ilə, yur­dunun tarixi müqəddəratı ilə bağlıdır. Bu bağlılıq, heç şübhəsiz, onun Azərbaycan türklərinin şairi olduğuna dəlalət edir. “Gözəl və böyüyə”  “türk”, gözəllik ilə böyüklüyə  “türklük”, “gözəl və böyük sözə”  “türkcə”, “gözəllik və böyük­lük diyarı”na “Tür­küstan” deyən bir şairə hansı ağız o, türk de­yildir deyə bilər?” (səh. 31).

Kitabın başqa səhifələrində də M.Ə.Rəsulzadə böyük Niza­minin türklük düşüncələrini iftixarla ifadə edir. Nizami türk de­yir – gözəl, mərd, qəhrəman, döyüşçü, sərkərdə, ər, rəhbər və baş­çı nəzərdə tutur. “Türklük” deyir – gözəllik, yaxşılıq, təmiz­lik, doğ­ruluq, mərdlik, qəhrəmanlıq, sərkərdəlik, başçılıq demək istəyir. “Türküstan” - deyir – vəfa, doğruluq, istə­nilən yerə qo­vuş­maq (vüsal) nəzərdə tutur. “Dilbər” deməli olduğu yerdə şair sa­dəcə olaraq “türk” deyir. “Torke-delsetan”, “torke-tennaz”, “tor­ke na­zənin əndam” kimi ifadələrə Ni­za­midə tez-tez rast gəlinir.

Gözəl gözdən bəhs etmək istərkən Nizami “Türk gözü” (“çesm-e torki”) deyir, onu ahu gözü ilə müqayisə edir. Hər hansı gülüşün şirinliyini ifadə etmək üçün ona “türk gülüşü” deyir. Bu gülüş Nizaminin nəzərində o qədər şirindir ki, “şəkər belə ona həsəd aparır (“Xəstədel əz xəndeye torkan şəkər”). Bəh­ram Gura hekayə danışan gözəlləri də, hekayələrdəki dilbər­ləri də “türk” deyə vəsf edir. Məcnunun sevgilisi Leylinin ətra­fındakı ərəb qızlarına “Ərəbistanda yaşayan türklər” deyir. Hətta ədalət üzərində qurulmuş bir dövləti idealizə edərkən bu idealını türk dövləti tipində tapır (A.k.ə., səh. 142-145).

Kitabın dördüncü bölümü “Nizamidə sənət və ideo­lo­giya” adlanır. Bu fəsildə Nizami sənətinin həyata, insana mü­nasibəti, Nizamidə eşq fəlsəfəsi, onun din, dövlət haqqında gö­rüşləri, ideal hökmdar məsələsi, şairin şeir anlayışındakı özünəməx­sus­luq ələ alınıb incələnir.

Göründüyü kimi, böyük qələm ustadı, dövlət və siyasət adamı, XX əsrin yetirdiyi böyük şəxsiyyət M.Ə.Rəsulzadənin “Azərbaycan şairi Nizami” adlı tədqiqat əsəri XII əsr Şərq ədəbiyyatında zirvə sayılan əsərləri ilə zirvəyə yüksələn böyük söz ustadı Nizami Gəncəvinin həyatı, sənəti, dövrü haqqında ən layiqli araşdırmalardan biridir.


Yüklə 4,68 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin