MÜŞFİQ POEZİYASININ
FOLKLOR QAYNAQLARI
Böyük Arximed “mənə istinad nöqtəsi verin, Yer kürəsini yerindən oynadım” demişdir.
Uluları ulu edən məhz onun istinad etdiyi nöqtədir. Kökü torpaqda olmayan ağac boy ata bilməz. Yazılı ədəbiyyatın kökü, dayaq nöqtəsi məhz insan nəslinin əsrlər boyu yaradıb cilaladığı, yüzilliklərin sınağından çıxardığı folklordur. Bu xəzinədən yerli-yerində bəhrələnən sənətkarların yaradıcılıq taleyi həmişə uğurlu olmuşdur.
Azərbaycan poeziyasının əvəzsiz simalarından biri, istedadı ilə taleyi arasında böyük uçurum olan ölməz M.Müşfiq poeziyasının istinad nöqtəsi birinci növbədə onun parlaq istedadı idisə, bunun ikinci qanadı şairin klassik poeziyamıza aşinalığı ilə bərabər, xalqının əsrlər boyu yaradıb cilaladığı, yüzilliklərin sınağından çıxartdığı folkloruna bələdliyi idi.
Mikayıl Müşfiq poeziyasının folklor qaynaqlarına müraciətin özü əlvandır. Bu əlvanlıq bir tərəfdən folklor nümunələrini şairin özünəməxsus ifadə tərzi ilə əsərlərinə daxil etməsi, canlı xalq dilindən gərəyincə faydalanması ilə bağlıdırsa, digər tərəfdən də onun poeziyasının forma və vəzninin xalq ədəbiyyatına yaxınlığı ilə bağlıdır.
Şifahi poeziyamızın ən dərin, incə hisslərini ifadə edən bayatıdan istər formaca, istərsə də məzmunca təsirlənmə yolu ilə Müşfiq poeziyasında klassik nümunələr yaranmışdır.
Xalqda məşhur bir bayatı var:
Göy üzü damar-damar,
Göydən yerə nur damar.
Könül var ki, şüşədir,
Sən sındırsan, kim yamar?
Bu bayatının M.Müşfiq şeirinə necə qida verdiyinə diqqət yetirək:
Bir od düşdü buluduna,
Yandı könlüm eşq oduna.
Qaldın hicran umuduna,
Ey qırılan şişə könül.
Məlum bayatı örnəyində könül rübabını kökləyən Müşfiqin yaratdığı bu poetik nümunə qarşıdakı bayatının təkrarı olmayıb ondakı bədii sirlərin şeirə köçməsidir.
Canlı xalq dilində, el arasında “qurban olum”, “dərdin alım”, “başına dönüm” kimi şirin münasibət bildirən ifadələr çox işlənir. M.Müşfiq poeziyasında bu ifadə olduqca poetik mənalandırılır, fikir və emosiya ilə yüklənir, şair nəfəsi ilə cana gəlir. Şair xəlqi ruhlu tək bir ifadə ilə köklənib, öz sözünün bədii-poetik aləmini yaradır:
Bilməm neyçün məni atmış, unutmuş,
Əhdi-peymanına qurban olduğum.
Yoxsa,özgəsinə üzünü tutmuş,
Yeni sevdasına qurban olduğum.
Milli bədii zəminə əsaslanan Müşfiq poeziyasında xalq əfsanələri, rəvayətləri, süjet və əhvalatlar, nağıl, dastan, aşıq sənətinin cizgiləri güclü və qabarıqdır. Onun poeziyasındakı xəlqilik də məhz bununla bağlıdır. Qədim Səbayel şəhəri haqqında elmi məlumatlarda bu şəhər “Qala”, “Karvansara” adlandırılır və Səbayelin dəniz altında qalmasının səbəbləri izah olunur.
Azərbaycanda Abşeron yarımadasında Səbayel adlı bir şəhərin olması, sonradan isə suların altında qalması haqqında xalq əfsanəlri də mövcuddur. M.Müşfiqin “Çoban” poeması qədim Səbayellə bağlı əfsanədən istifadə ilə yazılmışdır.
Bu əfsanədə deyilir ki, çox qədim zamanlarda Abşeron civarında Səbayel adlı bir şəhər varmış. Bu şəhərin ən səfalı bir yerində Xəzərə baxan gözəl bir mənzərəli sarayda Quş xan adlı bir hökmdar yaşayırmış. Hökmdar Quş xan bir gün sarayı tikən ustanı yanında oturtmuş və ondan soruşmuş ki, bu saraydan daha gözəl, daha mükəmməlini yarada bilərsənmi? Ömrünü, gününü sənət yolunda fəda etmiş qoca memar deyir ki, bu saraydan daha gözəlini, daha mükəmməlini də yarada bilərəm.
Qoca memarın cavabından darılan xan cəllada əmr edir ki, memarın boynu vurulsun. Qısqanc xan düşünür ki, memar ətraf xanlara mənimkindən daha yüksək görünən saray tikəcək. Bu səbəbdən də memarın ölümünə hökm verir.
Quş xanın Mərcan adında gözəlliyi dillərə dastan bir qızı varmış. Quş xan qızına gələn bütün elçilərdən qızın neçə xalı olduğunu soruşar, heç kəs cavab verə bilməz. Xan qızı Mərcanın gəzdiyi dağ-dərələrdə Dəmirdaş adlı bir çoban da varmış. Bir gün Mərcan öz dəstəsi ilə gəzməyə çıxır və uzaqdan qaval səsi eşidir. Əmr edir ki, o qavalı kim çalırsa, onu tapıb gətirsinlər. Çobanı tapıb gətirdilər.
Mərcan Dəmirdaşı görüncə onun simsiyah gözlərindən atəş çıxır. Çobanın yamaqlı üst-başına baxır və qaval çalmağı kimdən öyrəndiyini soruşur. Niyə qəmli nəğmələr çalır? Onun qavalında nəşə yoxdurmu?
Çoban deyir ki, qəmli nəğmələr Səbayel mahalının el nəğməsidir. Dəmirdaş xatırlayır ki, bu yerlərin namərd xanı ova çıxarkən şikarı Qorxmaz adlı çoban olur, məsum, yetim qızları qaçırır, çox günahlar işlədir. Bu qəmli şikəstələr də bəlkə bu səbəbdəndir.
Mərcan bütün varlığı ilə çoban Dəmirdaşı sevir, elçi gəlməsini istəyir. O, xallarının sayını Dəmirdaşa dediyi üçün Quş xana Dəmirdaş xalların sayını deyir. Quş xan qızını çobana vermək istəmir, ona tələ qurur. Dəmirdaşla Mərcan qaçır. Quş xandan narazı olan insanlar Quş xanı öldürürlər, amma nə qədər axtarsalar da çoban Dəmirdaşla Mərcanı tapa bilmirlər. Dənizin üzərində bir tutam saçın üzdüyünü görüncə məsələdən agah olurlar. Quş xanın törətdiyi haqsızlığa Xəzər də dözmür. Bir gün qabarıb qanadlarını açır, Quş xanın məskənini silmək üçün coşur, dalğalanır, köpürüb Səbayeli boğur. Səbayel sular altında qalır.
Bu bir əfsanədir, nağıldır, fəqət,
Tarixdə azmıdır böylə həqiqət.
Tarixdə dağılan saraylar azmı?
Döyüşdə pozulan alaylar azmı?
Azmı yoxsulların çəkdiyi səflər,
Basılan tərəflər, basan tərəflər?
Bağışla, oxucum, sual olarmı?
Həqiqət olmasa, xəyal olarmı?
(M.Müşfiq. Əsərləri. II c.
Bakı, 1970, səh. 173)
Folklordan əfsanə, rəvayət, nağıl süjetlərinin əxz edilməsi ədəbiyyatda isifadə olunan yaradıcılıq xüsusiyyətidir. Bu Nizami Gəncəvidən bu günə qədər davam edən xalq şifahi bədii sözü ilə ənənəvi bağlılıqdır. M.Müşfiqin folklor motivləri əsasında belə bir poemanı yazması şairin yaradıcılığındakı xəlqilik problemi ilə, bu problemə təsir göstərən əsas qaynaqlardan biridir. Mikayl Müşfiq xalqdan eşitdiyi bir rəvayət vasitəsilə tarixi canlandırır, əfsanəvi Səbayel şəhəri haqqında fikir yaradır. M.Müşfiqin poemasının süjetinə daxil etdiyi əfsanə Səbayel şəhəri haqqındakı əfsanələrdən biridir.
1920-ci ildə “Qurtuluş” (1920, №2) jurnalında Mirzəbala Məmmədzadə Səbayel şəhəri haqqında bir əfsanə toplayıb çap etdirmişdi. Əfsanədə deyilir ki, Bakı xanı qonşu Səbayel xanından çox çəkirdi. O dövrdə Səbayel şəhəri bir tərəfdən Bayıl, o biri tərəfydən Nargin, bu yandan isə Zığı birləşdirirdi. Səbayel xaqanına tabe olan adamlar qorxu nə olduğunu bilməyən cəngavərlər idi. Onlar tez-tez Bakı xanlığına hücum edir, onun əhalisinin var-yoxunu talayıb gedərlərmiş. Bakı xanı bu əzabdan yaxa qurtarmaq üçün adlı-sanlı, bilikli adamları bir yerə toplayıb, onlardan məsləhət istəyir. Uzun məşvərətdən sonra belə qərara gəlirlər ki, Bakı xanı Səbayel xan ilə qohum olsun. Onun qızını öz oğluna almaq məqsədilə Bakı xanı bir neçə adamı qiymətli sovqatlarla Səbayel xanının yanına elçi göndərir. Səbayel xanı bu gözlənilməz söhbətdən sonra əsəbi halda cavab verir ki, Narginlə Bayıl, onlarla bir yerdə Zığ adası yox ola bilər, ancaq bu iş düzələ bilməz. Elçilər geri dönür. Qızğın Xəzər dənizi lərzəyə gəlir. Zığla Bayıl və Nargin adasını su basır, Səbayel şəhəri öz əhalisi ilə su altında qalır, çox az adam xilas ola bilir. Səbayel xaqanı bu hadisədən sonra Bakı xanına pənah gətirir.
M.Müşfiq Səbayel şəhəri haqqındakı xalq arasında dolaşan qədim əfsanələrdən birindən istifadə edərək şəhər və onun insanları haqqında “Çoban” adlanan bir poetik nümunə yaratmışdır.
Poemada M.Müşfiq Səbayel haqqındakı əfsanələrdə ön plana çıxan ictimai əsarət və haqsızlıqları da nəzmə çəkmiş, folklor süjetinin poemada ictimai ideyanın ifadəsinə xidmət etməsinə nail olmuşdur. O, əsərində folklordan özünəməxsus şəkildə faydalanmış, əsərini məzmun, ideya, fikir və obrazlarla zənginləşdirmişdir.
Nağıllar M.Müşfiqin bəhrələndiyi, ilham və fikir əxz etdiyi folklor aləmindən biridir.
Azərbaycan nağılları adətən “biri varmış, biri yoxmuş” nağıl açarı, nağıl yaraşığı, nağıl təkərləməsi ilə başlayır. M.Müşfiqin xalqdan alıb onu poeziyanın dilinə çevirdiyi “Şəngül, Şüngül, Məngül” nağılı xalq nağıl ifadə tərzini müasir ifadə formasına çevirməyin nümunəsi olmaqla, xalqımızın yaratdığı nağıldan istifadə, bunu yenidən işləmə yolu ilə milli özünəməxsusluğu qoruyub saxlamağın nümunəsidir:
Biri varmış, biri yoxmuş,
Məzlumların dərdi çoxmuş.
Saqqallı bir keçi varmış,
Gəzdiyi yer qayalarmış.
…Onun üç yavrusu varmış:
Biri Şəngül, biri Şüngül,
Biri də balaca Məngül.
M.Müşfiqin “Kəndli və ilan” poemasınında da xalq nağılından süjet əxz edilmişdir. Bu poemada qədim Azərbaycan nağıllarındakı ideya, humanizm ənənələri, hadisə və epik süjet önə alınmış, nağıl motivi poemanın əsas ana xəttini təşkil etmişdir. M.Müşfiqin xalq nağılının süjetinə əsaslanaraq yazdığı bu poema şairin folklordan bəhrələnməyində yüksək sənətkarlıq ifadəsidir.
M.Müşfiq poeziyası xalqımızın əsrlər boyu işlətdiyi milli vəzn və şəkil əsasında yüksəlmiş, təşəkkül tapmışdır. Onun poeziyası məhz milli şeirin ənənələrini dərindən mənimsəməklə, bu ənənələrə yaradıcı, cəsarətli münasibətlə boy atıb inkişaf etmişdir. Onun aşıq poeziyasının qoşma, gəraylı və b. formalarına müraciəti bu baxımdan qanuni və təbii haldır.
“Koroğlu” dastanına məxsus bir gəraylının M.Müşfiq poeziyasına gətirdiyi hərarətə diqqət yetirək:
Budu, gəldi havadarım,
Dur, başına dolan, könül.
Zimistanda dövr eylədin,
Yaz, bahara boyan, könül.
(“Koroğlu” dastanından.)
M.Müşfiqdə:
Ah, bu uzun sevda yolu,
Vurulurmu başa, könül.
Nişal aldım, kaman atdım,
Dəydi oxum daşa, könül.
Vaxt olub ki, müasirlik forma yeniliyində görülüb, ənənəvi xalq şeiri formalarından istifadə etmək köhnəlik əlaməti sayılıb. Belə fərz edilirdi ki, köhnə forma köhnə məzmuna gətirib çıxarır. Ona görə də mütləq yeni forma yaratmaq lazımdır. Yeni inqilabi mədəniyyət üçün xalq şeiri ənənələri lüzumsuz hesab edilirdi. Milli heca vəzninin doğmalığını qoruyub saxlayan bir sıra müasirləri kimi M.Müşfiqin də heca vəznli şeirləri bir daha sübut etdi ki, milli zəmindən, milli bədii ənənədən ayrılmaqla böyük poeziya yaratmaq qeyri-mümkündür. Müşfiqin heca vəznli şeirləri göstərdi ki, müasir məzmunu ənənəvi formalarla da vermək mümkündür. Bu formanın özü də duz-çörək qədər müqəddəsdir. Hüseyn Arifin dediyi kimi “Min yenilik yatır köhnə ürəkdə, yenilik axtarma duzda-çörəkdə”.
M.Müşfiq poeziyasında yaranan neçə-neçə yaddaqalan şeir nümunələri xalq poeziyasının qoşma, gərayı forması üstündə köklənmişdir, daha doğrusu, bu şeirlər şifahi poeziyamızın ovqatından doğmuşdur. Şairin “Məhəbbət”, “Maral”, “Söylə”, “Neçin gəlmədin?”, “Küsmərəm”, “Yaşa könül!”, “Ürək”, “Sənə qurban” və b. şeirləri nümunə gətirilə bilər.
“AZƏRBAYCAN ŞAİRİ
Dostları ilə paylaş: |