OXUCUNU DÜŞÜNDÜRƏN
VƏ YAŞADAN ƏSƏRLƏR*
Bədii ədəbiyyatı həyatın güzgüsü adlandıranlar heç də yanılmırlar. Yaradıcılığını uzun illərdən bəri izlədiyim Nizami Mirzənin hekayə və povestlərində zəngin müşahidə, həyatın özündən gələn real gerçəkliklər, sərt həqiqətlər həmişə diqqətimi cəlb etmişdir. Üstəlik doğulduğu torpağın rənglərini, istiliyini, həzinliyini yazıçı ustalığı ilə bədii əsərlərində əks etdirməsi onun yaradıcılığına qeyri-adi bir səmimiyyət, kolorit gətirmişdir.
İsmayıllı rayonunun Xanagah kəndində ziyalı ailəsində doğulan, Azərbaycan Dövlət Pedaqoji İnstitutunun tarix fakültəsini bitirən, hazırda “Təhsil” jurnalının baş redaktoru işləyən Nizami Mirzə çətin və maraqlı bir həyat yolu keçmişdir. Məhz bu maraqlı və çətin həyat yolu gələcək əsərləri üçün ona zəngin ədəbiyyat materialları vermişdir. Yazıçının ayrı-ayrı illərdə çap etdirdiyi “Mavi gözlər”, “Ömür yolu”, “Ayrılığın üzü dönsün”, “Qatil”, “Ömürdən ötən illər”, “Cığırdan zirvəyə” kitabları oxucular tərəfindən böyük maraqla qarşılanmışdır. “Sarıca” povesti “İlin ən yaxşı əsəri”, “Qatil” kitabı isə “İlin ən yaxşı kitabı” mükafatlarına layiq görülmüşdür. Bundan başqa Nizami Mirzənin “Ayrılığın üzü dönsün” kitabı bədii mündəricəsinə, nəfis tərtibatına, mövzu aktuallığına görə “Araz” Ali Ədəbi Media mükafatını almışdır.
Yazıçının bu uğuru ilk növbədə əsərlərindəki səmimiyyətdən, xarakter yaratmaq ustalığından irəli gəlmişdir. Onun nəsr dili Azəbaycan torpağının şəhdi-şirəsini, rəngarəngliyini elə gözəl əks etdirir ki, oxucu əsər boyu özünü sanki hadisələrin qoynunda hiss edir.
Bədii əsər ictimai məzmun kəsb edəndə cəmiyyəti səfərbər edə bilir. Bu mənada Nizami Mirzənin əsərləri, xüsusilə Qarabağ savaşı ilə bağlı hekayələri öz aktuallığı, enerjisi, bədii siqləti
ilə seçilir. Bu əsərlərdə bir çox bədii ədəbiyyatlarda rast gəldiyi-
-----------------------------
* Məqalə 1 noyabr 2013-cü ildə “Respublika” qəzetində nəşr edilmişdir.
miz çağırış, pafos əhval-ruhiyyəsi yoxdur. Yazıçı hadisələri elə canlı təsvir edir ki, oxucu özünü sanki göynər yarasına duz basılmış kimi hiss edir. Əslində Qarabağ hər birimizin qəlbində yanıq yeri kimidir, göynərtisi kəsilmək bilmir ki, bilmir.
Onun Qarabağ hadisələrindən bəhs edən “Sarıca”, “Sonuncu güllə”, “Qatil” əsərlərində doğma yurda sonsuz sevgi var.
Erməni xəyanətini, erməni namərdliyini əks etdirən bu əsərlərdə qaldırılan ictimai-siyasi problemlər, vətənpərvərlik duyğuları, milli qəhrəmanımızın yüksək vətənpərvərliyi ustalıqla qələmə alınmışdır. Xocalı soyqırımında vəhşicəsinə qətlə yetirilmiş soydaşlarımızın əziz xatirəsinə ithaf edilən irihəcmli “Sarıca” povesti isə dərin məfkurə, vətəndaş mövqeyi, vətənpərvərlik ideyası zəminində öz məzmun və ideyası ilə insanı düşündürən, onu Vətən torpağına bağlayan əsərdir. Povestin mövzusu vətənpərvərlik duyğularının silsilələnməsi, bədii emosiyaların vəhdəti baxımından çox maraqlıdır. Yazıçının qəhrəmanı – ailənin yeganə övladı olan Oqtayın yüksək vətənpərvərliyi, yurduna olan sevgisi oxucunu əsəri birnəfəsə oxumağa vadar edir.
Povestin qəhrəmanı Oqtay o zaman könüllü döyüşə gedən milli qəhrəmanlarımızın, igid əsgərlərimizin ümumiləşdirilmiş surətidir.
Əsərin başqa qəhrəmanları Azər, doktor Azad, Rəcəb kişi, Solmaz, Oqtayın ata-anası da yazıçının ustalıqla təsvir etdiyi milli düşüncəli vətəndaşlardır.
“Sarıca” povestinin əsas süjet xətti Qarabağda erməni mafiyasının, erməni quldurlarının saman altından su yeritmə siyasəti, çörəyini yediyi Azərbaycan torpağına olan xəyanətin ifşasıdır. Yazıçının böyük rəğbət və məhəbbətlə təsvir etdiyi surətlər “Sarıca” povestinin mənfi surətləri olan Suren və Akopyanla qarşılaşdırılır. Qarabağ torpağının çörəyi ilə böyümüş bu nankor ermənilərin dönüklüyü real lövhələrlə verilir.
Əsərdə diqqəti çəkən məqam erməni terrorçularının Qarabağ torpaqlarında törətdikləri vəhşilikləri, qanlı terroru yazıçının nifrətlə ifadə etməsidir. Düşünürəm ki, bu terrorun epizodlarını əks etdirən “Sarıca” povestinin qısametrajlı film kimi televiziya tamaşası yaddaşlarımızı təzələyər, gənclərimizə yüksək vətənpərvərlik hissini, döyüş ruhunu aşılayar.
“Sarıca” povestində Nizami Mirzənin ifadə etdiyi təşbeh və istiarələrin, obrazlı təfəkkür tərzinin zənginliyi fikrin aydın, dəqiq və səlis bədii ifadəsinə xidmət edir.
Nizami Mirzənin ürək ağrısı ilə yazdığı hekayələrin bir qismi XX əsrin son rübündə erməni vandalizminin tarix kitablarına yazılacaq vəhşiliklərinin qanlı salnaməsidir. Bu cəhətdən yazıçının “Sonuncu güllə” və “Qatil” hekayələri öz mövzusu ilə bir-birini tamamlayır.
Bu hekayələrdə namusu, qeyrəti hər şeydən uca tutan Azərbaycan kişisinin ümumiləşdirilmiş obrazı verilir, yazıçının xarakter yaratmaq ustalığı diqqəti cəlb edir.
“Qanlı qərənfil” hekayəsi isə XX əsrin son 10 ilində Azərbaycanın müstəqilliyini qanda boğmaq istəyən rus-erməni birləşməsinin törətdiyi 20 Yanvar hadisələrini əks etdirən soyqırım dəhşətlərini yaşayan Cavid və Bənövşə müəllimənin acı taleyini əks etdirir.
Mövzuları milli-mənəvi dəyərlərimizi ifadə edən “Açılan gözlər”, “Yanıq Kərəmi”, “Yaşıl pöhrə”, “Qönçə qızılgül” kimi hekayələr, eləcə də “Evimizə gəlin gəlir”, “İş axtarıram, ay dədə”, “Müasir ola bilmərəm, ay dədə”. “Soldış olmağın böyük bəlası” kimi satirik hekayə və novellalar ustad bir nasir qələmindən çıxmış bədii nümunələrdir.
Azərbaycanın milli-mənəvi dəyərlərinin, xalqın əsrlər boyu sınaqdan çıxmış adət-ənənələrinin bədii nümunələri olan bu hekayələrdə, əlbəttə, yaşanan həyatdakı mənfiliklərə qarşı yumorlu tənqid də vardır. Bu tənqid oxucunu ruhlandırır, onu islah obyekitnə çevirir. Xüsusən, “Evimizə gəlin gəlir”, “Soldış olmağın böyük bəlası” hekayələrində bu yumor ustalıqla qələmə alınmışdır.
Nizami Mirzə məzmunlu, maraqlı povest, novella və hekayələri ilə oxucu qəlbinə yol tapmağı bacırır. İnanırıq ki, o, oxucularını tariximizin yeni mərhələlərini əks etdirən bir-birindən maraqlı, dolğun əsərləri ilə sevindirəcəkdir.
Tanınmış yazıçımız, məşhur romanlar müəllifi Əlibala Hacızadənin 2006-cı ildə Nizami Mirzənin “Qatil” kitabına yazdığı “Ön söz”də oxuyuruq: “… İlk hekayələrilə sonralar yazdığı əsərləri müqayisə etdikdə bu qərara gəldim ki, sən ümumi zamanın, dövrün nəbzini tutmağa qadir bir qələm sahibisən və əsərlərində yaşadığımız cəmiyyətin yaxşı-pis cəhətlərini görən, adət-ənənələrimizi dərindən bilən, bunları saf-çürük edib yaxşılarını yaşatmağa, pislərini rədd etməyə çağıran, milli əxlaqımızın keşiyində duran ziyalımızsan”.
Əlibala müəllimin qələm dostu haqqında dediyi bu sözlər yazıçı əməyinə verilən yüksək qiymətdir.
Nizami Mirzənin mövzusu Vətən yanğısı, milli şüur, milli qeyrət, milli-mənəvi dəyərlərdən qaynaqlanan əsərləri gənc nəslə örnək ola biləcək keyfiyyətlərlə zəngindir. Bədii təxəyyülün, milli dəyərlərin, Azərbaycan tarixinin bir parçası olan belə əsərlərin orta məktəbin dərs kitablarına salınması, ali məktəblərin elmi-metodiki göstərişlərində təhlil edilməsi günün tələbləri ilə səsləşər, ədəbi mühitlə tez doğmalaşar.
Dostları ilə paylaş: |