XX əsrin başlanğıcında kəndlərdə feodal istismarının şiddətlənməsi, o cümlədən vergilərin çoxalması, ölkənin Rusiya və İngiltərənin yarımmüstəmləkəsinə
çevrilməsi ilə əlaqədar sosial tarazlığın pozulması, möhtəkirliyin baş alıb getməsi, maliyyə sisteminin böhranı və s. İranda, o cümlədən Cənubi Azərbaycanda hakim dairələrin daxili və xarici siyasətindən narazı qüvvələrin sayını xeyli artırmışdı. Ticarət-sənaye sahələrində fəaliyyət göstərən burjuaziya ölkədə qayda-qanun yaradılmasını, xüsusi mülkiyyətin toxunulmazlığın təmin olunmasını tələb edirdi. Burjuaziya eyni zamanda yerli sənayenin inkişafına
mane olan xarici kapitala, xaricdən sənaye mallarının axınına qarşı mübarizə aparırdı. Təbrizdə yaranan bir sıra gizli təşkilatlar əhalini şah üsuli-idarəsinə qarşı mübarizəyə çağırırdı. 1905-1911-ci illər Məşrutə inqilabı gedişində Cənubi Azərbaycanda sosial ziddiyyətlər, siyasi vəziyyət daha gərgin olmuşdu. Xalq ədalətli quruluş yaradılmasını tələb edirdi. Artmaqda olan hərəkatın təzyiqi
altında 1906-cı il avqustun 5-də konstitusiya verilməsi haqqında
şah fərmanı elan olundu. 1906-cı ilin sonunda Təbrizin gizli siyasi qrup və cəmiyyətləri tərəfindən əsası hələ 1904-cü ildən qoyulmuş “İctimaiyyuneamiyyun”, yəni sosial-demokrat partiyası yarandı. Öz mərkəzini “Mərkəz-e qeybi” (“Gizli mərkəz”) adlandıran Təbriz sosial-demokratik təşkilatının başında Əli Müsyö dururdu. 1906-cı il sentyabrın 9-da Məclisə seçkilər keçirilməsi haqqında əsasnamə imzalandı. Sentyabrın 20-də Təbriz üsyançıları öz tələblərinə saraydan müsbət cavab aldılar. Bu uğur xalqı daha da ruhlandırdı. Hərəkat başçıları içərisindən 20 nəfər ilk rəsmi siyasi əncümənin (şura) əsasını qoydu və həmin əncümən rəsmən “Azərbaycan əyalət əncüməni” adlandırıldı. 1906-cı ilin noyabr-dekabr aylarında əyalət əncüməninin rəhbərliyi ilə Azərbaycanın başqa şəhərlərində vilayət əncümənləri yaradılmağa başladı. 1907-ci ilin fevral ayının 8-də Azərbaycan nümayəndələri Tehrana gəldilər və əyalət əncüməninin saraya verdiyi tələblərin məclisdə müzakirəsi zamanı möhkəm dəlillərlə onların həyata keçirilməsi haqqında razılıq əldə etməyə nail oldular. Bu qələbə şahı qorxuya saldı. Feodalların silahlı dəstələri ölkənin hər tərəfindən əhaliyə qarşı basqınlar etməyə başladılar. Bunun qarşısını almağa çalışan demokratik qüvvələr məclis tərəfindən xalq üçün əhəmiyyətli maddələrin olduğu “Konstitusiyaya əlavələr”in qəbul edilməsini tələb etdilər. Artıq 1907-ci ilin iyun ayında Urmiya şəhərində yüzlərlə silahlı mücahid əncümənin göstərişlərini həyata keçirməyə hazır idi, bu təcrübə Tehranda da tətbiq olunmağa başladı. 1907-ci ilin oktyabrında Konstitusiyaya “Əlavələr” qəbul edildi. 1907-ci ilin noyabrında demokratik hərəkata qarşı hücum hazırlamaq məqsədilə Tehranda “Fetovvat” və “Səadət”, eyni zamanda Təbrizdə “İslamiyyə” adlı irticaçı əncümənlər təşkil edildi. Şah və onun tərəfdaşları tərəfindən hələ 1908-ci ilin aprel-may aylarından hazırlanmaqda olan hökumət çevrilişi həmin il iyun ayının 23-də həyata keçirildi. Əksinqilab bütün İranda hücuma keçdi. Lakin Təbrizdə inqilabi hərəkat daha ciddi şəkil aldı, inqilabi mübarizənin mərkəzi Tehrandan Təbrizə keçdi. İrticaçılar Əmiraxiz məhəlləsi istisna olmaqla Təbrizin şimali-şərq hissəsini tutdular. Əmiraxiz məhəlləsini Təbriz üsyanının görkəmli rəhbəri Səttar xanın dəstəsi, şəhərin cənub-şərqində yerləşən Xiyaban məhəlləsini isə Bağır xanın başçılıq etdiyi hissələr müdafiə edirdilər. Buna görə də 1908-ci ilin avqustunda buraya 40 min nəfərdən artıq silahlı qüvvə göndərildi. Sentyabrın 25-dən Təbriz üzərinə 2 günə qədər davam edən hücum başlandı, lakin irtica qüvvələri heç bir uğur qazana bilməyərək, oktyabrın 12-də şəhəri tərk edib qaçmağa məcbur oldular. Xalq Səttar xanı “Sərdare-milli”, Bağır xanı “Salare-milli” adlandırdı, sonra isə Azərbaycan əyalət əncüməni bu adları rəsmiləşdirmək üçün qərar qəbul etdi. 1909-cu ilin fevralına qədər Cənubi Azərbaycanın bütün qərb vilayətləri Maku istisna olmaqla inqilabçıların əlinə keçdi. 1908-ci ilin dekabrında əksinqilab yenidən 40 min silahlı adam toplamışdı.1909-cu il yanvarın axırlarında Təbriz şəhəri yenidən mühasirəyə alındı. Fevral-mart aylarında Təbriz üzərinə əksinqilabın hücumu başladı, lakin bu hücumlar da inqilabçıların qələbəsilə nəticələndi. Aprelin 14-də uzun müddət Marağa şəhərinin qubernatoru olmuş Səməd xanın qoşunları Təbrizə hücum etdilər və məğlub oldular. Bu halda ingilis və çar Rusiyası açıq müdaxiləyə əl atdılar. Çar Rusiyası xarici konsulluqları və təbəələri müdafiə etmək və guya Təbrizə ərzaq daşınmasını təmin etmək bəhanəsilə 1909-cu il aprelin 29-da öz qoşunlarını Təbrizə yeritdi və Təbriz üsyanı yatırıldı. Təbriz üsyanı Rəşt və İsfahanda üsyanların uğurla başa çatmasına, üsyançıların Tehrana yürüşünə, eyni zamanda Məhəmmədəli şahın hakimiyyətdən devrilməsinə (16 iyul 1909-cu il) və Konstitusiyanın bərpa olunmasına səbəb oldu. Fədailəri tərk-silah etmək məqsədilə Tehranın rəsmi dairələri tərəfindən Səttar xan və Bağır xan 1910-cu il martın 11-də paytaxta dəvət olundular. Tərk-silah haqqında əldə edilmiş razılığa baxmayaraq, Səttar xan və onun ətrafındakılarına Tehranda xaincəsinə basqın edildi. Vuruşma nəticəsində 18 nəfər həlak oldu, 40 nəfər, o cümlədən Səttar xan yaralandı. Səttar xan və Bağır xana Təbrizə qayıtmağa icazə verilmədi. Bu xəyanət Azərbaycan xalqını hiddətləndirdi, çar hökuməti Təbrizə yeni hərbi qüvvələr göndərməklə, dekabrın 28-dək Təbriz fədailərinin müqavimətini qırdılar. Ələ keçən fədailər və Təbriz əncüməni rəhbərlərinə divan tutuldu. Bütün Azərbaycanda terror və irtica hökm sürməyə başladı. İnqilab mərkəzləri və vilayət şüarları dağıdıldı. Beləliklə, 1905-1911-ci illər İran Inqilabi xarici müdaxiləçilərin ordusu tərəfindən yatırıldı. Bu inqilabın Azərbaycan xalqının ictimai-siyasi və milli şüurunun inkişafına böyük təsiri oldu.