6. Uşaqlarda fəzada səmtləşmə anlayışının yaradılması. Körpə yaşlı uşaqların proqramı uşaqlara fəza istiqamətlərini fərqləndirməyi öyrətməyi təklif edir. Başlanğıcda fəza istiqamətlərini fərqləndirməyin əsasını uşaqların öz bədən hissələrini dəqiq fərqləndirmələri və tərəfləri öz bədən hissələrinə görə müəyyən etmələri təşkil edir. Məs. “qabaqda “ anlayışı uşaqlarda onların üzü, “arxa” anlayışı onların kürəyi ilə əlaqələndirilir.
Bunu nəzərə alaraq təlim ilinin əvvəlində yoxlamaq lazımdır ki, körpələr “özünə istiqamətlənməyi bacarırlarmı, bədən və üzün hissələrinin adını bilirlərmi.”
Tərbiyəçi məşğələdən kənar vaxtlarda, məsələn, uşaqlar yuyunarkən və gəzintiyə çıxarkən geyinmə vaxtı onlarla sərbəst danışır, bədəninin və üzün hissələrinin adlarını deyir: “Burnunu, qulaqlarını, çənəni yu, alnını sil”, “Başına papaq qoy, boynuna şərf sal”. Uşaqların özlərini bədənin və üzün hissələrini deməyə cəlb etmək vacibdir.
Bundan əlavə uşaqlarda özünə səmtləşməni öyrətmək məqsədilə didaktik oyunlar aparmaq olar: “Kuklanı çimdirmək”, “Kuklanı yatırtmaq” , “Kuklanı geyindirmək”. Bu oyunların keçirilməsində uşaqların diqqətini təkcə yuyunma-geyinmə proseslərinə cəlb edilməməlidir, həm də bədənin, üzün hissələrinin fərqləndirilmələrini və adlarını bilmələrini xüsusi nəzərə çatdırmaq vacibdir. Uşaqlardan birinə təklif edirlər ki, gəlinciyin sinəsini, kürəyini, üzünü və s. yusun. Bu vaxt qalan uşaqlardan öz bədənlərinin hissələrini göstərməyi xahiş edirlər: “Bəs, sənin kürəyin hanı? Qulaqların hanı? Gözlərin hanı? Çənəni göstər!”
Uşaqlar “özünə” istiqamətlənməyə yiyələndikdən sonra onlara özündə müxtəlif tərəfləri təyin etməyi öyrədirlər. Tərbiyəçi uşaqdan soruşur: “Sənin arxanda nədir?” “Kürəyim”, “Bəs, qabağında nədir?” “Sinəm, qarnım, üzüm” və s.
Uşaqları eyni zamanda qarşılıqlı əks qoşa istiqamətləri fərqləndirməkdə məşq etdirirlər: yuxarıda-aşağıda, qabaqda-arxada, sol-sağ . Körpələr xüsusilə sağ və sol tərəfləri fərqləndirməkdə çətinlik çəkirlər. Onlar sağ və sol əllərini fərqləndirməkdə çətinlik çəkirlər.
Tərbiyəçi yemək vaxtı uşaqların hansı əllə qaşığı tutmalarını ,hansı əldə çörək tutduqlarını və ya məşğələ zamanı karandaşı hansı əldə vərəqi isə hansı əllə tutmalarına diqqətlərini cəlb edir. Uşaqlar öyrənirlər ki, sağ əllə qaşığı, karandaşı, sol əllə isə çörəyi, vərəqi tutmaq lazımdır.
Sağ və sol anlayışını başqa məşğələlərdə də tərbiyəçi uşaqlara öyrədir. Məs. Musiqi və fiziki mədəniyyət məşğələlərində o, uşaqlara təklif edir ki, sağ əllərinə göy bayraq, sol əllərinə isə qırmızı bayraq götürsünlər və ya fiziki mədəniyyət məşğələsində sağa dön, sola dön komandası verilir, uşaqlar aşağı əyilib cücələr kimi dən yeyirlər və s.
Çalışmalar aparılarkən uşaqları üzbəüz dövrə vurmuş halda və yaxud künclərdə oturtmaq olmaz, çünki bu halda fəzanın qavranılmasında bircinslilik pozulur. Bütün uşaqlar və tərbiyəçi üzü bir tərəfə ya oturmalı, ya da ayaq üstə durmalıdırlar.
Körpə yaşlı uşaqlar vərəq üzərində istiqamətlənməkdə ilk vərdişləri alırlar. Məs. Riyaziyyat məşğələsində uşaq sağ tərəfdəki zolağa 1 göbələk, sol tərəfdəki zolağa çox göbələk qoyur; Rəsm məşğələsində evi vərəqin aşağı hissəsində, günəşi isə yuxarıda çəkir. və s.