Müxtəlif analizatorların iştirakı ilə çoxluqların tutuşdurulması. Bu yaşda analizatorların iştirakı ilə çoxluqların tutuşdurulmasının böyük əhəmiyyəti var. Tərbiyəçi musiqi çəkici ilə stola 2 ya da 3 dəfə vurur.(nəzərə almaq lazımdır ki, hər vurmadan sonra fasilə vermək lazımdır). Sonra uşağa təklif olunur: “Musiqi çəkici ilə mən nə qədər vurmuşamsa sən də o qədər vur”. Əgər uşaq vurğuları düz etməsə, kədərlənməyin, çünki bu yaşda nadir hallarda uşaqlar tapşırığı ilk dəfədən düzgün yerinə yetirir.
Stolun üstünə 1-3 gəlincik (ayı, meymun, kublar) qoyulur. Tərbiyəçi gəlinciklərin sayı qədər dəfə vurur və uşaqlara deyir: “Mən indi burada oturan gəlinciklərin sayı qədər dəfə yenə də vuracağam”. Sonra tərbiyəçi uşağa təklif edir ki, gəlinciklərin sayı qədər o da dəfə vursun. Belə tapşırıqlar uşaqlara imkan verir ki, çoxluqların hər birinin sayının müxtəlif olduğunu başa düşsünlər. Onlar öyrənirlər ki, bir əşyalar o biri əşyalardan həm çox, həm az, həm də onlar qədər ola bilər.
4. Əşyaların böyüklüyünün uşaqlar tərəfindən qavranılması. Hər hansı əşyanı düzgün və ətraflı xarakterizə etmək üçün onun ölçüsü başqa xüsusiyyətlərindən az əhəmiyyət kəsb etmir. Əşyaların ölçülərini ayırmağı bacarmaq ancaq onların əlamətlərini bilmək üçün deyil, həm də əşyalar arasındakı münasibəti anlamaq üçündür. Bu uşaqların ətraf aləm haqqında dolğun biliyə malik olması üçün əsas rol oynayır.
Əşyaların ölçülərini dərk etmək uşağın əqli inkişafına böyük təsir göstərir. Ölçünü dərk etmək bir tərəfdən sensor əsasda, digər tərəfdən isə təfəkkürdə və nitqdə ifadə edilir.
Körpə yaşlı uşaqlar əşyaların ayrı-ayrı xassələrini müstəqil ayıra bilmirlər. Əşyaların ölçülərindəki bütün fərqləri böyük və kiçik sözlərilə xarakterizə edirlər. Uşaqlar əşyaların əlamətlərinin bir-birinə görə fərqini dəqiq xarakterizə edən sözlərdən istifadə edə bilmirlər.Buna görə də körpələrə ancaq bir əlamətinə görə fərqlənən əşyaları müqayisə etməklə onları dəqiq sözlərlə ifadə etməyi öyrətmək lazımdır: uzunluğa görə uzundur, qısadır, eynidir, hündürdür, alçaqdır, bərabərdir, eninə görə enlidir, ensizdir, eynidir. Qalınlığına görə qalındır, nazikdir , qalınlıqları eynidir.
Bu və ya digər əlaməti ilk dəfə ayırarkən ancaq bir əlamətlə fərqlənən əşyalar tutuşdurulur. Məs. Uşaqlara əşyaları eninə görə fərqləndirməyi öyrətmək məqsədi ilə ilk dəfə onlara ancaq eninə görə fərqlənən əşyalar verilir. Əks halda körpələrin onlar üçün yeni olan sözləri əşyaların uyğun xassələri ilə əlaqələndirə biləcəklərinə arxayın olmaq olmaz.
Müqayisə etmək üçün bir-birindən kəskin fərqlənən əşyalardan istifadə edilir. Nümayiş materialındakı ölçü fərqi 10-15 sm, paylama materialının isə 5 sm-dən az olmamalıdır.
Müqayisə edərkən əşyaları elə yerləşdirirlər ki, müqayisə edilən ölçü yaxşı görünsün. Ayrı-ayrı ölçüləri ayırmağa əlin hərəkəti də kömək edir. Tərbiyəçi əşyanın uzunluğunu müqayisə etməyi uşağa göstərərkən barmağını onun uzunu boyunca gəzdirməlidir. Başqa ölçülərdə də eynilə.
Qalınlıq dairəvi əşyaları hər iki əlin və yaxud bir əlin barmaqları ilə bürüyüb tutmaq yolu ilə müqayisə edilir. Uşaqlar tərbiyəçinin hərəkətini təkrar edərək uyğun işi yerinə yetirirlər.
Körpə yaşlılar qrupunda ölçü anlayışının öyrədilməsində oyun situasiyalarının yaradılmasının böyük rolu var. Misal üçün, tərbiyəçi uşağa maşını enli və dar körpüdən sürməyi təklif edir və sual verir: “Nə üçün maşın bir körpüdən keçdi o birindən yox? Maşın hansı qapıdan keşər, hansından yox? Nə üçün?”.
Uşaqlara ölçü anlayışının öyrədilməsində əsasən yanınaqoyma və üstəqoyma priyomlarından istifadə edilir. Əvvəlcə uşaqlar yanınaqoyma priyomundan istifadə etməyi öyrənirlər, çünki eyni rəngli əşyalar tutuşdurulur, sonralar bilikləri mənimsədikcə müxtəlif rəngdə əşyalar təklif etmək olar. Bu əşyaları müqayisə etmək üçün yanınaqoyma priyomundan istifadə edilir.
“Uzundur-qısadır”, “enlidir-ensizdir” münasibətləri həmişə bir-birilə əlaqədar nəzərdən keçirilir, Məs. Göy şərf qırmızı şərfdən ensizdir, qırmızı şərf göy şərfdən enlidir.
Bilikləri möhkəmləndirməkdən ötrü cürbəcür çalışmalardan istifadə olunur.Məs. Tərbiyəçi stolun üstünə müxtəlif ölçüdə oyuncaqlar , böyük və kiçik ölçüdə qutular qoyur. Sonra uşaqlara təklif edir ki, böyük oyuncaqları böyük qutuya, kiçik oyuncaqları kiçik qutuya yığsınlar.
Uşaqları əşyaların uzunluğuna, eninə, hündürlüyünə görə bərabərliyilə tanış etmək və onlara uzunluğuna görə eynidir, bərabərdir, eninə görə eynidir, bərabərdir və s. ifadələrindən istifadə etməyi öyrətmək imkanı yaranır.
Körpələr qrupunda məşğələdə və məşğələdən kənar vaxtlarda müxtəlif didaktik oyuncaqlarla oyunlar aparmaq məqsədəuyğundur: Tərbiyəçi bir-birindən nəinki rənginə, eləcə də ölçüsünə görə fərqlənən, bir-birinin içinə geydirilən oyuncaqlar, çəllək, qablar, yumurta, matryoşkalar və s. stolun üstünə düzür.
Tərbiyəçinin təklifi ilə uşaqların bəziləri ölçüsünə görə eyni olan qabları, digəri isə yumurtaları, matryoşkaları ayırırlar. Sonra tərbiyəçi uşaqların diqqətini oyuncaqların müxtəlif ölçüdə olmasına cəlb edir və stolun ortasına ən böyük və ən kiçik matryoşkanı qoymağı təklif edir. Uşaqlar böyük və kiçik matryoşkanı müqayisə edib deyirlər: “Bu matryoşka böyük, bu isə kiçikdir ”. Beləliklə, onlar çəlləkləri, qabları, yumurtaları, matryoşkaları tərbiyəçinin köməkliyi ilə bir-birinin içinə yığırlar.
Əşyaları ölçülərinə görə müqayisə etməkdə uşaqları məşq etdirmək üçün əlverişli şərait tikinti materialları ilə oyunlardır. Uşaqlar uzun, qısa yollar çəkir, hündür və alçaq hasar, qapı, ev tikirlər, enli və ensiz çarpayı düzəldirlər. Əlbəttə ki, bunları uşaqlar müxtəlif oyuncaqlar vasitəsilə müqayisə edirlər. Məs. enli çarpayıda ata ayı, ensiz çarpayıda Mişutka yatır. və s.
Körpə yaşlı uşaqların ölçü haqqında aldıqları biliklər didaktik oyunlarda möhkəmləndirilir. Məs. “Şarı ovcunda gizlət”,”Hansı böyükdür?”, “Halqalardan qala düzəlt”və s. Bundan başqa rəsm, yapma məşğələlərində də bu anlayış möhkəmləndirilir.
Beləliklə, körpələrə göstərirlər ki, onları əhatə edən əşyaların uzunluqları, enləri və hündürlükləri müxtəlifdir.