Sadə riyazi təsəvvürlərin formalaşması metodikası


Məktəbəqədər müəssisələrdə sadə riyazi təsəvvürlərin formalaşması metodikasında didaktik prinsiplər



Yüklə 2,56 Mb.
səhifə5/69
tarix24.10.2023
ölçüsü2,56 Mb.
#161226
1   2   3   4   5   6   7   8   9   ...   69
Sad riyazi t s vv rl rin formala mas metodikas

4. Məktəbəqədər müəssisələrdə sadə riyazi təsəvvürlərin formalaşması metodikasında didaktik prinsiplər.
Didaktik prinsiplər-təlimin müvəffəqiyyətlə nəticələnməsini təmin etmək üçün irəli sürülən başlıca tələblərə daxildir. Didaktika yunanca “didaktos” sözündən götürülüb, lüğəti mənası “öyrədirəm” deməkdir. Təlim prinsipləri ilk dəfə böyük çex pedaqoqu Y.A.Komenski tərəfindən “Böyük didaktika” əsərində formalaşdırılıb. Hələ o vaxt Komenski təlimdə müvafiqlik, sistematiklik və ardıcıllıq, əyanilik, şüurluluq və fəallıq prinsiplərini irəli sürmüşdür.
Riyazi biliklərin uşaq bağçasında öyrədilməsi zamanı təlimin aşağıdakı prinsiplərindən istifadə edilir:
1. İnkişafetdirici təlim prinsipi- təlim qarşısında duran məqsədi müvəffəqiyyətlə həll etmək üçün ilk növbədə o, inkişafetdirici olmalıdır. Bu prinsipin başlıca mahiyyəti ondan ibarətdir ki, təlim ancaq əldə edilmiş müvəffəqiyyətlər səviyyəsində qala bilməz, o bir az qabağa getməlidir ki, uşaq yeni materialı öyrənə bilmək üçün qüvvə sərf edə bilsin. Bu məqsədlə L.S.Vıqotski əqli fəaliyyətin iki sahəsini müəyyən etmişdir: I uşağın mövcud hazırlıq səviyyəsidir ki, bunun köməkliyi ilə o, tapşırığı müstəqil icra edə bilir. II yaxın inkişaf sahəsi adlanır ki, burada uşaq tapşırığı yaşlıların köməyi ilə icra edir.
Tərbiyəçi inkişafetdirici təlim prinsipinə istinad edərək və uşağın yaş xüsusiyyətlərini nəzərə alaraq müəyyən çətinliyə malik tapşırıq verir ki, uşaq bu tapşırığı icra etmək üçün müəyyən zehni fəaliyyətdən istifadə edir. Onu müstəqil icra edir. İnkişafetdiri təlim prinsipi tələb edir ki, uşaq yaş və anlaq səviyyəsinə uyğun əvvəlki bilik, bacarıq və vərdişləri əsasında düşünüb bilmədiyi sayların yadda qalması üçün bildiyi oxşar rəqəmlərdən müstəqil istifadə etsin. Bu prinsip tələb edir ki, uşaq zehni fəaliyyətini mövcud həddən bir az qabağa apara bilsin.
II. Alınmış bilik və bacarıqların həyatla, əməklə əlaqələndirilməsi prinsipi-bu prinsip məktəbəqədər yaşlı uşaqlara real aləmi yaxşı öyrətməklə təlimdə çətinlikləri aradan qaldırmaq imkanı verir. Bu prinsip, birinci uşaqlara ətraf aləmdən əldə etdikləri bilikləri dərk edərək öz fəaliyyətlərində icra etmələrini, ikinci, uşaqların müxtəlif fəaliyyətləri zamanı müstəqilliyinə qismən imkan verən bacarıq verir. Məs. gözəyarı olçmə bacarığı.
Beləliklə, verilən biliklərin əməklə, həyatla əlaqələndirilməsi uşaqları yaxın perspektiv olan məktəb həyatına hazırlayır.
III. Elmilik prinsipi-təlimdə xüsusi əhəmiyyət kəsb edir. Elmilik prinsipi tələb edir ki, elmin son nailiyyətləri məktəbəqədər yaşlı uşaqların yaşına və anlaq səviyyəsinə uyğun, maraqlı faktlar əsasında, aydın dərk edilməsi mümkün olan sadə dildə elə şərh edilsin ki, uşaqlar elmin mahiyyətini nəzəri və praktik cəhətdən başa düşsünlər.
Elmilik prinsipi tərbiyə və təlim məqsədi üçün istifadə olunan materialların elmi zəmində verilməsini nəzərdə tutur. Uşaqlara verilən biliklər sistemli və həyati materiallar üzərində qurulmalıdır. Məs. Uşaqlar sağ əllə soldan sağa saymaq, həndəsi fiqurları formasına görə fərqləndirmək bacarığına yiyələnirlər.
IV.Təlimin tərbiyəedici prinsipi-təlim uşaqları yalnız biliklərlə silahlandırmır, həm də öz məzmunu, tədris üsulları və təşkili qaydaları ilə onların mənəvi dünyasına, əqidəsinə, əməksevərliyi, estetik baxışları və fiziki kamilliyinə güclü müsbət təsir göstərir. Pedaqoji işdə o tərbiyəçinin fəaliyyəti qüsurlu hesab edilir ki, keçəcəyi mövzudan nə kimi tərbiyəvi nəticə çıxarmaq və onu uşaqlara aşılamaq bacarığına malik olmur. Məs. məşğələdə uşaqlar tərbiyəçini diqqətlə dinləməli, onun verdiyi tapşırıqları düzgün yerinə yetirməlidirlər.
V. Müvafiqlik prinsipi-təlim o vaxt səmərəli olur ki, uşaqların yaşına, əqli inkişaf dərəcəsinə uyğun olsun. Bir qrup alimlər belə hesab edirlər ki, kiçik yaşlı uşaqlar kimi böyük məktəbəqədər yaşlı uşaqlar üçün də empirik biliklər başa düşüləndir. Çünki uşaqların təfəkkürü məhdud və konkretdir. Müvafiqlik prinsipi uşaq bağçasında sadə riyazi biliklərin uşaqların yaş xüsusiyyətlərinə uyğun verilməsini tələb edir. Burada sadədən mürəkkəbə, asandan çətinə, məlumdan məchula, yaxından uzağa kimi didaktik qaydalar əsas götürülməlidir.
Məktəbəqədər yaşlı uşaqlara bilik onların yaşına müvafiq verilməlidir. Hər bir proqram materialı uşağın gücünə müvafiq olmalıdır. Belə olduqda uşaq həmin materialı asanlıqla mənimsəyə bilər. Ona görə də ümumı material kiçik hissələrə bölünür və tədricən uşaqlara öyrədilir. Məs. uzunluq, hündürlük anlayışları . Bunun üçün əvvəlcə uzun-qısa müqayisə edilir. Sonra uzunluğu bildirən əşyalar bir-birinin yanına düzülür. Uşaqlar ən uzundan başlayaraq ən qısasına qədər çubuqları ardıcıl olaraq düzürlər. Uşaqlar uzunluğu tam mənası ilə dərk etdikdən sonra uzunluğu gözəyarı təyin etməyə başlayırlar. Bu ağac ondan hündürdür və s. deməklə uşaqlar özləri nəticə çıxara bilirlər.
Məlumdan məchula gedərkən tərbiyəçi keçmiş biliyə istinad edib yeni biliyi onun əsasında qurmalıdır.
VI. Sistematiklik və ardıcıllıq prinsipi-bilik uşaqlara elə məntiqi ardıcıl və sistemlə öyrədilməlidir ki, əvvəlki bilik sonrakı üçün zəncirvari əlaqə rolu oynasın. Çünki riyaziyyat zəncir kimidir. Onun bir həlqəsinin düşməsi bütün zəncirin pozulması deməkdir.
Sistematiklik prinsipi elmilik prinsipi ilə sıx əlaqədardır. Sistematikliyə əməl etmədən elmi anlayışları uşaqlara mənimsətmək mümkün deyildir. Belə ki, hər elm özü müvafiq sistemlə qurulmuş biliklərdən ibarətdir.
Zəncir həlqələri kimi bir-birinə bağlanan bilik sistemi pozularsa sonrakı mövzuları öyrənmək çətinləşər.
K.D.Uşinski şüurda sistemsiz, əlaqəsiz biliklər yığımını səciyyələndirərək yazır: “Pərakəndə, əlaqəsiz biliklərlə dolu olan baş, hər şeyi qaydasız şəkildə tökülmüş anbara oxşayır ki, burada anbar sahibinin özü də hər şey tapa bilmir.”
Sistematiklik və ardıcıllıq fənlərarası əlaqələr yaradılmadan mümkün deyildir.
VII. Şüurluluq və fəallıq prinsipi-Bilik o vaxt möhkəm olur ki, o, şüurlu mənimsənilsin, başa düşülsün. Şüurluluq və fəallıq prinsipi inkişafetdirici prinsiplə sıx əlaqədardır. Bu ondan irəli gəlir ki, şüurluluq öyrənməklə bağlıdır, daha doğrusu uşağın təlim materialını şüurlu mənimsəməsidir. Biliyin mənasını bilmədən əzbərləmək uşaqları qeyri-fəallığa , əzbərçiliyə doğru aparır, onların təfəkkür fəaliyyətini kütləşdirir. Y.A.Komenski əzbərçiliyi tənqid edərək yazırdı: “Heç bir şeyi təkcə nüfuz əsasında öyrənməməli, hər şey xarici hisslərə və ağıla əsaslanan sübutların köməyi ilə öyrədilməlidir.”
Şüurluluq prinsipi tərbiyəçidən uşaqların idrak fəaliyyətinə rəhbərlikdə konkret və mücərrəd prosesləri düzgün əlaqələndirməyi tələb edir. Bu prinsipin məşğələ prosesində həyata keçirilməsi tərbiyəçinin qarşısında uşaqların təfəkkür fəaliyyətinə rəhbərliyi həyata keçirmək vəzifəsini qoyur. Uşaqlar təlim materialını müxtəlif mərhələdə qavrayır. Məs. Uşaq əsas diqqətini çoxluğun elementlərinə verir. Həmin çoxluğun elementlərini götürdükdə “bir də”, “bir də” kimi sözlərin köməyi ilə tapşırığı yerinə yetirir, hələ o çoxluğu tam kimi qəbul edə bilmir. İkinci mərhələdə çoxluğu tam kimi qəbul edir, onun sərhəddini müəyyən edir. Artıq 4-5 yaşlı uşaq əşyanın sayının onun rəngindən, formasından, yerindən asılı olmadığını öyrənir, görür ki, 5 ədədi ayrı-ayrı birlərin toplusudur.
Şüurluluq prinsipi uşağın fəallığı ilə sıx bağlıdır. Bu qarşılıqlı əlaqə inkişafetdirici təlimə xidmət edir. Şüurluluq və fəallıq prinsipi tərbiyəçinin bütün analiz, sintez, ümumiləşdirmə, konkret və mücərrədləşdirmə yolu ilə uşaqların təfəkkürünü inkişafetdirməyi, onları gələcək məktəb təliminə hazırlamağı tələb edir.
VIII. Əyanilik prinsipi-təlimi mücərrəd sözlər üzərində deyil, uşaq tərəfindən bilavasitə qavranılan konkret şeylər və hadisələr üzərində qurmağa deyilir. Y.A.Komenski təlim prosesində əyaniliyin yüksək rol oynadığını nəzərə alaraq “Böyük didaktika” əsərində yazırdı ki, duyğularda olmayan heç bir şey şüurda da olmadığından ağıl bütün düşüncələr üçün materialı yalnız duyğulardan alır. Bu böyük pedaqoq əyaniliyi təlim üçün “qızıl qayda” adlandırırdı.
Rus pedaqoqu K.D.Uşinski də əyanilik prinsipinə yüksək qiymət vermişdir: “Uşaq formalarla, boyalarla, səslərlə və ümumiyyətlə duyğularla fikirləşir və uşaqları başqa cür düşünməyə vadar etmək istəyən şəxs onun təbiətini əbəs yerə və zərərinə olaraq zorlamış olur” Bundan əlavə o yazırdı: “Uşaqların təbiəti aydın bir surətdə əyanilik tələb edir. Uşaqlara 5 kəlmə söz öyrətməyə çalışın, o, bunların üzərində uzun müddət və əbəs yerə əzab çəkəcəkdir. Lakin bu cür 20 kəlməni şəkillərlə əlaqələndirdikdə uşaq bunları asanlıqla mənimsəyəcəkdir. Siz uşağa sadə bir fikri izah edirsiniz, o sizi anlamır, həmin uşağa mürəkkəb 1 şəkli izah edin, o sizi çox tez anlayacaq. ” Beləliklə:
-Əyanilik biliyin asan, möhkəm və tez mənimsənilməsinə kömək edir;
-əyanilik əşya və hadisələr haqqında təsəvvürlərin dürüstləşməsinə səbəb olur, təlimdə formalizmin yaranmasına imkan vermir;
-əyanilik nitq və təfəkkürün inkişafına kömək edir;
əyanilik tətbiqi biliklərin hafizədə uzun müddət yaşamasına kömək edir;
-əyanilik uşaqları fəallaşdırır və məşğələnin maraqlı keçməsinə səbəb olur.
Tərbiyəçi məşğələ zamanı əyani vəsaitlərdən zəruri halda, yerində və bacarıqla istifadə etməlidir. Əsasən riyaziyyat məşğələlərində əyani vəsaitlərə geniş yer verilir.
IX. Fərdi yanaşma prinsipi- şəxsiyyətin kollektivdə tərbiyəsində mühüm yer tutur. Odur ki, qrupda işləyən hər bir tərbiyəçi uşağı öyrənməli və tanımalıdır: onun diqqəti, yaddaşı, materialı şifahi və əyani qavramaq qabiliyyətinin tezliyini, uşaq marağının xarakteri və onun təfəkkürü, praktik fəaliyyətdə onun sərbəstliyinin səviyyəsi, habelə riyazi təsəvvürünü, təxəyyülünü, xüsusiyyətini, yaradıcılıq qabiliyyətini, emosionallıq kimi iradi keyfiyyətini və s. bilməlidir.
Azərbaycan maarifpərvəri N.Nərimanovun fərdi yanaşma haqqında aşağıdakı fikri məktəbəqədər yaşlı uşaqlar üçün qiymətli olmaqla yanaşı, çox mənalıdır. “Hər uşağın özünə görə bir qeyri xasiyyəti, təbiəti olmağını bilmək, hamıya bir qayda və qanun ilə dərs vermək, hamıya bir dil ilə bəyan etmək olmaz. Hamını bir ölçü ilə biçmək olmaz. Uşaqların bir parası zehinli, səxavətli, bir parası zehinsiz, vəhnisiz, bir parası müdhiş hekayələr sevən, bir parası gülünc və fərəhli nağıllardan həzz alan olur. Uşaqlara məhəbbəti olan müəllim bunların hamısını mülahizə edər, hər kəsin özünə görə çarə qılarsa, əlbəttə, təlim-tərbiyə düz yol ilə gedib, tərəqqi əla dərəcəyə çatar. Məhz yaradıcı işi və pedaqoji elmlərdən dərin xəbərdarlığın nəticəsində bu deyilənləri müəllim məzmunca düzgün həll edə bilər.” Bəzən uşaq bağçasında elə tərbiyəçilərə rast gəlmək olur ki, öz işlərini yüngülləşdirmək üçün əsas fəaliyyəti güclü uşaqlar üzərində qururlar. Belə şəraitdə bəzi gec mənimsəyən zəif uşaqlar qeyri-fəal olurlar. Tərbiyəçi təlim zamanı uşaqlarla işi fərdiləşdirməyi bacarmalıdır. Güclü uşaqlara daha mürəkkəb tapşırıqlar verməli, onların qarşısında daha çətin məsələlərin həllini qoymalıdır ki, onlarda öyrənməyə həvəsi daha da artırsın. Bununla yanaşı, bütün uşaqlar proqram materialını öyrənməlidir.
Tərbiyəçi təlim prosesində prinsiplər arasındakı qarşılıqlı əlaqəni, didaktik vəhdəti unutmamalıdır. Bu prinsiplərin birinə laqeyd münasibət bəslənilməsi o biri prinsiplərin də təsir gücünü zəiflədir və təlimdə müvəffəqiyyətsizliyə səbəb olur. Beləliklə, təlim prinsipləri biliyin aydın, möhkəm və tez mənimsəniməsinə güclü müsbət təsir göstərir, müvəffəqiyyətin yüksəlməsinin təmin edir.


Yüklə 2,56 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin