3. Məktəbəqədər müəssisələrdə riyaziyyat məşğələlərində interaktiv təlim metodlarından istifadə qaydası. Müstəqil Azərbaycan təhsil sisteminin beynəlxalq sisteme inteqrasiyası üçün bu sahədə köklü dəyişikliklər,islahatlar gedir. İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, yeni əsrdə cəmiyyətin və insanların inkişafı üçün yaradıcı,müstəqil düşünən və inkişaf edən şəxsiyyət formalaşmalı,yetişdirilməlidir. Məktəbəqədər təhsil sisteminin yenidən qurulması, təkmilləşdirilməsi vacib məsələlərdən biri hesab olunur.Bu gün uşaq bağçalarında çalışan hər bir tərbiyəçi interaktiv təlim metodlarını dərindən öyrənməlidir ki,təlim prosesini düzgun qura bilsin.
İnteraktiv termini dialoq,qarşılıqlı əlaqədə fəaliyyət göstərmək kimi izah olunur. İnteraktiv təlim metodlarının tətbiqi tədris prosesini xeyli intensivləşdirir, uşagın fəaliyyətdə olmasına şərait yaradır və təlimin inkişafetdirici aspektini gücləndirir. Həmin metodlardan istifadə edən tərbiyəçi uşaqlara hazır biliklər verən deyil, onlarda bilik əldə etməyə maraq və həvəs oyadan şəxsdir.Tərbiyəçi fəal düşünmə şəraitini təşkil etməklə uşaqları axtarışlara istiqamətləndirir.Ənənəvi təlim zamanı istifadə olunan pedaqoji texnologiyaların qeyri-mütəhərrik olması təhsilin inkişafının qarşısını alan problemlərdən biridir. Əgər ənənəvi metodla kecirilən məşğələlərdə tərbiyəçi subyekt,uşaqlar obyektdirsə,interaktiv məşgələdə onların hər ikisi obyekt olur.
Tərbiyəçi məşğələnin əvvəlində keçəcəyi mövzu ilə əlaqədar problem-situasiya yaradır,tədqiqat sualları qoyur və həmin suallara uşaqlardan cavab almağa çalışır,bütün fərziyyələri dinlədikdən sonra nəticə çıxarır.
Məşğələ zamanı interaktiv təlim metodlarının tətbiqi uşaqlarda müstəqil düşünmək, sərbəst rəy söyləmək, hər hansı problem barədə başqalarının fikrinə münasibət bildirmək,çoxluğun qərarını qəbul etmək kimi keyfiyyətlər yaradır.
İnteraktiv təlim metodları uşaqlarda inam hissi tərbiyə etməklə yanaşı, yaradılan mühit onlarda tədqiqatçılığa,təşəbbüskarlığa maraq oyadır. Bundan başqa interaktiv təlim metodları uşaqlarda əməkdaşlıq etməyi, başqalarını dinləməyi,təhlil etmək qabiliyyətini inkişaf etdirir.
İnteraktiv təlimin iş formaları bunlardır:fərdi; cütlərlə; qruplarla; kollektiv.
İnteraktiv təlim zamanı daha cox istifadə olunan qruplarla iş formasıdır. Bu iş forması uşaqlarda problemin birgə həll ediməsini, müstəqil işləməyi, əməkdaşlıq etməyi və sərbəst fikir söyləmək kimi keyfiyyətləri tərbiyə edir.
Tərbiyəçi uşaqları onların bilik səviyyəsini, xarakterini nəzərə alaraq 4-5 nəfərdən ibarət kiçik qruplara ayırır. Qabiliyyətli uşaqlar rəqib kimi deyil, qrupun lideri kimi qəbul olunurlar.
Qruplarda iş aşağıdakı qaydada aparılır:
1.Hər bir qrup bir masanın arxasında əyləşir;
2.Uşaqlar gördükləri işi təqdim etmək üçün öz aralarında 1 nəfəri lider seçirlər. Həmin uşaq qrupun işinin nəticəsini təqdim edir.
3. Tərbiyəçi mövzu ilə əlaqədar tapşırıq verir, işin görülməsi müddətini müəyyən edir.
4. Tərbiyəçi qruplar arasında gəzib, işləri müşahidə edir, suallara cavab verir, ehtiyac olduqda əlavə məlumat verir.
5. Müəyyən edilmiş müddət başa çatdıqdan sonra tərbiyəçi işi dayandırır və nəticələri bildirməyi xahiş edir.
6. Tərbiyəçi qrup liderlərinin təqdimatını dinləyib ümumiləşdirir.
Qruplarla iş formasını müxtəlif variantlara ayırmaq olar:
1.Bütün qruplar ümumi mövzu ətrafında müxtəlif materiallarla işləyirlər;
2.Bütün qruplar eyni vaxtda bir tədris materialı üzərində işləyirlər;
3.Eyni material üzərində qruplar növbə ilə işləyirlər.
Müasir təlim texnologiyalarının, interaktiv təlim metodlarının tətbiqi təcrübəsi göstərir ki, bu metodlar uşaqların idrak fəallığının və məntiqi təfəkkürünün inkişafına zəmin yaradır. Bu gün məktəbəqədər təhsil müəssisələrində istifadə olunan interaktiv təlim uşaqlardan çox tərbiyəçidən böyük məharət tələb edir. Tərbiyəçi elə fəal olmalıdır ki, uşaqları istiqamətləndirə bilsin.
İnteraktiv təlim metodları bütün məşğələlərdə tətbiq olunduğu kimi sadə riyazi təsəvvürlərin inkişafı məşğələlərində də geniş tətbiq olunur. İnteraktiv təlimin əsas xüsusiyyəti olan problem situasiyanın yaranması riyaziyyat məşğələlərində müxtəlif məsələlərin həllində, əyləncəli, düşündürücü testlərin, inkişafetdirici təlim tapşırıqlarının, hesablamaların aparılmasında məntiqi əyləncəli tapşırıqların yerinə yetirilməsində həyata keçirilir. Sadə riyazi təsəvvürlərin inkişafı məşğələlərində daim problemli suallar olur, uşaqların diqqəti bu sualların həllinə yönəldilir.
İnteraktiv təlim məntiqi təfəkkürə əsaslanan təlim metodudur. Riyaziyyat məşğələlərində uşaqların məntiqi təfəkkürü daha yaxşı inkişaf edir. Əşyaları uzunluğuna, eninə görə ölçmək, müqayisə etmək,oxşar olanları qruplaşdırmaq, əşyaları rənginə, formasına,ölçüsünə görə fərqləndirmək kimi verilən inkişafetdirici tapşırıqlar məntiqi təfəkkürün inkişafına müsbət təsir edir. Kompleks məşğələlərdə verilən idrakı inkişaf etdirən çalışmalar uşaqların fəallığını xeyli artırır. Motivasiyanın yaranması uşaqlara təqdim olunmuş məsələnin həlli yolunu müəyyən etməyə imkan verir. Müqayisə metodu ilə uşaqlar “azdır, çoxdur, bərabərdir, uzundur, qısadır, ucadır, alçaqdır, hündürdür, enlidir, ensizdir, tamdır hissədir” kimi anlayışları öyrənirlər. Uşaqlar əşyaları, həndəsi fiqurları rənginə, ölçüsünə, formasına görə qruplaşdıra bilirlər. İstifadə olunan əqli hücum, beyin həmləsi, yeni mövzunun izahından əlavə çalışmaların yerinə yetirilməsi zamanı tətbiq olunur.
Sadə riyazi təsəvvürlərin inkişafı məşğələlərində əsasən aşağıdakı interaktiv təlim metodlarından istifadə olunur:
Rollu oyunlar. Məktəbəqədər yaşlı uşaqlarda məşğələlərdə istifadə olunan ən fəal təlim metodudur. Rollu oyunlardan, demək olar ki, bütün məşğələlərdə istifadə etmək olar. Rolları ifa edən uşaqlar yaşlıları təqlid edirlər . Məs. “Gəlinciyə məktəb forması alaq” oyununda uşaqların bəziləri satıcı, bəziləri isə alıcı rolunda oynayırlar və s.
Əqli hücum. Bu metoddan məşğələlərdə uşaqların fəalliğının artırılması, konkret problemin həlli və qoyulan suala cavabın axtarılması zamanı tez-tez istifadə edilir. Əqli hücum daha çox yeni mövzunun öyrənilməsinə başlanarkən giriş müsahibəsində motivasiya yaradılarkən və ümumiləşdirmə aparılarkən təşkil olunur.
Söz assosiasiyaları. Bu metodu tətbiq edərkən məşğələnin əvvəlində tərbiyəçi öyrəniləcək mövzu ilə əlaqədar bir söz deyir, sonra uşaqlara tapşırır ki, sözü eşitdikdə ağıllarına gələn sözləri dərhal desinlər. Məs. Hündür-uşaqların cavabı: bina, ağac, ev, hasar və s.
Klaster (şaxələndirmə) Hər hansı bir mövzu və ya fikrin müəyyən qədər açılmasına, uşaqların bu mövzu ətrafında geniş, sərbəst düşünmələrinə şərait yaradan metoddur. Məs. Həndəsi fiqurlar.
Beləliklə, sadə riyazi təsəvvürlərin inkişafı məşğələlərində tətbiq olunan interaktiv təlim metodları 5 yaşlıların keyfiyyətli məktəb təlimində müvəffəqiyyət qazanmalarına imkan verir.