ƏDƏBİYYAT
1.
Данилов А.Н. Переходное общество: Проблемы системной трансформации
А.Н.Данилов. – Мн: Университетское, 1997, 360 c.
2.
Основы политической науки. Часть II. М, Аспект-пресс. 1993, 240 c.
3.
Шестопал Е.Б. Очерки политической психологии. М.: Наука, 1990, 120 c.
4.
Токвиль А.де. Демократия в Америке. М., Аспект-пресс, 1993, 490 c.
5.
Əfəndiyev М. Siyasi elm. Bakı:Siyasət, 2010, 700 s.
ABSTRACT
Elnur Hajaliyev
Political modernization in the context of political process
In article the essence of concept of political process reveals. Essence, the contents, features and
stages of political process, proceeding from the general concept of process. The special attention of
political modernization in the context of political process is here too paid, the interrelation of these
two processes is investigated. The author especially allocates political participation as the basic
element of the content of the political modernization connected with political process locates
communication of political participation with a political regime.
РЕЗЮМЕ
Эльнур Гаджалиев
Политическая модернизация в контексте политического процесса
В статье раскрывается сущность понятия политического процесса. Сущность,
содержание, особенности и этапы политического процесса, исходя из общего понятия
процесса. Здесь также уделяется особое внимание политической модернизации в контексте
политического процесса, исследуется взаимосвязь данных двух процессов. Автор особо
выделяет политическое участие как основной элемент содержания политической
модернизации, связанной с политическим процессом, обосновывается связь политического
участия с политическим режимом.
NDU-nun Elmi Şurasının 30 mart 2015-ci il tarixli qərarı ilə çapa tövsiyə
olunmuşdur (protokol № 08)
Məqaləni çapa təqdim etdi: Fəlsəfə üzrə elmlər doktoru, professor
M.Rzayev
- 138 -
НАХЧЫВАН ДЮВЛЯТ УНИВЕРСИТ ЕТ И. ЕЛМИ ЯСЯРЛЯР, 2015, № 2 (67)
NAKHCHIVAN ST AT E UNIVERSIT Y
.
С ЖЫЕНТЫФЫЖ WО РКС , 2015, № 2 (67)
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТ ВЕННЫЙ УНИВЕРСИТ ЕТ . НАУЧНЫЕ ТРУДЫ, 2015, № 2 (67)
ARXEOLOGİYA VƏ NUMİZMATİKA
FƏXRƏDDİN SƏFƏRLİ
AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya
və Arxeologiya İnstitutu
E-mail: hacifexreddin@yahoo.com.tr
UOT: 572.9
ADLARI EPİQRAFİK ABİDƏLƏRDƏ AŞKAR EDİLMİŞ
GÖRKƏMLİ ŞƏXSİYYƏTLƏR
(III məqalə)
Açar sözlər: Epiqrafik abidə, kitabə, şəxsiyyət, Möminə xatın, Bikə Sultan.
Key words: Epigraphic monument, inscription, indentify, Momina khatun, Bika Sultan.
Ключевые слова: Эпиграфический памятник, надпись, личность, Момине хатун,
Бике Султан.
Naxçıvan Muxtar Respublikası ərazisində orta əsrlərdən indiyədək gəlib çatan epiqrafik
abidələrdə adları qalan şəxsiyyətlərin bir hissəsi qadınlardır. Feodal üsul idarəsinin və şəriət
qanunlarının hakim olduğu orta əsrlər zamanı hicaba uyğun olaraq qadınlar üçün bir sıra qadağalar
qoyulmasına baxmayaraq Naxçıvan bölgəsində qadın məzarları üstündə də yazılı abidələr
qoyulmuşdur. Bölgə ərazisində indiyədək qadınların xatirəsinə həsr olunmuş 50-yə yaxın kitabə
tədqiq olunmuşdur. Bu qadınların bir hissəsi sadə vətəndaşlar olsa da onların içərisində bir sıra
görkəmli şəxsiyyətlərin, o cümlədən dövlət başçılarının, sufi təriqətlərinə mənsub xanəgah
şeyxlərinin arvadlarına, analarına, əsilzadələrə və başqalarına da təsadüf olunur. Bu qadınların
bəziləri yaşadıqları dövrün ictimai-siyasi və mədəni həyatında, hətta dövlətin idarə olunmasında
fəal iştirak edir, xeyirxah əməllərlə məşğul olurdular. Bu məqalədə həmin qadınlardan bəziləri
haqqında bəhs olunacaqdır.
1. Möminə xatın. Bu görkəmli qadın – şəxsiyyətin adı Naxçıvan şəhərində, Atabəylər
meydanında, indiki Əcəmi seyrəngahında əzəmətlə ucalan Möminə xatın türbəsinin üzərindəki
kitabələrdən birində qalmışdır. Möminə xatın İraq Səlcuq sultanı II Toğrulun arvadı olmuşdur.
Sultan Toğrul 1135-cı ildə vəfat etdikdən sonra taxt-tacda onu əvəz edən Sultan Məsud onun dul
arvadı Möminə xatını vaxtilə vəzir əs-Sumayrami tərəfindən qul kimi satın alınan, II Toğrulun
sarayında yüksək qabiliyyəti, bacarığı sayəsində böyük nüfuz qazanan, bu səbəbdən də Sultanın
şəxsi məmlükləri sırasına keçirilən və Sultan mətbəxinin başçısı vəzifəsinə, həmçinin Sultanın
azyaşlı oğlu Arslanşahın atabəyi təyin edilən, artıq bu zamanlardan Sultanın arvadı Möminə xatının
hörmət və ehtiramını qazanan, beləliklə sarayda böyük nüfuz sahibi olan, hətta əmir rütbəsinədək
yüksələn Şəmsəddin Eldənizlə evləndirir. Möminə xatının Atabəy Şəmsəddin Eldənizlə bu
izdivacından Atabəy Məhəmməd Cahan Pəhləvan və Qızıl Arslan adlı iki oğlu və bir qızı dünyaya
gəlir. Möminə xatın 1175-ci ildə vəfat etmişdir. Ölümündən sonra Naxçıvan şəhərində dəfn olunan
Möminə xatının qəbri üzərində əri Atabəy Şəmsəddin Eldəniz əzəmətli türbə ucaldılması haqqında
əmr vermişdir. Ancaq Şəmsəddin Eldəniz özü də Möminə xatının ölümündən bir ay sonra dünyasını
dəyişdıyı üçün, türbə atasını hakimiyyətdə əvəz edən Atabəy Məhəmməd Cahan Pəhləvan
tərəfindən inşa etdirilmiş və onun inşası hicri qəməri təqvimi ilə 582-ci ilin məhərrəm ayında (24.03
– 23.04.1186-cı il) başa çatdırılmışdır.
Şəmsəddin Eldəniz hələ Arslanşahın atabəyi olduğu zamanlardan dövrünün görkəmli
şəxsiyyətlərindən biri və İraq Səlcuq sultanlığının, sonralar isə Atabəylər sarayında böyük nüfuz və
söz sahibi olan Möminə xatının hörmət və ehtiramını qazanmış və bu ağıllı qadın onun ən yaxın
- 139 -
məsləhətçisinə çevrilmişdi. Şəmsəddin Eldəniz isə öz növbəsində bütün ömrü boyu Möminə xatının
tövsiyə və tapşırıqlarını nəzərə almış, məhz buna görə də heç bir vaxt saray intriqalarına, fitnə-
fəsadlara, çəkişmələrə uymamışdı. Şəmsəddin Eldəniz Atabəylər dövlətini yaratdıqdan sonra da bu
vəziyyət beləcə davam etmiş, Möminə xatın dövlətin siyasi həyatında fəal rol oynamışdır. O ağlı və
bacarığı sayəsində sarayda yaranan ziddiyyətləri aradan qaldıra bilmiş, hətta 1161-ci ildə İraq
sultanlığında hakimiyyətə keçmiş oğlu Arslanşahla əri Şəmsəddin Eldəniz arasında yaranan
ziddiyyətləri aradan qaldıra və onlar arasında normal münasibətlərin yaranmasına nail olmuşdu.
Möminə xatının oğlu Arslanşaha dediyi və qaynaqların bizə çatdırdığı aşağıdakı sözlər onun nə
qədər ağıllı, diplomat bir qadın olduğunu açıq-aydın göstərir: “Sən Sultan taxtındasan, o
(Şəmsəddin Eldəniz) və onun hər iki oğlu da (Atabəy Məhəmməd Cahan Pəhləvan və Qızıl Arslan)
sənin qulluğunda durub, düşmənlərinlə vuruşur, rəqiblərinə qalib gəlirlər, sənin canın isə bütün
bunlardan azaddır. Atabəy nə eləyirsə eləsin, bağışlasın, ya tutub assın, bütün bunlar sənin
məmləkətini möhkəmlətmək, hakimiyyətini bərkitmək üçündür...” (1, s. 48). Bu cür ağıllı və
cəsarətli
manevrləri
sayəsində
Möminə
xatın
Şəmsəddin
Eldənizin
hakimiyyətinin
möhkəmlənməsinə və bütün sultanlığın gerçək sahibinə çevrilməsinə nail olmuş, Arslanşah isə
dövlət başçısı rolunun formal icrası ilə məhdudlaşdırılmış şəxsə çevrilmişdi (1, s. 48).
Məhz bu müsbət və nadir keyfiyyətlərinə görə bütün ömrü boyu Naxçıvanda yaşayan və
orada da torpağa tapşırılan Möminə xatının qəbri üzərində dahi Azərbaycan memarı Əcəmi
Əbubəkr oğlu Naxçıvani tərəfindən inşa edilən türbənin əsas kitabəsində onun adı “dünyanın və
dinin şöhrəti, islamın və müsəlmanların sərəfi” kimi titul və epitetlər ilə müşayiət olunmuşdur.
Bir sıra tədqiqatçıların fikrincə Möminə xatın Şəmsəddin Eldənizin deyil, onun oğlu Atabəy
Məhəmməd Cahan Pəhləvanın arvadı olmuşdur. Ancaq Azərbaycan Atabəyləri dövlətinin gözəl
tədqiqatçısı akademik Ziya Bünyadov sələflərinin istinad etdikləri orta mənbələrinin və dövriyyəyə
yeni daxil olunan qaynaqların təqdim etdiyi məlumatları müqayisəli şəkildə təhlil etmiş və belə bir
nəticəyə gəlmişdir ki, Möminə xatın Atabəy Şəmsəddin Eldənizin arvadı, Məhəmməd Cahan
Pəhləvanın anası olmuşdur.
2. Cahan Qudi xatın. Bu görkəmli qadın – şəxsiyyətin adı Kəngərli rayonunun Qarabağlar
kəndində indiyədək nisbətən salamat vəziyyətdə gəlib çatan memarlıq kompleksinə daxil olan qoşa
minarəni birləşdirən baştağın üzərindəki kitabədə qalmışdır. Kitabənin mətninin tərcüməsi belədir:
“Bu binanın [tikilməsini] Cahan Qudi xatın əmr etdi (8, s. 390). Cahan Qudi xatının şəxsiyyəti
hələlik tam olaraq dəqiq aydınlaşdırılmamışdır. Orta əsr tarixçisi və dövlət xadimi, XIII-XIV
yüzilliklərdə yaşamış Fəzlullah Rəşidəddinin “Cami ət-Təvarix” əsərində verdiyi məlumatlardan
aydın olur ki, monqol hökmdarı, Hülakülər (Elxanilər) dövlətinin banisi Hülakü xanın (1258-1265)
arvadlarından birinin adı Qutuy xatın olmuşdur (11, s. 16). Qutuy xatın Elxanilər sarayında böyük
nüfuz və söz sahibi olmuş, ağlı və bacarığı sayəsində yaşadığı dövrdə, xüsusilə oğlu Sultan
Əhmədin hakimiyyəti illərində (1282-1284) (7, s. 18) Hülakülər dövlətinin idarə olunmasında
yaxından iştirak etmişdir (11, s. 104). Fikrimizcə baştağın üzərindəki kitabədə adı çəkilən Qudi
xatınla Qutuy xatın eyni adamdır.
Kitabədə baştağın inşa tarixini bildirən tarix qalmamışdır. Ona görə də XII yüzillikdə Əcəmi
Naxçıvani tərəfindən inşa edilməsi ehtimal edilən minarələri birləşdirən baştağın Qudi xatının
yaşının kamillik dövrünün təsadüf etdiyi XIII yüzilliyin II yarısında inşa edilməsini ehtimal etmək
olar.
3. Həvva Bədr Bikə xatın. Bu qadının adı isə Culfa bölgəsinin Xanəgah kəndindən
təxminən 1 km şərqdə yerləşən Xanəgah kompleksinə daxıl olan əsas türbənin cənub tərəfində XV
əsrin sonlarında Həvva Bədr Bikə xatının özü tərəfindən inşa etdirilən türbə-məscidin kitabəsində
və xanəgah kompleksinin şərq divarının yanındakı qəbri üzərində qoyulan sənduqə tipli xatirə
abidəsinin baş tərəfində həkk edilən epitafiyada – məzar kitabəsində qalmışdır.
Türbə-məscidin ərəb dilində iki sətirdə həkk olunmuş kitabəsinin məzmunundan aydın olur
ki, bu abidəni hicri təqvimi ilə 901-ci ildə (21.09.1495 –08.09.1496-cı il) bir müddət xanəgahda
fəaliyyət göstərən sufi təriqəti mənsublarına rəhbərlik etmiş Şeyx Hacı Lələ Məliyin qəbri üzərində
Həvva Bədr Bikə xatın adlı qadın inşa etdirmişdir (6, s. 61, 260).
- 140 -
Bu qadının adına ikinci dəfə keçən yüzilliyin 80-ci illərində Əlincəçay xanəgahının şərq
divarı yanında abadlıq işləri aparılarkən torpağın altından aşkar olunmuş sənduqə tipli qəbirüstü
xatirə abidəsinin üzərindəki kitabədə rast gəlinmişdir. Kitabənin mətni belədir: “Bu bağça qazı
Məcd əd-Dinin qızı, mərhumə Həvva Bədr Bikənindir” (6, s. 63, 261; 8, s. 44).
Xanəgahın divarları yanında dəfn olunması göstərir ki, Həvva Bədr xatın xanəgahda
yaşamış, öldükdən sonra orada da dəfn olunmuşdur. Orta əsr qaynaqları təsdiq edirlər ki, təriqət
başçıları, xanəgah rəhbərləri olan şeyxlər ailə üzvləri ilə birlikdə xanəgah komplektlərinə daxil olan
xüsusi yerlərdə yaşamışlar və öldükdən sonra isə xanəgahda və ya ətrafında dəfn olunmuşlar. Bu
fakta, həmçinin xatirəsinə möhtəşəm türbə-məscid tikdirməsinə söykənərək ehtimal etmək olar ki,
Həvva Bədr Bikə xatın XV əsrin II yarısında xanəgahda fəaliyyət göstərən sufi təriqəti
mənsublarına-dərvişlərə rəhbərlik edən Şeyx Hacı Lələ Məliyin arvadı olmuşdur. Görünür, o əri ilə
birlikdə xanəgahda yaşamış, əri öldükdən sonra isə xatirəsini əbədiləşdirmək üçün onun qəbri
üzərində möhtəşəm xatirə abidəsi – türbə-məscid inşa etdirmişdir.
Həvva Bədr Bikə xatının qəbirüstü xatirə abidəsi üzərində tarix həkk edilməmişdir. Ancaq
inşa etdirdiyi türbə məscidin kitabəsinin məlumatından aydın olur ki, 1495-1496-cı illərdə, abidənin
inşası başa çatan vaxt o sağ imiş. Buradan belə bir nəticəyə gəlmək olar ki, ərinin ölümündən sonra
Həvva Bədr Bikə xatın bir müddət xanəgahda yaşamış, vəfatından sonra xanəgahın şərq divarı
yanında dəfn olunmuşdur. Bu fakta, həmçinin xanəgah ətrafından tapılmış dıgər abidələrlə oxşar
cəhətlərinə görə müqayisəsinə əsasən ehtimal etmək olar ki, Həvva Bədr Bikə xatın XV əsrin sonu
– XVI əsrin əvvəllərində vəfat etmişdir.
Xanəgah rəhbəri Şeyx Hacı lələ Məliyin arvadı olmasına, həmçinin xatirəsinə hazırlanmış
qəbirüstü abidənin kitabəsinin məlumatlarına əsasən demək olar ki, Həvva Bədr Bikə xatın əsil
nəcabətli ailədən çıxmış bir xanım olmuşdur. Türbə-məscidin kitabəsində adı “kəramətli, əzəmətli
xatın” epitetləri ilə müşayiət olunan Həvva Bədr Bikə xatının məzar kitabəsində isə atası Məcd əd-
Din “qazı” titulu ilə təqdim olunmuşdur. Şəriət hakimi qazı Məcd əd-Din kimi görkəmli şəxsiyyətin
qızı olan Həvva Bədr Bikə xatının özü xanəgahda fəaliyyət göstərən sufi təriqətinin mənsubu,
yaxud da təəssübkeşi olmuşdur. Şəriət hakimi – qazı qızı olmasına, həmçinin ərinin xatirəsinə
möhtəşəm türbə məscid tikdirməsinə əsasən demək olar ki, o çox imkanlı qadın olmuşdur və bu
səbəbdən də xanəgahda fəaliyyət göstərən təriqət mənsublarını lazım olduqda yeməklə və pulla
təmin etmiş, başqa xeyriyyəçilik işlərini də keçirmişdir (6, s. 262).
4. Qureyş Şahbanu. Qureyş Şahbanunun adı Culfa böıgəsindəki Əlincəçay xanəgahında
aşkar olunmuş və Naxçıvan Dövlət Tarix Muzeyinə təhvil verilmiş, mərmərin xüsusi növü oniksdən
hazırlanmış özünə məxsus sənduqə tipli qəbirüstü xatirə abidəsi üzərindəki məzar kitabəsi vasitəsi
ilə elmi dövriyyəyə daxil olmuşdur (1979). Kitabənin mətninin tərcüməsi belədir: “Bu bağça əmir
Ərəbşahın qızı Qureyş Şahbanunundur. 848-də (20.04.1444 – 08.04.1445-ci il)” (2, s. 34; 12, s. 58)
Kitabədən məlum olur ki, Qureyş Şahbanunun atası Ərəbşah əmir titulu daşımışdır. Deməli,
yüksək hərbi rütbə daşıyan bu adam Qaraqoyunlu dövlət aparatında böyük məqam sahibi olmuşdur.
Belə yüksək rütbəli bir şəxsiyyətin qızı olmasına, həmçinin xanəgah ətrafında dəfn olunmasına
əsasən ehtimal şəklində olsa da demək olar ki, Qureyş Şahbanu xanəgahda fəaliyyət göstərən
dərvişlərin rəhbərlərindən birinin arvadı olmuş, əri və ailəsi ilə birlikdə xanəgahda yaşamış,
öldükdən sonra orada da dəfn olunmuşdur.
5. Mikeysə xanım. Mikeysə xanımın adı Əlincəçay xanəgahında bərpa işləri zamanı
torpağın altından tapılmış və mühafizə üçün Naxçıvan Dövlət Tarix Muzeyinə təhvil verilmiş
oniksdən hazırlanmış özünə məxsus sənduqə tipli qəbirüstü xatirə abidəsi üzərində həkk olunmuş
kitabədən aşkar olunmuşdur. Kitabədən aydın olmuşdur ki, nəfis şəkildə hazırlanmış “bu bağça
Kamil Şeyx Hacı Hilalullahın qızı, mərhumə Mikeysə xanımındır” (12, s. 57).
Yaşadığı dövrdə tutduğu mövqe haqqında fikir yürütmək üçün kitabədə Mikeysə xanımın
adına elə bir titul və ya epitet əlavə olunmamışdır. Ancaq onun atası kitabədə “şeyx”, həm də
“kamil şeyx” titulu ilə təqdim olunmuşdur. Bu titul göstərir ki, Hacı Hilalullah XV yüzillikdə
Əlincəçay xanəgahının rəhbər şeyxlərindən biri olmuşdur (4, s. 21-27). Bu fakta əsasən demək olar
ki, Mikeysə xanım atası ilə birlikdə xanəgahda yaşamış, ehtimal ki, xanəgahın rəhbər şeyxlərindən
birinə ərə getmiş və orada yaşamasını davam etdirmişdir. Öldükdən sonra isə orada dəfn
- 141 -
olunmuşdur. Sənduqə üzərindəki başqa bir kitabədən məlum olur ki, o hicri 897-ci ildə (14.11.1491
– 22.10.1492) vəfat etmişdir.
6. Bikə Sultan. Bu qadının adı Culfa rayonunun Xanəgah kəndinin cənub-şərq tərəfində
yerləşən qəbiristanlıqda özünün qəbri üzərinda qoyulmuş qırmızımtıl rəngli dağ daşından
hazırlanmış sənduqə tipli qəbirüstü xatirə abidəsi üzərindəki məzar kitabəsi vasitəsi ilə bəlli
olmuşdur. Kitabədə yazılmışdır: “Məlik Məhəmmədin qızı, mərhumə Bikə Sultanın vəfatı. Doqquz
yüz dördüncü il (19.08.1498 – 07.08.1499)” (2, s. 42-43).
Kitabədə Bikə Sultanın şəxsiyyəti, yaşadığı, XV əsrdə tutduğu mövqe və s. haqqında fikir
söyləmək üçün əsaslı bir fakt və ya nişanə olmasa da, onun xatirəsinin üzərində gözəl kitabələr və
incə, nəfis ornamentlər həkk edilmiş gözəl xatirə abidəsi hazırlanması göstərir ki, imkanlı ailəyə
mənsub bir adam olmuşdur.
7. Xanım Əta Mülk. Bu qadının adına Ordubad şəhərinin “Malik İbrahim”
qəbiristanlığında özünə məxsus qəbrin üzərində qoyulmuş başdaşı tipli qəbirüstü xatirə abidəsi
üzərində həkk edilən kitabədə rast gəlinmişdir. Ərəb dilində altı sətirdə yazılan kitabənin mətni
belədir: “Bu bağça böyük sədr Rükn əd-Din amid əl-Mülkün – onun yatağı sərin olsun – qızı,
mərhumə, günahları bağışlanmış xanım Əta Mülkündür. Onun ölümü səkkiz yüz on birinci il,
məhərrəmin on ikisində [baş verdi] (07.06.1408-ci il)” (5, s. 66; 13, s. 42-43).
Kitabədən aydın olur ki, mərhumə xanım Əta Mülkün atası Rükn əd-Din XIV əsr
Azərbaycan dövlət aparatında mühüm vəzifələrdən sayılan “böyük sədr” vəzifəsində çalışmışdır.
Orta əsr müəllifləri tərəfindən “yüksək vəzifə” kimi dəyərləndirilən və qaynaqlarda “sədr”, “sədr əl-
əzəm”, “sədr əl-müəzzəm”, “sədr əl-kəbir” və s. kimi təqdim olunan sədr vəzifəsini tutan adamlar
böyük imtiyazlara malik olaraq bəzən dövlət aparatında üçüncü yeri tutmuşlar.
Kitabədə mərhumənin atası böyük sədr Rükn əd-Dinin adına əlavə olunan “amid əl-mülk”
titulu isə orta əsrlər zaman dövlətin əsas vəzifələrindən sayılan vəzirlik məqamını tutan adamlara
verilirdi. Bu titul göstərir ki, xanım Əta Mülkün atası Rükn əd-Din XIV əsrin sonu – XV əsrin
əvvəllərində Azərbaycan dövlət aparatında böyük sədr və vəzir vəzifəsini icra etmişdir.
Ancaq çox təəssüf ki, belə görkəmli bir şəxsiyyətin qızı olan xanım Əta Mülkün özü,
yaşadığı dövrdə cəmiyyətin həyatında tutduğu mövqe və s. haqqında müəyyən fikir söyləmək üçün
kitabədə elə bir fakt və ya işarə yoxdur. Ancaq xatirəsinə gözəl bir xatirə abidəsi düzəldilməsi və
qəbiristanlığın mərkəzində yerləşən Şeyx Əbu Səidin (xanım Əta Mülkdən 51 il əvvəl ölmüş və
həmin qəbiristanlıqda dəfn olunmuşdur) xanəgahının yanında dəfn olunmasına əsasən ehtimal
etmək olar ki, o zəmanəsinin sayılıb-seçilən, cəmiyyətin həyatında nüfuz sahibi olan bir şəxsiyyət
olmuşdur.
8. Ziba xanım. Ziba xanımın adı Ordubad şəhərinin şərq tərəfində yerləşən “Malik İbrahim”
qəbiristanlığında qeydə alınmış özünə məxsus sənduqə tipli qəbirüstü xatirə abidəsi üzərindəki
epitafiyanın – məzar kitabəsinin məlumatları əsasında elmi dövriyyəyə daxil olmuşdur. Kitabənin
mətnində oxuyuruq: “Bu bağça əmir Bədi ül-Mülkün qızı, alim, abid, kəramətli xatın Ziba
xanımındır” (5, s. 68-69).
Ziba xanım kitabədə “alim”, “abid”, “kəramətli xatın” kimi titul və epitetlərlə təqdim
olunmuşdur. Həyatını ibadətə həsr edən səmimi dindar mənasına gələn “abid” titulunun sufi
anlamını, həmçinin Ziba xanımın XIV əsrdə sufi şeyxi Şeyx Əbu Səid tərəfindən qəbiristanlığın
mərkəzində qurulan xanəgahın yaxınlığında dəfn olunmasına, həmçinin alim olmasına əsasən
demək olar ki, Ziba xanım yaşadığı XV-XVI yüzilliklərdə həmin xanəgahda fəaliyyət göstərən sufi
təriqətinin üzvü və ya təəssübkeşi olmuşdur. Yüksək vəzifəli şəxs, hərbçi-sərkərdə Əmir Bədi ül-
Mülk kimi görkəmli şəxsiyyətin qızı olması onun imkanlı şəxs olduğunu və mənsub olduğu
xanəgaha maddi yardım göstərdiyini söyləməyə əsas verir. Ehtimal etmək olar ki, o da haqqında
bəhs olunan Həvva Bədr Bikə xatın kimi xanəgah rəhbərlərindən birinin arvadı olmuşdur (6, s. 63-
64).
9. Xanbikə. Bu qadının adı Ordubad şəhərindəki “Malik İbrahim” qəbiristanlığında tədqiq
edilən başdaşı tipli qəbirüstü xatirə abidəsinin üzərində həkk edilən kitabə vasitəsi ilə elmi
dövriyyəyə daxil olmuşdur. Kitabənin mətni belədir: “Ey rəhmlilərin rəhmlisi! Bu bağça Sultan
Sadi bəyin qızı, mərhumə, günahları bağışlanmış, pak həyat tərzi keçirən, salehə [qadın]
- 142 -
Xanbikənindir. Doqquz yüz səksən birinci il (03.05.1573-22.04.1574-cü il)” (5, s. 71-72; 13, s. 47-
48).
Kitabənin məlumatlarından aydın olur ki, xatirəsinə belə bir abidə hazırlanmış Xanbikə bəy
qızı olmuşdur. Həmçinin onun adına əlavə olunan epitetlər göstərir ki, o dindar, mömin bir qadın
olmuş, haramlardan çəkinmiş, özünün pak həyat tərzi ilə tanınmış, xeyirxah əməlləri ilə məşhur
olmuşdur.
Dostları ilə paylaş: |