SƏbuhi ƏHMƏdov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə33/34
tarix21.04.2017
ölçüsü2,8 Kb.
#15173
1   ...   26   27   28   29   30   31   32   33   34

Tofiq  İsmayılov 
   (1933-1991) 
Tofiq Kazım oğlu İsmayılov 
1933-cü  ildə  Bakı  şəhərində 
anadan  olub.  1941-ci  ildə 
SSRİ  faşist  Almaniyasının 
təcavüzünə  məruz  qalanda  I  sinfə  gedən  Tofiq  müharibənin  tam  mahiyyətini 
anlamasa  da,  onun  gətirdiyi  iztirablar,  məhrumiyyətlərlə  üzləşib.  Cəbhə  xəttindən 
uzaq olan Bakı müharibə qanunları ilə yaşayır, Azərbaycanlılar qələbə naminə həm 
cəbhələrdə vuruşur, həm də arxa cəbhədə işləyirdilər. 
1951-ci  ildə  orta  məktəbi  müvəffəqiyyətlə  bitirən  Tofiq  İsmayılov 
Moskva  Rabitə  Elektrotexnika  İnstitutuna  daxil  olur.  Onun  təhsil  aldığı 
radiotexniki  fakültə  ən  perspektivli  hesab  olunur,  buranı  bitirən  bir  çox  tələbələr 
təkcə  Rabitə  Nazirliyi  xətti  ilə  deyil,  SSRİ-nin  güc  nazirliklərində  işə 
götürülürdülər.  Təbii  ki,  bunun  üçün  onlardan  öz  işlərinin  peşəkarı  olmaq  tələb 
olunurdu. 
1956-cı  ildə  institutu  bitirən  Tofiq  İsmayılov  Moskvada  hərbi-sənaye 
kompleksinə aid qapalı müəssisədə çalışmağa başlayır, qısa müddət ərzində burada 
sex  rəisi  vəzifəsinədək  yüksəlir.  Moskvanın  ictimai-siyasi  həyatında  fəal  iştirak 
edən T.İsmayılov Moskvanın Frunze rayonu Şurasının deputatı seçilir. 
Əmək  fəaliyyətini  davam  etdirməklə  yanaşı,  T.İsmayılov  1959-cu  ildə 
Moskvada  aspiranturaya  daxil  olur.  Onun  sahəsinə  aid  qapalı  hərbi-sənaye 
müəssisəsi Bakı şəhərində açılanda isə o, Bakıya təyinat alır və 1965-ci ildə doğma 
şəhərə  qayıdır.  Əmək  fəaliyyəti  ilə  bərabər,  elmi  araşdırmalarını  davam  etdirən 

332 
 
T.İsmayılov bəzi elmi əsərlər çap etdirir. O, 1966-cı ildə Azərbaycan SSR Elmlər 
Akademiyasına  işə  dəvət  olunur.  Qısa  müddətdə  özünü  bilikli,  bacarıqlı  və  eyni 
zamanda, fəal işçi kimi göstərən T.İsmayılov akademiyada elmi yeniliklərin tətbiqi 
şöbəsinə müdir təyin edilir. 1969-cu ildə namizədlik dissertasiyasını müdafiə edən 
T.İsmayılov  Elmlər  Akademiyasında  işi  ilə  paralel  olaraq  Politexnik  İnstitutunun 
radiotexnika kafedrasında dərs deyirdi. 
1973-cü  ildə  onun  rəhbərliyi  ilə  Elmlər  Akademiyasında  "Kaspi"  Elmi-
Texniki  Mərkəzi  yaradılır.  Dövlət  sifarişi  üzrə  kosmik  sahə  ilə  bağlı  tədqiqatlar 
aparan  mərkəz  tezliklə  respublikada  bu  yeni  sahə  ilə  bağlı  ən  effektiv  təşkilata 
çevrilir.  Ətrafında  gənc  və  eyni  zamanda  bilikli  və  fəal  alimləri  birləşdirən 
T.İsmayılov  sovet  kosmik  aparatlarında  tətbiq  edilən  bir  sıra  cihazların 
yaradılmasında iştirak etmişdir. Artıq Sovet İttifaqı səviyyəsində ad qazanan elmi 
mərkəz  1975-ci  ildə  Azərbaycan  SSR  Elmlər  Akademiyası  nəzdində  Aerokosmik 
İnformasiya  Elmi-Tədqiqat  İnstitutuna  çevrilir.  Tofiq  İsmayılov  institutun 
direktoru təyin olunur. 
Ciddi  elmi  tədqiqatlar  aparan  institut  bir  sıra  müstəqil  araşdırmalar 
aparmış,  əldə  olunmuş  nəticələr  ən  görkəmli  sovet  alimlərinin  diqqətini  cəlb 
etmişdir.  İnstitutun  bir  sıra  əməkdaşları  Moskvaya,  kosmik  sahə  ilə  bağlı 
araşdırmalar aparan elmi institutlara dəvət edilmişlər. Eyni zamanda respublikada 
institutun  nəzdində  on  müasir  avadanlıqla  təchiz  olunmuş  elmi-tədqiqat 
laboratoriyaları,  hətta  qapalı  istehsal  müəssisələri  də  yaradılmışdır.  Çox  az  adam 
bilir  ki,  bütün  dünyada  ən  mükəmməl  sayılan  sovet  kosmik  aparatlarında 
Azərbaycanda,  Tofiq  İsmayılovun  rəhbərlik  etdiyi  institutda  layihələndirilmiş  və 
elə  Azərbaycanda  da  istehsal  edilmiş  müxtəlif  cihazlar  qoyulmuşdur.  Tam 
əminliklə  söyləmək  olar  ki,  Azərbaycanda  aerokosmik  tədqiqatların  əsasını  məhz 
Tofiq İsmayılov qoymuşdur. 
1978-ci  ildə  Aerokosmik  İnformasiya  Elmi-Tədqiqat  İnstitutu,  ona  tabe 
olan  bütün  müəssisələrlə  birgə,  Azərbaycan  Aerokosmik  Agentliyi  statusunu 
almışdır.  Respublikada  aparıcı  elmi-tədqiqat  və  elm-istehsalat  müəssisəsinə 
çevrilən  agentliyin  baş  direktoru  Tofiq  İsmayılov  təyin  edilmişdir.  Respublikada 
ən  iri  elmi  mərkəzlərdən  biri  olan  agentlik  artıq  ümumdünya  əhəmiyyətli 
tədqiqatlar  aparırdı.  Kosmik  aparatların  uçuşlarını  tənzimləyən  elmi  cihazlarla 
bərabər,  agentlik  kosmik  fəzadan  Yer  və  su  səthinin  müşayiət  edilməsi,  okean  və 
dənizlərin  dibinin  öyrənilməsi,  planetimizin  ekoloji  durumunun  müəyyən 
edilməsinə imkan verən cihazlar yaradır və istehsal edirdi. 
Görkəmli  tədqiqatçı  təbiətin  ekoloji  monitorinqinin  keçirilməsində 
kosmik  tədqiqatların imkanları və əhəmiyyətini  uzaqgörənliklə anlayır,  bu  sahədə 
tədqiqatları  genişləndirirdi.  Xəzər dənizinin  kosmosdan  öyrənilməsi  istiqamətində 
keçirilən  tədqiqatlar  öz  unikallığı  ilə  seçilirdi.  Onların  nəticəsində  Xəzərin  təbii 

333 
 
sərvətləri  daha  dəqiq  öyrənilmiş,  dənizin  ekoloji  durumu  olduqca  dəqiq 
qiymətləndirilmişdi.  Hələ  XX  əsrin  70  -  80-ci  illərində  T.İsmayılov  Xəzər  dənizi 
və  ətraf  ərazilərə  təhlükə  yarada  biləcək  amillər  barəsində  xəbərdarlıq  etmiş, 
onların  qarşısının  alınması  yollarını  göstərmişdi.  Faktik  olaraq  məhz  Tofiq 
İsmayılovun  təşəbbüsləri  və  onların  həyata  keçirilməsi  ilə  Azərbaycanda  kosmik 
təbiətşünaslığın əsası qoyulmuşdur. 
1979-cu  ildə  Tofiq  İsmayılov  doktorluq  dissertasiyasını  müvəffəqiyyətlə 
müdafiə  edir,  texnika  elmləri  doktoru  adına  və  professor  elmi  dərəcəsinə  layiq 
görülür.  Çox  keçmədən,  ixtira  etdiyi  cihazların  birinin  böyük  əhəmiyyəti  nəzərə 
alınaraq,  ona  Azərbaycan  SSR  Dövlət  mükafatı  verilir.  Qazandıqları  uğurlarla 
kifayətlənməyən  alim  rəhbərlik  etdiyi  agentliyin  apardığı  elmi  axtarışları  daha  da 
dərinləşdirir, eyni zamanda, yeni sahələri əhatə etməyə çalışırdı. O yaxşı anlayırdı 
ki,  müasir  elm  artıq  pərakəndə  halda  inkişaf  edə  bilmir,  mütləq  müxtəlif  elm 
sahələrinin sintezi, dərin inteqrasiyası tətbiq edilməlidir. 
Əməkdar  elm  xadimi  adına  layiq  görülən  alim  200-dən  artıq  elmi  əsər 
yaratmış, onun müəllifi olduğu monoqrafiya və elmi məqalələrin bir çoxu indi də 
öz aktuallığını itirməmişdir. 1989-cu ildə Azərbaycan SSR Elmlər Akademiyasının 
akademiki  yüksək  elmi  adına  layiq  görülən  alim  Beynəlxalq  Mühəndis 
Akademiyasının  üzvü  seçilmişdir.  Fəaliyyəti  illərində  Sovet  İttifaqının  bir  çox 
orden və medallarına layiq görülən alim kosmonavtika sahəsində ən görkəmli təltif 
nişanları  sayılan  K.G.Siolkovski,  S.B  Korolyov  və  Y.A.Qaqarin  medalları  ilə  də 
təltif edilmişdir. 
Görkəmli  alim  respublikanın  ictimai  həyatında  da  fəal  iştirak  edirdi. 
Azərbaycan  SSR  Ali Sovetinin  deputatı  seçilən T.İsmayılov  ölkəmizdə baş  verən 
proseslərə  daim  həssaslıqla  yanaşırdı.  Ermənistanın  Azərbaycana  təcavüzü, 
Qarabağ və ətraf əraziləri Azərbaycandan qoparıb Ermənistana birləşdirmək kimi 
cəfəng şüarlar onu narahat etməyə bilməzdi. Moskvada Sovet İttifaqı rəhbərliyinin 
ikili  siyasətini,  erməni  siyasətbazlarının  oyunlarının  dəstəklənməsini  görən  alim 
bütün  bunların  Azərbaycana  necə  böyük  təhlükə  törədəcəyini  yaxşı  anlayırdı. 
Çıxış  yolunu  azadlıq  mübarizəsində  görən  Azərbaycan  xalqı  bu  yolda  bütün 
çətinliklərə və məhrumiyyətlərə sinə gərəcəyini nümayiş etdirdi. 1990-cı ilin qanlı 
20 Yanvar günü xalqımızın  tarixinə  faciə və eyni zamanda  milli qürur  günü kimi 
yazıldı:  xalqımız  müstəqilliyini  tələb  edir  və  bütün  təhlükələrə  baxmayaraq  öz 
amalından  dönmürdü.  Bu  isə  imperiya  qüvvələrini  qorxudur  və  onlardan  rəvac 
alan  erməni  daşnakları  öz  terrorçu  əməllərinə  davam  edirdilər.  Respublikanın  o 
dövrkü rəhbərliyi isə Moskvanın dediyi ilə durub-oturur, hətta öz xalqının istəyinə 
qarşı çıxış edirdi. 
Xalqın ümidi Tofiq İsmayılov kimi ziyalılara idi. 1991 -ci ilin oktyabrında 
Azərbaycanda  müstəqillik  ab-havası  artıq  hiss  ediləndə  müstəqil  dövlətə  tələb 

334 
 
olunan  strukturlar  yaradılmağa  başlandı.  Oktyabrın  16-da  Tofiq  İsmayılov  dövlət 
katibi  təyin  edildi,  oktyabrın  18-də  isə  Azərbaycan  Respublikası  müstəqil  dövlət 
elan olundu. 
Azərbaycan  Respublikasının  üzləşdiyi  ən  böyük  təhlükə  erməni 
təcavüzünün genişlənməsi idi. Sovet ordusu hissələrinin köməyi ilə erməni quldur 
dəstələri Yuxarı Qarabağda Azərbaycan kəndlərinə hücumlarını  genişləndirirdilər. 
Bütün xəbərdarlıqlara məhəl qoymayan respublika rəhbərliyi isə öz vətəndaşlarını 
düşmən  qarşısında  əliyalın  buraxmışdı.  Rəhbərliyə  öz  ordumuzun  yaradılmasının 
vacibliyini  sübut  etmək  üçün  respublikanın  yüksək  dövlət  və  hökumət 
nümayəndələri  Yuxarı  Qarabağa  yollandılar.  Dövlət  katibi  Tofiq  İsmayılov,  baş 
prokuror  İsmət  Qayıbov,  daxili  işlər  naziri  Məhəmməd  Əsədov,  digər  hökumət 
nümayəndələri  bir  vertolyotla,  heç  bir  mühafizə  olmadan,  təhlükəsizlik  tədbirləri 
həyata  keçirilmədən  Yuxarı  Qarabağa  göndərildilər.  1991-ci  il  noyabrın  20-də 
Ağdamın  Qarakənd  kəndi  üzərində  vertolyot  vuruldu,  onun  içində  olanlar  həlak 
oldular.  Xalqımızın  müasir  tarixində  ən  ağır  faciələrdən  biri  olan  Qarakənd 
faciəsini  o  dövrkü  respublika  rəhbərləri  ört-basdır  etməyə,  onu  təbii  amillərlə 
bağlamağa (guya,  vertolyot dağa çırpılıb və s.) çalışsalar da, hadisənin terror aktı 
olduğu  müəyyən  olundu.  Bu  faciə  nəticəsində  Azərbaycan  xalqı  öz  layiqli 
ziyalılarını itirdi; onların arasında akademik Tofiq İsmayılov da var idi. 

335 
 
 
Sovet  İttifaqı    Qəhrəmanı,  Azərbaycan  şərqşünaslıq 
elminin korifeylərindən biri olan akademik  Ziya Bünyadov 
Azərbaycan alimləri sırasında  xüsusi yer  tutur. II   Dünya  
müharibəsində  Berlinə  qədər  döyüş  yolu  getmiş,  dünya 
şərqşünaslıq elminə ölməz əsərlər bəxş etmiş Ziya müəllim 
fundamental  tədqiqatları  ilə  Azərbaycan    şərqşünaslıq 
məktəbinin şöhrətini  ölkənin çox-çox uzaqlarında yayaraq, 
orta    əsrlər  Şərqi  və  Ərəb  xilafəti,  Azərbaycan,  Qafqaz  və 
orta  Asiya  tarixi üzrə görkəmli mütəxəssis kimi dünyada  
tanınmış,Vətəndə  və  ondan  kənarda  geniş  oxucu 
kütlələrinin rəğbətini və məhəbbətini qazanmışdır.  
Görkəmli  şərqşünas    alim,  Azərbaycanda    mediyevist 
tarixçi məktəbinin banisi,  mərd insan və əsl vətəndaş Ziya 
Bünyadovun  adı  Azərbaycan  tarixində  şərəfli  yerlərdən 
birini tutur.
 
  Ziya Bünyadov 
     (1921-1997) 
 
Ziya Musa oğlu Bünyadov 1923-cü ildə Astara şəhərində hərbi tərcüməçi 
ailəsində anadan olmuşdur. Atası hərbi xidmətdə olduğundan ailə mütəmadi olaraq 
müxtəlif şəhərlərə köçürdü. Ziya orta məktəbi Göyçay şəhərində bitirmişdir. Bakı 
Hərbi  Piyadalar  Məktəbinə  daxil  olmaq  üçün  sənədlərdə  yaşını  iki  il  artırmış  və 
beləliklə, 1939-cu ildə hərbi məktəbə daxil ola bilmişdir. 
1941-ci  ildə  faşist  Almaniyasının  SSRİ-yə  hücumu  ilə  əlaqədar  olaraq 
hərbi  məktəblərdə  zabitləri  qısaldılmış  kurslar  əsasında  hazırlayır  və  dərhal 
cəbhəyə göndərirdilər. 1941-ci ildə leytenant Ziya Bünyadov da təyinatla cəbhəyə 
yollanır.  Əvvəlcə  tağım,  sonra  isə  bölük  komandiri  olmuş  gənc  zabit  Şimali 
Qafqaz,  Ukrayna,  Moldaviya,  Belorusiya  ərazilərinin  almanlardan  azad 
edilməsində  iştirak  etmişdir.  Döyüşlərdə  o,  kontuziya  almış  və  iki  dəfə 
yaralanmışdır. Polşa ərazisində gedən döyüşlərdə fərqlənmiş Ziya Bünyadov 1945-
ci  il  fevralın  27-də  Sovet  İttifaqı  Qəhrəmanı  fəxri  adına  layiq  görülmüşdür. 
Qələbədən-qələbəyə  irəliləyən  zabit  Berlin  uğrunda  gedən  döyüşlərdə  də 
fərqlənmişdir. 
1945-ci  ilin  mayında  mayor  Ziya  Bünyadov  Berlin  şəhərinin  Pankov 
rayonunun komendant köməkçisi təyin edilmişdir. O, Berlinin təsərrüfat və mədəni 
həyatının  bərpa  olunmasında  fəal  iştirakına  görə  Almaniyanın  "Vaffenbruderşaft" 
və "Artur Bekker" medalları ilə təltif edilmiş və fəxri adlara layiq görülmüşdür. 
1946-cı  ildə  sovet  ordusu  sıralarından  tərxis  olunan  Ziya  Bünyadov 
N.Nərimanov  adına  Moskva  Şərqşünaslıq  İnstitutuna  daxil  olmuş,  orada  təhsil 
almış, daha sonra 1950-ci ildə oranın aspiranturasına daxil olmuşdur. Elə o zaman 

336 
 
da  o,  həyatını  şərqşünaslıq  elmi  ilə  bağlamaq  qərarına  gəlmişdir.  Ziya  Bünyadov 
məşhur  şərqşünas  Y.Belyayevin  rəhbərliyi  ilə  namizədlik  dissertasiyasını  yazaraq 
1954-cü ildə müdafiə etmişdir. Həmin ildə Bakıya qayıdan alim Azərbaycan SSR 
Elmlər  Akademiyasının  Tarix  İnstitutunda  baş  elmi  işçi  vəzifəsində  işə  qəbul 
edilmişdir.  1958-ci  ildən  etibarən  isə  o,  Azərbaycan      Dövlət      Universitetinin 
şərqşünaslıq fakültəsinin müəllimi kimi fəaliyyətə başlamışdır. 
1960-cı  ildə  Ziya  Bünyadov  alban  tarixçisi  Mxitar  Qoşun  "Alban 
xronikası"  adlı  əsərini  tərcümə  edərək  onun  məhz  alban  müəllifi  olmasını  sübut 
etmiş və Mxitar Qoşu "erməni salnaməçisi" adlandıranlara tutarlı cavab vermişdir. 
1964-cü  ildə  o,  "Azərbaycan  VII  -  IX  əsrlərdə"  mövzusunda  doktorluq 
dissertasiyası  müdafiə  etmişdir.  Dissertasiya  Azərbaycan  tarixinin  Ərəb  xilafəti 
dövrünə  dair  sovet  tarixşünaslığında  yazılmış  ilk  tədqiqat  əsəri  idi.  Burada  geniş 
şəkildə tədqiqata cəlb edilmiş nadir mənbələrin və yazıh abidələrin dərin tədqiqi və 
təhlili  sayəsində  ərəb  işğalı  ərəfəsində  və  xilafət  dövründə  Azərbaycanın  sosial-
iqtisadi və siyasi həyatı hərtərəfli təhlil olunmuş, bir sıra mühüm problemlər ətraflı 
şəkildə  öz  həllini  tapmışdır.  Əsərdə  xalq  kütlələrinin  xilafətə  qarşı  mübarizəsinə 
xüsusi  yer  verilmiş,  Babəkin  başçılıq  etdiyi  xürrəmilər  hərəkatı  geniş  şəkildə 
işıqlandırılmışdır.  Bu  dərin  tədqiqat  Azərbaycan  tarixini  saxtalaşdırmağa 
çalışanlara, ilk növbədə erməni "tarixçilərinin" uydurmalarına tutarlı cavab olmuş, 
Azərbaycanın  çətin  tarixi  dövrünün  real  hadisələrini  bərpa  etməyə  imkan 
vermişdir.  Həmin  ildə  Ziya  Bünyadov  Yaxın  və  Orta  Şərq  Xalqları  İnstitutunun 
Şərqin  orta  əsr  tarixi  şöbəsinə  müdir  təyin  edilmişdir.  1965-ci  ildə  SSRİ  Ali 
Attestasiya Komissiyası ona professor adı vermişdir. 
1965-ci  ildə  "Azərbaycan  VII  -  IX  əsrlərdə"  əsəri  kitab  şəklində  nəşr 
edilib  yayılmış  və  alimə  Azərbaycanın  orta  əsrlər  tarixi  üzrə  ciddi  tədqiqatçı  və 
mütəxəssis şöhrətini qazandırmışdır. 1967-ci ildə Ziya Bünyadov Azərbaycan SSR 
Elmlər  Akademiyasının  müxbir  üzvü  seçilmişdir.  1970-ci  ildə  alim  "Azərbaycan 
SSR  Elmlər  Akademiyasının  xəbərləri  (ictimai  elmlər  seriyası)"  jurnalının  baş 
redaktoru təyin olunmuşdur. 
1971-ci  ildə  Ziya  Bünyadov  XIV  -  XV  əsrlər  Azərbaycan  səyyahı 
Əbdürrəşid Bakuvinin əsərini tərcümə edərək elmi dövriyyəyə daxil etmişdir. Əsər 
Azərbaycanın  tarixi coğrafiyasının  öyrənilməsində ilkin  mənbə kimi  indiyədək öz 
aktuallığını  itirməmişdir.  1973-cü  ildə  Ziya  Bünyadov  XIII  əsr  müəllifi  
Şixabəddin  Nəsəvinin  "Sirat  əs-Sultan"  əsərini  tərcümə  edərək  elmi  dövriyyəyə 
daxil etmişdir. Qeyd etmək lazımdır ki, tərcümə etdiyi bütün əsərlərdə alim mətnin 
dəqiq  tərcüməsi  ilə  kifayətlənmir,  xüsusi  əlavələrdə  qədim  terminlərin  izahını 
verir,  kitaba  tarixi  şəxsiyyətlər  və  coğrafi  adlar  haqqında  müfəssəl  məlumatlar  da 
yazır.  Nəsəvinin  əsərində  Azərbaycan  tarixinin  ən  qanlı  dövrlərindən  biri  - 
monqolların  vətənimizə  yürüş  etdiyi  dövr  haqqında  söhbət  açılır.  Əsərin  elmi 

337 
 
dövriyyəyə  daxil  edilməsi  bu  dövr  tarixinin  bir  çox  qaranlıq  qalan  məqamlarını 
araşdırmağa  imkan  verir.  1976-cı  ildə  Z.M.Bünyadov  Azərbaycan  SSR  Elmlər 
Akademiyasının akademiki seçilmişdir. 
1978-ci  ildə  Ziya  Bünyadov  "Azərbaycan  Atabəyləri  dövləti  (1136  - 
1225-ci  illər)"  adlı  monoqrafiyasını  nəşr  etdirmişdir.  Alimin  çoxillik  əməyinin 
məhsulu  olan  bu  sanballı  tədqiqat  işində  səlcuq  dövründə  Azərbaycanın  iqtisadi, 
sosial  və  mədəni  inkişafı  araşdırılmışdır.  Kitabda  Azərbaycanın  o  dövrkü  siyasi 
durumu  ilə  yanaşı,  XII  əsrin  II  yarısı  -XIII  əsrin  I  rübündə  Orta  Şərqin  feodal 
sülalələrinə  mənsub hökmdarların qurduqları dövlətlərin, o cümlədən  Azərbaycan 
Atabəyləri  dövlətinin  dövrün  siyasi  və  mədəni  həyatında  oynadığı  rol 
göstərilmişdir. Əsərdə həmçinin o dövrdə Qafqazda siyasi şəraiti xarakterizə edən 
bir  çox  qiymətli  və  ilk  dəfə  elmi  dövriyyəyə  daxil  edilmiş  materiallar  da 
verilmişdir.  Z.M.Bünyadov  monoqrafiyada  Azərbaycanın  və  qonşu  ölkələrin  orta 
əsr  tarixinə  dair  bir  sıra  problemlərin  gələcək  həlli,  az  öyrənilmiş  məsələlərin 
tədqiqi  üçün  böyük  əhəmiyyət  kəsb  edən  əsaslı  elmi  araşdırmalar  aparmış  və  çox 
maraqlı  nəticələr  əldə  etmişdir.  Əsər  1980-ci  ildə  dövlət  mükafatına  layiq 
görülmüşdür. 
1982-ci  ildə  Z.M.Bünyadov  Azərbaycan  SSR  əməkdar  elm  xadimi  fəxri 
adını  almaqla  bərabər,  Türkiyə  Respublikasının  Türk  Tarix  Qurumunun  müxbir 
üzvü seçilmişdir. 
Elmi əsərləri İraq, Fransa və Türkiyədə nəşr olunmuş alim SSRİ-nin ərəb 
ölkələri ilə dostluq cəmiyyətinin rəyasət heyətinin vitse-prezidenti seçilmişdir. 
1988-ci  ildə  Aral  dənizinin  xilas  edilməsi  sahəsindəki  gördüyü  işlər  və 
türk  xalqlarının  tarixinin  öyrənilməsi  istiqamətindəki  fəaliyyətinə  görə 
Z.M.Bünyadov  "Urgənc  şəhərinin  fəxri  vətəndaşı"  adına  layiq  görülmüşdür. 
Həmin  ildə  Azərbaycan  SSR  Elmlər  Akademiyasının  Şərqşünaslıq  İnstitutunun 
direktoru təyin edilmiş alim 1990-cı ildə akademiyanın vitse-prezidenti seçilmişdir. 
1990-cı  ildə  o,  "Qurani-Kərim"i  Azərbaycan  dilinə  çevirmiş,  1993-cü  ildə 
A.Bakıxanovun "Gülüstani-İrəm" əsərini elmi təfsir və şərhlərlə nəşr etdirmişdir. 
Azərbaycanın müstəqillik uğrunda başladığı mübarizə şəraitində, Qarabağ 
münaqişəsinin  qızışdığı  bir  dövrdə  alim  əsl  vətəndaş  mövqeyi  tutaraq 
müstəqilliyimizin və ərazi bütövlüyümüzün təmin olunması istiqamətində fəaliyyət 
göstərmişdir. 1995-ci ildə o, Milli Məclisin deputatı seçilir. 
Ziya Bünyadov Azərbaycanda mediye-vist tarixçilik məktəbinin banisi və 
rəhbəri  olmuş,  ümumilikdə  540  elmi  əsər  -  monoqrafiya,  məqalə  və  s.  yazmış, 
tərcümələr  etmişdir.  Onun  rəhbərliyi  altında  35  dissertasiya  müdafiə  olunmuşdur. 
O  həmçinin  İraq  və  Suriya  respublikaları  üçün  yüksəkixtisaslı  kadrlar 
hazırlanmasında da böyük rol oynamışdır. 

338 
 
Fəaliyyəti  dovründə  Sovet  İttifaqı  Qəhrəmanı  Ziya  Bünyadov  Lenin 
ordeni,  Qırmızı  Ulduz,  Qırmızı  Bayraq,  2-ci  dərəcəli  Aleksandr  Nevski  və  1-ci 
dərəcəli 
Vətən 
müharibəsi  ordenlərinə,  medallara,  həmçinin  müstəqil 
Azərbaycanın ən yüksək mükafatı sayılan "İstiqlal" ordeninə layiq görülmüşdür. 
21  fevral  1997-ci  ildə  Sovet  İttifaqı  Qəhrəmanı,  Milli  Məclisin  deputatı, 
akademik  Ziya  Musa  oğlu  Bünyadovun  həyatına  qəsd  edilmiş,  o,  muzdlu  qatillər 
tərəfindən öz evinin astanasında faciəli şəkildə qətlə yetirilmişdir. 
 
 

339 
 
Sovet  kosmonavtlarının  uçuşdan  qayıtmalarını 
göstərən  tele  və  kinokadrlara  diqqətlə  baxsaq  
görərik ki,  kosmonavtlar  general  paltarında   olan 
bir    şəxsə  yaxınlaşır  və  ona    tapşırığı  yerinə 
yetirmələri,  uçuşu  başa  vurmları  haqqında    raport  
verirlər. O isə kosmonavtları dinləyib onları uğurlu 
uçuşla    təbrik  edir.  Bu  general  Azərbaycan 
xalqının  görkəmli  şəxsiyyətlərindən  biri  Kərim 
Kərimovdur.  Azərbaycan  tarixinə  Kərim  Kərimov 
kosmik  tədqiqatlar    sahəsində  general-leytenant 
rütbəsinə  ucalan  ilk  azərbaycanlı,  kosmik 
tədqiqatlar    sahəsində  bir    çox  yeniliklər  etmiş 
ixtiraçı və alim kimi daxil olmuşdur. 
 
Kərim Kərimov 
    (1917-2003) 
 
Kərim 
Abbasəli 
oğlu 
Kərimov  1917-ci  ildə  Bakıda  anadan  olmuşdur.  Onun  atası  Peterburqda  texniki 
təhsil  almış  və  Azərbaycana  qayıdaraq  neft  sənayesi  sahəsində  çalışmağa 
başlamışdır.  Azərbaycan  Cümhuriyyəti  və  Azərbaycanda  sovet  hakimiyyəti 
dövründə də o, neft sənayesində mühəndis kimi çalışmışdır. 
Hələ  orta  məktəbdə  oxuyarkən  K.Kərimov  radio  texnikasına  maraq 
göstərməyə  başlamışdır.  Radio  XIX  əsrin  sonlarında  icad  edilsə  də,  onun 
Azərbaycanda yayılması işi ləngiyirdi. Azərbaycan Cümhuriyyəti dövründə Fransa 
ilə  bağlanmış  müqaviləyə  əsasən  Gəncədə  radioqüllə  inşa  edilmiş  və  orada 
quraşdırılmış  qəbuledici  Avropada  yayılan  radio  verilişlərini  dinləməyə  imkan 
yaratmışdır. Təbii ki, radio qovşaqlarının olmaması üzündən radiodan yalnız dövlət 
əhəmiyyətli  işlər  üçün  istifadə  edilirdi.  Azərbaycanda  radio  ilə  səslənən  ilk  nitq 
Azərbaycanın 
Parisdəki 
nümayəndə  heyətinin  rəhbəri  Əlimərdan  bəy 
Topçubaşovun Avropa ölkələri ilə danışıqlarının gedişi barədə hesabatı olmuşdur. 
Azərbaycanda  sovet  hakimiyyəti  qurulanda  radioya  təbliğat  vasitəsi  kimi 
yanaşıldığından o sürətlə inkişaf etdirildi. 1926-cı ildə Bakıda ilk radioötürücü və 
respublikanın müxtəlif məntəqələrində radioqəbuledicilər işə başladı. 
1936-cı  ildə  Azərbaycan  Sənaye  İnstitutuna  daxil  olan  Kərim  Kərimov 
özü  bir  neçə  radioqəbuledici  düzəltmiş,  bu  istiqamətdə  olan  yeniliklərlə  dərindən 
maraqlanmışdır.  İstedadlı  tələbə  Azərbaycan  radiosuna  işə  qəbul  edilmiş,  bir 
müddət işlədikdən sonra isə Mərdəkan radio qovşağının müdiri təyin olunmuşdur. 

340 
 
1941-ci  ildə  Azərbaycan  Sənaye  İnstitutunu  bitirən  Kərim  Kərimov 
elektromexanika  üzrə  mühəndis  diplomu  almışdır.  Onun  bəzi  ideyaları  hərbi 
mühəndisləri maraqlandırmışdır. Artıq bu dövrdə II Dünya müharibəsi gedir, Sovet 
İttifaqı  Almaniyanın  təcavüzünə  məruz  qalmışdı.  Radiomühəndislərə  cəbhələrdə 
böyük ehtiyac duyulsa da, gənc mütəxəssisin istedadı nəzərə alınaraq 1942-ci ildə 
ona  Dzerjinski  adına  Artilleriya  Akademiyasına  daxil  olmaq  üçün  təyinat 
vermişlər.  Maraqlıdır  ki,  bilikləri  yoxlanıldıqdan  sonra  Kərim  Kərimov  birbaşa 
akademiyanın  V  kursuna  daxil  olmuşdur.  Beləliklə,  o,  1943-cü  ildə  bu  təhsil 
müəssisəsini  topçu-mühəndis  ixtisası  üzrə  başa  çatdırmışdır.  O, "Katyuşa"  adı  ilə 
tanınan BM-13 yaylım atəş qurğusu üzrə mütəxəssis kimi hazırlanmışdır. Qvardiya 
minaatan  hissələrinin  tərkibində olan bu qurğular  Sovet İttifaqının  ən güclü silahı 
kimi məxfilikdə saxlanılırdı. 
Gənc  mütəxəssis  Qvardiya  minaatan  hissələri  Baş  İdarəsinin  müvəkkili 
kimi  BM-13  qurğusu  üçün  mərmilərin  zavodlarda  istehsalına  nəzarət  etmək 
tapşırığı  almışdı.  Öz  işinə  can  yandıran  Kərim  Kərimov  daim  silahın 
təkmilləşdirilməsi barəsində düşünürdü və bu istiqamətdə bir neçə dəyərli təklif də 
irəli sürmüşdü. 
Məhz  həmin  vaxtdan  Kərim  Kərimov  həyatını  raket  texnikası  ilə 
bağlamışdır.  Ömrünün  sonunadək  o,  raket  texnikasının  yaradılması  və  inkişafı 
naminə var gücü ilə çalışmış, zehni və fiziki qüvvəsini əsirgəməmişdir. Zavodlarda 
işlədiyi dövrdə onun yüksək təşkilatçılıq qabiliyyəti də özünü büruzə vermişdir. 
1945-ci  ildən  SSRİ  Müdafiə  Nazirliyi  sistemində  raket  texnologiyaları 
yaradan konstruktor büroları və zavodlarında çalışan Kərim Kərimov bir neçə elmi 
ixtiranın  müəllifi  olmuşdur.  1946-cı  ildən  başlayaraq  o,  ballistik  raketlərin 
radioölçmə  sistemlərinin  yaradılması  istiqamətində  işlər  aparmışdır.  Onun 
araşdırmaları  nəticəsində  yaradılan  raketlərin  daxili  parametrlərinə  nəzarət  edən 
"Don"  radioölçmə  sisteminin  elmi-texniki  göstəriciləri sonradan kosmik  sənayedə 
tətbiq  olunmağa  başlanmışdır.  Bu  nailiyyətinə  görə  Kərim  Kərimov  1950-ci  ildə 
ilk dəfə SSRİ Dövlət mükafatına layiq görülmüşdür. 
Baykonur kosmodromunun əsası qoyulan gündən o, Kosmik Gəmilər üzrə 
Dövlət  Komissiyasının  tərkibinə  daxil  edilmişdir.  Kosmik  aparatların 
yaradılmasında,  dünyada  ilk  dəfə  insanın  kosmosa  göndərilməsində  onun  da  rolu 
az  olmamışdır.  Nəticədə  ilk  kosmonavt  Yuri  Qaqarinin  tarixi  uçuşu  uğurla  başa 
çatdıqdan sonra Kərim Kərimov SSRİ-nin ən yüksək ordeni - Lenin ordeni ilə təltif 
olunmuşdur. 
1945-ci  ildə  böyük  mühəndis  vəzifəsində  çalışmağa  başlayan  Kərim 
Kərimov 1965-ci ildə Kosmik Vasitələr İdarəsinin rəisi vəzifəsinə təyin edilmişdir. 
Həmin ildə o, Ümumi Maşınqayırma Nazirliyinə ezam olunmuşdur. 

341 
 
Yeni yaradılan bu nazirlik kosmik sənayenin bütün müəssisələrini özündə 
birləşdirirdi. 
Lakin  K.Kərimovun  istedadını  və  təşkilatçılıq  qabiliyyətini  yüksək 
qiymətləndirən  məşhur  konstruktor  S.P.Korolyov  1966-cı  ildə  təkidlə  onun 
Kosmik Gəmilər üzrə Dövlət Komissiyasının sədri təyin edilməsinə nail olmuşdur. 
O  bu  məsul  vəzifədə  25  il  çalışmışdır.  Kosmik  uçuşlarla  bağlı  bütün  sistemlərin 
hazırlığını  yoxlayan,  uçuşun  başlanmasına  icazə  verən  məhz  Kərim  Kərimov  idi. 
Kosmik  səyahətə  çıxan  və  tapşırığı  yerinə  yetirib  geri  dönən  üçüş  heyətlərinin 
hesabatlarını  qəbul  edərək  heç  vaxt  televiziya  reportajlarına  düşməyən  şəxs  də 
Kərim Kərimov idi. 
1974-cü  ildə  Kərim  Kərimov  əsas  vəzifəsi  ilə  paralel  olaraq  Mərkəzi 
Elmi-Tədqiqat  Maşınqayırma  İnstitutu  direktorunun  birinci  müavini  kimi  elmi-
təşkilatçılıq  fəaliyyətinə  qatılmışdır.  O  dövrdə  sovet  kosmonavtikasının  fəxri 
sayılan, alim-mühəndis zehninin qələbəsi kimi qəbul edilən kosmik aparatlar onun 
fəal  iştirakı  və  birbaşa  rəhbərliyi  ilə  yaradılmışdır.  Onların  sırasında  yeni  nəsil 
"Soyuz"  kosmik  gəmiləri,  "Salyut"  orbital  stansiyası,  sonradan  isə  çoxmodullu 
"Mir" stansiyasının adlarını çəkmək olar. 
Azərbaycanla  əlaqəni  kəsməyən,  Azərbaycan  Elmlər  Akademiyasının 
Aerokosmik  Tədqiqatlar  Mərkəzinə  əlindən  gələn  köməkliyi  göstərən  general  bir 
çox  azərbaycanlı  alimin  bu  sahədə  fəaliyyət  göstərib  inkişaf  etməsi  üçün  şərait 
yaratmışdır. 
1991-ci  ildə  istefaya  çıxan  Kərim  Kərimov  ömrünün  sonunadək  kosmik 
sahə  ilə  əlaqəsini  kəsməmiş,  Uçuşları  İdarəetmə  Mərkəzinin  məsləhətçisi 
olmuşdur. 
İstehsalat-təşkilat  və  elmi  fəaliyyətinə  görə  general-leytenant  Kərim 
Kərimov  Sovet  İttifaqı  Qəhrəmanı  fəxri  adına,  iki  dəfə  Lenin  ordeninə,  Qırmızı 
Əmək Bayrağı, Qırmızı Ulduz ordenlərinə layiq görülmüş və çoxlu medalla təltif 
olunmuşdur.  Kərim  Kərimov  2  dəfə  dövlət  mükafatı  almışdır.  O  həmçinin 
Azərbaycan  Respublikasının  "Şöhrət"  ordeni  ilə  təltif  edilmiş,  Azərbaycan  Milli 
Elmlər Akademiyasının fəxri üzvü seçilmişdir. 
General-leytenant  Kərim  Kərimov  2003-cü  ildə  Moskva  şəhərində  vəfat 
etmiş və orada da dəfn olunmuşdur. 

342 
 
Azərbaycan    teatrının  tərkib  hissəsi  olan  musiqili 
komediya    tamaşalarını  Nəsibə  Zeynalovasız  təssəvür 
etmək  olmaz.  Aktrisanın  teatra  olan  sevgisi  və 
aktyorluq  istedadı  ona    Azərbaycan  peşəkar  teatrının 
banilərindən sayılan atası Cahangir Zeynalovdan miras 
qalmışdır. Aktyorluq  istedadı, musiqi duyumu, obrazın 
daxili  aləmini  tam  qavrama    qabiliyyəti  sayəsində 
Nəsibə Zeynalova musiqili komediya tamaşalarının çox  
yüksəksəviyyəli aktrisasına çevrilmişdir. 
Nəsibə  Zeynalova  musiqi  komediya  tetatrımızın  ən 
görkəmli  simalarından  biri,  istedadlı  teatr  və  kino 
aktrisası kimi Azərbaycan mədəniyyəti tarixində özünə 
layiq  yer  tutur.  
   Nəsibə Zeynalova 
        (1917-2004) 
Nəsibə  Cahangir  qızı  Zeynalova  1917-ci  ildə  Bakı  şəhərində  anadan 
olmuşdur.  Atası  C.Zeynalov  Azərbaycanın  tanınmış  teatr  xadimlərindən  idi. 
Azərbaycan  səhnəsinin  ilk  görkəmli  realist  sənətkarı  olan  Cahangir  Zeynalov 
rejissor  kimi  də  fəaliyyət  göstərmişdir.  Onun  təşkil  etdiyi  məşhur  "ev  teatrı"  bir 
sıra  həvəskar  aktyorlar  (o  cümlədən  H.Ərəblinski)  üçün  sənət  məktəbi  olmuşdur. 
"Nicat" xeyriyyə cəmiyyətinin nəzdində teatr truppasının yaradılmasında Cahangir 
Zeynalovun  böyük  əməyi  olmuşdur.  Nəsibə  Zeynalovanın  teatra  olan  sevgisi  və 
aktyorluq  istedadı  da  ona  Azərbaycan  peşəkar  teatrının  banilərindən  sayılan 
Cahangir Zeynalovdan miras qalmışdır. 
Atasını  erkən  itirən  Nəsibə  Zeynalova  Bakıda  orta  məktəbi  bitirdikdən 
sonra  Bakı  Teatr Texnikumuna  daxil  olmuşdur.  Burada  o,  Azərbaycanın  tanınmış 
rejissorları  M.Haşımov  və  A.Tuqanovdan  dərs  almışdır.  Hələ  texnikumda 
oxuyarkən  o,  kolxoz-sovxoz  teatrı  truppasına  işə  düzəlmiş,  kiçik  səhnəciklərlə 
respublikanın  müxtəlif  rayonlarında  göstərilən  tamaşalarda  iştirak  etmişdir.  O 
dövrdə  Azərbaycan  mədəniyyətində  zorla  ruslaşdırma  siyasəti  aparılır,  milli 
koloriti ilə seçilən obrazlar yaratmağa meyilli aktyor və aktrisalar böyük səhnədən 
bilərəkdən  uzaqlaşdırılırdılar.  SSRİ-nin  başqa  bölgələrindən  göndərilmiş, 
Azərbaycan xalqının milli mədəni irsi ilə tanış olmayan, bəzən hətta ona xor baxan 
"mədəniyyət başbilənləri" xalqımıza xas olmayan tamaşalar qoyur, suni olaraq yeni 
təsəvvürlər və dünyagörüşü  yaratmağa  çalışırdılar.  Lakin onların bu  cəhdləri boşa 
çıxırdı. 

343 
 
Nəsibə Zeynalova 1941-ci ildə Bakı Teatr Texnikumunu bitirdikdən sonra 
Azərbaycan  Musiqili  Komediya  Teatrına  işə  qəbul  olunur.  Bu  hadisə  onun 
həyatında həlledici rol oynayır. 
Müharibə  dövründə  cəbhələrdə  və  hospitallarda  əsgərlər  qarşısında 
tamaşalarda  iştirak  edən  aktrisa  faşizm  üzərində  qələbənin  qazanılmasına  öz 
töhfəsini  vermişdir.  Dinc  dövrdə  teatr  bir  sıra  maraqlı  tamaşalar  qoymuşdur  ki, 
onlarda Nəsibə Zeynalova özünəməxsus aktyorluq istedadını nümayiş etdirmişdir. 
S.Rüstəmovun "Beş manatlıq gəlin" tamaşasında Gülnaz, A.Məşədibəyovun "Toy 
kimindir?" tamaşasında Məsmə, F.Əmirovun "Gözün aydın" tamaşasında Nargilə, 
S.Ələsgərovun  "Ulduz"  tamaşasında  Züleyxa,  V.Dolidzenin  "Keto  və  Kote" 
tamaşasında  Kabato  obrazları  aktrisanı  tamaşaçılara  sevdirmişdir.  Aktyorluq 
istedadı,  musiqi  duyumu,  obrazın  daxili  aləminə  sona  qədər  nüfuz  etmək 
qabiliyyəti  Nəsibə  Zeynalovanı  musiqili  komediya  teatrının  səhnəsində  ulduza 
çevirmişdir. 
XX  əsrin  50-ci  illərində  aktrisanın  sənətkarlığı  daha  da  püxtələşmişdir. 
Onun bu dövrdə yaratdığı  səhnə obrazları  Azərbaycan komediya teatrı tarixinə iri 
hərflərlə yazılmışdır. Nəsibə Zeynalova T.Quliyevin "Qızılaxtaranlar" tamaşasında 
Rəxşəndə,  S.Rüstəmovun  "Rəisin  arvadı"  tamaşasında  Afərin,  Ş.Miloravanın 
"Tbilisi  nəğməsi"  tamaşasında  Gesiya,  A.Rzayevin  "Hacı  Kərimin  Aya  səyahəti" 
tamaşasında 
Kəblə 
Fatma, 
S.Ələsgərovun  "Həmşəxanım"  tamaşasında 
Həmşəxanım,  "Sevindik  qız  axtarır"  tamaşasında  Xeyransa  kimi  bir-birindən 
maraqlı  obrazlar  yaratmışdır.  Bura  T.Bakıxanov  və  H.Məmmədovun  "Altı  qızın 
biri  Pəri"  tamaşasında  Cəhrə,  E.Sabitoğlunun  "Hicran"  tamaşasında  Qızbacı 
obrazlarını  da  əlavə  etsək,  çox  zəngin  və  rəngarəng  bir  obrazlar  qalereyası 
yaranmış  olar.  Bütün  bu  obrazlar  sırasında  qayınana  -  Cənnət  obrazı  xüsusi  yer 
tutur. Bu obrazı yaradarkən aktrisa xəsislik etməmiş, yaradıcılıq imkanlarını sanki 
tamamilə  açmış,  onun  aktyor  sənəti  üçün  səciyyəvi  olan  zəngin  mimika  və 
məharətini nümayiş etdirmişdir. "Qayınana" tamaşasından sonra aktrisa yaddaşlara 
ilk  növbədə  qayınana  kimi  həkk  olunmuşdur.  Jurnalistlər  onu  hətta  "xalqımızın 
qayınanası" adlandırmışlar. 
Bədii filmlərdə çəkilməyə dəvət alan aktrisa burada da yaddaqalan, ölməz 
obrazlar  yaratmışdır.  Ömrünün  sonunadək  müxtəlif  səpkili  filmlərdə  çəkilmiş 
aktrisa  sənətinə  xas  xüsusiyyətləri  oynadığı  filmlərə  də  gətirmişdir.  "Ögey  ana" 
(1959)  filmində  Nəsibə  Zeynalova  dedi-qoduları  sevən,  köhnə  təfəkkürlə  yaşayan 
qarı  obrazını  məharətlə  yaratmışdır.  "Böyük  dayaq"  (1963)  filmində  artıq  tamam 
başqa bir obraz yaratmışdır. Burada aktrisanın qəhrəmanı  zəhmətkeş insan, bütün 
çətinliklərə qatlaşan, gələcək naminə daim çalışan əsl Azərbaycan qadınıdır. 1964-
cü ildə "Azərbaycanfilm"də istehsal olunmuş "Ulduz" filmində Nəsibə Zeynalova 
toyuq  fermasının  müdiri  obrazını  yaratmışdır.  Onun  qəhrəmanı  dövlət  malını  öz 

344 
 
malından üstün tutan, ona tapşırılmış işləri vicdanla yerinə yetirən qadındır. Qeyd 
etmək  lazımdır  ki,  aktrisanın  yaratdığı  istər  mənfi,  itərsə  də  müsbət  obrazlar  incə 
lirizmi, yumor hissi ilə seçilir. 
1969-cu  ildə  çəkilmiş  "Qanun  naminə"  filmində  aktrisanın  qəhrəmanı 
qızının  xoşbəxtliyini  əsl  məhəbbətdə  deyil,  var-dövlətdə  görən  dardüşüncəli 
meşşan  bir  qadındır.  Aktrisa  qəhrəmanının  günü-gündən  necə  böyük  səhvlər 
buraxmasını, qızını necə uçuruma yuvarlatmasını məharətlə açıb göstərə bilmişdir. 
Bunun  ardınca  Nəsibə  Zeynalova  "Bizim  Cəbiş  müəllim"  (1970)  filmində 
oynamışdır.  Ağır  müharibə  illərinə  həsr  olunan  filmdə  sadə  azərbaycanlıların 
qələbə  naminə  canla-başla  fəaliyyət  göstərmələri  öz  əksini  tapmışdr.  Aktrisanın 
qəhrəmanı  o  dövr  üçün  mənfi  obraz  sayılan  bir  alverçidir  ki,  çətin  zamanda  əl 
altından  ticarətlə  məşğul  olur.  Lakin  eyni  zamanda  o,  təmizqəlbli  bir  insandır  və 
Bakıya  Rusiyadan  qaçqınlar  gətiriləndə  məhz  o,  bir  qaçqın  qızını  himayəsinə 
götürür və ona doğma qızı kimi baxır. 
Nəzibə  Zeynalovanın  1979-cu  ildə  "Qayınana"  filmində  oynadığı 
qayınana obrazı onun kinoda yaratdığı ən məşhur obrazdır. Ən maraqlı cəhət budur 
ki,  o,  Musiqili  Komediya  Teatrının  səhnəsində  yaratdığı  qayınana  obrazını  eynilə 
təkrar etməmiş, obrazı yeni ştrixlər, jestlərlə daha da dolğunlaşdırmışdır. Təsadüfi 
deyil  ki,  həm  filmin  özü,  həm  onun  baş  qəhrəmanı,  həm  də  bu  rolun  ifaçısı 
xalqımız tərəfindən indi də sevilməkdədir. 
Son  illərdə  bir  neçə  komediyada  çəkilən  aktrisa  yaşının  çox  olmasına 
baxmayaraq, istedadını, sənətkarlıq sirlərini gənc nəsil aktyorlarla bölüşməyə hazır 
olduğunu göstərmişdir. 
Aktrisanın həyat və yaradıcılıq yolunu əks etdirən bir neçə televiziya filmi 
də xalqımız tərəfindən böyük rəğbətlə qarşılanmışdır. Fəaliyyəti dövründə bir sıra 
orden və medallarla təltif edilən, həmçinin fəxri adlara layiq görülən aktrisanın ən 
böyük mükafatı tamaşaçıların məhəbbətidir. 
Nəsibə  Zeynalova  2004-cü  ildə  Bakıda  vəfat  etmiş  və  Fəxri  xiyabanda 
dəfn olunmuşdur. 

345 
 
XX  əsrin  sonların  da
 
Azərbaycan  xalqının  azadlıq 
hərəkatında  önəmli  rol  oynamış  şəxsiyyətlədən  biri  Əbülfəz 
Elçibəydir.  Hələ  gənc  yaşlarından  sovet  hakimiyyətinin 
Azərbaycan  qarşı  yeritdiyi  qərəzli  siyasətə  qarşı  etiraz  edən, 
bununla  yanaşı  mübarizə  aparmağa  çalışan  Əbülfəz  Elçibəy 
təqiblərə məruz qalsa  da, öz amalından dönməmişdir.  
Ömrünün sonuna qədər siyasi fəaliyyətlə məşğul olan 
Ə.Elçibəy siyasi partiya  rəhbəri olmuşdur.  
1991-ci ildə müstəqillik qazanmış Azərbaycanı güclü 
görmək  istəyən  Elçibəy  bu  istiqamətdə  fəaliyyət  göstərmiş, 
1992-ci ilin iyun ayında  Azərbaycan Respublikasının prezidenti 
seçilmişdir. 
Azərbaycan  tarixinə  Əbülfəz  Elçibəy  görkəmli 
ictimai  xadim,  azadlıq  mübarizəsinin  liderlərindən  biri,  1992-
1993-cü  illərdə  Azərbaycan  Respublikasının  prezidenti  və 
şərqşünas alim kimi daxil olmuşdur.  
 
Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin