Seçilmiş əsərləri



Yüklə 2,94 Mb.
Pdf görüntüsü
səhifə126/147
tarix30.12.2021
ölçüsü2,94 Mb.
#22211
1   ...   122   123   124   125   126   127   128   129   ...   147
XOŞBƏXTLIK HAQQINDA 

 

Bu qış Bakıda qış olmadı, adı oldu: yaz da əvvəlcə çox tez gəldi, fevralın 



axırları idi, ağaclar göyərmişdi, amma sonra küləklər başladı, yağışlar başladı  və 

belə məlum oldu ki, soyuqlar hələ qabaqdaymış və yazın beləcə yarımçıq qalması, 

qırılması, sonra ortada bu cür yerində sayması adamı lap sıxırdı; bir tərəfdən də 

Bakının asfalt küçələri, maşınları, səs-küyü... 

Haradasa təbiət tamam azaddı: nə asfaltlıdı, nə  səs-küylüdü, nə  də qayğılarla 

doludu. 


Fikrət Qoca və Ishaq Ibrahimovla birlikdə Bakıdan bir az kənarda, Qaradağ 

tərəfdə dəniz kənarına getdik. 

Küləkli bir gün idi. 

Uşaqlar velosipedlə bura gəlirdi, qarmaq atırdı, balıq tuturdu. 

Biz də özümüzlə qarmaq götürmüşdük və əsl naşı balıqçılar kimi, qarmaq atıb 

balıq gözləyirdik. 

Balıq yox idi; yəni bizim üçün, biz balıqçılar üçün balıq yox idi. 

Birdən qarmaqlardan birinə bir xul keçdi və bu cıqqılı xul balığının sevinci bizi 

dünyanın yeddinci qatına qaldırdı. 

Sən demə, xul da balıq imiş... 

Bir neçə dənə xul tutduq və hər bir xula da beləcə sevindik. 

Sonra dənizin o azadlığından, sahilin o təmizliyindən və genişliyindən, o xul 

sevincindən ayrılıb Bakıya qayıtdıq və gecə mən bu xul sevinci barədə fikirləşəndə 

haçansa eşitdiyim bir əhvalat yadıma düşdü. 

...Bir kişinin on uşağı var idi və bu on uşaqla, arvadla birlikdə balaca bir 

daxmada yaşayırdı; o qədər darısqallıq idi ki, kişi daha dözə bilmirdi; axırda bir dəfə 

bir təpəyə qalxdı və əlini göyə qaldırıb Allaha dedi: 

– Ya Allah, bu nə müsibətdi bizim başımıza açırsan?! Hərgah sən bu uşaqlara 

bir qarış da artıq yer verməyəcəydinsə, niyə onları dünyaya gətirirdin? Axı, belə bir 

darısqallıqda yaşamaq mümkün deyil! Dünyada məndən bədbəxt adam yoxdu! Məni 

xoşbəxt et, yerimi genişlət bir az! 

Göydən bir səs gəlmədi. 

Kişi kor-peşman daxmasına qayıtdı və gördü ki, daxmada... bir eşşək var. 

Yekə, canlı bir eşşək idi. 

– Arvad, bu nədi belə? 

Heyrətdən kişinin gözləri kəlləsinə çıxmışdı. 

– Kişi, bu eşşəyi indicə bir mələk gətirdi və dedi ki, Allah-taalanın əmri belədi 

ki, bu eşşək bu daxmada, bizimlə bir yerdə yaşamalıdı. 

Yazıq arvad eşşəyə baxdı, kişiyə baxdı və için-için ağlamağa başladı. 

O gündən o eşşək həmin daxmada qaldı. 

O gündən on uşaq, kişi, arvad və həmin eşşək bir yerdə yaşamalı oldu. 

O gündən həmin kişi gecə-gündüz Allaha yalvardı ki, onları bu yekəpər 

eşşəkdən xilas etsin, bu yekəpər eşşəyi bu daxmadan götürsün. 

Bu münval ilə ay keçdi, il dolandı  və  nəhayət, bir gün Allah kişinin sözünü 

eşitdi: axşam kişi evinə qayıdanda gördü ki, həmin yekəpər eşşək daha yoxdu. 

Mələk gəlib eşşəyi aparmışdı. 

Kişi gecə-gündüz Allaha şükür elədi. 

Kişi on uşağı  və arvadı ilə birlikdə  həmin daxmada şad-xürrəm yaşamağa 

başladı. 



 

411


Kişi dünyanın ən xoşbəxt adamı idi, çünki canı eşşəyin əlindən qurtarmışdı və 

genişlik-bolluq idi... 

...Insan çox naşükürdür. 

 

30 may 1981.  

Bakı. 

 


Yüklə 2,94 Mb.

Dostları ilə paylaş:
1   ...   122   123   124   125   126   127   128   129   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin