hərbi məktəb korpus komandiri Əliheydər Qarayevin adına idi - Ş.N.) hərbi
məktəbin rəisi yoldaş Vəzirov Heydər Sadıq oğlu məktəbin təşkil olunmasından bu
vaxtadək öz vəzifəsini müstəsna fədakarlıqla yerinə yetirir. İşinin öhdəsindən
bacarıqla gələn bir komandir kimi Heydər Vəzirovun təltif olunmasını xahiş
edirəm.
Vəzirov yoldaş başda olmaqla məktəb tam tərkibdə Quba, Gəncə və Qazax
qəzalarında, habelə Qarabağda daşnaklara qarşı döyüşlərdə bir neçə kursantını və
bir qırmızı komandirini itirib. Məktəbin sonuncu yürüşü Gürcüstana, Qızıl
Ordunun Tiflisə irəliləyişi zamanı olmuşdur. Buna görə də hərbi məktəb Qırmızı
bayraqla təltif olunmuşdur. Məktəbin komandiri Heydər Sadıq oğlu Vəzirovun
Qırmızı Bayraq Ordeni ilə təltif olunmasını layiq bilirəm”.
Heydər Vəzirov 1923-cü ildə qırmızı Bayraq Ordeni ilə və 6197 nömrəli
fəxri fərmanla təltif olunmuşdur. Komissar Heydər Vəzirov hərbi sahədə göstərdiyi
fəallığa və qəzalarda banditizmə qarşı mübarizəyə görə dəfələrlə qiymətli silahla
mükafatlandırılmışdır.
Respublikamız üçün ağır illər olanda Heydər Vəzirov mərd, mübariz dövlət
xadimləri və məşhur generallarımız Əliağa Şıxlinski, Səməd bəy Mehmandarov,
mayor Hacı ağa İbrahimbəyli ilə birgə işləmişdir. İyirminci illərdə Azərbaycanda
işləyən general-leytenant Aleksandr Todorski sonralar “Bakinski raboçi” qəzetində
(22 fevral 1958-ci il) bir sıra görkəmli Azərbaycan oğullarının əvəzsiz xidmətini
xatırlayaraq yazırdı: “İllər keçsə də mən hərtərəfli hərbi biliyə malik olan,
yaraşıqlı, vüqarlı Azərbaycanın o vaxtkı hərbi komissarı Heydər Vəzirovu yaxşı
xatırlayıram. Qəlbən təmiz, xalqını ürəkdən sevən Heydər yorulmaq bilmədən
çalışan adam idi”.
İstedadlı sərkərdə, SSRİ Hərbi Təhsil Müəssisələri Baş İdarəsinin rəisi
İ.E.Yakir 1925-ci ilin martında hərbi məktəblərin və Azərbaycan diviziyasının
taktiki hazırlığını yoxlamağa gələndə hərbi milli kadrların hazırlığında Heydər
Vəzirovun xidmətini xüsusilə qeyd etmişdir.
Xatırladaq ki, həmin illərdə Heydər Vəzirov bir neçə mühüm vəzifədə
işləmişdir: Azərbaycan Sosialist Şura Cümhuriyyətinin hərbi komissarı idi. O, həm
də mətbuatda hərbi mövzularda maraqlı yazılarla müntəzəm olaraq çıxış edirdi.
“Qızıl əsgər” qəzetində hərbi təlimin keçirilməsi, hərbi dərslərin keyfiyyəti, döyüş
taktikası, hərbi nizamnamələrin hazırlanması və çapı barədə maraqlı yazıların
müəllifi idi.
Cəmi 44 il ömür sürmüş komissar Heydər Vəzirovun bir hərbçi kimi
xalqımız qarşısında əvəzsiz xidmətləri var. O, 1925-ci ildə Göyçay Qəza İcraiyyə
Komitəsinin sədri, 1927-ci ildə Zaqafqaziya Sosialist Federativ Şura Cümhuriyyəti
Xalq torpaq komissarı, 1933-cü ildə isə Azərbaycan SSR torpaq komissarı təyin
edilir.
Otuzuncu illərdə ölkədə Stalinin cəza tədbirləri sənayeni, kənd təsərrüfatını,
elm və maarifi gücdən saldı. Sovet Ordusu da, Azərbaycan milli diviziyası da
özünün ən yaxşı komandirlərini itirdi. Diviziya komandirləri Cəmşid Naxçıvanski,
Qambay Vəzirov, polkovnik Seyfulla Mehdiyev, Murtuz Talıbzadə, Abdulla
Məlikov kimi oğullar repressiyanın qurbanı oldular.
1937-ci ildə Azərbaycan SSR Xalq Torpaq Komissarlığının ünvanına “Əks-
inqilabçı burjua, millətçi-üsyankar, terrorçu-ziyankar təşkilatın işi” adlı saxta bir
ittiham yaradıldı. Bu azmış kimi, şəxsən komissar Heydər Vəzirovun işinə bir söz
də əlavə elədilər: “Pantürkist”. DİN ayrı, NKVD işçiləri bu sözü ona görə əlavə
elədilər ki, bu barədə komissarla “dopros” aparmağa əldə tutarlı “əsas” olsun. Axı,
Vəzirov Birinci Dünya müharibəsindən qayıdanda Türkiyədən keçib gəlmişdi. On
səkkizinci ildə musavatın hərbi məktəbində işləmişdi, üstəlik də onun musavat
ordusunda birgə işlədiyi zabitlərin çoxu Türkiyədə özlərinə sığınacaq tapmışdılar.
Bu saxta ittihamlarla komissarlığın bir neçə əməkdaşı və komissar Heydər Vəzirov
ailəsi ilə birgə məhv edildi.
1938-ci ildə Mircəfər Bağırovun Moskvaya göndərdiyi bir hesabatı
oxuyanda adamın inanmağı gəlmir. Təəssüf ki, bu faktdır və ən başlıcası
sənəddir. Ona inanmamağa haqqımız yoxdur. Orada yazılır ki, 32 rayon partiya
komitəsinin katibi, 28 rayon icraiyyə komitəsinin sədri, 18 xalq komissarı və
müavinləri, milli diviziyanın 88 komandiri və hərbi-siyasi işçilər həbs edilərək
“xalq düşməni” kimi məhv edilmişlər.
SAHİBƏ XANIMLA SÖHBƏT
Bakı, Ələsgər Ələkbərov küçəsi, Dadaşovların mənzili. Bura komissar
Soltanhəmid Paşayevin kürəkəni Xeyrullanın evidir. Eşidəndə ki, “37”nin haqsız
qurbanı olan komissar Soltanhəmid Paşayevin həyat yoldaşı Sahibə ana qızı Rəfiqə
xanımgildədir, nəvə-nəticələrini görməyə gedib, fikirləşdim ki, həyat yoldaşının
ömür yolunu ondan yaxşı bilən ikinci bir adam tapmaq hələlik qeyri-mümkündür.
Hələlik ona görə deyirik ki, bizim yazımızdan sonra bəlkə onunla birgə işləyən
keçmiş hərbiçilərdən kimsə Soltanhəmidin fəaliyyətindən daha ətraflı məktub
yazıb, məlumat verəcək.
Onu da xatırladım ki, Sahibə ana 1932-ci ildən partiyanın üzvü olub. Əri
tutulandan 23 il sonra yenidən onu partiya sıralarına bərpa ediblər.
- Sahibə ana, həyat yoldaşınız Soltanhəmid günahsız olaraq həbs ediləndə
uşaqların neçə yaşı vardı?
- Oğlum Rəfiqin 10 yaşı vardı. Onu çox tez itirdim, Rozanın 8, Elmiranın 5,
Rəfiqənin isə cəmi 1 yaşı vardı. Bir sözlə bir oğul, üç qız anası idim. Soltanhəmid
tutulandan sonra özümü itirmədim.
Dəyanətimi saxladım. Onları min bir əziyyətlə də olsa böyütdüm. Oxutdum,
ali təhsilli elədim. Təkcə ciyərparam Rəfiqi itirdim. İndi yeddi nəvəm, dörd
nəticəm var. Sağ olsunlar, ağıllı balalardı. Hamısı ali təhsil alıblar. Tahir ali təhsilli
həkimdir, Gülnarə elmlər namizədidir.
- O vaxtın qara günlərindən yaddaşınızda ən çox hansı məqamlar qalıb?
- 1926-cı ildə Soltanhəmidlə ailə qurduq. Xoşbəxt də yaşayırdıq. O,
komissarlıqda işləyirdi. El-obada yaxşı hörməti vardı. Çox keçmədi, onu
Şamaxıya hərbi komissar təyin etdilər. Otuz yeddinci il gəlib çatdı, gündə bir xəbər
çıxdı: “Filankəsi apardılar, filankəs xalq düşməni çıxdı”. Bu filankəs
deyilənlərin də hamısı hörmətli, partiyaya sadiq, xalqını sevən adamlar idi. Hamı
qorxu içində, səksəkədə yaşayırdı. Axşam olub, qaranlıq düşəndə, bir şaqqıltı,
bir səs eşidəndə deyirdilər ki, filankəsi aparmağa gəliblər. O “çornı voron” deyilən
maşın nə qədər yaxşı adamları aparıb məhv elədi. Eh, uzun dərddir, bala. Nə qədər
günahsız adamlarımız “xalq düşməni” ləkəsi ilə məhv edildi.
- Soltanhəmid həbs edilən gün, il yəqin ki, yadınızdıdır. Bu müdhiş hadisə
nə vaxt olub?
- 1937-ci ilin avqust ayı idi. Daha dəqiq, avqustun 17-si idi. Mən balalarımla
Sulut kəndinə getmişdim. Soltanhəmid də axşama qayıtmalı idi. Şamaxıda
yığıncaqları vardı, ləngidi, gəlmədi. Səhərisi Rozanın ad günü idi. Tezdən gəlməyə
söz vermişdi. Kənddə, tanış müəllimgilə gedib patefonu istədim, şənlənməyə. Min
cür bəhanə gətirib vermədi. Mənə çox müəmmalı, ikibaşlı cavab verdi. Kor-
peşman geri qayıtdım. Yolda milis işçisi Ələşrəfə rast gəldim. Şamaxıdan gəlirdi,
Hal-əhval tutmaq istədim. Başını aşağı salıb xəcalətlə bircə bunları dedi: “Dadaşım
Soltanhəmidi tutub apardılar”. Daha sonrası yadımda deyil...
Səhərisi yığışıb Şamaxıya qayıtdıq. Öyrəndim ki, onu yığıncaq vaxtı
aparıblar. Onunla birgə Şamaxı Rayon Partiya Komitəsinin birinci katibi Xəlfə
Hüseynovu, ikinci katibi Avalovu, torpaq şöbəsinin müdiri Yuxanovu, 6 nömrəli
şərabçılıq sovxozunun direktoru Əlisahib Məmmədovu, rayon prokuroru Əhməd
Əmirovu, Padar Kənd Sovetinin sədri Babalı Bəkirovu da həbs etmişdilər...
Bir sözlə, Şamaxı ziyalılarına süpürgə çəkirdilər. Kimin evində ərəb əlifbası
ilə kitab, əlyazması tapılırdısa, pantürkist, panislamist damğası ilə cəzalandırılıb
həbs edilirdi.
NKVD-nin sədri Şamanbəyovdan evimizin açarını istədim. Qapımıza qıfıl
vurmuşdular. Sumbatov-Topuridze də orada idi. Mənə tərs-tərs baxıb: “Deyəsən,
öz ayağınla gəlmisən, rədd ol burdan, bu saat səni də həbs edərəm” deyib özündən
çıxdı.
O gündən həyatımın faciəsi başladı....
- Sahibə xanım, Soltanhəmidin “günahı” nə oldu?
- Sonralar öyrəndim ki, bir ambardarı döyməklə Soltanhəmidin üzünə
şahid ediblər. Guya o deyib ki, biz komissarın kabinetində, evində tez-tez
yığıncaq keçirirdik. Komissar Paşayevin rəhbərliyi ilə silahlı üsyana hazırlaşırıq.
O, bizə güllə atmağı öyrədirdi.
Komissar Paşayev məni əsgərliyə ona görə göndərmədi ki, təşkilatın işində
yaxından iştirak edirdim. Təşkilata silahı mən tapıb alırdım.
- Görüşməyə necə, icazə verirdilərmi?
- Yox. Ayda iki dəfə “yemək” götürürdülər. Yemək, ərzaq aparmaq
qadağan idi. Ancaq dəyişmək üçün paltara icazə vardı. Bir dəfə, bir nəfər nə
yollasa ondan barmaq boyda kağız gətirdi.
Yazmışdı ki, Sahibə, mən “xalq düşməni” deyiləm. Mənim vicdanım təmiz
və ləkəsizdir. Bunları balalarımıza da başa sal ki, gözükölgəli böyüməsinlər.
Üçüncü dəfə dalınca gedəndə dedilər ki, 20 il həbs cəzası kəsilib. Dalınca da əlavə
elədilər ki, əriniz güllələnib, daha gəlməyə bilərsiniz...
“Güllələnmək” sözünü eşidəndə ağlım başımdan çıxdı. Handan-hana özümü
ələ aldım. Düşmənlərin əhatəsində olduğumu xatırladım. Körpələrimi fikirləşdim.
Sağ olsun, yaxın-uzaq qohumlar, o çətin illərdə gizli də olsa “xalq düşməni”nin
ailəsinə arxa oldular.
Soltanhəmid Paşayevin ömür yoldaşı Sahibə xanım o ağrılı-acılı illərə
qeyrətlə, kişi dəyanəti ilə dözmüş, övladları Rozanı, Elmiranı, Rəfiqəni böyüdüb
ərsəyə çatdırmış, komissar ərinin, nüfuzlu ziyalı nəslinin adına layiq vəfalı ömür
yaşamışdır.
İllərin əzabından saçı qar kimi ağarmış nurani Sahibə ana ilə söhbət edəndə
elimizin müdrik sənatkarı Abbasqulu ağa Bakıxanovun sözlərini xatırladım:
“Namuslu qadın kişi üçün elə bir sərvətdir ki, onun misli yoxdur”.
Onu da xatırladaq ki, Soltanhəmid Cəbrayıl oğlu Paşayev 1898-ci ildə
Şamaxıda ziyalı ailəsində dünyaya gəlib. İlk təhsilini Şamaxıdakı realnı
məktəbində alan Soltanhəmid sonralar Bakıdakı Azərbaycan hərbiyyə məktəbini
bitirib. Zabit kimi ordu sıralarında sidq-ürəklə xidmət edən Soltanhəmid Baskal
Qəsəbə İcraiyyə Komitəsinin sədri, Göyçay hərbi komissarlığında komissar
köməkçisi (1925-30-cu illərdə) işləmişdir. Yaxşı hərbi fəaliyyətinə görə dəfələrlə
mükafatlandırılan Soltanhəmid məşhur şairimiz Məhəmməd Hadinin doğmaca
xalası oğludur.
1991-ci il
SONUNCU KƏNGƏRLİ GENERALI
(Cəmşid xan NAXÇIVANSKİ)
Azərbaycan öz süverenliyi, tam azadlığı
barədə fikirləşirsə, o ilk növbədə öz
milli ordusu, milli zabitləri barədə
fikirləşməlidir. Mən bunların hamısını
düşünürdüm...
İyirmi beş il öncə mən Azərbaycanda
əvvələr heç vaxt oxşarı, analoqu olmayan
ixtisaslaşdırılmış hərbi orta məktəb yaratmaq
haqqında fikir irəli sürdüm. Bu məktəbi yaratdıq.
Doğrudan da mənim həyatımda gördüyüm işlər içərisində
bu addımı, bu işi, bu təşəbbüsü o dövrdən artıq iyirmi beş il
keçəndən sonra özüm də yüksək qiymətləndirirəm.
Heydər ƏLİYEVİN
1990-cı ildə Moskvada
verdiyi müsahibədən
Hər şeyin ilki gözəl və yaddaqalan olur. İlk müəllim, ilk general, ilk
kosmonavt, ilk məhəbbət.... Bunlar ilk övlad qədər şirin və əzizdir. Bu gün hərbi
qüdrət tariximizin zabit heyətindən söz düşəndə istər-istəməz general Cəmşid xan
Naxçıvanski adına hərbi litseyin məzunlarını yada salırıq.
Fəxr etməliyik ki, Cəmşid xanın “şinelindən çıxmış” bu zabitlər suveren
Azərbaycan Milli Ordusunun sıralarında torpaqlarımızın qəsbkarlardan
təmizlənməsi uğrunda şərəflə vuruşurlar.
1918-ci ilin iyun ayında məşhur sərkərdəmiz Əliağa Şıxlinski Gəncədə milli
yunkerlər məktəbinin banisi oldu. Totalitar rejimin sərt məngənəsində ikinci dəfə
belə bir məktəbin 1971-ci ildə yaradılması Heydər Əliyevə qismət oldu. Əlbəttə, o
dövrün acı abı-havasını udanlar yaxşı bilirlər ki, həmin illərdə Milli zabit heyətinin
yetişdirilməsi üçün nəinki məktəb açmaq, hətta fikirləşmək belə böyük cəsarət və
risq tələb edirdi. Bütün zamanlarda xalqını düşünən Heydər Əliyev haqlı olaraq
millətimizin sonsuz məhəbbətinə layiq şəxsiyyətdir.
Cəmşid Naxçıvanski Kəngərli nəslindən olan axırıncı generaldır. Onun
general babaları Ehsanxan, Kəlbalı xan, Hüseynxan və İsmayılxan qoca yaşlarında
öz əcəlləri ilə vəfat ediblər. Tale Cəmşid xana cəmi 43 il ömür qismət elədi. Onun
da 26 ilini hərbi fəaliyyətdə keçirdi. Ömrünün ən qaynar çağında otuzuncu illərin
haqsız qurbanlarından biri oldu. Günahı da bu idi ki, qardaşı Davud xan və Kəlbalı
xan İranda şah qvardiyasında xidmət edirdi. Guya Cəmşid xan da başçılıq etdiyi
“casus təxribatçı dəstəsi” ilə onlarla sıx əlaqə saxlayırdı. Azərbaycanda şura
hökuməti qurulanda hər iki qardaş rəsmi şəkildə icazə alıb İrana getmişdilər.
Tezliklə İran ordusunda ad-san qazanıb yüksək rütbə almışdılar. Lakin otuzuncu
illərdə şahənşah onlara inamını itirdi. Səbəbi qardaşları Cəmşid xan
Naxçıvanskinin Qızıl Orduda briqada komandiri olması idi. Vaxtilə onların ata-
babaları rus qoşunlarının tərkibində İran ordusuna qarşı vuruşmuşdular. Görünür,
şahənşaha bu məlumat da çatdırılıbmış... Ona görə də şah onları güllələtdirdi. Bu
tayda, 1938-ci ilin mayında Cəmşid xan həbs edildi. Həmin il avqustun iyirmi
altısında güllələnəndə artıq 4 il əvvəl qardaşları İranda qətlə yetirilmişdi. Onda
C.Naxçıvanski Moskvada M.Frunze adına Ali Hərbi-Siyasi Akademiyanın ümumi
taktika kafedrasının rəisi kimi yüksək vəzifədə işləyirdi.
1938-ci il avqustun on ikisində “Sovet Hökumətinin qatı düşməni, müqəssir”
Cəmşid xan Naxçıvanskiyə olunan ittihamnamədən:
Birinci: - Azərbaycan Milli Mərkəzi adlanan Azərbaycan antisovet millətçi
təşkilatın fəal iştirakçısıdır. O, təşkilata Qarayev tərəfindən cəlb olunmuşdur.
İkinci: - Azərbaycanda Sovet hökumətinin devrilməsi planının
hazırlanmasında və Azərbaycanın Sovet İttifaqından ayrılmasında fəal iş aparmış,
Azərbaycanda hərbi üsyan planını şəxsən özü hazırlamışdır.
Üçüncü: - İran ordusunda xidmət edən qardaşı, mühacir Kəlbalı xanla əlaqə
saxlamışdır. Azərbaycanda üsyan başlanarkən mühacirlərindən ibarət kömək
məqsədilə qardaşına hərbi dəstələr göndərmək tapşırığını vermişdir.
Dördüncü: - 1931-ci ildə həbsdən azad olunduqdan
50
sonra Moskvaya
gələrək Qarayevlə yenidən əlaqə yaratmışdır. Azərbaycan Milli Mərkəzində
antisovet fəaliyyətini daha da gücləndirmiş və mərkəzin işlərində yaxından iştirak
etmişdir.
Beşinci: - Antisovet hərbi qəsdlə bilavasitə əlaqə saxlamış və onlara
Azərbaycan Milli Mərkəzinə konkret kömək göstərəcəyi barədə razılıq vermişdir.
Altıncı: - 1921-ci ildən 1926 cı ilə kimi cəsusluqla məşğul olmuş, Az.
Pambığının keçmiş sədri Məmməd Hacıyev vasitəsilə qardaşı Kəlbalı xana ordu
bərəsində /RKKA/ tam məxfi məlumatlar vermişdir.
Bu ittihamnamələrdən 14 gün sonra SSRİ Ali Məhkəməsinin Hərbi
Kollegiyası bağlı məhkəmə iclası keçirdi. Hərbi Kollegiyanın sədri V.V.Ulrixin və
3 nəfərin şahidliyi ilə cəmi 15 dəqiqə çəkən məhkəmə iclası saat 12.50-də general
Cəmşid xan Naxçvıvanskiyə ölüm hökmü oxudu. Hökm oxunandan sonra ona son
sözünü deməyi təklif etdilər. Döyülüb ağıryaralar almış Cəmşidxan kəkələyə-
kəkələyə danışmağa utandı. Bir də ki, şər və iftira dolu ölüm hökmü kəsiləndən
50
Cəmşid хаnı аntisоvеt millətçi təşkilаtın fəаl üzvü kimi birinci dəfə 1931-ci il fеvrаlın 22-də Zаqаfгаziyа Bаş
Siyаsi Idаrəсinin хüsusi şöbəsi Тiflisdə həbs еtmişdi - müəl.
sonra vida sözünü deməyi xan qururuna sığışdırmadı. Həmin gecə onu Moskvada
güllələdilər...
“Onun dalınca gecə gəldilər. Axtarış aparmaq üçün şahid gərək idi. Dalandar
şahidlik etməkdən boyun qaçırdı: “Kim olsaydı gedərdim, bircə Naxçıvanskidən
başqa. Mən onun gözünə necə baxaram?”. Həbs barədə orderlə qara “Emkada”
gələnlərdən biri pillələri tələsik qalxdı. Qapını açan ev sahibəsinə hövlanak dedi:
Qiymətli nəyiniz varsa, gizləyin”. Qızıl ordunun xan nəsilli briqada komandiri
Cəmşid Naxçıvanski pula, mala qətiyyən tamah salmayan bir insan idi.
Vidalaşarkən o, qızı Aliyənin yuxulu gözlərindən öpdü, arvadını bağrına
basdı: “Özündən və uşaqlardan muğayat ol. Mənim heç bir günahım yoxdur.
Tezliklə qayıdacağam” - dedi.
“O, uzun illər keçəndən sonra qayıtdı. Qayıtdı ki, xalqın yaddaşında əbədi
qalsın” /Qreqori Akselrod, “Xan nəsilli briqada komandiri”. “Nedelya” qəzeti
№17, 1988-ci il/.
Repressiya illərində haqsız güllələnən briqada komandiri Cəmşid xan
Naxçıvanski, diviziya komandiri Qambay Vəzirov, komissar Heydər Vəzirov,
Cabir Əliyev, polkovnik Cəlil Əliyev, Seyfulla Mehdiyev, Qalib Vəkilov və
Soltanhəmid Paşayevin sənədləri ilə tanış olanda, sağ qalan müasirlərindən
general-mayor Akim Abbasovun, professor Əyyub Əsgərovun və onların ailə
üzvlərinin xatirələrini dinləyəndə yanıb-yaxılırsan. Adamı yandıran odur ki, bu
igid komandirlərin fəaliyyətində yeni quruluşa qarşı hardasa zərrəcə inamsızlıq,
səhv və büdrəmələr tapa bilmirsən. Bəs haqsız qan niyə axıdılıb, onların ailələri
sürgünlərdə niyə min bir əziyyət çəkib? Stalinin əshabələri - Beriya, Bağırov belə
görkəmli hərbi xadimlərimizi qanlı “təmizləmə” maşınında niyə məhv ediblər?
Suallar, suallar...onlara cavab tapmaq çətindir.
Otuzuncu illərdə bağları doğradılar ki, bəylər salıb, bəhrəsini yemək olmaz.
Mülkləri uçurdular ki, ağalardan, xanlardan qalıb. Məscidləri bağlayıb Allahsızlar
ittifaqı yaratdılar. Oğulları həbs edib öldürdülər ki, nəsli bəy olub, xan olub.
Musavat hökumətinə qulluq edib.
Bu gün tarix bu səhvləri etiraf edərək otuz-qırxıncı illər dövründə və əllinci
illərin əvvəllərində repressiya qurbanlarına bəraət verir. Onların şərəfinə abidələr
ucaldır, küçələrə, meydanlara adları verilir. Nəhayət, gənc nəsil gec də olsa
görkəmli ata-babalarının xatirəsi önündə mənəvi borcunu yerinə yetirir.
Heç bir “casus-təxribatçı dəstəsi” olmayan (əslində belə bir dəstə yox idi),
İrandakı qardaşları ilə heç vaxt məktublaşmayan Cəmşid xan da o vaxt çox adi bir
hala çevrilən müdhiş cəzanın qurbanı oldu.
* * *
Haqqında söhbət açdığımız Kəngərlilərin xan nəsli Azərbaycan hərb tarixinə
qızıl səhifələr yazmış Cəmşid xanı 1895-ci ildə dünyaya bəxş etdi. O, 7 yaşına
çatanda anası Fərəntac xanımdan Azərbaycan dilində yazmağı, dayəsi Anna
İvanovna Nikolayevadan isə rus və fransız dillərində danışmağı öyrənmişdi. Rus
ordusunun zabiti olan atası Cəfər xan 8 yaşlı Cəmşidi Tiflisdəki yunkerlər
məktəbinə qoydu. 1914-cü il noyabrın 8-də onu Qərbi Ukraynadakı Yelizavetqrad
( indiki Kirovqrad -Ş.N.) qvardiya məktəbinə göndərdilər. 1914-cü ildə praporşik
rütbəsi ilə həmin məktəbi bitirdi. Birinci Dünya müharibəsi başlananda mperiyanın
müsəlman ailəsindən təşkil olunmuş tatar süvari eskadronunun komandiri təyin
olundu.
Cəmşid xan Naxçıvanski öz hərbi məharəti ilə ilk dəfə Birinci Dünya
müharibəsində ad-san qazanmışdı. “Brusilov cəbhəsi”nin yaranmasında iştirak
etmiş, “Müqəddəs Georgi” ordeninin dördüncü dərəcəsilə təltif olunmuşdu.
Avstriya və Rumıniya cəbhələrində üç dəfə yaralanan Naxçıvanski igid bir süvari
zabiti kimi 1916-cı ilin fevralından 1917-ci ilin yanvarınadək xidməti müddətində
gümüş silahla təltif edilmiş və ikinci, üçüncü və dördüncü dərəcəli “Anna”, ikinci,
üçüncü dərəcəli “Stanislav” ordenləri ilə mükafatlandırılmışdır.
Cənub-qərb cəbhəsi dağıdıldı. Ştabrotmistri Naxçıvanski başçılıq etdiyi
süvari alayı ilə birgə doğma Azərbaycana qayıtdı.
1918-ci il sentyabrın 15-də Türk qoşunları Azərbaycan Əlahiddə Korpusu ilə
birgə Bakını düşmənlərdən təmizlədi. Əlahiddə Korpusun sıralarında
Azərbaycanın müstəqilliyi uğrunda Cəmşid xan da inamla vuruşurdu... Füsunkar
Qarabağın Şuşa şəhərində yerləşən Cəmşid xan Naxçıvanskinin alayı 1920-ci ilin
martında daşnak tör-töküntülərinə və daxili düşmənlərə qarşı döyüş
əməliyyatlarında fəal iştirak etdi.
Azərbaycanda Sovet hakimiyyəti qurulandan bir neçə gün sonra Respublika
Xalq Komissarları Sovetinin sədri Nəriman Nərimanov Şuşaya təcili teleqram
göndərdi. O, alay komandiri Cəmşid Naxçıvanskiyə təklif edirdi ki, dərhal Bakıya
qayıtsın və Milli Ordu hissələrinin təşkilinə başlasın. Cəmşid Naxçıvanskinin
komandirlik etdiyi ikinci Qarabağ süvari polku könüllü olaraq sovet ordusu
tərəfinə keçdikdən sonra birinci fəhlə-kəndli polku adı ilə XI Ordunun tərkibinə
daxil edildi. Podpolkovnik Cəmşid xan Naxçıvanskinin özü isə ilk Azərbaycan
Birləşmiş Komanda məktəbinin rəis müavini, az sonra isə rəisi təyin olundu. İgid
komandir kimi ilk günlərdən ləyaqətlə xidmət edən C.Naxçıvanskiyə həmişə
müsbət xasiyyətnamələr verilmişdir.
İstedadlı sərkərdənin xalqına, Vətəninə sədaqəti, yüksək hərbi biliyi XI
Ordunun komandanı M.İ.Levandovski, Hərbi İnqilab Şurasının üzvü
S.Orconikidze, Azərbaycan Hərbi Dəniz Xalq Komissarı Əliheydər Qarayev
tərəfindən yüksək qiymətləndirilmişdir.
1921-ci il martın 14-də ordu komandanı M.İ.Levandovskinin Cəmşid
Naxçıvanskiyə verdiyi xasiyyətnamədə oxuyuruq:
“Korpus da daxil olmaqla bütün hissələrə operativ, taktiki cəhətdən
komandanlıq etməyə tam layiqdir... Sakit, təmkinli, fəal və təşəbbüskardır...
Azərbaycan MİK-in və Zaqafqaziya MİK-nin tərkibinə seçilmişdir. Diviziya
komandirliyi vəzifəsinə tam uyğundur”.
İllər keçdi. Qızıl Ordunun məşhur komandanlarından biri olmasına
baxmayaraq, otuz yeddinci ilin qara tufanlarında M.İ.Levandovskiyə də inam,
etibar azalıb yox dərəcəsinə endi. 1938-ci ilin martında onu həbs etdilər. Martın
23-də çekistlər ondan zor gücünə Cəmşid xanın əleyhinə belə bir ifadə aldılar:
“Mənim Cəmşid xan Naxçıvanski ilə 1927-ci ildən yaxın dostluq əlaqəm
vardır. Elə o zaman - 1927-ci ildə Naxçıvanski Azərbaycan MK-nın keçmiş katibi
Qarayev ( Əliheydər Qarayev - Ş.N.) tərəfindən burjua-millətçi əksinqilabi
təşkilata cəlb olunmuşdu. Bu barədə mənə şəxsən Qarayev özü demişdi. Eyni
zamanda o, mənə bilmirmişdir ki, Naxçıvanskinin nüfuzunu orduda artırmaq üçün
onu Sov.İKP sıralarına keçirmək lazımdır.
Qarayev öz kabinetində mənə kollektivin zəmanətini öz imzası ilə
hazırlamışdı. Xatırlaya bilmirəm, deyəsən Bakı şəhər partiya komitəsinin keçmiş
katibi Levon Mirzoyan da ona imza atmışdı. Az.KPMK-nın Naxçıvanskiyə həsr
olunmuş iclasında qərar qəbul olunmuşdu ki, mən “şəxsən” açıq şəkildə onunla
söhbət aparmalıyam.
Mən Cəmşid xan Naxçıvanskini “Avropa” mehmanxanasına öz yanıma
çağırdım. Ona aid olan ittihamların hamısını dedim. Yəni ki, onun qubernator
işləyən əmisi ilə əlaqələri və casusluq işləri barəsində danışaraq ittiham etdim.
Naxçıvanskini qorxutduqdan sonra mən ona mənimlə birgə keçmiş zabitlərin
əksinqilabi təşkilatın üzvü kimi işləməyi təklif etdim. Naxçıvanski razılıq verdi.
Mən ona məsləhət gördüm ki, şübhələri öz üzərindən götürmək üçün yığıncaqlarda
çıxış etmək, riyakarlıq edərək sözdə Sovet hökumətini müdafiə etmək mövqeyində
durmalıdır. Bundan sonra Naxçıvanski mənə bildirdi ki, onun tərəfindən təşkilata
Azərbaycan alayının keçmiş komandiri Veysov
51
və digərləri də cəlb olunmuşlar”.
* * *
Milli diviziya yaratmaq işindəki fəallığına görə Cəmşid xan Naxçıvanskiyə
1921-ci il dekabrın 19-da Azərbaycan Hərbi Dəniz - Xalq Komissarlığı təşəkkür
elan etmiş və mükafat olaraq ona gümüş dəstəkli qılınc hədiyyə vermişdi. O, yeni
yaradılan Azərbaycan dağatıcı diviziyasına komandir təyin olundu.
1923-cü ildə Moskvadakı qısa müddətli Ali Akademiya kursuna göndərilən
Cəmşid xan Naxçıvanski 1924-cü ilə qədər orada hərbi təhsil almışdı.
Ön cərkədə soldan oturanlardan 3-cü C.Naxçıvanski, ayaq üstə soldan 3-cü
polkovkik Murtuz Talıbzadə Azərbaycana qayıdandan sonra yenidən diviziya
komandiri təyin edilmişdi. Üç il sonra o, ikinci dəfə Hərbi Akademiyaya oxumaqa
göndərilmiş və 1928-ci ildən 1929-cu ilədək məşhur generalımız Əliağa
Şıxlinskinin təşəbbüsü ilə Azərbaycan dilində nəşr olunan “Hərbi bilik” jurnalının
redaktorlarından biri olmuşdur.
Mərhum general Agim Abbasov vaxtilə Naxçıvanskinin komandir olduğu
diviziyada xidmət edib. Onun dediklərindən:
- Cəmşid Naxçıvanski qətiyyətli komandir idi. Onun gözəl cizgili siması,
səliqəylə yana ayrılıb daranmış qara saçları və qalın qaşları altında açıq, aydın
baxışları indi də gözümün önündədir. O, yaraşıqlı qaməti, hərbçilərə məxsus
dəyanəti ilə müasirlərindən seçilirdi. Biz - Cəmşid Naxçıvanskinin diviziyasında
xidmət edənlər, bu istedadlı sərkərdədən hərbi peşənin sirlərini öyrənmiş
komandirlər onu iftixarla xatırlayırıq. Biz bu gün də keçmiş ənənələrə görə onu
“Xan Naxçıvanski”, döyüş təxəllüsünə görə “Şamo” deyə yad edirik. Xanlar
51
Pоlkоvnik Мəmməd Кərim оğlu Vеysоv (1900-1972) М.V.Frunzе вə V.I.Lеnin аdınа Аli Hərbi Аkаdеmiyаnı
bitirmişdir. Оtuz yеddinci ildə həbs оlunmuş, günаhsız оlаrаq dоqquz il Sibir sürgünü çəkmişdir - müəl.
rayonu ərazisində iki kilometr cənub-şərqdə yerləşən dağı biz komandirlər və qızıl
əsgərlər, həmçinin yerli sakinlər komandirimizə ehtiram əlaməti olaraq “Xan
Naxçıvanski dağı” adlandırırdıq. Cəmşid xan komanda məntəqəsini bu dağda
qurmuşdu. Buranın relyefi elədir ki, həmin dağdan ətrafda, Azərbaycan
diviziyasının təlim meydançaları aydın görünürdü.
Cəmşid Naxçıvanski hərtərəfli mütəxəssis, siyasi cəhətdən hazırlıqlı, hərb
işinə sədaqətli zabit idi. Məhz bu yüksək keyfiyyətlərinə görə 1923-cü ildə Hərbi
İnqilab Şurasının əmri ilə Cəmşid Qızıl Ordunun Ali Komanda Heyəti kursuna
dinləyici qəbul olundu. Bu kursu müvəffəqiyyətlə bitirən Naxçıvanski 1931 -ci
ildən M.V.Frunze adına Ali Hərbi Siyasi Akademiyanın xüsusi qrupunda təhsilini
davam etdirdi. Buranı da fərqlənmə diplomu ilə başa vuran Cəmşid Naxçıvanski
Xalq Müdafiə Komissarının əmri ilə akademiyada müəllim saxlanıldı.
Həmin dövrdə C.Naxçıvanskiyə verilmiş attestasiya sənədində oxuyuruq:
“C.Naxçıvanskiyə əvvəllər verilən müsbət rəylər öz qüvvəsində saxlanılsın.
O, hər cəhətdən inkişaf etmişdir. Cəmşid Naxçıvanski hərbi təlimlərdə, operativ
taktiki təlimatlarda özünü bacarıqlı sərkərdə kimi göstərmişdir. C.Naxçıvanskidən
korpus komandiri kimi də istifadə etmək olar... O, təmkinli, sakit təbiətlidir,
tükənməz enerjiyə malikdir, təşəbbüskardır, gözəl inzibatçıdır, yaxşı təşkilatçılıq
qabiliyyəti vardır...”
Bu da Hərbi Akademiyanın kurs rəisi və komissarı, sonralar Sovet İttifaqı
marşalı Boris Şapoşnikovun həmin attestasiyanın təsdiqi barədə rəyi:
“Cəmşid Naxçıvanskinin attestasiyası ilə razıyam, atıcı diviziyasının
komandiri vəzifəsinə münasibdir”.
Vaxtilə süvari qoşunun qızğın pərəstişkarı olan Cəmşid xan orduda bu
qoşun növünə vətəndaş müharibəsinin təəssüratı ilə həddən artıq aludə olanlarla
razılaşmır. Akademiyanın dinləyicilərini köhnəlmiş şablonlardan tezliklə yaxa
qurtarmağa çağırırdı. Sübut edirdi ki, gələcək müharibədə cinahların dövrələnməsi
üstünlük təşkil edəcək; döyüş meydanlarında o kəs qalib gələcək ki, müxtəlif
qoşun növlərinin qarşılıqlı fəaliyyətini təmin edə bilsin, döyüşün idarə olunmasına
yaradıcı şəkildə yanaşmağı öyrənsin. Toxum münbit zəminə düşmüşdü. Lakin bu
toxumun cücərməsi...”
52
Bəli, nadanlar, şər və iftira düşgünləri bu toxumun cücərməsinə imkan
vermədilər. Onun tərbiyə edib yetirdiyi müdavimləri - S.Biryuzov, A.A.Qreçko,
P.F.Batistki marşal rütbəsinə çatdılar. Özü isə günahsız məhv edildi. Onun
fəaliyyətinə verilən xasiyyətnamələrlə, rəylərlə tanış olandan sonra Cəmşid
Naxçıvanskinin “xalq düşməni” olmasına inanmaq çox çətindir. Bu, ağa qara
demək kimi bir şeydir. Ona görə də polad kimi əyilməyən Cəmşidi sındırdılar.
Lakin o, istintaqda heç bir iftiranı boynuna almayıb, özünün günahsız dostlarını
satmayıb, xalqının, nüfuzlu nəslinin adını ləkələməyib.
İllər keçdi. Başqaları kimi sonralar ona da bəraət verildi. Vaxtilə haqqında
ürək dolusu ilə danışa bilmədiyimiz bu görkəmli komandir haqqında gənc nəslə
52
Аksеlrоd. Göstərilən оçеrk.
məlumat vermək imkanı yarandı. İndi onun adına Bakıda Hərbi litsey var. Boya
başa çatdığı Naxçıvanda isə ev muzeyi açılmışdır.
Bakı Dövlət Universitetinin müəllimi, hüquq elmləri doktoru, professor
Əyyub Əsgərov vaxtilə yetmiş yeddinci Azərbaycan atıcı diviziyasının sıralarında
zabit kimi xidmət edib. O, istedadlı sərkərdə Cəmşid xan Naxçıvanskinin son
günlərinin şahidi olub:
- 1937-ci ilin payızında Sankt-Peterburqda keçirdiyim məzuniyyətdən geri
qayıdırdım. Moskvada hərbi kursda oxuyan yoldaşlarımla görüşmək üçün Frunze
adına Akademiyaya getdim. Yaxın dostum və Akademiyanın müdavimi Hacıbaba
Zeynalovun qonağı oldum, həmyerlilərimiz Cəlil Əliyev, Əhmədəli Əliyev,
Bayram Şıxıyev, Fərhad Şahbazov və başqaları ilə də burada görüşdüm.
Bir gün Hacıbaba Zeynalovun otağında şam yeməyinə toplaşmışdıq. Bu vaxt
C.Naxçıvanski otağa girdi. Biz hamımız ayağa qalxdıq, ehtiramla, rəsmi təzim
edərək onu salamladıq. Görkəmli sərkərdə hər birimizlə ayrı-ayrılıqda görüşdü.
Üz-gözündə xoş təbəssüm cilvələnirdi... O, 77-ci Azərbaycan atıcı diviziyasında
xidmət etdiyimi biləndə məni söhbətə tutdu. Azərbaycan xalqının həyatı ilə
yaxından maraqlandı, diviziyanın siyasi döyüş hazırlığı sahəsində əldə etdiyi
uğurlar barədə məlumatları çox diqqətlə dinlədi və ürəkdən sevindi. O, Vətənin
müdafiə qüdrətini daim möhkəmləndirməyin, dövrün tələblərinə uyğun olaraq,
yüksək bilikli kadrlar hazırlanmasının, xüsusilə yeni texnikaya yiyələnməyin vacib
olduğunu bildirdi. Sonra: “Oğul, bizim xalqımıza yaxşı hazırlıqlı kadrlar lazımdır”,
- dedi. Gedərkən hamıya müraciət etdi: “Bu ali hərbi məktəb - Akademiya əsl siz
gənclərin yeridir, sizin üçündür, əfsus ki, bizim nümayəndələrimiz burada çox
azdır”. Üzünü mənə döndərdi: “Çalışın, qoçaq olun, mən elə sizi də burada görmək
istərdim”.
* * *
Xan nəsilli generalın Naxçıvandakı ev muzeyində 1898-ci ildə çəkilmiş
köhnə bir şəkli var. Tən ortada oturmuş ana - Fərəntac xanım körpə qızını bağrına
basıb. Yanında şux qamətli üç oğlu - Ehsan xan, Kəlbalı xan və Cəmşid xan
əyləşib. Çərkəzi geyimdə olan üç qardaşın duruşundan yaşlarına uyuşmayan
ciddilik, mərdanəlik və vüqar oxunur. Həyatın hələ dinclik və rahatlıq dövrüdür.
Yastığın üstündə oturan 2 yaşlı Cəmşid xan uşaqlara məxsus heyranlıqla obyektivə
baxır. Dünyaya uşaq marağı ilə baxan, 2 ildən sonra başlanacaq yeni əsrdə onu
nələr gözlədiyindən hələ bixəbərdir. Dünyanın inqilab tufanı, həyat qasırğası və
müharibənin alovları balaca Cəmşidi 16 il sonra polad kimi bərkitdi... Hələ
qarşıdakı həyat faciəsinə bir qərinədən çox qalırdı. Elə bir faciə ki, orada Cəmşid
xan yox, onun qardaşları Ehsan xan, Kəlbalı xan və hansı təsadüfdənsə bu
fotoşəklə düşməyən Davud xan da məkr və böhtanın qurbanı olacaq.
1920-ci ilin iyulunda Cəmşid xanın xidmət etdiyi ikinci Qarabağ süvari alayı
Şuşada yerləşirdi. Podpolkovnik Naxçıvanski nizami hissə üzrə müavin idi. Bir
gün gecədən xeyli keçmiş qaldığı evin qapısı döyüldü. Qardaşı Ehsan xan onun
qonağı idi. Yaşda ondan kiçik olan Ehsan xan da peşəkar hərbçi idi. O, Moskvada
zadəgan balalarına məxsus kadet korpusu məktəbini bitirmişdi. Bir müddət Ulan
alayında xidmət etmişdi. Azərbaycan ordusunda isə Bakıda Nazirlər Soveti
yanında süvari alayının komandiri olmuşdu. İndi isə 3-cü Şəki süvari polkunda
Qərargah zabiti idi. Göstərdiyi qəhrəmanlığa görə Ehsan xanın da rütbəsi
podpolkovnikə çatmışdı. Cəmşid xan böyük qardaş kimi onun şücaətinə,
döyüşlərdə aldığı ordenə və rütbədə sürətlə irəliləməsinə çox sevinirdi.
Podpolkovnik Ehsan xan Qarabağı daşnaklardan qorumağa gəlmişdi. Azərbaycana
soxulan silahlı bolşeviklər hər şeyi tar-mar eləmişdi. Azərbaycan hökuməti
buraxılmış, ordusu dağılmışdı. Bolşeviklər Bakıda və Gəncədə talan həftəsini
yenicə qurtarmışdılar. Amma musavat əsgər və zabitlərinin sorğu-sualsız
güllələnməyi hələ də davam edirdi. Qapı döyüləndə Ehsan xan hamıdan tez ayıldı.
Cəmşidin oyanmasına qıymayıb durub qapını açdı. Bolşevik-daşnak əsgərlərinin
tüfənglərindəki süngülər ay işığında parıldadı. Taxta qoburlu mauzeri olan daşnak
zabiti soruşdu: “Cəmşid xan Naxçıvanski sizsiniz?” Ehsan xan dərhal məsələni
anladı. Bir anlığa ləngidi, kandarı o tərəfə adlayıb qapını bağladı. “Bəli, Cəmşid
xan mənəm” - dedi.
Onu şəhərin kənarına aparıb musavat zabiti olduğuna görə sorğusuz-sualsız
güllələdilər...
Otuzuncu illərin axırlarında isə İran ordusunda xidmət edib yüksək rütbələrə
çatan Davud xanı və Kəlbalı xanı şah öz əli ilə qvardiyaçılarına güllələtdi. Çünki
bu taydan gedən bolşevik-daşnak donoslarına əsaslanan şah, igid Kəngərli
qardaşlarına inamını itirmişdi.
Dörd qardaşdan heç biri otuzuncu illərin tufanlarından salamat çıxmadı...
Dostları ilə paylaş: |