AİLƏNİN BƏXT ULDUZU
Arvadla kişini bağlayır kəbin
Bu işə yol verir şəriət, ayin.
Mənimsə kəbinim bir rübaidir,
Varmı bu kəbinə yol verən bir din?
Məhsəti GƏNCƏVİ,
XII əsrin məşhur şairəsi
Arxiv sənədlərində general İbrahim ağa Vəkilovun hərbi to-
poqrafiya sahəsində qeyrət və vicdanla çalışmasına aid maraqlı
sənədlər, rəylər vardır.
Bir şəhadətnamə də diqqətimi cəlb edir: o, 1928-ci il iyulun
30-da Azərbaycan SSR Xalq İctimai Təminat komissarı Muxtar
Hacıyev tərəfindən verilib:
“Bununla təsdiq edirəm ki, hərbi-topoqraf İbrahim ağa Vəki-
lov, mən Azərbaycan MİK-in sədri olarkən, bir neçə dəfə müxtəlif
komissiyalara üzv seçilib, eləcə də Azərbaycan və Ermənistan
respublikalarının sərhədi təyin ediləndə və ümumiyyətlə, Azər-
baycan MİK yanında müxtəlif işlərdə iştirak etmişdir. Yoldaş
Vəkilov ixtisasını qəlbən sevir, üzərinə düşən vəzifəni vicdanla,
ləyaqətlə və səliqəli yerinə yetirirdi”.
Şair Mənsur Vəkilovun yaddaşından:
1952-ci ildə Azərbaycan Respublikasının Səhiyyə nazirinin
müavini işləyən atam Fəxri Məmmədrza ağa oğlu Vəkilovla bağ-
lı maraqlı bir hadisəni indi də unuda bilmərəm. Gecə yarısı
qəfildən qəbuluna çağıran Stalinin qəddar silahdaşı Mircəfər Ba-
ğırov elə qapının astanasında sərt səslə atamdan soruşmuşdur:
“General Vəkilov sənin qohumundur?” Bu qəfil çağırışdan yaxşı
heç nə gözləməyən rəngi saralmış atam “bəli” cavabını verir. Bir
az mülayimləşən Bağırov səsinin ahəngini yumşaldıb demişdir:
“Niyə həyəcan keçirirsən? Belə qohumla ancaq fəxr etmək olar.
Bu yaxınlarda bizim sərhədlərimiz haqqında mən ermənilərlə
Şəmistan Nəzirli
339
mübahisə edirdim. Vəkilovun xəritəsini tapıb əyani olaraq onla-
ra sübut etdim ki, sizin mübahisə etdiyiniz torpaqlar bizimdir”.
Bu, əlbəttə, o dövrün dəhşətli möcüzəsi idi: bunları o adam
deyirdi ki, general İbrahim ağa Vəkilovun iki oğlundan birini –
polkovnik Qalib bəyi güllələtmişdi, mühəndis Faris bəyi isə on
səkkiz illik Sibir sürgününə göndərmişdi.
1933-cü il noyabrın 29-da qocaman generala Azərbaycan SSR
Xalq Komissarlığı fərdi təqaüd kəsmişdir.
* * *
Ömrünün çoxunu Tiflisdə yaşayan və işləyən İbrahim ağa
Vəkilov 1884-cü ildə rus qızı Yelena Yefimovna Yermolayeva ilə
ailə həyatı qurmuşdur. Bir-birini sevərək xoşbəxt ailə həyatı qu-
ran gəncləri imperator Üçüncü Aleksandrın ədalətsiz qanunu
çıxılmaz vəziyyətdə qoymuşdu. Çarın qanununda deyilirdi ki,
müsəlmanın rus qızına evlənməyi qəti qadağan olunur. Əks təq-
dirdə müsəlman oğlanı rus qızına evlənərsə, o, mütləq öz islam
dinindən çıxıb, xristianlığı qəbul etmirsə, valideynlik hüququn-
dan məhrum olunur. Vəziyyətdən çıxış yolu axtaran İbrahim
ağa Vəkilov imperator III Aleksandrın müqəddəs Sinoduna, yəni
ruhanilər məclisinin oberkuryerinə – məşhur Pobedo nostyevə
müraciət etməli olur. O, xahiş edir ki, xristian dinini qəbul etməyi
ona məcbur etməsinlər və kəbini qanuniləşdirsinlər. Çarın sadiq
nökəri Pobedonostyev qəti etirazını bildirir, hətta onun üzərinə
hücum edib təqsirləndirərək deyir ki, siz rus qızı ilə kəbin
kəsdirməyi heç xəyalınıza belə gətirməyin. Biz sizdən uşaqları
belə alacağıq, sizin onlara atalıq etməyə hüququnuz yoxdur.
Nəhayət, 1891-ci ildə bu gənc ailənin bəxt ulduzu doğdu.
Tale sanki özü onların xoşbəxtliyini himayəçiliyinə götürdü.
Həmin ili kapitan İbrahim ağa Vəkilov çarın xüsusi əmri ilə ən
yaxşı topoqrafiya mütəxəssisi kimi Türkiyəyə ezam olundu.
İki il sonra, 1893-cü ildə İbrahim ağa ilə Yelenaya bolqarıstan-
lı keşiş Georgi Misarov qanuni kəbin kəsdi. Bu vaxt ər otuz doq-
quz, arvad isə otuz iki yaşında idi. Artıq onun ailəsi də böyü-
General Əli ağa Şıxlinski və silahdaşları
340
müşdü: ailənin böyük oğlu Boris bəyin yeddi, kiçik oğlu Qleb
bəyin isə altı yaşı vardı.
General İbrahim ağa Vəkilov böyük şairimiz Səməd Vurğu-
nun əmisi oğludur. Şairin qardaşı Mehdixan Vəkilov “Mənim
qardaşım” xatirə povestində yazır:
“Səməd Vurğunun general İbrahim ağa ilə axırıncı söhbəti
(general İ.Vəkilov 1934-cü il iyunun 2-də vəfat edib – Ş.N.) onun ar-
vadı Yelena Yefimovnanın öz oğlanlarının islam dinini qəbul
etmələrinin mümkünlüyü barədə L.N.Tolstoydan məsləhət istə-
məsi haqqında göndərdiyi məktub və aldığı cavab ətrafında ol-
muşdur”.
Lev Tolstoya məktub
Qəlbimizdə Allahın nuru vardır.
Onun da adı vicdandır.
Lev Tolstoy
Aradan altı il keçdi. Ancaq nə İbrahim ağanın ata ürəyi sakit
olur, nə də Yelena Yefimovnanın ana qəlbinin narahat döyüntüləri
kəsilirdi. Onların intizarının əsas səbəbi oğlanların hansı dinə
qulluq etmələri idi. Tale onlara üçüncü övlad da bəxş etmişdi.
Reyhanın artıq on üç yaşı vardı. Hara gedib, kimdən ağıllı bir
məsləhət almalı? Rəsmi dövlət idarələri və din xadimləri çıxıl-
maz vəziyyətdə qalan ailəyə bu barədə kömək edə bilmirdilər.
Generalın Peterburq Texnologiya İnstitutunda təhsil alan bö-
yük oğlu Borisi, Moskvadakı Alekseev Hərbi Məktəbində oxu-
yan Qlebi də bir sual düşündürürdü: Mən kiməm, hansı millətə
məxsusam? Bu izahedilməz sual qarşısında qalan hər iki qardaş
tez-tez ana-ataya müraciət edirdilər.
Faris bəy Vəkilovun söhbətindən:
– Mənim on doqquz yaşım tamam oldu. Dərs məşğələləri ilə
bərabər Məhəmmədin dininə keçmək fikri də məni tərk etmirdi.
1904-1905-ci illərdəki şərait bu niyyətimin həyata keçməsinə
kömək etməli idi. Bədniyyətli Rusiya-Yaponiya müharibəsi, xalq
Şəmistan Nəzirli
341
kütlələri arasındakı inqilabi əhvali-ruhiyyə çar hökumətini bəzi
liberal qərarlar verməyə məcbur etdi.
1904-cü ildə “Din azadlığı haqqında manifest” nəşr olundu.
Orada hər hansı bir səbəbdən ata-baba dinindən dönmüşlərə
yenidən o dinə qayıtmalarına icazə verilirdi. Adama elə gəlirdi
ki, müvafiq ərizə vermək kifayətdir ki, bununla da məsələ həll
olunsun. Təcrübəli adamlar, o cümlədən mənim valideynlərim
Peter burqa gəlişimin birinci ilində pravoslav dininin müdafiə-
çilərinin bilavasitə yaxınlığında bu məsələni qaldırmağı məsləhət
görmədilər. Anamın Lev Tolstoya məktubunda da bu ehtiyat öz
əksini tapmışdı. Xoşagəlməz hadisələrdən yaxa qurtarmaq məq-
sə dilə mənim niyyətimin həyata keçirilməsini bir qədər ləngitməli
olduq.
Ata – İbrahim ağa Vəkilov və ana – Yelena Yefimovna belə
qərara gəldilər ki, müdrik yazıçı Lev Tolstoydan başqa heç kəs
bu ciddi ailə məsələsinə ağıllı cavab verə bilməz. Ona görə də
1909-cu il martın ikisində Tiflisdən Yelena Vəkilova yazırdı:
Bizim dərin istəkli müəllimimiz
Lev Nikolayeviç!
Öz məktubumla Sizi narahat etdiyimə görə, Sizin qarşınızda
üzrxahlıq üçün söz tapa bilmirəm. Bilirəm ki, mənim kimi Sizdən
məsləhət almaq istəyənlər çoxdur, bütün bunlara baxmayaraq
mən də sizə müraciət edirəm. Çünki həyat mənim qarşımda gü-
cüm çatmaz bir məsələ qoymuşdur.
Mən çalışacam ki, istədiyimi qısaca izah edim. Mənim əlli ya-
şım var, üç uşaq anasıyam, ərim müsəlmandır, ancaq kəbinimiz
qanunidir. Uşaqlarımız pravoslav (xristian) dininə etiqad edirlər.
Qızım on üç yaşındadır. Oğlanlarımdan birinin iyirmi üç yaşı
var. O, Peterburq Texnologiya İnstitutunun tələbəsidir. O birinin
iyirmi iki yaşı var. Moskvadakı Alekseyev Hərbi Məktəbinin
yunkeridir. Bax, bu oğullarım atalarının dini etiqadına, daha
doğrusu, müsəlmanlığa keçmək üçün məndən icazə istəyirlər.
Mən nə etməliyəm? Mən bilirəm ki, indi bu, mümkündür və
General Əli ağa Şıxlinski və silahdaşları
342
həmçinin bizdə yaşayan yadellilərə pis münasibəti də bilirəm.
Onlarda bu fikrin oyanmasına səbəb xırda həyati məsələlər de-
yil: nə maddi təminat, nə də mənsəbpərəstlik onları bu işə təhrik
edir. Ancaq qaranlıqda qalan tatar (Azərbaycan – Ş.N.) xalqına
kömək etmək məqsədini güdürlər. Xalqa qovuşmağa, xalqa ya-
naşmağa din onlara mane olur. Amma mən qorxuram ki, bu dar
düşüncəli məsləhətimlə onları pis məqsədə təhrik edəm. Mən öz
dərdlərimlə tənhayam. Ah, əgər mən əzablarımı və mübarizəmi
yaza bilsəydim... Mən məktubumu öz övladlarını dəlicəsinə
sevən bir ananın göz yaşları ilə yazıram. Budur, əzabdan ağlımı
itirmiş halda sizdən məsləhət almaq qərarına gəldim. Siz, yalnız
Siz öz ağlınızla həyatımızın hazırkı şəraitində bunun nə ilə
nəticələnəcəyini duya bilərsiniz. Sizə mənim dərdim kiçik və xır-
da görünə bilər. Ancaq bu, mənə dəhşətli əzablar verir.
Lev Nikolayeviç, Siz bizə, biz balaca adamlara heç vaxt
ürəkdən gələn dəyərli məsləhətlərinizi əsirgəməmisiniz. Bunu
bildiyim üçün cəsarət edib Sizi öz xahişimlə narahat etdim. Məni
təsəlli oduna atın.
Çox-çox üzr istəyirəm ki, Sizin qiymətli vaxtınızı aldım. Bu
addımı atmağa məni məcbur edən dəlicəsinə analıq sevgisidir.
Bütün qəlblə Sizə sadiq olan
Yelena Yefimovna Vəkilova.
Tiflis şəhəri, Uçebnıy pereulok 1, ev 8
1
1909-cu il martın on beşində Yasnaya Polyanadan göndərdiyi
cavab məktubunda dahi sənətkar yazırdı:
Yelena Yefimovna Vəkilovaya
Sizin oğullarınızın Tatar xalqının maariflənməsinə kömək
etmək arzusunu təqdir etməyə bilmərəm. Belə olduğu halda
Məhəmmədin dinini qəbul etməyin nə dərəcədə lazım olduğunu
da deyə bilmərəm. Ümumiyyətlə, Sizə deməliyəm ki, hökuməti
etiraf etmədən, adamın hansı dinə mənsub olması barədə kimə
1
Hazırda həmin küçə Uş.Çxeidze adlanır – Ş.N.
Şəmistan Nəzirli
343
olursa olsun, məlumat verməsini artıq hesab edirəm. Elə buna
görə də Sizin oğullarınızın islam dinini pravoslavdan üstün tuta-
raq qəbul etmələri, yəni bir dindən başqa dinə keçmələri barədə
kiməsə məlumat vermələri gərək deyildir.
Bəlkə bu, zəruridir, lakin mən bu haqda bir şey deyə bilmərəm,
ona görə də Sizin övladlarınız bu haqda lazımi hökumət orqan-
larına xəbər verib-verməmələri barədə özləri qərar qəbul etmə-
lidirlər.
Müsəlmançılığın pravoslavlıq qarşısındakı üstünlüyünə və
xüsusilə Sizin övladlarınızın xidmət etdikləri məqsədin alicənab-
lığına gəlincə, bu hərəkətə bütün qəlbimlə rəğbət bəsləyirəm.
Xristian idealı və təlimini onun həqiqi mənasında hər şeydən
üstün tutan bir adam üçün bunu demək nə qədər qəribə olsa da
deməliyəm ki, müsəlmançılığın öz xarici formasına görə kilsə
pravoslavlığından müqayisəolunmaz dərəcədə yüksəkdə dur-
ması məndə heç bir şübhə doğurmur. Belə ki, əgər bir kəsin qar-
şısında kilsə pravoslavlığına, yoxsa ki, islam dininə sitayiş etmək
yollarından hansını seçmək məsələsi qoyularsa, onda hər bir
ağıllı adam, mürəkkəb və anlaşılmaz ilahiyyatın – üçsifətli alla-
hın, günahın bağışlanması mərasiminin, dini ayinlərin, İsanın
anasına yalvarışının, müqəddəslər və onların şəkillərinə saysız-
hesabsız ibadətlərin əvəzinə bir ehkamı vahid Allahı və pey-
ğəmbəri olan islam dinini, şübhəsiz ki, üstün tutar. Bu, başqa cür
ola da bilməz, çünki xristian təliminin mahiyyətini qaranlıqlaş-
dıran və kilsəyə daxil olan bir çox mövhumi mərasimlərin olma-
ması baxımından və xristianlıqdan 600 il sonra meydana çıxması
baxımından müsəlmançılıq xristianlıqdan üstün durmaya bil-
məz. Ayrı-ayrı fərdlərin, bütün insanlığın və bütün insanların
həyatının əsasını təşkil edən dini şüurun təkmilləşdiyi kimi,
həyatda hər şey inkişaf edir və təkmilləşir. Dinin təkmilləşməsi
isə onun sadələşməsindən, aydınlaşmasından və onu müəmmalı
edən hər şeydən azad olmasından ibarətdir. Dini həqiqətin onu
əmmalı edən hər vasitədən azad edilməsi ən qədim zamanlar-
dan bəri, bütün böyük dinlərin əsasını qoyan bəşər mütəfəkkirləri
General Əli ağa Şıxlinski və silahdaşları
344
tərəfindən həyata keçirilmişdir. Beləliklə, bizə məlum olan bü-
tün dinlərin hamısından əvvəl belə yüksək, uca din anlayışı Ve-
dının (Hindistanda) kitablarında, sonralar Moiseyin, Buddanın,
Konfutsyanın, Lao-Tsenin, Xristian və Məhəmmədin təlimlərində
verilmişdir. Dini onun köhnə, kobud mənasından azad edib,
daha dərin: sadə və həqiqətlərlə əvəz edən bütün bu təzə din
xadimləri böyük adamlar olublar, lakin məhz böyük adamlar
olublar, lakin məhz böyük adam olduqlarındandır ki, həqiqəti
olduğu kimi, bütün aydınlığı, dərinliyi və saflığı ilə keçmiş yan-
lış fikirlərindən azad şəkildə ifadə edə bilməyiblər. Bu adamların
səhv edə bilməyəcəkləri, onların bütün dediklərinin təkzibolun-
maz əsl həqiqət olduğu güman edilsə də, onların özlərindən çox-
çox aşağıda duran şagirdləri həqiqəti bütün dərinliyi ilə dərk
etmədən, təbiidir ki, onu daha dəbdəbəli və hamı üçün mütləq
etmək arzusu ilə ona çoxlu lazımsız əlavələr, ələlxüsus, əcaib
ünsürlər daxil etdiklərindən, əksəriyyət üçün həqiqəti vacibliyi
ilə görmək çətin olur. Həqiqətin din tərəfindən belə təhrifi nə
qədər çox etiraf edilmişdirsə, bu təhriflər o qədər də çox artmış,
nəticədə din xadimləri tərəfindən kəşf olunmuş əsl həqiqət qa-
ranlıqlaşmışdır. Elə buna görə də ən qədim dinlərdə həqiqəti
gizləyən möcüzə və mövhumatlar hər şeydən çoxdur: bu, ən çox,
ən qədim dində, Oramin dinində, ondan az yəhudi dinində, on-
dan da az Budda Konfutsiya, Taosist dinlərində, daha az Xristian
dinində, nəhayət, lap az və axırıncı böyük din olan İslam dinin-
dədir. Odur ki, müsəlmanlıq bu baxımdan ən əlverişli şəraitdədir.
İslam dini onda xarici, qeyri-təbii nə varsa, hamısını atsa və
öz bünövrəsinə Məhəmmədin dini – mənəvi təlimin əsaslarını
qoysa, təbiidir ki, bütün böyük dinlərin əsasları, ələlxüsus, həqi
-
qəti etiraf edən xristian təliminin əsasları ilə birləşir. Sizə belə
uzun-uzadı ona görə yazıram ki, siz mənim fikirlərimi oğulları-
nıza çatdıracaqsınız və bu fikirlər onların gözəl məramlarının
həyata keçməsinə yarıya bilərlər. Dinin mahiyyətini təşkil edən
həqiqətlərin böyük onu qaranlıqlaşdıran hər şeydən təmizlən-
məsinə təsir etmək insan fəaliyyətinin ən yaxşı növlərindən biri-
Şəmistan Nəzirli
345
dir. Əgər Sizin övladlarınız bu fəaliyyəti həyat məqsədləri hesab
etsələr, onda onların həyatı dolu və tam olacaq.
Bilmirəm, müsəlmançılıqda mənə məlum olan, ali əsas həqi-
qət ləri gizlədən yanlış fikirlərdən və mövhumatlardan azad
edilməsinə xidmət edən iki təlim Sizə və Sizin övladlarınıza mə-
lu mdur, ya yox. Buna görə, hər iki təlim təqibə məruz qalıb, indi
də məruz qalır. Bu təlimlərdən biri İranda yaranmış, sonra Tür-
kiyəyə keçmiş və orada təqibə məruz qalan Babistlər təlimi indi-
ki Akkedə yaşayan Baqo-Ullanın oğluna səfərbər olub.
Ancaq bütün insanlıq üçün vahid olan məhəbbət dinini qəbul
edən bu təlim, ibadətin heç bir xarici formasını qəbul etmir. İkin-
ci təlim Kazanda meydana çıxıb. Onun tərəfdarları özlərini bani-
lərinin adıyla, Allahın alayı və yaxud da Vaisovçular adlandırır-
lar. Bu adamlar da inamın mahiyyətini məhəbbətdə görürlər və
məhəbbətə zidd gedən bütün tədbirlərdən kənarda qalırlar. Bu
sekta da təqib olunur və bu günlərdə onun rəhbərləri tutulub
həbsxanaya salınıblar.
Əgər mənim məsləhətlərim heç olmasa bir şeyə yarasalar, Siz
yaxud da Sizin oğullarınız özlərinin sonrakı fəaliyyətləri haqqın-
da qərarlarını mənə bildirsinlər, çox şad olaram.
Lev Tolstoy
1
.
Görünür böyük Tolstoyu ananın məktubu bərk həyəcanlan-
dırıb. Bunu dörd səhifəlik və demək olar ki, təcili yazılan cavab
məktubundan da hiss etmək olur. Tolstoyun: “Müsəlmançılığın
öz xarici formasına görə kilsə pravoslavlılığından müqayisəolun-
maz dərəcədə yüksəkdə durması məndə heç bir şübhə doğur-
mur” cümləsi onların ailə intizarına son qoydu. Məktub ailədə
hökm kimi oxunub, qanun kimi qəbul olundu.
Lev Tolstoyun məktubundan sonra Tiflisdəki Zaqafqaziya
Ruhani İdarəsi general-mayor İbrahim ağa Vəkilovun övladları-
nı müsəlmanlığa qəbul etmiş və bu barədə Müfti Mirzə Hüseyn
1
Lev Tolstoyun məktubu makinada yazılıb. Müəllif cümlənin altın dan
xətt çəkib və sonra “Lev Tolstoy” sözlərini öz dəsti-xətti ilə yazıb – Ş.N.
General Əli ağa Şıxlinski və silahdaşları
346
əfəndi Qayıbzadənin imzası ilə rəsmi sənəd verilmişdir. Uşaqla-
rın adını da dəyişdirmişlər: Boris Faris olmuş, Qleb isə Qalib
kimi rəsmiləşmişdir.
Lev Tolstoyun Yelena Yefimovna Vəkilovaya yazdığı məktu-
bun əslini oğlu Faris bəy 1978-ci ildə Moskvadakı Lev Tolstoy
adına Muzeyə vermişdir. Surəti isə bu sətirlərin müəllifindədir.
Dahi Tolstoy müsəlman dininə etiqadını təkcə bu məktubla
izhar etməmişdir. Onun çoxminli qələm və qəlb dostları Tolsto-
yun İslam dininə, Məhəmməd peyğəmbərin şəxsiyyətinə ülvi
məhəbbəti barədə yazır, söhbət açırlar. Tolstoyun özünün birba-
şa etirafı isə, ilk dəfə möhtərəm oxuculara təqdim etdiyimiz aşa-
ğıdakı söhbətində aydın görünür.
Milliyyətcə slovak olan D.P.Makovitski altı il Lev Tolstoyun
şəxsi həkimi olmuş və çoxsaylı qonaqların Tolstoyu ziyarət
etməsi barədə “1904-1910-cu illərdə Tolstoyun yanında” adlı
monu mental bir əsər yazmışdır.
1979-cu ildə həmin dördcildlik “Yasno Polyana qeydləri” adı
ilə Moskvada ilk dəfə nəşr olundu. Kitabın üçüncü cildinin üç
yüz əlli altıncı səhifəsində Tolstoyun ailəvi söhbəti verilib. Oxu-
cu orada dahi yazıçının general İbrahim ağa Vəkilovun həyat
yoldaşından qayğısının və İslam dinini qəlbən sevməsinin bir
daha şahidi olur.
Duşan Petroviç Makovitski yazır:
“1909-cu il martın 13-də Lev Nikolayeviç söhbət zamanı
dedi: “Bir anadan məktub almışam, yazır ki, uşaqlarımın atası
müsəlmandır, özüm isə xristianam. İki oğlum var: biri tələbədir,
o biri zabit. Hər ikisi də müsəlman dininə keçmək istəyir”.
Sofya Andreyevna: – Yəqin ki, oğlanları müsəlman dininə
çoxarvadlı olmaq xatirinə keçmək istəyir.
Lev Nikolayeviç: – Nə olar ki... Məgər bizdə çoxarvadlılar
azdır?
Sonra Lev Nikolayeviç dedi ki, bu məktub haqqında fikir-
ləşərkən mənim üçün çox şey aydınlaşdı. Məhəmməd həmişə
Yevangelini üstələyir. O, İsanı Allah hesab etmir və özünü də
Şəmistan Nəzirli
347
Allaha bərabər tutmur. Müsəlmanların Allahdan başqa Allahı
yoxdur və Məhəmməd onun peyğəmbəridir. Burada heç bir
müəmma və sirr yoxdur. Hansı yaxşıdır: xristianlıq, yoxsa
müsəlmançılıq? Mənim üçün aydındır ki, müsəlman dini daha
yaxşıdır, daha üstündür. Qısa müddət susduqdan sonra Lev Ni-
kolayeviç təkrar etdi:
– Müsəlmançılıq müqayisəolunmaz dərəcədə xristianlıqdan
üstündür. Müsəlmançılıq mənə çox kömək etmişdir.
Mixail Vasilyeviç: – Zaporojyeli nekrasovçular
1
müsəlman
dininə keçmişlər.
Lev Nikolayeviç: – İnsan inkişaf etdikdə dinin əsasları da:
taosizm, buddizm, xristianlıq da inkişaf edir. Bunların da hamı-
sının dini əsasları birdir. Zaman keçdikcə bu da birliyə və
sadəliyə gətirib çıxardır”.
Gecikmiş cavab
Düz səksən iki il keçəndən sonra “Literaturnaya qazeta” yed-
di nömrəli dosyesində (1991-ci il) general İbrahim ağa Vəkilovun
ailə məktubu haqqında məlumat verdi. Dosye İslam dininin bü-
tün doğmalarını özündə birləşdirən dahi kitab – Qurani-Kərimə
həsr olunmuşdu. Bu təşəbbüs İslam dininin əsasları barədə çox-
milyonlu rus oxucularına açıq, mübaliğəsiz məlumat vermək
üçün gözəl bir başlanğıc idi. +
Yazıçı Lev Tolstoyun Yelena Vəkilovaya yazdığı məktubdan
hissələr dərc edən qəzet həm də sorğu vermişdi ki, çox təəssüf
edirik, Vəkilovanın şəxsiyyəti haqqında heç bir məlumatımız
yoxdur.
Azərbaycanda bu sorğuya cavab verən bircə adam tapıldı –
generalın yeganə nəvəsi, professor Leyla Qalib qızı Vəkilova. Ca-
vabında bu məsələni dəqiq açıqlayan Leyla xanım yazır:
1
1708-ci ildə Bulavin üsyanı yatırıldıqdan sonra ataman İqnat Nekra-
1708-ci ildə Bulavin üsyanı yatırıldıqdan sonra ataman İqnat Nekra-
sovun rəhbərliyi ilə Türkiyəyə köçən Don kazakları. – Ş.N.
General Əli ağa Şıxlinski və silahdaşları
348
“Əhvalat belə olmuşdu: Qızlıq famili Yermolayeva olan Ye-
lena Yefimovna hərbçi-zadəgan ailəsində doğulmuşdur. Tiflisdə
zabit toplanışlarının birində o, gənc zabit İbrahim ağa Paşa ağa
oğlu Vəkilovla görüşüb tanış olur”.
Bizim Vəkilovlar nəsli Azərbaycanın qəza şəhəri Qazaxdan-
dırlar. Zadəgan silkinə məxsus olan nəslimiz rəsmi olaraq üç yüz
əlli ildən çoxdur ki, davam edir. Bizim nəsil öz xalqına, vətəninə
bir çox görkəmli hərbçi, alim, yazıçı və sair bəxş etmişdir ki, on-
ların arasında müasir Azərbaycan ədəbiyyatının korifeyi şair
Səməd Vurğunun adını çəkməmək olmaz.
İki gənc – Yelena Yefimovna və İbrahim ağa Paşa ağa oğlu
bir-birini sevirlər. Lakin onların birgə səadətlərinə din ayrılığı
mane olurdu. Azərbaycanlı İ.Vəkilov islam, Y.Yermolayevna isə
pravoslav dininə məxsus idi. Rusiya imperiyasının o vaxtı qa-
nunlarına görə kəbin kəsdirmək üçün ikisindən biri öz dinindən
imtina etməli idi. Ancaq onların heç biri tərbiyə olunduqları dini
ehkamlara qarşı çıxa bilmir. Belə olduğu halda mənim babam
İbrahim ağa Vəkilov imperatora müraciət edir. Əlahəzrətdən xa-
hiş edir ki, onların dinlərini dəyişdirmədən kəbin kəsdirmələrinə
icazə versin. Uzun çəkişmələrdən sonra bu icazə verildi. Lakin
Rusiya imperiyasının qanunlarına görə belə kəbindən sonra
dünyaya gələn uşaqlar pravoslav dinində tərbiyə almalı idilər.
Beləliklə, Yelena Yefimovna hər üç uşağını – qızı Reyhanı, oğ-
lanları Boris və Qlebi xaç suyuna salır. Lakin atalarının, dost və
qohumlarının təsiri ilə uşaqlar islam dininə daha çox meyil və
rəğbət göstərirdilər. Analarını çox sevən hər üç uşaq böyüyəndə
ondan xahiş edirlər ki, onların müsəlman dininə keçmələrinə ra-
zılıq versin.
Məhz bu səbəbə görə də mənim nənəm onu üzən “nə etməli?”
sualı ilə “xristian dininin vicdanı” sayılan yazıçı Lev Tolstoya
müraciət etməyə məcbur olur.
Lev Tolstoy dördsəhifəlik geniş məktubla nənəmə cavab ya-
zır. Həmin məktubdan bəzi parçaları Siz qəzetinizin yeddinci
nömrəsində – dosyedə dərc etmisiniz.
Şəmistan Nəzirli
349
Tolstoyun məktubundan sonra Yelena Yefimovnanın və İbra-
him ağa Paşa ağa oğlunun uşaqlarının üçü də müsəlman dinini
qəbul edir. Oğlanları adlarını belə dəyişdirirlər – Boris – Faris,
Qleb isə Qalib olur.
Yelena Yefimovna bütün həyatını sadiq ərinə və sevimli uşaq-
larına sərf etmişdir. Hərbi vəzifəsinə görə ərinin hara göndəril mə-
sindən asılı olmayaraq (babam qərargah generalı rütbəsinə qədər
yüksəlmişdi) nənəm həmişə onu müşayiət etmişdir. O, çox savad-
lı qadın olmuş, bir neçə dil bilmiş, ədəbi-bədii tərcü mələrlə məşğul
olmuş, maraqlı xatirələr yazmışdır. Nənəm 1923-cü ildə Tiflisdə
vəfat etmişdir.
Mənim babam və onun hər iki oğlu öz xalqına, Vətəni Azər-
baycana böyük inam və sadiqliklə qulluq etmişlər. Xüsusilə,
1918-1920-ci illərdə Azərbaycan Demokratik Respublikasının
qurulmasında onların əvəzsiz xidmətləri olmuşdur.
Babam İbrahim ağa hərbi topoqraf idi. O, İran, Türkiyə və
Zaqafqaziyanın xəritəsini yaratmışdı. Azərbaycanın ictimai hə-
ya tında görkəmli yer tuturdu. Azərbaycanda Demokratik Res-
publika olduğu zaman o, Gəncənin general-qubernatoru idi.
Türk, İran və Rusiya ordenləri ilə təltif olunmuşdu.
Atam Qalib bəy İbrahim ağa oğlu Vəkilovun hərbi-texniki
təh sili vardı. Birinci Dünya savaşında iştirak etmişdi. Hərbi xid-
mətlərinə görə bir sıra ordenlərlə, o cümlədən “Müqəddəs Geor-
gi” xaçı ilə təltif olunmuşdu.
Əmim Faris bəy İbrahim ağa oğlu isə ixtiralarına görə bir sıra
patent qazanmış, istedadlı mühəndis idi. Təəssüf ki, bizim ailə-
miz də siyasi təzyiq tədbirlərindən kənarda qalmadı.
1931-ci ildə atam birinci dəfə həbs olundu, sonra səhhətinə
görə həbsdən azad edildi. 1937-ci ildə onu ikinci dəfə həbs etdilər
və günahsız olmasına baxmayaraq, keçmiş çar və müsavat zabiti
kimi noyabrın 15-dən 16-na keçən gecə güllələdilər...
Əmim isə on səkkiz il Karaqanda, Maqadan və Sibir sürgünü
çəkmişdi. Atamdan xatirə olaraq məndə yalnız onun (ölümündən
sonra) bəraət alması haqqında olan arayışlar qalmışdır.
General Əli ağa Şıxlinski və silahdaşları
350
Sizin dosyenin səhifəsində adını çəkdiyiniz Y.Y.Vəkilovanın
ailəsi haqqında mənim demək istədiyim bunlar idi.
Hə, bir neçə kəlmə də özüm haqqında demək istəyirəm. Mən – Leyla
Qalib qızı Vəkilova – pedaqoji elmlər doktoru, M.F.Axundov adına Pe-
daqoji Rus dili və “Ədəbiyyatı İnstitutunun professoru, Azərbaycanın
ali və orta məktəbləri üçün rus dili üzrə bir sıra dərsliklərin müəllifiyəm.
Bütün şüurlu həyatımı gənclərin tərbiyəsinə və təhsilinə sərf etmişəm”.
Dostları ilə paylaş: |