İblis
Camaat huri Samaana ruhani və dini məsələlər üzrə böyük nüfuz sahibinə baxan kimi baxırdılar. Zira, günahların səbəbləri, cənnət, cəhənnəm və qır qazanı haqqında heç kim ondan çox bilmirdi.
Onun işi Şimali Livanın kəndlərini gəzmək və moizələr oxumaqla camaatın nəfsini günahlardan çəkindirmək və iblisin qurduğu tələlərdən onları xəbərdar etməkdən ibarət idi. İblis hurinin ən qatı düşməni idi və Samaan gecə-gündüz onunla müharibə aparırdı.
Fəllahlar huri Samaana hörmət edir, onun moizə və dualarının müqabilini böyük həvəslə qızıl və gümüşlə ödəyirdilər; yığılan məhsulda da Samaanın öz payı vardı.
Payız günlərinin birində huri Samaan səhralıqdan keçərək ucqar bir kəndə doğru yollanarkən qəfildən həzin bir inilti eşitdi. Ətrafına boylanaraq baxanda yolun kənarında, otun üzərində uzanılı halda çılpaq bir kişi gördü. O, ağır yaralanmışdı, yarasından hələ də qanın sızdığını görmək olurdu. “Mənə yazığın gəlsin, – deyə yaralı yalvardı, – məni xilas elə, ölürəm!”
Huri Samaan qətiyyətsiz şəkildə yaralıya baxdı və öz-özünə fikirləşdi: “Yəqin quldurdur, yoldan keçəni soymaq istəyib, əvəzində özü zərər çəkib... Onun artıq son nəfəsidir, məni onun yanında görsələr elə biləcəklər ki, mən öldürmüşəm onu”.
O öz yoluna davam etmək istəyəndə yaralı bir də dilləndi:
“Tək qoyma məni burda, sən getsən, mən yəqin öləsiyəm”.
Huri Samaan yenə düşündü, yaralıya kömək etmək istəmədiyini anlayınca sarsıldı və rəngi ağarmış halda dodaqları əsə-əsə öz-özünə: “Bu, yəqin kimsəsiz dağlarda sərgərdan gəzən dəlilərdən birisi olacaq,” – deyə pıçıldadı. “Onun yarası dəhşətlidi. Mən nə edə bilərəm axı? Qəlblərin həkimi bədən xəstəliklərini sağalda bilməz”.
Yoluna düzəlmək istəyəndə yaralı dağı-daşı əridə biləcək səslə çağırdı: “Yaxın gəl, biz səninlə uzun zamandan bəri dost olmuşuq. Sən huri Samaan, müqəddəs atasan, mən isə nə quldur, nə də ki, dəliyəm. Qoyma məni bu kimsəsiz yerdə ölüm, yaxın gəl, mən sənə kim olduğumu deyəcəm”.
Huri Samaan can verənə yaxınlaşıb ona sarı əyildi. O, qarşısında tanış olmayan, ziddiyyətli bir sifət gördü. Bu üzün cizgilərində sanki ağılla biclik, eybəcərliklə gözəllik, məkrlə yumşaqlıq birləşmişdi. O dikələrək səndirlədi: “Sən kimsən?”– deyə soruşdu. Can verən zəif səslə cavab verdi: “Qorxma, mənim atam, biz səninlə çoxdan dostuq. Kömək elə mənə qalxım, yaxındakı bulağa çatdır məni. Yaralarımı yu və öz yaylığınla bağla”.
Huri çığırdı: “De görüm, axı sən kimsən? Mən səni tanımıram, yadıma da gəlmir ki, səninlə hardasa görüşmüş olam”.
Yaralı xırıldadı: “Yaxşı bilirsən, mən kiməm. Min dəfə görmüsən məni. Canından əzizəm sənə mən”.
Huri qeyzlənərək söylədi: “Ax səni yalançı! Ölüm ayağında adam yalan danışmamalıdı. Mən sənin idbar sifətini heç zaman görməmişəm. Deməsən sən kimsən, səni elə beləcə qanı axa-axa qoyub gedəcəm. Öl, cəhənnəm ol”. Yaralı dikələrək hurinin gözlərinə diqqətlə baxdı və onun dodaqlarında bic təbəssüm oynadı; yumşaq, sakit və dərin səslə: “Mən – İblisəm”, – dedi.
Bu sözləri eşidəndə huri Samaan dəhşətə gələrək elə çığırdı ki, səsi bütün vadiyə düşdü. Yalnız indi can verənin kənd kilsəsinin divarından asılmış, qiyamət gününü əks etdirən şəkildəki demonları xatırlatdığını sezməyə başladı.
“Allah qəsdən mənə sənin cəhənnəmlik sifətini göstərdi ki, mən daha çox nifrət edim sənə! Səni görüm lənətə gələsən!” – deyə qışqırdı.
İblis söylədi: “Tələsmə, müqəddəs ata, vaxtı da boş-boş söhbətlərlə alma. Yaxşısı budur, yaxın gəl və mənim yaralarımı sarı, nə qədər ki, həyat tamamilə tərk etməmişdir bu bədəni” .
Huri cavabında: “Hər gün Allahın prosvirasına toxunan əl sənin cəhənnəm tullantılarından yaradılmış bədəninə toxunmayacaq! Öl, əbədiyyətin dili və bəşəriyyətin ağzı ilə lənətlənmiş məxluq. Öl, zira, sən əbədiyyətin düşməni və bəşəriyyətin qənimisən”.
İblis ağrı içində hərəkətə gəlib, dirsəkləndi və cavab verdi: “Sən nə danışdığını bilmirsən və ruhunu nə boyda günahla yüklədiyinin fərqində də deyilsən. Bir qulaq as mənim hekayətimə. Mən bu kimsəsiz vadilərdə gəzişdiyim zaman bir dəstə mələyə rast gəldim. Məni amansızcasına əzişdirdilər. Əgər onlardan birinin iti qılıncı olmasaydı, mən onların hamısının axırına çıxa bilərdim. Amma bir silahsız silahlıya qarşı nə edə bilər ki?”
İblis bir anlığa susdu, sinəsində qaralan yarasını əli ilə örtüb sözünə davam etdi: “Silahlı mələk – deyəsən o, Mikayıl idi – mahir döyüşçü idi və əgər mən yerə yatıb özümü ölülüyə vurmasaydım, məni öldürməyənə qədər əl çəkməyəcəkdi”.
Huri gözlərini göyə tutub təntənəli bir şəkildə söylədi: “Eşq olsun Mikayıla ki, bəşəriyyəti mənfur düşməndən xilas elədi”!
İblis etiraz etdi: “Mənim bəşəriyyətə qarşı düşmənçiliyim sənin özünə qarşı düşmənçiliyindən böyük deyil. Sən Mikayılı tərifləyirsən. Hansı ki, onun sənə heç bir xeyri dəyməyib. Məni bu ağır dəqiqələrimdə lənətləsən də, bil ki, sənin firavanlığının və səadətinin səbəbi mən olmuşam və indi də mənəm. Sən mənim xeyirxahlığımı dansan da, mənə minnətdar olmaq istəməsən də, həmişə mənim sayəmdə dolanmısan. Məgər sən indi o qədər varlısan ki, daha heç nəyə ehtiyacın yoxdur? Məgər bilmirsən ki, sənin arvadının və çoxsaylı uşaqlarının çörəyi kəsilə bilər mən ölsəm? De görüm onda nə edəcəksən? Nə işlə məşğul olacaqsan, mənim adım belə qalmasa? İyirmi beş ildir ki, sən bu dağlarda gəzir, insanları mənim tələlərimdən agah edirsən; camaat isə sənin bu moizələrinin müqabilini qızılla, tarlalarının məhsulu ilə ödəyir. Nə verəcəklər sabah sənə, əgər bu gün bilsələr ki, onların düşməni İblis artıq ölüb və onun hiylələri daha onlarçün qorxulu deyil? Nə işə yarayacaqsan, İblisin ölümündən sonra? Məgər sənə, müdrik din xadiminə, məlum deyilmi ki, məhz iblisin varlığı keşişlərin peyda olmasına səbəb olmuşdur və bu köhnəlmiş ədavətə səbəb olan qızıl və gümüşlər dindarların cibindən siz vaizlərin və ruhani ustadların cibinə axmaqda davam edir? Məgər sənin kimi bir üləma bilmirmi ki, səbəbin aradan qalxması ilə nəticə də yoxa çıxacaq? Mənim ölümümü sən necə arzulaya bilərsən, bilə-bilə ki, bununla həm mövqeyini itirəcək, həm maaşından məhrum olacaq, həm də arvad-uşağını ac qoyacaqsan? ”
İblis bir anlığa susdu və üzündən yalvarış dolu ifadəni silərək sözünə əminliklə davam etdi: “Özündən razı görünsən də, vallah səfehsən. Qulaq as, mən sənə bizi bir-birimizə bağlayan həqiqəti söyləyim. İnsan ilk dəfə günəşi görəndə əllərini uzadaraq söylədi: “Bu göy qübbəsinin arxasında böyük Allah vardır, xeyrin yaradıcısı!” Sonra isə kürəyini işığa çevirdi və yerdəki kölgəsini görüb dedi: “Torpağın dərinliyində qorxulu iblis yaşayır, şər törədicisi”. Və o özlüyündə: “Mən iki qüdrətli qüvvə arasındayam. Birinə sığınmalı, digəri ilə döyüşməliyəm”, – deyə düşündü.
Beləcə əsrlər bir-birini əvəz edir, insansa əvvəlki tək iki qüvvə arasında yaşayırdı: onlardan birinə şükr eləyirdi, çünki bu qüvvə onun ruhunu göylərə qaldırırdı; digərini isə lənətləyirdi, çünki o, onun ruhunu zülmətə qərq edirdi. Lakin o, nə şükranlığın mənasını anlayır, nə lənətin əhəmiyyətini dərk edirdi və beləcə onu çiçəklərlə bəzəyən yay və onu əsim-əsim əsdirən qış arasında bir ağac təki yaşayırdı. Məhz sivilizasiyanın səhərində insan cəmiyyətində ailə, sonra isə tayfa yarananda, bacarıq və meyllər əsasında əmək bölgüsü yaranıb tayfanın bir qismi əkinçilik, digəri ev tikintisi, bir başqaları toxuculuq və ovçuluqla məşğul olmağa başlayanda, yer üzündə ilk din xadimləri yarandı. Və birinci dəfə insan həyati əhəmiyyət daşımayan və heç bir təbii ehtiyacı ödəməyən bir fəaliyyətlə məşğul olmağa başladı”.
İblis bir anlığa fasilə verdi. Sonra elə güldü ki, qəhqəhəsi bütün vadiyə yayıldı. Lakin gülüşü ona həm də onun yarasını xatırlatdı və o, ağrıdan üzü əyilmiş halda böyründən yapışdı. Özünü düzəldib sözünə davam etdi: “Hə, elə o zamandan din xadimləri yarandı. Bu hadisə belə olmuşdu. Tayfada La Vis adlı birisi vardı. Adının mənasının nə olduğunu bilmirəm. O, ağıllı, lakin çox tənbəl idi. Əkinçilikdən, maldarlıqdan və ovçuluqdan, bir sözlə, əzələ gərginliyi tələb edən bütün iş-lərdən zəhləsi gedirdi. O zamanlar qidanı yalnız zəhmətlə əldə etmək mümkün olduğundan, La Vis gecələrin çoxunu ac qarına yuxulamalı olurdu. Bir yay axşamı tayfa üzvləri başçının alaçığının qabağına yığışaraq öz qayğılarını müzakirə edən zaman kimsə ayı göstərərək çığırdı: “Gecənin allahına baxın! Onun üzü qaralmış, gözəlliyi yoxa çıxmışdır, o, göydən asılan bir qara daş parçasına dönmüşdür”. Başlarını qaldırıb göyə baxan insanlar dəhşətə gəlib əsməyə başladılar. Sanki zülmət özü əlləri ilə onların ürəklərini sıxırdı, zira, onlar görünməmiş bir mənzərənin şahidi olurdular: gecənin allahı getdikcə qara dairə formasını alır, sanki qara pərdə ilə hər yeri örtərək torpağın rəngini dəyişir, dağları, daşları görünməz edirdi. Bu zaman əvvəllər ayın batmasını müşahidə etmiş La Vis vəziyyətdən faydalanmaq məqamının yetişdiyini anlayıb irəli yeridi, əllərini göyə uzadaraq var səsi ilə danışmağa başladı: “Diz çökün və başınıza kül ələyin. Qara şər allahı işıqlı gecə allahına hücum etmişdir: əgər o qalib gəlsə, bizim hamımız öləcəyik, yox əgər məğlub olsa – yaşayacağıq. Diz çökün, dua edin və başınıza kül tökün. Gözlərinizi yumun və göyə baxmayın, kim xeyir allahının şər allahı ilə döyüşünü görsə, gözünün işığını və ağlını itirəcək, ömrünün axırınadək kor və dəli qalacaqdır. Başınızı aşağı əyin və ürəklərinizdə xeyir allahına qələbə arzulayın”.
Beləcə La Vis heç kimin eşitmədiyi qorxulu ifadələr uydurmaqda davam edərək xeyli danışdı. Bir qədər sonra ay yenidən öz gözəlliyi ilə işıqlanmağa başlayanda, o, səsini bir qədər də ucaldaraq sevinclə elan etdi: “İndi isə qalxın, ay camaat, göyə baxın; gecənin allahı düşmənə qalib gəlmiş və budur o yenidən ulduzlar arasında öz səyahətini davam etdirir. Bilin ki, öz dualarınızla siz ona qaranlığın şərini üstələməyə kömək etmiş oldunuz. Budur o indi daha əzəmətli və daha gözəl olmuşdur”.
Adamlar qalxaraq aya baxdılar. Ay əvvəlki tək parlaq işıqla işıqlanırdı. Adamların qorxusu əminliklə, həyəcanı isə sevinclə əvəz olundu. Onlar yallı getdilər, dəf və şeypurlarını çaldılar, vadinin ən ucqar guşəsi belə onların sevinc sədaları ilə doldu.
Elə həmin gecə tayfanın başçısı La Visi yanına çağırıb dedi: “Sən bu gün görünməmiş bir iş gördün. Heç birimizin anlaya bilmədiyi gizli sirrə vaqif olduğunu nümayiş etdirdin. Odur ki, səni təbrik edirəm, bu gündən tayfada məndən sonra ən ali şəxs olacaqsan. Mən tayfanın ən güclüsü və cəsarətlisi, sən – ən çox biləni və müdriki; bizimlə allahlar arasında vasitəçi ol, onların iradəsi, arzuları və istəklərindən bizi xəbərdar elə, allahların xeyir-duasını qazanmaqda bizə yardımçı ol”.
La Vis hiyləsində bir addım da irəli gedərək onu əmin etdi: “Mən yuxuda allahların mənə açdığı bütün sirrləri sənə söyləyəcəm, zira, mən səninlə onlar arasında vasitəçiyəm”. Tayfa başçısı sevincindən La Visə iki ayğır, yeddi inək, yetmiş qoyun və yetmiş quzu bağışladı və söylədi: “Əmr edəcəm, sənə yaxşı bir ev tiksinlər və hər payızda məhsulun müəyyən hissəsi sənə çatacaq, ağa kimi yaşayacaqsan”.
La Vis getmək üçün qalxdı, lakin tayfa başçısı onu saxlayıb soruşdu: “Bu şər allahı dediyin kimdir ki, gecənin işıqlı allahı ilə döyüşə girməyə cəsarət edir? Biz əvvəllər heç onun barəsində eşitməmişdik”. La Vis alnını ovuşduraraq ona belə cavab verdi: “Mənim ağam, bil ki, qədim zamanlarda, onda ki, hələ insan da yaranmamışdı, bütün allahlar Süd Yolunun arxasında can bir qəlbdə yaşayırdılar. Onlara allahlar allahı şahlıq edirdi. O, bacarıqda hamıdan üstün idi və əbədiyyətin qanunlarında gizlədilmiş bir çox sirrlərin açarı yalnız onda idi. Lakin on ikinci əbədiyyətin yeddinci əsrində allahların allahına nifrətlə dolu olan Baatar öz atasına belə söylədi: “Nə üçün sən bütün yaradılmışlar üzərində mütləq hakimiyyətindən əl çəkmirsən, varlığın və əbədiyyətin sirlərini bizdən gizlədirsən? Məgər biz sənin ölümsüzlüyündə və gücündə sənə bərabər olan oğul və qızların deyilikmi?”
Allahların allahı qəzəblənərək cavab verdi: “Mütləq hakimiyyəti, sirri və qüdrəti mən əbədi olaraq özümçün saxlayacam, zira, mənəm hər şeyin əvvəli və hər şeyin sonu”. Baatar söylədi: “Əgər sən öz güc və qüdrətini mənimlə bölüşməsən, mən və mənim övladlarım və övladlarımın da övladları sənə asi olacağıq!” Onda allahların allahı göylərin ənginliyindəki taxtından qalxaraq Süd Yolunu qılınc edib belinə bağladı, günəşi isə qalxan kimi sinəsinə tutaraq elə bağırdı ki, sonsuzluq lərzəyə gəldi: “Şər üsyankar! Rədd ol, qaranlıq və rəzalətin hökm sürdüyü aşağı dünyaya və orada qal, nə qədər ki, günəş külə dönməyəcək və ulduzlar toz olub səpələnməyəcək”. O saatdan etibarən Baatar ali dünyadan şər ruhların yaşadığı aşağı dünyaya sürgün edildi. O, and içdi həyatın sirrinə ki, dünyanın sonunadək atası və qardaşları ilə mübarizə aparacaq, onlara iman gətirən hər bir ruha qarşı duracaqdır”.
La Visə diqqətlə qulaq asan tayfa başçısının rəngi saralmış, alnı isə qırışmışdı. O soruşdu: “Deməli, şər allahının adı Baatardır?” La Vis cavab verdi: “Allahların yanında onun adı Baatar idi. Aşağı dünyada isə o özünə başqa adlar götürdü: Baalzebul, Balial, Şeytan, Əhrimən, Mara, Abdon, Devil və nəhayət İblis. Ən məşhuru İblisdir”.
Başçı “İblis” kəlməsini küləyin əsdirdiyi quru yarpaqların xışıltısını xatırladan titrəyən səsi ilə bir neçə dəfə təkrarlayandan sonra soruşdu: “Bəs nə üçün İblis allahlara olan nifrətini insanlara da yönəltmişdir?”
La Vis cəld cavab verdi: “İblis ona görə insanlara nifrət edir ki, onlar onun qardaş və bacılarının törəmələridirlər”. “Deməli, İblis insanlara qohum düşür?”— deyə başçı səsləndi. La Vis qəsdən dumanlı şəkildə cavab verdi: “Bəli, mənim ağam. Buna baxmayaraq onların ən qatı düşmənidir: gündüzlər o, insanlara fəlakət, gecələr isə qorxulu yuxular gətirir. O bir qüvvədir ki, fırtınanı onların evlərinə doğru istiqamətləndirir, əkinlərini yandırıb külə döndərir, özlərini və heyvanlarını cürbəcür xəstəliklərə düçar edərək tələf edir. O, qüdrətli, kinli və məkrli allahdır. O, insanların dərdinə sevinir, sevincinə qüssələnir və biz onun davranışını və xasiyyətini yaxşıca öyrənməliyik ki, onun şərindən uzaq ola bilək, tələlərinə düşməyək”.
Başçı başını tutub pıçıldadı: “Mən indi bildim fırtınanı bizim evlərimizə yönəldən və heyvanlarımızı tələf edən hansı qüvvədir. Bir azdan bu hamıya ayan olacaq və insanlar sən La Visə alqış deyəcəklər. Zira, sən onların qatı düşmənlərinin sirrinin üstünü açmış və onun tələlərindən qurtulmağın yollarını öyrənmisən”.
Başçının yanından evinə yollanan La Vis bugünkü uğuruna özü də inanmır, sevincindən nəşələnirdi. Bu gün ilk dəfə idi ki, başçı və tayfanın digər üzvləri rahat yata bilmədilər; yuxuda onları qorxulu ruhlar incidir, şər qüvvələr qarabaqara izləyirdi”.
İblis danışmaqdan yorulmuş kimi bir anlığa susdu. Huri Samaan isə ona diqqətlə baxırdı. Onun üzündə çaşqınlıq ifadəsi donub qalmışdı və budur onun dodaqlarında xəstə bir təbəssüm dartılmağa başladı. İblis yenidən sözünə davam etdi: “Beləcə yer üzündə din xadimləri yarandı. Mənim səbəbimə. La Vis mənimlə düşmənçiliyi özünə peşə seçən ilk şəxs oldu. Onun ölümündən sonra bu yeri onun oğlanları və nəvələri tutdular və bu peşə inkişaf etdi. O həddə qədər ki, o, yalnız yetkin ağıl, həssas şüur, təmiz ürək və zəngin təxəyyülə malik insanların mənimsəyə biləcəyi müqəddəs bir sənət səviyyəsinə yüksəldi. Babildə insanlar mənimlə cadular vasitəsi ilə döyüşən kahin qarşısında gündə yeddi dəfə səcdə edirdilər; Nineviyada mənim gizli sirlərimi bilməyə iddialı şəxsi insanlarla allahları birləşdirən qızıl bənd sayırdılar; Fiva şəhərində mənim düşmənimi günəşin və ayın oğlu adlandırırdılar; Biblosda, Efesdə və Antioxiyada insanlar mənə öz uşaqlarını qurban verirdilər; Yerüsəlim və Romada isə camaat canını mənə nifrətdə ustalaşmış şəxslərə tapşırırdı.
Günəşın altında yaradılan hər bir şəhərdə mənim adım dinin, elmin, incəsənətin və fəlsəfənin məhək daşı idi. Mənə görə məbədlər tikilir, universitetlər və məktəblər yaradılır, saray və qalalar ucaldılırdı.
Mən insanlarda qətiyyət oyadan qətiyyətəm. Mən insanların əllərini hərəkətə gətirən ələm. Mən onların idrakına kəsər gətirən fikirəm. Mən əbədi və ölümsüz İblisəm ki, özlərini diri saxlamaq üçün insanlar mənimlə döyüşməyə məhkumdurlar. Əgər onlar mənə qarşı durmasalar idrakları yuxulayar, tənbəllik canlarını alar, süstlük isə bədənlərini məhv edər.
Mən – ölümsüz və əbədi İblis, – kişilərin ağlında və qadınların ürəklərində əsən, onları həyəcanlandıran səssiz fırtınayam. Mənim qorxumdan onlar monastırlara üz tutur və orada məni öz qorxuları ilə təsdiq edirlər. Mənim iradəmlə onlar qumarxanalara, şənlik evlərinə yönəlir və orada mənim arzularıma itaət nümayiş etdirirlər; gecənin sükutunda dua oxuyaraq məni öz çarpayısından uzaqlaşdırmağa çalışan monarx məni öz yatağına çağıran fahişədən çox fərqlənmir.
Mən ölümsüz və əbədi İblisəm, qorxu təməli üzərində ucaldılmış monastır və səcdəgahların əsl memarı mənəm; mənəm şəhvət və həzz təməli üzərində qurulmuş əxlaqsızlıq yuvalarının daimi sakini. Mənim ölümümlə dünyadan qorxu və həzz yoxa çıxacaq və onların dalınca da insan ürəyinin ümid və arzuları. Həyat da simləri qırılmış ud kimi soyuq məzarlığı xatırladacaq.
Mən ölümsüz və əbədi İblisəm. Mən yalanın, riyanın, məkrin və alçaqlığın ilhamvericisiyəm və əgər bu xüsusiyyətlər dünyanı tərk edəsi olsa, bəşəriyyət baxımsız bağa bənzəyəcək ki, orda yalnız xeyir kollarının tikanları bitəcək.
Mən ölümsüz və əbədi İblisəm. Günahın anası da mənəm, atası da. Əgər günah yox olsa, bütün günah döyüşçüləri və onların ailələri də yox olacaq.
Mənəm şərin ürəyi. Mənim ürəyimin dayanması ilə bəşərdə hər hansı hərəkət də dayanacaq. Sən bunumu istəyirsən? İstəyirsən ki, səbəb ölərək özü ilə birlikdə nəticəni də aparsın? Mənəm hər şeyin səbəbi! Sən imkan verəcəksən ki, mənim canım çıxsın bu səhralıqda? Sən doğrudan istəyirsən ki, səni mənimlə bağlayan əzəli əlaqə qırılsın? Cavab ver, din xadimi!”
İblis əllərini qabağa uzatdı, boynunu yuxarı qaldırıb dərindən nəfəs aldı; ağrı və əzabdan rəngi bozarmış halda o, əsrlərin Nil çayı sahilində qoruyub saxladığı heykəllərdən birinə çox bənzəyirdi. Huri Samaana parıldayan gözləri ilə baxıb yorğun səsi ilə davam etdi: “Danışmaq əldən saldı məni. Ölüm ayağında gücə qənaət etmək əvəzinə mən sənə adi həqiqətləri izah etməli oldum. İndi sən hər şeyi bilirsən. Seçim sənindir. İstəyirsən məni evinə apar və yaralarıma qulluq elə, istəyirsən at, get məni burda, ölümün əlində”.
Ona qulaq asa-asa huri Samaan məzlumcasına əllərini bir-birinə sürtürdü. Sonra isə üzr istəyirmiş kimi dilləndi: “Hə, sən çox şeyə açdın mənim gözümü. Cahilliyimə görə məni bağışla. Mən indi bildim ki, sən insanları azdırmaq üçün yaranmısan. Azmaq isə insan nəfsini dərk etmək üçün bir ölçüdür. Məhz bu ölçü ilə Uca Allah ruhları tərəziyə çəkir. Mən anladım ki, sənin ölümünlə azma, şirniklənmə də yoxa çıxacaq. Onunla bərabər insanı ayıq və ehtiyatlı olmağa sövq edən ruhani məqam da yox olacaqdır.
Sən yaşamalısan, çünki sən ölsən və insanlar bundan xəbər tutsalar, cəhənnəm qorxusu da yoxa çıxacaq, camaat ibadətdən uzaqlaşacaq və günaha batacaqdır.
Sən yaşamalısan, zira, insan nəslinin əxlaqsızlıqdan və günahdan xilas olması sənin həyatından asılıdır. O ki, qaldı mənə, mən sənə olan nifrətimi insanlara olan sevgimə qurban verəcəm”.
İblisi elə gülmək tutdu ki, yer əsdi. Dedi: “Sən necə də ağıllısan, müqəddəs ata! İlahiyyat sahəsində tayın-bərabərin yoxdu. Ağlının gücüylə sən mənim varlığımın mənasını mənim özümdən də yaxşı dərk etdin.
Hə, indi ki, bizi bir-birimizə bağlayan ilahi ehtiyacı yaxşıca anladıq, getmək lazımdır burdan. Yaxın gəl mənim qardaşım və məni evinizə apar. Mən o qədər də ağır deyiləm. Vadiyə gecə düşür, bəsdir bu torpağı qanımla suvardığım”.
Və huri Samaan qollarını çırmayıb əbasının ətəklərini belinə keçirtdi, İblisi dalına alıb evinə tərəf yollandı.
* * *
Sükuta qərq olmuş və gecənin qara pərdəsinə bələnmiş vadilərin arası ilə öz kəndinə doğru irəliləyən huri Samaanın beli arxasındakı çılpaq bədənin ağırlığından ikiqat əyilmiş, qara əbası və uzun saqqalı yaralının qanına batmışdı, dodaqları isə ölməkdə olan İblisin sağalması üçün oxuduğu duaları təkrarlayırdı.
Ərəb dilinin gələcəyi
Birincisi. Ərəb dilinin gələcəyi nə deməkdir?
Dil bütün millətin və ya onun ümumi mahiyyətinin yaradıcılıq təzahürlərindən biridir. Əgər yaradıcılıq zəifləyirsə, dilin inkişafı da dayanır. Amma məlum olduğu kimi, dayanmaq tənəzzüldür, tənəzzülün arxasında isə ölüm və puçluq dayanır.
Beləliklə, ərəb dilinin gələcəyi bu dildə danışan xalqlar ailəsinin indiki və gələcək yaradıcı düşüncəsindən asılıdır. Əgər ideyalar yaşasa, ərəb dilinin gələcəyi keçmişdə olduğu qədər möhtəşəm olacaq. Belə olmasa onu qonşu yəhudi və Suriya dillərinin aqibəti gözləyir.
Bəs biz nəyi yaradıcı güc adlandırırıq?
Bu, milləti irəliyə aparan qətiyyətdir; zira, millətin qəlbində naməlum olana maraq, aclıq, ehtiras, ruhunda isə onun gecə və gündüz həyata keçirməyə çalışdığı arzular zənciri vardır. Hər bir halqanı qət etdikdən sonra həyat yenisini əlavə edir. Şəxslərdə bu, istedaddır, cəmiyyətdə entuziazm. Ayrıca şəxslərin istedadlı olması isə cəmiyyətin gizli cəhdlərini konkret aşkar formalarda həyata keçirtmək bacarığından başqa bir şey deyil. İslamaqədərki dövrdə şair bir növ müjdəçi idi. Belə ki, ərəblər nə isə yeni bir şey gözləmək vəziyyətində idilər. Bütpərəstlikdən islama keçid günlərində o, inkişaf edərək yetkinləşirdi, böyümə və yetkinlik mərhələsini yaşayırdı. Postklassik dövrdən sonra o, ikiləşdi, çünki bütün islam cəmiyyəti parçalanırdı. Şair də həmin mərhələlərdən keçirdi, o yüksəyə qalxır, öz görkəmini dəyişir, bəzən filosof kimi, bəzən həkim kimi görünürdü, hətta astronom belə olurdu. Nə qədər ki, ərəb dilində yaradıcılıq gücünü mürgü tutmamışdı, hər şey belə idi. Bu güc zəiflədikcə şairlər qafiyəpərdazlara, filosoflar əzbərçilərə, həkimlər fırıldaqçılara, astronomlar astroloqlara çevrildilər.
Beləliklə, ərəb dilinin gələcəyi bu dildə danışan xalqların yaradıcı gücündən asılıdır. Əgər onlar xüsusi mahiyyətə və mənəvi birliyə malik olsalar və uzun sürən yuxudan sonra bu mahiyyətdə yaradıcı güc oyansa, deməli ərəb dilinin gələcəyi də keçmişi kimi möhtəşəmdir, əks halda onun gələcəyi yoxdur.
İkincisi. Avropa sivilizasiyasının və Qərb ruhunun ərəb dilinə təsiri necə ola bilər?
Təsir isə müəyyən bir qidadır ki, onu dil kənardan qəbul edir və sonra çeynəyərək udur, öz mövcudluğu üçün xeyirli olan hər şeyi mənimsəyir. Necə ki, ağac da işıq, hava və torpağın elementlərini budaqlara, yarpaqlara, çiçək və meyvələrə çevirir. Amma əgər ancaq dil varsa, diş və mədə yoxdursa, onda yeməkdən bir fayda olmaz, üstəlik o, öldürücü zəhərə çevrilər. Nə qədər ağaclar həyatı aldatmağa cəhd edərək, kölgədə gizlənməyə çalışırlar, amma günəşə çıxan kimi solur və məhv olurlar. Atalar demişkən, «tamarzıdan al, dadanmışa ver».
Qərb ruhu bəşər həyatının mərhələlərindən, dövrlərindən biridir. Bəşər həyatı daim irəli gedən nəhəng bir yürüşdür. Yolda qalxan qızılı tozdan dillər, təlimlər, dövlət institutları yaranır. Yaradıcı millətlər bu yürüşə başçılıq edirlər. «Yaradıcı» isə «nüfuzlu» deməkdir. Sonda təqlid edən millətlər gedir, təqlid etmək təsirə məruz qalmaq deməkdir. Şərq öndə gedəndə, Qərb isə geri qalanda bizim sivilizasiyamızın onun dillərinə güclü təsiri var idi. Ancaq Qərb irəli çıxdı və biz arxadan gələnlər olduq. Təbii ki, Qərb sivilizasiyası həm bizim dilimizə, həm düşüncəmizə, həm də əxlaqımıza.
Qərb xalqları keçmişdə bizim hazırladıqlarımızla qidalanır, çeynəyir, udur və öz mövcudluqları üçün bütün xeyirli şeyləri mənimsəyirdilər. İndi də Şərqin xalqları Qərbin hazırladığını yeyir, ancaq xeyrini mənimsəmirlər, yalnız qərbliləri təqlid edirlər. Bax, məni qorxudan və narahat edən də budur! Şərq gah dişləri tökülmüş qoca, gah da dişləri hələ çıxmamış körpə təsiri bağışlayır.
Qərb ruhu bizə həm dostdur, həm düşmən. Ona güc gəliriksə, dost o bizə qalib gəlirsə düşməndir. Ona ürəyimizi açırıqsa dost, ürəyimizi ona veririksə düşməndir. Ondan bizim üçün bütün xeyirli şeyləri götürükürsə dost, ruhumuzu ona xoş olan hala salırıqsa düşməndir.
Üçüncü. Müasir siyasi inkişafın ərəb ölkələrinə təsiri necədir?
Qərbdə və Şərqdə bütün yazıçı və mütəfəkkirlər bir fikirdə həmrəydirlər ki, ərəb ölkələri siyasi, inzibati və ruhi xaos vəziyyətindədirlər. Onlardan çoxu əsasən bu fikirdədirlər ki, xaos dağılmanın və tənəzzülün səbəbidir.
Mən isə soruşuram: bu xaosdur, yoxsa yorğunluq? Əgər yorğunluqdursa, onda bu, millətin sonu və xalqın məhvi deməkdir. Yorğunluq alatoranlıqda canvermədir, yuxuda ölümdür.
Əgər bu, həqiqətən də xaosdursa, mənim əqidəmə görə, xaos həmişə xeyir gətirir, çünki o, sərxoş yuxu ayılma ilə, hissiyyatsızlıq fəaliyyətlə əvəz olunanda millətin gizli imkanlarını aşkarlayır. Ağacları şiddətlə silkələyən tufan kimi onları kökündən çıxartmır, yalnız qurumuş budaqları sındırır və sarı yarpaqları tökür. Hər dəfə hələ təbii təməlini qoruyub saxlamış milləti xaos bürüyəndə, bu, onun fərdlərində yaradıcılıq gücünün, cəmiyyətində isə hazırlığın əlamətinə çevrilir. Dumanlılıq həyat kitabında ilk, lakin son olmayan sözdür, axı dumanlılıq xaos halında bir həyatdır.
Beləliklə, siyasi inkişaf ərəb ölkələrinin xaosunu nizama, daxili çəkişmələri barışığa çevirər. Amma o, yorğunluğu coşğuya, əzginliyi hünərə çevirə bilməz. Dulusçu gildən şərab va ya sirkə üçün küp düzəldə bilər, ancaq qum və qəmbərdən heç nə düzəldə bilməz.
Dördüncü. Hər yerdəmi ali və orta məktəblərdə tədris ərəb dilində aparılır? Bütün fənlər bu dildəmi keçilir?
Ərəb dili hər yerdə tədris dili deyil, onun daxil edildiyi məktəblər isə sırf milli xarakter daşıyır. Məktəblər xeyriyyəçi cəmiyyətlərin, konfessional komitələrin və dini missiyaların əlindən dövlətin əlinə keçməyənə qədər o, heç vaxt bütün elmlərin dilinə çevrilməyəcək.
Suriyada, məsələn, bütün təhsil sədəqə kimi Qərbdən alınıb, biz hələ də ac və acgöz kimi bu dilənçi payının çörəyini yeyirik. Bu çörək bizi yaşadır, amma həyat verməklə yanaşı həm də ölüm gətirir. Həyat verir, çünki bizim mənəvi qüvvələrimizi oyadır və ağlımızı təravətləndirir; öldürür ona görə ki, düşüncələrimizi ayırır, birliyimizi zəiflədir, ittifaqımızı pozur, icmamızı parçalayır. Belə ki, bizim böyük ölkəmiz xarakterinə və meyllərinə görə müxtəlif olan kiçik müstəmləkə ərazilərinə çevrilmişdir. Hər müstəmləkə bir Qərb millətinə təhkim olunub, onun bayrağı altında yaşayır və onun şərəf və şöhrətini tərənnüm edir. Amerika məktəbində elmə yüngülcə yiyələnən gənc asanlıqla Amerikanın nümayəndəsinə çevrilir. İezuit məktəbində elmdən halı olan gənc sanki Fransanın elçisi olur. Rus məktəbinin parçasından tikilmiş köynək geyinən gənc artıq Rusiyanı təmsil edir. Və beləliklə, hər il hər məktəb öz nümayəndələrini hazırlayır. Baxış və səylər arasındakı fərqin necə önəmli rol oynamasına ən parlaq sübutu Suriyanın siyasi gələcəyinə dair mövqelərdən bilmək olar. Öz biliklərini ingilis dilində almış olanlar öz ölkəsini Amerika və ya İngiltərənin protektoratı kimi görmək istəyirlər. Fransız dillilər isə onun Fransa tərəfindən idarə olunmasını tələb edirlər. Bu dilləri bilməyən üçüncülər isə həmin dövlətləri inkar edərək öz təsəvvür və maraqlarına uyğun siyasət yürüdürlər.
Himayəsində oxuduğumuz dövlətə siyasi simpatiyamız bəlkə Şərq adamına məxsus minnətdarlıq hissinin ifadəsidir? Əgər tikinti üçün bir daş qoyarkən bütöv divarı uçururlarsa, bir çiçək bəsləyib bütün meşəni məhv edirlərsə, bir gün bizə həyat verib əsrlər boyu ölüm gətirirlərsə, hansı minnətdarlıqdan danışmaq olar?!
Qərbdə həqiqi xeyirxahlar və genişürəkli insanlar bizə göndərdikləri çörəyin içinə tikan və iynə qatmırlar. Təbii ki, onlar bizə xeyir vermək istəyirdilər, ziyan yox. Bəs onda tikan və iynələr hardandır? Bu başqa sualdır və mən onu gələn dəfəyə saxlayıram.
Belə. Əgər hər yerdə – ali və orta məktəblərdə – tədris ərəb dilində aparılsa və bütün elmlər bu dildə öyrənilsə onda bizim siyasi simpatiyamız da vahid olar və milli maraqlarımız formalaşar, çünki məhz məktəbdə simpatiyalar birləşir və maraqlar təyinləşir. Amma biz böyüyən nəsili millətin hesabına öyrədə bilməyənə qədər bu olmayacaq. Biz iki bir-birinə – biri bədənə, digəri ruha – zidd duran iki deyil, bir vətənin övladı olmayana qədər bu olmayacaq. Bizə sədəqə kimi verilən çörəyi öz evimizdə bişən çörəklə əvəz etməyə qədər bu olmayacaq. Çünki pay istəyən dilənçi pay verən xeyirxaha və himayədara diqtə edə bilməz. Özünü pay alanın vəziyyətinə qoyan verənə zid gedə bilməz. Verənin iradəsi həmişə azaddır, halbuki pay alanın azad iradəsi heç vaxt azad olmur.
Beşinci. Ərəb klassik dili müxtəlif dialektlərə üstün gəlib onları birləşdirə bilərmi?
Xalq deyimləri dəyişir və cilalanır, onların kobudluğu sürtülüb yumşalır, amma onlar məğlub deyil və heç vaxt da olmayacaq, heç olmamalıdırlar da, çünki onlardır ədəbi dilin və gözəl nitqin mənbəyi.
Dillər başqa şeylər kimi daha güclünün sağ qalması qanununa tabedirlər. Dialektlərdə isə bu güc daha çoxdur və ona görə sağ qalırlar ki, onlar millətin ideyasına və ümumi mahiyyətin cəhdlərinə daha yaxındırlar. Mən sağ qalır dedim, yəni dilin bədəni ilə birləşib onun ayrılmaz hissəsinə çevriləcək. Bundan başqa, Avropa və Amerikada bir sıra istedadlı şairlər var ki, özlərinin coşqun şeirlərində, poemalarında, nəğmələrində xalq və ədəbi dili uğurla uyğunlaşdıra bilirlər. Məncə, ərəb xalq poeziyasının elə yenilikçi metonimiyaları, kəskin metaforaları, zərif və yaradıcı ifadələri vardır ki, əgər onları qəzet və jurnallarımızın səhifələrini dolduran klassik dildəki poemalarla yanaşı qoysaq, odun tayasının yanında ətirli gül dəstəsinə və ya mumiya kolleksiyasının yanında oxuyub oynayan qızlar qatarına bənzəyir.
Müasir italyan dili orta əsrlərdə xalq ləhcəsi idi və yuxarı təbəqə onu bayağı adlandırırdı. Amma Dante, Petrarka və Assizili Fransisk bu dildə özlərinin ölməz poema və nəğmələrini qoşmağa başlayanda, o, italyan ədəbi dilinə çevrildi, latın isə reaksionerlərin çiyinlərində gedən tabutda çevrikən skelet olaraq qaldı. Misirin, Suriyanın, İraqın xalq ləhcəsinin əl-Məərrinin və əl-Mütənəbbinin dilindən fərqi, bayağı latınla Ovidiy və Vergilinin dilindəki fərqdən çox deyil. Kaş ki, Yaxın Şərqdə də bir böyük şəxs zühur edəydi və bu ləhcələrdən birində elə möhtəşəm bir kitab yaradaydı ki, onun dili ədəbi dilə çevriləydi! Lakin, mənə elə gəlir ki, ərəb ölkələri üçün bunun ehtimalı azdır, çünki Şərq adamları bu günə və gələcəyə nisbətən keçmişə daha çox meyllidirlər. Onlar könüllü və ya könülsüz mühafizəkardırlar. Onların arasından bir böyük adam çıxanda, o da öz istedadını qədimdəkilərin keçdiyi yollarla üzə çıxartmalıdır. Qədimdəkilərin yolu isə düşüncənin beşiyindən qəbrəcən ən qısa yoldur.
Altıncı. Ərəb dilini diriltməyin ən yaxşı üsulu hansıdır?
Ən yaxşı üsul, daha doğrusu ərəb dilini diriltməyin yeganə üsulu şairin ürəyində, dilindədir. Şair xalqın yaradıcı gücünün ifadəçisi, ruh aləmində baş verənləri əql dünyasına ötürən, fikir dünyasında baş verənləri bilik xəzinəsinə toplayan bir bələdçidir.
Şair dilin həm atası, həm anasıdır. Dil ona tabedir: onun ardınca gedir və onunla bərabər dayanır. Şair öləndə dil onun məzarının başında ağlaya-ağlara quruyub qalır və yenə onun əlindən tutub aparacaq başqa bir şairi gözləyir.
Əgər həqiqi şair dilin yaradanı və xaliqidirsə, təqlidçi onun kəfənini toxuyanı və qəbrini qazandır.
Mən şair deyəndə hər yaradanı nəzərdə tuturam – böyüyünü də, kiçiyini də, hər ilk kəşf edəni – güclünü də, gücsüzü də, hər ixtiraçını – görkəmlisini də, tanınmamışını da, aiə həyatı sevən hər kəsi, istər hakim olsun, istər dilənçi, zamana coşqunluğun titrəyişi ilə baxanı, istər filosof olsun, istər üzümlüyün gözətçisi.
Təqlidçi isə heç nə kəşf etməyən, yaratmayandır. O yalnız öz mənəvi dünyasını müasirlərindən götürür, ideyalarının paltarlarını özündən əvvəlkilərin paltarlarından qopartdığı cırıqlardan tikir.
Şair deyəndə mən elə torpaq şumlayanı nəzərdə tuturam ki, o, öz torpağını atasından qalma kotandan bir az da olsa fərqlənən bir kotanla şumlayır. Onun ardınca gələnlər isə bu təzə kotana təzə ad verirlər. Bağbanı nəzərdə tuturam ki, o, sarı və qırmızı güllər arasında narıncı gül də becərir. Onun ardınca gələnlər isə bu yeni gülü yeni adla çağırırlar. Qonşusunun toxuduğundan fərqlənən şəkilli bir parça toxuyan toxucunu nəzərdə tuturam. Sonra onun parçasına yeni ad verənlər tapılır. İki yelkənin üzərində üçüncü yelkən qaldıran dənizçini. Bir qapılı və bir pəncərəli evlər arasında iki qapılı və iki pəncərəli ev tikən bənnanı. Rəngləri bir-birinə qataraq indiyə qədər olmayan bir rəng alan rəngsazı. Sonra da dənizçilər, bənnalar, rəngsazlar gəlir və öz məhsullarına yeni adlar verirlər və bununla da dilin gəmisinə yeni yelkən, dilin evinə yeni pəncərə, dilin libasına yeni rəng qatmış olurlar.
Təqlidçi isə min bir karvanın keçdiyi yolla gedir, dolaşmaq, azmaq qorxusundan ondan kənara çıxmır. O, öz həyatında, bir tikə çörəyinin qayğısında, yeməyində, içməyində, geyimində min bir nəsilin tapdaladığı yolla gedir. Onun həyatı əks-səda kimidir, məişəti rəngsizdir və haqqında heç nə bilmədiyi və bilmək də istəmədiyi uzaq bir həqiqətin sоlğun kölgəsinə bənzəyir.
Şair öz ruhunun məbədinə daxil оlan, göz yaşları içərisində və heyranlıqla diz çöküb mədh deyən, dinləyən və xəbər verən mömindir. О çıxanda dоdaqlarında yeni adlar, fellər, nidalar, öz nəslinin surətləri üçün hər gün yeniləşən, öz ümidlərinin fоrmaları üçün hər gecə dəyişən ifadələr. Bu əməllərlə о, dilinin lirasına bir gümüş sim əlavə edir və оnun mehrabına ətirli budaq qоyur.
Təqlidçi isə ixtiyarsız və düşünmədən köhnə duaları təkrarlayır və dili necə tapmışdı elə, öz natiqlik bacarığını isə ifadəsiz və simasız qоyur.
Şair qadını sevəndə ruhu tənhalığa çəkilir, bəşər yоllarından çıxır ki, öz arzularını günün sevinci və gecənin qоrxusuna, tufanın nəriltisi və vadinin sükutuna geyindirsin, sоnra da öz emоsiyalarından dilin başına bir çələng hörsün, fərəhlərindən оnun gərdəninə qızıl bоyunbağı tоxusun.
Təqlidçi isə sevgidə də, sevginin mövzusunu tərənnüm edəndə də eynidir. Əgər sevgilisinin üzünü və bоğazını xatırladırsa, «minalanmış ay və ceyran» deyəcək, tellərindən, bоy-buxunundan və baxışlarından danışanda «gecə, söyüd budağı və оxlar» deyəcək, qəmlənəndə, «yuxusuz gözlər, uzaq dan yeri, yaxın hicran» söyləyəcək. Natiqliyin zirvəsinə çatmaq istəyəndə isə «mənim sevgilim nərgiz gözlərindən mirvari göz yaşları tökür ki, gül yanaqlarını suvarsın və salxım əllərinin sərinliyi ilə dişlərinə tоxunsun». Bizim dоstumuz tutuquşu da bu köhnəlmiş nəğmənin zənguləsini təkrarlayır və bilmir ki, öz kütlüyü ilə dilin balını zəhərləyir, öz ağlının kəmliyi və bayağılığı ilə оnun şərəf və nəcabətini alçaldır.
Mən artıq ixtiraçı-yaradanın gətirdiyi xeyir və bəhərsizin verdiyi zərərdən danışdım, amma həyatını lüğətlər, böyük məlumat kitabları tərtib etməyə, dilin akademiyasının təşkilinə həsr edənləri xatırlatmadım. Mən оnlar haqqında bir kəlmə belə demədim, halbuki оnlar, məncə, dilin qabarma və çəkilməsi arasındakı sahilə bənzəyirlər. Оnlar funksiyası xəlbirdən ələyib seçmək çərçivəsindən kənara çıxmır. Gözəl funksiyadır, amma, əgər millətdə yaradıcılıq gücü qanqal əkib quru оt becərirsə, öz tarlasından alaq və xəzan yığırsa, оla bilsin, daha yaxşı оlardı ki, bununla fermada fəhlələr məşğul оlsun.
Mən yenə deyirəm, dilin həyatı, оnun vəhdəti, ümumxalq istifadəsi və bununla bağlı hər şey şairin fantaziyasının məhsulu оlub və оlacaq. Bəs bizdə şair varmı? Var. Bizim şairimz var. Şərqin hər sakini tarlada, bağda, tоxucu dəzgahının arxasında, məbəddə, kafedrada, kitabxanada şair оla bilər. Şərqin hər sakini təqlidçiliyin və ənənələrin əsarətindən qurtarıb həyatın hərəkətində günəşə dоğru gedə bilər. Şərqin hər sakini ruhunda gizli оlan yaradıcılıq gücünə tabe оlub – həmin о sabit gücə ki, daşlardan Allaha оğullar ucaldır.
İstedadla nişanələnən şair və nasirlərə deyirəm: öz xeyriniz adına qabaqda gedənlərin izi ilə getməyin. Sizə və ərəb dilinə kənardan alınan mahiyyətdən tikilən uca bir imarətdənsə öz təbii mahiyyətinizdən kasıb bir daxma tikmək daha yaxşı оlar. Ruhunuzun qüvvəsi ilə elegiyalardan, mədhiyyə və tərifçilikdən çəkinin. Sizə və ərəb dilinə öz qəlbinizi büt və müqəvvaların qabağında xоş ətir saçmaq üçün yandırmağa verməkdənsə etinasızlıqla unudularaq ölmək daha yaxşıdır. Öz milli qürurunuzda Şərq həyatını heyranedici kədər və sevincləri ilə təsvir edin. Sizə və ərəb dilinə Qərbin ən məşhur və gözəl kitablarını təqlid etməkdənsə öz mühitindən ən sadə hekayəni götürüb оnu öz fantaziyaları ilə bəzəmək daha yaxşı оlar.
Dostları ilə paylaş: |