«Müasir Amerikada poeziya»
məqaləsindən
Şekspir – gələcək», 1881.
Nə qədər təəccüblü olsa da, xalqın ən ali meyarı poeziya hesab edilir. Onun varlığı, yaxud yoxluğu – hər ikisi eyni dərəcədə əhəmiyyətlidir. Bu yeganə, həm də zəruri meyar qızıl gülün və ya su zanbağının saplağında açılmış çiçək kimi, ağacın (çox qamətli gövdəsi və ya budaqları olsa belə) dəymiş meyvəsi – alma və ya ərik kimidir. Heç bir ölkəni, Amerika Respublikasını da, o cümlədən, orada möhtəşəm, özünəməxsus poeziyanın çiçəkləri açmayana qədər böyük adlandırmaq olmaz. Heç bir təqlid, saxtalıq onları əvəz edə bilməz.
Düzdür, göründüyü kimi, Yeni Dünyanın müasir vəziyyətinə və gələcək yollarına uyğun estetik meyarların hansı olması barədə ümumi bir təsəvvür yoxdur, belə meyarlara hələ ümumi bir tələbat da yoxdur və bəlkə də onlar hələ heç kimi düşündürmür. Lakin mən əminəm ki, bizim ölkənin yüksək sənətdə öz inkaredilməz ustadları olmayana qədər, o, siyasi, coğrafi, iqtisadi, hətta intellektual sahədə ən gözəl nailiyyətlərə sahib olsa belə, yenə də inkişaf etmiş və işgüzar, ancaq tam və ya qismən ruhdan məhrum bir bədən (lap beyin) olaraq qalacaq. Bu kədərli həqiqəti nə qədər rəngləsək də, ilk baxışda inandırıcı səslənən sözlərlə, təkziblərlə, şərhlərlə maskalasaq da, diqqətli bir göz mütləq bu boşluğu, aşkar uçurumu görəcək. Çünki bizim Ştatların əsl mənası və məqsədi yalnız yeni siyasi sistem yaratmaq və milyonları maddi nemətlərlə təmin etmək deyil, həm də, daha vacibi, yeni elm və yeni zaman səviyyəsində yeni demokratik sosiologiya və bədii ədəbiyyat yaratmaqdır. Əgər bu sonuncu Birləşmiş Ştatlarda həyata keçməsə – ki, yalnız bu, onları sıx birləşdirə bilər – onda, birincidən də bir xeyir olmayacaq.
Bizim şairlərin ən ciddi nöqsanı ruhi qorxaqlıq, reallıq hissinin və həqiqi vətənpərvərliyin olmaması, eyni zamanda, mənim bir zarafatcıl dostumun «gözəllik düşkünlüyü» adlandırdığı özünəməxsus estetik xəstəlikdir. Şarl Bodler deyir: «Gözəllik və incəsənətə ifrat aludəçilik insanları vəhşi pozuntulara gətirir. Gözəllik hərisliyinə mübtəla olmuş insanın həqiqət və ədalət hissi korşalır. Bu, xəstə ehtirasdır, estetik naqislikdir və xərçəng kimi mənəvi təməlləri yeyir bitirir».
Əlbəttə, bizim çoxsaylı şeir yazanlarımız da bir növ xeyirli iş görürlər. Nümunə üçün uzağa getmək lazım deyil. Yüksək təbəqənin toplaşdığı hər yerdə dilli-dilavər, bacarıqdan məhrum olmayan insancıqlar həmişə tapılır («cəmiyyət» onlarsız sadəcə ötüşə bilməz). Onlar müəyyən işlər üçün çox əlverişlidirlər – bir içki hazırlamaq, sınmış eynəkləri təmir etmək, soyutma balığınmı, yoxsa ağ şərabınmı masaya birinci verilməsini həll etmək, xanım A.B.-nin qonaq otağında monarxın, yəhudinin, aşiqin, Pekin, Prosperonun, Kalibanın və s. zəruri çeşidlərin də olduğu canlı şəkillərin sərgisini düzəltmək – bir sözlə, öz kiçik istedadını yaxınının xidmətinə həsr etmək üçün. Ancaq həqiqi böhran, böyük bədbəxtliklər və iri qarışıqlıqlar zamanı – fiziki və ya mənəvi – belə insanlar tamamilə yararsızdırlar.
Ümumi qəbul olunmuş anlama görə, şair nə isə kişi cinsli bir huridir. O, oxuyur və ya royalda incə pyeslər çalır, başqalarının xatirələri ilə bölüşür və ya gec saatlara qədər dəbli ətirlərlə dolu otaqlarda insanları əyləndirir. Mən xatırlamıram ki, son 10 ildə mətbuatda heç olmasa bir dəfə sadə, sağlam, gümrah ruhlu şeirlər çap olunsun. Bu yaxınlarda üç dənə aylıq dərgilərin yeni saylarında bizim aparıcı şairlərin şeirləri nəşr olunmuşdu. Bunların hamısında əsas mövzu (həm də tam ciddi bir təqdimatla) qismətinə varlı deyil, kasıb ər çıxan cavan gözəl qadının acı taleyi idi!
Poeziyanın sahəsi həmişə zahiri dünya deyil, daxili aləm olacaq, makrokosm deyil, mikrokosm; Təbiət deyil, İnsan. Mən hələ o zərurətdən danışmadım ki, bizdə böyük nəğməkarlar ordusu olmalıdır ki, bütün ölkə qarşısında əbədi, sağlamlaşdırıcı nümunələri yüksəyə qaldırsınlar, acgözlüklə, ədalətsizliklə, tükənməz xainliklə və tiranlığın bütün növləri ilə cəsarətlə mübarizəyə qalxsınlar. (Məncə, bütün digər məsələlərdə müəyyən inkişaf səviyyəsinə nail olan ölkədə birinci dərəcəli şairlərin borcu bu olmalıdır; başqa zamanlarda və başqa şəraitlərdə qədim yəhudi dini müğənnilər, romalı Yuvenal, Qədim Hindistanın xanəndələri, britaniya druidləri də bunu etmişdirlər.) Həqiqi nəhəng şairin borcu artıq Amerikanın üzərini almış qorxunc təhlükəyə qarşı çıxmaqdır. Bu təhlükə – siyasətdə davamlı satqınlıq, əslində mum və maskalardan ibarət olan bizim tərifli dinimizdir, ümumilikdə isə yer üzündə yarana biləcək ən iyrənc, ziyanlı bir şeydir: böyük, müxtəlif cinsli, pulun çoxluğundan, maldan, işgüzar avantüralardan piylənmiş, intellektual baxımdan inkişaf etsə də, dünyada bütün pullardan və intellektual dəyərlərdən daha vacib olan sağlam mənəvi və estetik təməllərdən tamamilə məhrum olan bir cəmiyyətdir.
Doğurdanmı, bu, yalnız mənim arzumdur ki, gələcəkdə bizim Qərbdə, şərqdə, cənubda və şimalda belə nəhəng, təmkinli şairlərin bir ordusu yaransın. Fərqli, ancaq ruhən bərabər. Yalnız ən mükəmməl şairlərin deyil, həm də yeni, İudeylərdəkindən daha böyük, daha atəşli böyük peyğəmbərlərin ordusu ki, bu şərlə müharibəyə qalxsın və işıq zülməti yaran kimi onu yarıb keçsin.
Emersonun kitabları
(onların kölgəli tərəfləri)
Bizim Təbiət adlandırdığımız sahənin zirvələri ölçüyə gəlməz, çölləri və dərinlikləri sonsuzdur. Bura ona təsir edən bütün mənəvi-emosional faktorlarla bərabər insanı bir də sosial-tarixi hadisə kimi daxil edirik. Ədəbiyyat bu sahənin həqiqətdə olduğu kimi yalnız çox kiçik bir hissəsini təsvir edir (bu gün mən belə düşündüm). Hətta ədəbiyyatı bütün əsrlər boyu olan həcmində götürsək belə. Ən yaxşı halda o bizə sahilsiz bir dəryanın düz sahillərində vurnuxan gəmiciklərin kiçik donanması təsiri bağışlayar. Onlar heç vaxt Kolumb kimi xəritəsiz-filansız Yeni Dünya axtarışlarına çıxmağa və planetimizin ətrafında tam bir dövrə vurmağa ürək eləmirlər. Belə ürəkli ideyaların atmosferi Emersona yad deyil və onun kitablarının bəzi yerlərində həm okeanın, həm də okeanın özünün ab-havası duyulur. Bu kitablar hər hansı bir başqa yazıçının kitablarından daha çox bilavasitə bizim əsrimizə, bizim amerikan gerçəkliyinə üz tutur. Ancaq mən onların üzərindəki zahiri pərdəni bir az qaldırmaqdan başlayacam. Yeri gəlmişkən, mən onun görüşlərinin bütün dərinliyini duymağı bacarıram. Mən onun kitablarını demokratik və qərb nöqteyi nəzərdən şərh edəcəm. Mən bu günəş şüaları səpələnmiş çöllərin kölgələrini qeyd edəcəm. Birisi qəhrəman ruhlar haqqında demişdir: «Yüksək zirvələrin olduğu yerdə dərələr və dərin uçurumlar qaçılmazdır». Mənim işim nankorluqdur: mən göylərə ucalan zirvələr, günəş səpələnmiş çöllər barədə susub, yalnız çılpaq səhralar və qaranlıq kölgələr barədə danışmaq istəyirəm. Mən əminəm ki, heç bir birinci dərəcəli rəssam, heç bir böyük sənət əsəri bunlarsız ötüşə bilməz.
Əvvəla, Emersonun səhifələri, belə deyək, çox yaxşı, çox qatıdır. (Axı yaxşı yağ da, yaxşı qənd də əla şeydir, ancaq ömrü boyu qənd və yağdan, ən yüksək keyfiyyətli olsa belə, başqa şey yeməmək!) Müəllif daim sərbəstlikdən, vəhşilikdən, sadəlikdən, ruhun sərbəst ifadə olunmasından danışır, amma hər sətiri üç-dörd yad qavrayışlardan bir düzülmüş süni professorluq incəlikləri, alimlik mərasimçiliyi üzərində qurulub. O, buna mədəniyyət deyir. Bu, onun üzərində durduğu bünövrədir. O, öz kitablarını düzəldir, quraşdırır, onda heç nə öz-özünə böyümür. Bu, kiçik çini heykəlciklər, fiqurlardır: şir, maral, qırmızı dərili ovçu fiquru – incə işli zərif fiqurlar. Onları elə qoyasan mərmər rəflərə, ya da kabinetdəki, qonaq otağındakı qırmızı taxtadan düzəldilmiş taxçalara! Heyvanın fiquru, özü yox, heyvan ovçusunun fiquru, özü yox. Bir də, əsl ovçu, əsl heyvan kimə lazımdır ki! Pərdələrin, sancaq-muncuqların, masaüstü lampaların, astadan incəsənət, Lonqfello və Robert Brauninq barədə danışan centlmenlərin və xanımların arasında əsl heyvanın nə işi var? Onlara sadəcə işarə etsən ki, bu, əsl öküzdür, əsl qırmızı dərilidir, Təbiətin həqiqi hadisəsidir, – bütün bu mehriban insanlar dəhşət içində hərəsi bir tərəfə qaçmağa üz tutacaq.
Emerson, məncə, öz bacarıqlarını heç də rəssam, şair, müəllim kimi üzə çıxartmır. Halbuki, burada da onun xidmətləri az deyil. Onun əsas gücü tənqid, ədəbi təhlildir. Onu idarə edən ehtiras, mübtəlalıq, zəiflik, fantaziya, hər hansı bir ideyaya sadiqlik, yanılma deyil. Onu idarə edən soyuq və rəngsiz intellektdir. (Mən bilirəm ki, bütün Yeni İngiltərəlilər kimi, onun da içində, haralardasa gizlində qaynar məhəbbətin, eqoizmin sönməz odu yanır. Ancaq bu od soyuq və laqeyd görkəmin arxasında baxışlardan gizlənib və özünü heç cür göstərmir). Emerson heç vaxt mübtəla, birtərəfli olmur (adətən bütün şairlər, hər halda ən yaxşıları məhz belə olur). O, hər tərəfə baxır, hamının halına yanır. Onun əsərlərinin təsiri ilə siz əvvəl-axır heç bir şeyə səcdə etməyəcəksiniz, özünüzdən başqa heç nəyə inanmayacaqsınız. Bu kitablar sizin həyatınızın bir dövrünü, sizin mənəvi inkişafınızın bir mərhələsini doldurur – həm də gözəl doldurur. Bu baxımdan onlar olduqca xeyirlidir (Emersonun cavanlıqda təbliğ etdiyi dini doqmalar kimi). Bu kitablar yalnız mərhələdir. Qocalığında, həyatınızın gərgin, yaxud təntənəli saatlarında və ya ölüm ayağında, ruhunuz sonsuz Təbiətin sakitləşdirici və canlandırıcı təsirini, yaxud onun ədəbiyyatda və insanlarda inikasının həsrətini çəkəndə, nə qədər iti olsa da, quru olan ağıldan üz döndərəndə, bu kitablar sizə heç lazım olmayacaq.
Filosofluq üçün Emerson çox zərifdir. O, rəssamdan ədəbli, incə tərzlər tələb edir. O, sanki bilmir ki, bizim tərzlərimiz metallurqun və ya kimyaçının metalları bir-birindən fərqləndirdiyi zahiri keyfiyyətlərdir. Yaxşı kimyaçı üçün bütün metallar eyni dərəcədə yaxşıdır, çünki doğurdan da belədir. Üzdən gedən, kütlənin düşüncələrini bölüşən birisi isə qızıl və gümüşü digərlərindən yaxşı hesab edər. Həqiqi rəssam üçün də pis tərz hesab edilən şeylər bəzən daha dəyərli və mənzərəli görünə bilər. Təsəvvür edin ki, Emersonun kitabları bizim canımıza, qanımıza işləyib, amerikan ruhunun təməlinə, qidasına çevrilib. Biz necə də sığallanmış, qrammatik baxımdan düzgün, ancaq köməksiz və ifadəsiz adam olardıq. Yox, yox, əziz dost! Ştatlara alim lazım olsa da, ola bilsin, onlara həm tez-tez vanna qəbul edən, bərkdən gülməyən, danışıqlarında səhv buraxmayan centlmen və xanımlar da lazımdır. Amma əgər biz hamımız bir nəfər kimi qalan hər şeyi itirərək, belə professorlara, centlmenlərə və xanımlara çevrilsəydik bu dəhşət olardı. Ştatlara əla işgüzar və sosial əlaqələr, əla fermerlər, dənizçilər, ustalar, xidmətçilər, əla atalar və analar lazımdır. Belələri çox olsa yaxşıdır – qoçaq, sağlam, xeyirxah, vətənpərvər. Qoy, onların xəbəri mübtədası ilə uzlaşmasın, gülüşləri silahdan açılan atəş kimi partlasın! Əlbəttə, Amerika üçün bu azdır. Amma əsas lazım olan şey budur, həm də çoxlu sayda. Həm də deyəsən, Amerika qorxunc səhvlərə və düz yoldan sapmalarına baxmayaraq intuisiya ilə, şüursur olaraq, əl havasına, məhz bu məqsədə doğru gedir. Nə isə xüsusi (Avropadakı kimi) ifrat incə, cilalanmış insanlar (bütün insanlıqdan təcrid olunmuş) özü- özlüyündə pis şey deyil, amma Birləşmiş Ştatlar üçün bu, uyğun deyil. Bu, bizim amerikan ideyasının məhvi, real ölümüdür. Bundan başqa, Birləşmiş Ştatlar əsas avropa millətlərinin keçmişlərdə və indi yaratdığı xüsusi, spesifik təbəqə ilə öz möhtəşəmliyi və mənəvi zərifliyi ilə yarışa və ya heç olmazsa müqayisə oluna biləcək bir təbəqə yaratmaq qüdrətində deyil. Yox, Amerikanın məqsədi bu deyil. Məqsəd ilk dəfə dünya tarixində, Yerin nəhəng və müxtəlif məkanlarında – qərbdə, şərqdə, şimalda, cənubda – böyük, çoxqəbiləli həqiqi Xalq yaratmaqdır. Bu ada layiq, qəhrəman şəxsiyyətlərdən, qadın və kişilərdən ibarət Xalq – bax, Amerika bunun naminə yaşayır. Reallaşarsa, bu, həm (bəlkə də son vaxtlar ikiqat şəkildə) müvafiq sosial təlimlərin, ədəbiyyatın, incəsənətin – əgər onlar bizdə nə vaxtsa yaranarsa, – həm də bizim demokratik siyasətin nəticəsi olar.
Bəzən mənə elə gəlirdi ki, Emerson çətin ki, poeziyanın, sözün ən ali mənasında, – Bibliyanın, Homerin, Şekspirin poeziyasının – nə olduğunu anlayır, hiss edir. Mahiyyətcə, onun xoşuna daha çox cilalanmış söz birləşmələri və ya nə isə qədim yaxud qəribə misralar gəlir, məsələn Uollerin: «Sən, gözəl gül!» yaxud Lovlesin «Lukastaya» şeiri, köhnə fransız şairlərinin və s.-lərin gülməli qəribəliklər. Əlbəttə, o, gücə heyrandır, lakin öz heyranlığını centlmen kimi bildirir və qəlbinin dərinliyində belə güman edir ki, Allahın və şairlərin bu möhtəşəm keyfiyyəti həmişə oktavalara, incə üsullara, səslərin və sözlərin zərif səslənməsinə tabe olmalıdır.
Yadıma düşəndə ki, mən nə vaxtsa, çox illər əvvəl, bir çox gənc kimi Emersonun təsir dairəsində olmuşam (bu, səthi və son dövrlər olsa belə), onun kitablarını heyranlıqla oxumuşam, mətbuatda ona «Müəllim» deyə müraciət etmişəm və bir aya yaxın inanmışam ki, mən həqiqətən də onun tələbəsiyəm – mən heç bir xoş olmayan hiss keçirmirəm, əksinə, bundan razıyam. Mən gördüm ki, odlu düşüncəsi olan əksər cavanlar mütləq mənəvi gimnastikanın bu mərhələsini keçirlər.
Emerson doktrininin əsas üstünlüyü ondadır ki, o, onu məhv edən nəhəng yetişdirir. Onun hər səhifəsində eşidilir: «Kim yalnız tələbə və davamçı olmaq istəyər?». Heç vaxt öz tələbələrinə müstəqil yolla getmək üçün belə sonsuz azadlıq verən müəllim olmayıb. Bu məsələdə o, əsl təkamülçüdür.
Qocanın cavabı
Ədəbiyyat sahəsində, ona ən yüksək meyarlarla yanaşsaq (bir oxumuş və çox təcrübəli bir ədəbiyyatçı yenicə çıxmış bir yazışında belə deyir), «atanın səltənəti bitib, oğulun səltənəti bitmək üzrədir və ruhun səltənəti gəlir». Bu sözlərin mənasını anlamağı oxucunun öz öhdəsinə buraxıb, mən qarışıq şəkildə olsa da, ingilis tənqidçisinin mənim həm həqiqi, həm də onun güman etdiyi görüşlərim və məqsədlərim haqqında sözlərini (onlar əsasən poeziya sənətinə aiddir) başa düşdüyüm kimi izah etməyə çalışacam. Mən ona cavab verməyə, yaxud ona öz kitablarımın məqsədlərini izah etməyə başlasam, bunu birbaşa yox, dolayısı ilə, yardımçı qeydlər vasitəsilə edəcəm. Əlbəttə bu qeydlər sırf şəxsi xarakterlidir. Nə qədər olmasa da, bəzən mənim deyingən eqoizmim boylanacaq, mızıldanmalar üzə çıxacaq – axı məni bütün böyük tanınmış jurnalistlər inkar ediblər və etməkdədirlər. Özüm artıq yetmiş iki ilin yükünü daşıyıram ki, bunun son 18 ilini ifliclə məhv olunmuşam.
Heç bir böyük poemanı, heç bir ədəbiyyat və ya incəsənət əsərini müəllifin dövrünü, siyasi görüşlərini (varlığını, yaxud yoxluğunu) və məqsədlərini, onun zahirini və onun arxasında gizlənən ruhunu, eyni zamanda bu əsəri yaradan və ona forma verən həmin vaxtların həyat şəraitini nəzərə almadan dəyərləndirmək olmaz. Bibliya himnləri öz zamanının ruhunu əks etdirir. Homerin, Dantenin, Şekspirin, köhnə şotland və irland balladaları, Ossian və Ömər Xəyyamın yaradıcılığı da belə. Beləcə, üzərində uzun illər işlədiyim «Otun yarpaqları»nı yaratmağı düşünəndə, mən elə bil ki, ancaq öz hisslərimi ifadə edirdim, əslində isə onlarda xüsusi bir qüvvə ilə reallıq, XIX əsrin ruhu, düşüncələr, real həyat, şəxsiyyətin çox tərəfliliyi, Amerika, Vətəndaş müharibəsi, demokratik qüvvələrin ona düşmən olan hər şeylə mübarizədə nailiyyətləri əks olunmuşdu. Şübhəsiz ki, mənim şeirlərim (uzun illər ərzində yaranacaq minlərlə şeirlərin bir hissəsi) həyatın gerçək şəraitinə işıq salır, ancaq «demokratik incəsənət» hələ bu tezlikdə öz layiqli ifadəsini və formasını tapa bilməyəcək – əgər bu, ümumiyyətlə mümkündürsə.
İndi isə mən çoxlarının vacib hesab etdiyi bir şey haqqında mübahisə etmək istəyirəm – incəsənət problemi haqqında. Mənə də xeyirli olan belə bir müşahidə etmişəm: bütün müasir şairlər, kiçik istisnalar olmaqla, öz vaxtlarını bütünlüklə, ya da çox qismini təmtəraqlı qafiyələrə, qəribə söz birləşmələrinə ayırırlar, onlar paltarın parçası və üst-başı, bər-bəzəyinin, hazırcavablığının, üsul və ustalığın qayğısına daha çox qalırlar. Bütün bu ikinci dərəcəli şeylər bizim günlərdə ön plana keçir. Halbuki Təbiət açıq-aşkar bizə zamanı yetişəndə qəti və dönməz şəkildə bir məqsədə irəliləməyi öyrədir, zahiri görkəmin, tənqidin qayğısını çəkmədən – qoy, bunlar öz-özünə getsin. Mən nəinki üslub, forma, ədəbi üsullar məsələsinə diqqət ayırmışam, boynuma alım ki, onlara qarşı bir az laqeyd olmuşam, bəzən hətta onlara ikrah hiss etmişəm. Mən onlardan «neqativ xeyir»dən başqa heç nə tələb etməmişəm, yəni onlar mənim məqsədim olmayıb, heç bir şəraitdə mənə maneçilik törətməsinlər və mənim yaradıcılığıma sahib olmasınlar.
Mənim ədəbi yaradıcılığımın lap əvvəlindən məni kəskin, bəzən hətta kobud və amansızca tənqid edib. Mən isə tənqidi dinləməkdən imtina etməmişəm. (Belə ki, mənim bir üstünlüyüm olub: mən şeirlərimi özümün əsas yeganə prinsipimə sadiq qalaraq yaratmışam; ancaq mənim işlərimdə uzunmüddətli fasilələr olub, bəzən 5-6 il, həm müharibə zamanı, həm də sülh şəraitində). İngilis Reskin məni ciddi və qorxunc bir şeydə günahlandırır: mənim şeirlərim yumor hissindən məhrumdur. Bir dərin düşüncəli alman tənqidçi ondan narazıdır ki, ümumi qəbul olunan zərif dünya poeziyası ilə müqayisədə mənim şeirlərim soyuqdur, sərtdir, onlarda ekzotika, parlaqlıq, süjet və mövzu ardıcıllığı yoxdur. (Mənim kitabım əslində avtobioqrafikdir. Bəlkə mən kvaker (protestant sektası– tərc.) əsilli olduğuma görə səthi ehtiraslara görə boş hay-küy qaldırmaq həvəsim də yoxdur). E.-K. Stedmen də məndən çox narazıdır ki, sadə xalqı «kütlədə» tərənnüm edəndə qəhrəmanlığı, seçilmişlərin, ali təhsilli kəslərin, état-major yüksək mənəviyyatını və xoş məramlarını kifayət qədər dəyərləndirmirəm. Mən doğurdan da, estetika və əxlaq sahəsində demokratik kütlədən, Birləşmiş Ştatların «gövdəsindən» ciddi nailiyyətlər gözləmişəm və hələ də gözləyirəm. Başqa heç nə istəməmişəm və razı qalmamışam. Əgər Amerikaya yalnız nümunələr, dəb və başqa dövlətlərin kiçik meyarları lazımdırsa, əgər o, état-majorun hökmranlığı ilə razılaşırsa, onda o, mənim qəbul etdiyim ölkə deyil və mən bu gün o nəticəyə gəlməliyəm ki, mənim bütün ədəbi yaradıcılığım və ədəbi nəzəriyyələrim mənasız imiş və özlərini doğrultmadılar. Vicdanla desək, müasir poeziya nümunələrinin əksəriyyəti böyük və ya kiçik qənd parçalarıdır, yaxud dadlı şirin tortun tikələridir – hətta qurmanlar da bu ifrat şirinlikdən doyurlar. Bu, belə bir nəticəyə gətirir: böyük qəhrəmanlıq poeziyası olması üçün bizə qəhrəman oxucular lazımdır – auditoriya qəhrəmanlığa susamış olmalıdır.
Bizdə nə isə oxşar bir şey varmı?
Əsas şeyi unutmaq olmaz və bu fikri dəfələrlə təkrarlamaq lazımdır: saysız maddi nemətlər, siyasi azadlıq, nəhəng torpaq sahələri, «biznesin» və istehsalatın görünməmiş inkişafı, hətta bulaq kimi qaynayan intellekt və «mədəniyət» də bizim respublikanı bəşəriyyətin və tarixin önünə qoymayacaq, onu «demokratik incəsənət» sahəsində yüksək nailiyyətlərə, heç zirvəsini demirəm, gətirməyəcək. Yalnız yüksək mənəvi, ruhani və qəhrəman surətlərin – başında qüdrətli və gözəl Poeziya olmaqla dünyanın nə vaxtsa görə bildiyi möhtəşəm milli Ədəbiyyatın – yaradılması (həm də geniş miqyasda) bizə bu məqsədə çatmağa imkan verəcək. Müasir orijinal kosmik poema kimi belə bir əsər yaratmaq mümkündürsə, onda Amerikanın ona ehtiyacı var və ona layiqdir.
Mənim fikrimə görə, bizim günlərimizdə (bunu qəbul etmək nə qədər acı olsa da) sivil millətlərin ədəbiyyat, incəsənt, din və s. sahəsində qürur duyduqları hər şey, onların qəbul olunmuş xadimlərinin həyata keçirdikləri hər şey həm ədəbiyyatın, həm incəsənətin, həm də dinin tam inkişafına mane olur və gələcək məhsul üçün heç bir zəmin hazırlamır. Mən çoxdan belə bir qənaətə gəlmişəm ki, Yeni Dünya üçün gözəllik haqqında təsəvvürlərimiz (yunanlardan miras aldığımız, Şekspirə ötürülən və sonra təhrif olunan) köklü surətdə dəyişdirilməli və yenilənməlidir ki, müasir məqsədlərə və daha yüksək tələblərə cavab verə bilsin. Əgər bu belədirsə, onda nailiyyətlərin zamanı gələcək, yeniliyi öz içindən gələcək, üzvi, yerli koloritlə dolu olacaq, özününküləşəcək və bizim gözəllik haqqında anlayışlarımız bundan çıxacaq (unutmaq olmaz ki, xətlər və rənglər gözəldir, amma insan surətindən yüksək heç nə yoxdur).
Mən öz qocalıq çərənçiliyimlə elə çox danışdım ki, əsas və əhəmiyyətli prinsipin izahına yer saxlamadım, yəni incəsənət vahiddir, o, dar sahə ilə məhdudlaşmır, o, bütün dövrləri, həyatın bütün tərəflərini əhatə edir. O, yalnız aristokratik və ya yalnız demokratik ola bilməz, eləcə də yalnız şərqə, yaxud yalnız qərbə aid ola bilməz. Mən incəsənəti yaxşı bir mətbəə şriftlərinin dəstinə bənzədərdim ki, burada hər hərf eyni dərəcədə lazımdır. Ya da bir vaxtlar mənə: «Mənim üçün fərqi yoxdur, fermerlər mənim yanıma hardan gəlir, təki yaxşı buğda və yaxşı arpa gətirsinlər», – deyən qoca hollandiyalı dəyirmançıya bənzədərdim.
Hərflərin dəsti həmişə bu və ya digər dərəcədə eynidir. Demokratik incəsənət demokratik inkişafın, parlaq, həqiqi milli özünəməxsusluğun və həmin səhifəni yığan kəsin inamının nəticəsidir.
İstifadə olunmuş
ədəbiyyat
Azərbaycan dilində
-
Aida İmanquliyeva. «Qələmlər birliyi» və Mixail Nüaymə. Bakı, Elm, 2002.
-
Aida İmanquliyeva. Cübran Xəlil Cübran. Bakı. 1975.
-
Aida İmanquliyeva. Yeni ərəb ədəbiyyatı korifeyləri. (XX əsrin əvvəllərində Şərq və Qərb ədəbiyyatlarının qarşılıqlı əlaqəsi probleminə dair). Bakı., Elm, 2003.
-
Aristotel. Poetika. Tərc., məqalələr və şərhlər A.Aslanovundur. Bakı, 1974.
-
Bünyadzadə K. Şərq və Qərb. İlahi vəhdətdən keçən özünüdərk. Bakı, Nurlan, 2007.
-
Cabbarlı C. Aydın // Seçilmiş əsərləri. Bakı, Çaşıoğlu, 2004.
-
Cavid H. Əsərləri 4 cilddə, I-II cild. Bakı, «Yazıçı», 1982.
-
Cavid H. Əsərləri 5 cilddə, 3-cü cild. Bakı, “Lider”, 2005.
-
Cavid H. Əsərləri 5 cilddə, I cild. Bakı, Elm, 2005.
-
Cübran C.X. Ərəb dilinin gələcəyi // “Fəlsəfə və sosial-siyasi elmlər” jurnalı, 2008, № 1.
-
Cübran C.X. İblis // “Fəlsəfə və sosial-siyasi elmlər” jurnalı, 2007, № 3.
-
Cübran C.X. Millətlər və onların mahiyyəti // “Fəlsəfə və sosial-siyasi elmlər” jurnalı, 2008, № 1.
-
Cübran C.X. Peyğəmbər // “Fəlsəfə və sosial-siyasi elmlər” jurnalı, 2007, № 4.
-
Cübran C.X. Seçilmiş kəlamlar // “Fəlsəfə və sosial-siyasi elmlər” jurnalı, 2007, № 4.
-
Əliyeva Mehriban. “Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişlənməsi” mövzusunda keçirilən Beynəlxalq forumda çıxışı. “Azərbaycan” qəzeti, 11 iyun 2008-ci il.
-
Əsədova A. Azərbaycan ədəbi fikrinin incisi // A.İmanquliyeva. Yeni ərəb ədəbiyyatı korifeyləri. (XX əsrin əvvəllərində Şərq və Qərb ədəbiyyatlarının qarşılıqlı əlaqəsi probleminə dair). Bakı., Elm, 2003.
-
Elçin. Vilyam Şekspir haqqında söz // Vilyam Şekspir. Pyeslər və sonetlər, Bakı, Yazıçı, 1980.
-
Xəlilov S.S. Aida İmanquliyeva Azərbaycanda Şərq-Qərb problematikasının ilk sistemli tədqiqatçısı kimi // Şərq və Qərb: ortaq mənəvi dəyərlər, elmi-mədəni əlaqələr. Bakı, Elm, 2004.
-
Xəlilov S.S. Azərbaycanda yeni tədqiqat istiqamətinin: Şərq-Qərb problematikasının əsasını kim qoymuşdur? // «İpək yolu», 2004, № 2.
-
Xəlilov S.S. Bir daha Cübran haqqında // «Fəlsəfə və sosial-siyasi elmlər», 2007, № 3.
-
Xəlilov S.S. Cavid və Cübran // «Fəlsəfə və sosial-siyasi elmlər», 2007, № 4.
-
Xəlilov S.S. Cavid və Cübran: ideya zirvəsində görüş // “Ədəbiyyat qəzeti”, 25.12.2008, N 3, (3598).
-
Dostları ilə paylaş: |