Avtomobil yollarinin müASİr problemləRİ avtomobil yollarinin yaranma tariXİ



Yüklə 0,9 Mb.
səhifə1/43
tarix02.01.2022
ölçüsü0,9 Mb.
#41221
  1   2   3   4   5   6   7   8   9   ...   43
Avtomobil yollarının müasir problemləri



AVTOMOBİL YOLLARININ

MÜASİR PROBLEMLƏRİ

1. AVTOMOBİL YOLLARININ YARANMA TARİXİ
Müasir dövrdə dünyanın bir sıra ölkələrində möhkəm, davamlı və geniş avtomobil yolları mövcuddur. Lakin, belə yüksək keyfiyyətli yolların yaranması uzun zaman tələb etmişdir.

Yolların ilk «inşaatçıları» vəhşi heyvanlar olmuşdur. Yem və su axtarışı zamanı yırtıcılardan qaçarkən və ya öz ovunu təqib edərkən və öz yuvalarına qayıdarkən, onlar meşə ilə, düzlə, dağla, dərə ilə hərəkət edərək cığırlar salmışlar. Daş dövrünün ovçuları isə bu yollardan heyvanların özünü təqib etmək üçün istifadə etmişdir. İnsanın əli ilə yaranmış yollar yerə, torpağa ağac yarpağı ya budaqları döşəməklə meydana gəlmişdir. Daha sonralar yola möhkəm material - tirlər və ya ağac gövdələri döşəmişlər. Bu sadə yollar su mənbəyinə enmək, kiçik bataqlıq sahəsini keçmək və s. məqsədlər üçün salınırdı. Məsələn, arxeoloqlar tərəfindən İsveçrədə payalar üzərində qurulmuş qədim yaşayış məskənlərində söyüd ağacının yarpaqlarından sadəcə yol döşəməsi tapılmışdır.

Bürünc dövrünün əvvəllərində, yaşayış məntəqələrinin içərisində - evlərin arasında “tir yolları” və ya “küçələr” salırdılar. Belə yollar yağış nəticəsində palçıqlanmanın qarşısını alır, adamların hərəkət etməsini asanlaşdırırdı.

Yolların inkişafı 6-7 min il bundan əvvəl başlanmışdı. Qədim Şərq ölkələri arasında ticarət əlaqələri karvan yollarının əmələ gəlməsinə səbəb olur. Xettlərin və assuriyalıların qüdrətli dövlətləri mövcud olan dövrdə min kilometrlə uzanan yaxşı yollar salınır. Bizim eradan əvvəl İranda Əhəmənilər sülaləsi dövründə (558-300 illər) məşhur «şah yolu» salınır. Yol Efesdən tutmuş Suzaya və Sarda qədər uzanır və daş döşəməyə malik olur. Yol boyu karvansalar tikilir, yol göstəriciləri qoyulur. Bu yol qədim romalılar üçün nümunə olur. Bizim eradan əvvəl IV əsrdə romalılar buna oxşar, Romadan Kapuiyə və Brundiziuma qədər uzanan məşhur Appi yolunu çəkirlər. Sonrakı dövrlərdə Roma imperiyası 80 min km-ə yaxın 372 yol salır. Onlardan isə 29-u Romada qovuşur.

Romalıların yaxşı yolları isə 4 qatdan ibarət idi: 1-ci alt qat (25 sm) qalınlığı 10-12 sm olan iki daş qatından ibarət idi. Daşlar bir-biri üzərində qoyularkən əhəng məhlulundan ara qatı kimi istifadə olunurdu, aşağıdakı 2-ci qat (25 sm), diametri 5-9 sm olan daşlardan ibarət idi: 3-cü (30 sm) beton qatının daxilinə qoz böyüklüyündə daşlar- qoyulur: axırıncı bir neçə santimetrlik üst qatı isə xırda çaydaşı ilə qumun qarışığından ibarət idi. Yolun orta, qabarıq hissəsi 5 metrə. Ümumi eni isə 8-9 metrə çatırdı. Yolun orta hissəsi hərbi piyada üçün, kənarları isə süvarilər və arabalar üçün nəzərdə tutulurdu. Yollardan səmərəli istifadə etmək üçün romalılar yol qanunvericiliyi yaratmışdılar. Bu qanunlar həmin yollarda hərəkəti nizama salırdı.

Yollar Asiya ölkələrində də çox qədimdən fikir vermişlər. Məsələn. «Arthaşastra»da quru yollarına yüksək tələblər və şərtlər irəli sürülürdü. Orada qeyd edilir ki, araba üçün yollar düz, möhkəm, çala-çuxursuz, yuvasız, yarıqsız və s olmalıdır. Yolların eninin 8 dandadan (1danda=1,8metr) az olmaması tələb olunurdu. Bu tələblərin əmələ gəlməsi onunla maraqlıdır ki, hələ o zaman, yəni təqribən 17 əsr bundan əvvəl, Hindistanda yol tikintisində sadə standartlaşma ideyaları tətbiq edirdi.

Vll-X əsrlərdə Yaponiyada quru yolları sistemi yaranır. Yollar poçt əlaqələri üçün istifadə edilirdi və hətta dərəcələrə bölünürdü. Hələ o zaman, yaponlar yol boyu hər iki tərəfdən ağaclar əkirdilər.

XVI əsrin axırında Yaponiyada yollar yenidən tikilib yaxşılaşdırılır və eninin 5-6 metrdən az olmaması bir qayda kimi qəbul olunur. Tokuqavanın hakimiyyəti dövründə isə yollara daha böyük diqqət yetirilmişdir. Bu zaman yaxşı yolların uzunluğu 1700 km, yolüstü stansiyaların sayı isə 270-ə çatırdı.

Orta və Yaxın Şərqin karvan yolları (İpək Yolu) da daim inkişafda idi. Tarixdə Böyük İpək yolu kimi tanınan Beynəlxalq Tranzit - Ticarət yolu eramızdan əvvəl II əsrin axırlarından bizim eramızın XVI əsrinə qədər fəaliyyət göstərmiş, Çindən Şimali Afrika və İspaniyaya qədər uzanaraq o zaman dünyanın demək olar ki, əksər ölkələrini birləşdirmişdir. Bu yol öz adət-ənənələrinə, mədəniyyətinə görə bir-birindən əsaslı sürətdə fərqlənən yüzlərlə dünya mədəniyyətinin yaranmasında müstəsna rol oynamışdır.

Ərəbistandan başlayan «Böyük ipək Yolu» Bağdada, oradan da Mərv şəhərinə qədər uzanırdı. Karvan yolları Mərvdən sonra Tyan-Şan dağlarının şimalından Səmərqəndə (Merakandu), oradan da Qaşqar, Yarkənd və Xatanı keçərək Dunxuanda birinci yolla birləşirdi. Böyük İpək Yolunun bir qolu da Ekbitanadan ayrılıb Albaniya ərazisindən keçir, qədim Qəbələ, Bərdə və Naxçıvandan dolanaraq yenidən Bağdadda əsas yola qovuşurdu.

Qeyd edək ki, XIV əsrdə Hindistana və Çinə dəniz yolunun açılması ilə Böyük İpək Yolu öz əhəmiyyətini itirməyə başlamışdır.

Lakin, Böyük İpək Yolu qədimdən Çindən Orta Asiya və Asiya ölkələrinə karvan yolu olmuşdur. Bu yolla başlıca olaraq Qərbdə yüksək qiymətləndirilən Çin ipəyi, həmçinin kağız, lak, sənətkarlıq məmulatları, kənd təsərrüfatı məhsulları və s. daşınırdı. Vll-X əsrlərdə bu yolun Beynəlxalq əhəmiyyəti daha da artdı və Çin ilə xarici ölkələr arasında iqtisadi əlaqələr möhkəmləndi. Böyük İpək yolu diplomatik əlaqələrin də inkişafında mühüm vasitə olmuşdur. Belə ki, Çinlə Bizans dövləti arasında əlaqənin yaradılmasında onun böyük rolu olmuşdur. Yəni, İpək Yolu Avropa və Asiya arasında iqtisadi inkişaf və mədəni münasibətlərin genişləndirilməsi üçün təmin yaratmışdır.

Cənubi Amerikanın mayya hindilərinin inkişaf etmiş yollar sistemi var idi. Yol tikintisində hindilər qırma və çınqıl daşlarından istifadə edirdilər. Yolların hündürlüyü 0,6 ilə 2,5 metr, eni isə 5-dən 20 metrə qədər olurdu. Şəhərlər arasında yolların uzunluğu isə 100 km-ə çatırdı. Diqqətəlayiqdir ki, mayya hindiləri bu yolların salınmasında daş vərdənədən istifadə etmişlər. Yukatanda (Mərkəzi Amerikada yarmada) tapılmış belə bir vərdənənin çəkisi 5 tona yaxındır.

Orta əsrlərin axırlarında, uzun tənəzzüldən sonra Avropada yol tikintisi dirçəlişə başlayır. Bu dövrlərdə qoşqu nəqliyyatı üçün Turku-Xyame (1249 il) Finlandiya at-araba yolu və Karlın dövründə Turku-Vıborq (1243-cü il) yolları çəkilir.

İngiltərə yolların inkişafında maraqlı bir dövr keçirir. XVII əsrin birinci yarısında bu ölkənin yolları çox pis vəziyyətdə idi. Lakin sənaye kapitalizmin inkişafı ilə əlaqədar olaraq əsrin ikinci yarısında yolların tikilişinə başlayırlar. Rahat yolların olması ticarət, kənd təsərrüfatı və kömürçıxarma sənayesi üçün çox vacib idi.

Yol çəkilişinin inkişafı istedadlı yol inşaatçı mühəndislərinin meydana gəlməsinə səbəb olmuşdur. XVIII əsrin axırı üçün Telford və Mak Adam kimi görkəmli yol mühəndislərinin böyük xidmətləri sahəsində İngiltərədə keyfiyyətli yollar şəbəkəsi yaranır.

Şotlandiya mühəndisi Mak Adam yol tikintisində qabaqcadan hazırlanan «torpaq yeşik»- dən imtina edir və yol yatağı səthinin orta hissəsini kənarlara nisbətən bir qədər yuxarı qaldırır və ona romalılar kimi, qabarıq şəkil verir. Mak Adam suyun yol səthindən süzülüb axması məqsədilə yol boyu xəndək (küvet) qazmağı da irəli sürür. Onun təklif etdiyi yol kəsiyi quruluşundan indi də istifadə edilir.

XIV əsrin ortalarında Parisin bələdiyyə idarəsi asfaltı şəhərin küçələrini döşəmək üçün, ən yaxşı material hesab edir. 1848-1954-cü illərdə Parisin ilk asfalt basılan sahələrindən biri Berjer küçəsi və Pale-Royal meydanı olur. O zamandan asfalt küçələrin kütləvi «geyiminə» çevrilir. 1863-1875-ci illərdə Varşavada, Hamburqda, Londonda, Peterburqda və s. böyük şəhərlərdə küçələr asfaltla döşənir. Həmin illərdə asfalt çəkmək üçün maşın-vərdənə meydana çıxır. Buxar vərdənəsini ilk dəfə, 1867-ci ildə İngiltərədə Tomas Avelinq (1824-18810 ) qayırmağa başlayır. 140-ilə yaxındır ki, vərdənə geniş yollar şəbəkəsi yaradılmasında işlədilir.

Avtomobilin yaranması ərəfəsində, 1890-cı ildə Fransada 486, İngiltərədə 200, Almaniyada 100, Avstriyada 94, Belçikada 24, Rusiyada 20, İspaniyada 20, İtaliyada 8 min km yol mövcud idi.

Rusiyanın ilk az-çox yaxşı və böyük yolu 1722-ci ildə I Pyotrun göstərişi ilə Peterburqla Moskva arasında salınmışdır. Bu yolun döşəməsi yox idi, lakin bəzi yerlərində ona ağac tirlər döşənmişdi. Yolun uzunluğu 795 kilometr idi, onunla səyahətə 5 həftə vaxt keçirdi. 1817-ci ildə yola qırma daş döşənir onu «Moskva şosesi» adlandırırlar.

II Yekaterina zamanında 214 km uzunluğunda hərbi-Gürcüstan yolu çəkildi.

Qeyd etmək lazımdır ki, Rusiyada şose yollarının tikintisində yeni texnikadan çox ləng istifadə olunurdu. Məsələn, ilk yol vərdənisindən burada 1875-ci ildə istifadə olunmuşdur.




Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin