İndi isə körpülərin yaranma tarixi haqqında bir sıra qısa məlumatlar verək.
“Körpünün tarixi” kitabında F.Robins körpünün cəmiyyəti üçün rəngarəng rolunu qeyd edərək yazır ki, körpülər tarix boyu dostluq, qonşuluq, düşmənçilik, romantika, ticarət, faciə kimi xüsusiyyətləri əks etdirmişdir.
Yolların salınması dövründən başlayaraq, yol çəkənlər təbii maneələrə - çaylara, dərələrə, uçurumlara, dağlara və s. rast gəlirdilər. Rast gəlinən maneələri çətin də olsa, keçməyi cəhd etmişlər. Maneələri keçmək üçün təbii hallardan və mateteriallardan, bitkilərdən və s. istifadə etmişlər. Adətən maneəni, məsələn çayı elə yerdən keçirdilər ki, buna ya az vaxt, ya da az qüvvə sərf olunsun. Getdikləri yollarda torpağa sadə “düzəlişlər» verməklə, dərəyə torpaq doldurmaqla, təpəni keçməklə yolun müəyyən bir hissəsini daha səmərəli hala salmışlar. Daha sonralar belə “düzəlişləri” etmək üçün daşdan, ağacdan və s. istifadə etmişlər. Tarix müxtəlif tipli və konstruksiyalı körpülərin yaranmasının şahididir. Materialı bambukdan, kəndirdən, dəridən, ağacdan, daşdan olan körpülər salınmışdır. Müasir dövrdə isə körpü materialı kimi polad və dəmir-beton konstruksiyalar işlədilir.
Mərkəzi Afrikada, piqmeylərə çay rast gələrdisə, onlar əvvəlcə çayda dayaz yer axtarıb onu keçməyə cəhd edirdilər. Əgər bu mümkün olmazdısa onda çayın bir sahilindən o biri sahilinə liana (yəni sarmaşıq) atıb ağaca düyünləyirdilər. Sonra isə lianadan yapışaraq, üzə-üzə çayın o biri sahilinə keçirdilər. Çaydan daha yaxşı keçmə üsulu iki liana vasitəsilə olurdu, iki liananı bir-birinin üstündən və bir-birinə bağlı şəkildə çayın üstündən uzadaraq uclarını ağaca bağlayırdılar. Körpü bununla hazır olurdu. Üst lianadan tutaraq, aşağı liananın üstü ilə addımlaya-addımlaya çayın bir sahilindən o biri sahilinə keçərdilər. Sonrakı dövrlərdə lianadan daha mürəkkəb asma körpülər qurmuşdular.
Qədim Peruda uçurumların və dağ çaylarının üstündən asma körpülər salırdılar. Liananı burada, qətranlanmış heyvan dərisindən, xam göndən hazırlanmış qayışlar əvəz edirdi, amma belə körpülər o qədər davamlı olmurdu və yalnız bir atlının çəkisinə davam gətirirdi.
Papuas tayfaları tropik dağ meşələrində böyük ustalıqla bambuk körpülər tikirdilər. Çayın üstündən bir-birinə paralel iki bambuk tiri uzadır və onlara yuxarı istiqamətdə azca qabarıq şəkil verirdilər. Onlara eninə bambuk parçaları bağlayırdılar. Belə körpüdən etibarlı sürətdə keçmək mümkün olurdu. Bu tipli körpülərin daha təkmil konstruksiyasını
Cənubi-Şərqi Asiyada, Çində və Yaponiyada tikmişlər.
Su üzərində ən qədim körpülərdən biri, bizim eradan əvvəl 438-ci ildə İran şahı Kirin əsgərləri tərəfindən Fərat çayının üstündə salınmışdı.
X əsrdə Dəclə çayının üstündə, əsası kərpic olan körpülər olmuşdur. Ərəb səyyahı Əbu Dulaf öz səyahəti zamanı etdiyi qeydlərində Xanikin yaxınlığında böyük əhəmiyyəti olan körpüdən yazır: “Körpünün 24 tağı var, hər tağın eni 20 dirsəkdir. Onun üstündən Küfəyə və Məkkəyə gedən yol keçir”.
Gözəl və cazibədar daş körpülər bəzən on illər ərzində inşa edilmişdir. Məsələn, Romanın Emilius körpüsünün tikintisi 37 il (bizim eradan əvvəl 179- 142-ci illər), Avinyon (Fransa) körpüsünün tikintisi isə 10 il (1178-1188-ci illər) çəkmişdir.
Qədim mayya hindiləri də məharətlə daş körpülər salmışlar. Onların qalıqları bizim dövrə qədər gəlib çatmışdır.
2. AVTOMOBİL YOLLARININ TƏSNİFATI
Avtomobil yollarının əhəmiyyəti onların ümumi nəqliyyat işində rolu və inzibati mədəni əlaqələrin təmini ilə əlaqədardır. Yol üzrə hərəkət intensivliyi artdıqca o daha da təkmilləşdirilmiş tipdə olmalıdır. Qısa məsafələr üzrə çəkilmiş az yoxuşlu və təkmilləşdirilmiş örtüklü yollar intensiv hərəkət vaxtı onlara çəkilən xərci, avtomobil daşımalarına çəkilən xərcin qənaət olunması hesabına tez çıxarır.
Əksinə, gündəlik hərəkət intensivliyi az olan yolların salınmasına çəkilən xərc daha gec çıxarılır və yaxud həmin yollara çəkilən xərc heç ödənmir. Ona görə də belə hallarda aşağı, daha az təkmilləşdirilmiş yollar salınır ki, həmin yollar üzrə avtomobillər aşağı sürətlə hərəkət edəcəklər.
Yol tipinin təyinatına, təkcə onun tikilməsinə çəkilən xərcin analizinə görə yanaşmaq və onu qiymətləndirmək düzgün deyil. Həmçinin digər amillər o cümlədən bu və ya digər marşrutun nəqliyyat sistemində rolu nəzərə alınmalıdır. Məsələn, böyük aeroportlara, çatdırma rahatlığını və hava daşımalarının müddətini azaltmağı təmin etmək məqsədilə hərəkət intensivliyinin tələbatından yüksək kateqoriyalı yollar çəkilir.
Ümumiyyətlə avtomobil yolu dedikdə dövlət standartlarına, yol hərəkəti qaydalarına və digər normativ hüquqi aktlara uyğun olan ölçülərə, kütləyə malik avtomobillərin təhlükəsiz, rahat və fasiləsiz hərəkətini təmin edən mühəndis - texniki qurğular sistemi başa düşülür.
Avtomobil yolları əsasən əhəmiyyətinə, yol şəbəkəsində tutduğu yerə, funksional təyinatına, istifadə imkanlarına, istifadəçilərinə və mülkiyyətçilərinə görə təsnif edirlər.
Əhəmiyyətinə və yol şəbəkəsində tutduğu yerə görə avtomobil yollarının aşağıdakı növləri vardır.
Beynəlxalq əhəmiyyətli yollar
Dövlət və ya respublika əhəmiyyətli yollar
Diyar və ya vilayət əhəmiyyətli yollar
Yerli yollar.
Respublika əhəmiyyətli avtomobil yolları ümumi istifadədə olan avtomobil yolları şəbəkəsinin tərkib hissəsi olmaqla ölkə ərazisində avtomobillərlə zəruri yük və sərnişin daşımalarına xidmət edir.
Respublika əhəmiyyətli avtomobil yolları Bakı şəhərindən avtomobillərin respublikamızla həmsərhəd olan ölkələrə çıxışını təmin etməklə Bakı şəhərini respublikamızın şəhərləri, hava, dəniz və çay limanları, həmçinin xüsusi obyekt və müəssisələri birləşdirən yollar daxildir.
Diyar və ya vilayət əhəmiyyəti yollara isə diyar və ya vilayət mərkəzlərini əhalisi 10-15- min nəfər və daha çox olan rayon mərkəzləri və əraziləri ilə birləşdirən yollar, həmçinin dövlət və ya respublika əhəmiyyətli yollara çıxış yolları, bir sözlə diyar, vilayət daxilində yerləşən yollar daxildir.
Yerli əhəmiyyətli avtomobil yolları ümumi istifadədə olan avtomobil yollarının tərkibinə daxil olmaqla rayonlararası və konkret şəhər, rayonlarla onun inzibati ərazi, habelə təsərrüfat vahidləri arasında nəqliyyat əlaqələrini təmin edir.
Qeyd edək ki, yerli yollar da öz aralarında şərti olaraq 2 yerə bölünür.
Dostları ilə paylaş: |