Xidmətçi və əfəndi
Mirdad Şəmadimin yeganə xidmətçisi deyildi. Sən xidmətçilərini saya bilərsənmi Şəmadim? Dünyada Şəmadimə xidmət etməyən bir quzğun, qartal, sidr ağacı, bir palıd, bir dağ, ulduz, dəniz, okean, mələk və bir kral varmı? Bütün dünya Şəmadimin xidmətində deyilmi?
Xeyir, Mirdad da Şəmadimin yeganə əfəndisi deyil. Şəmadim, əfəndilərini saya bilərsənmi?
Şəmadimin xidmət etmədiyi bir həşərat, bit, bir bayquş, bir tikan, bir qıl, su çöküntüsü, bir odun, bir oğru və dilənçi varmı? Şəmadim dünyadakı hər şeyin qulluğunda deyilmi?
Dünya öz işini görüncə, sənin işini də görər. Onda, sən öz işini gördüyün zaman, dünyanın işini də görmüş olmayacaqsanmı?
Bəli, baş qarının əfəndisidir. Ancaq qarın da, əfəndi olmaqda başdan geri durmur.
Bir şeyin ona qulluq etmədən qulluğunda durması mümkün deyildir. Özünə qulluq edənin qulluğunda durmadan qulluq etmək mümkün deyildir?
Şəmadim, sənə və hər kəsə deyirəm ki, xidmət edən əfəndinin əfəndisidir. Əfəndi də xidmət edənin xidmətçisidir. Xidmətçi əsla başını önünə əyməsin! Əfəndi də başını əsla yuxarı qaldırmasın! Ən yaxşısı, əfəndinin içindəki öldürücü əfəndilik qürurunu əzməsi, xidmətçinin də etibarını zədələyən yazıqlığın köklərini özündən qoparıb atmasıdır.
Bilin ki, söz təkdir. Siz sözdəki hecalar kimisiz. Həqiqətdə hamınız eynisiz. Çünki, bir heca digər hecadan daha hörmətli və ya daha əhəmiyyətli deyildir. Bir çox heca da tək bir hecadır ki, o da “söz”dür. Hər kəsi və hər şeyi sevmək və özünü sevmə xoşbəxtliyindən də uca bir səadəti dadmaq istəyirsizsə, tək hecanın sözləri olmalısınız.
Sözü tək heca olan insan əfəndi olmağa müvəffəq olmuşdur. Çünki o, artıq özünün əfəndisidir. Yer və səma belə bir insanın əmrlərini yerinə gətirmək üçün bir-birilə yarışır. Lakin əfəndiliyi belə olan insan da heç vaxt özünü əfəndi olaraq görməz.
İndi mən də səninlə, əfəndinin xidmətçisi ilə və ya xidmətçinin əfəndisi ilə danışdığı kimi danışmıram. Mən səninlə qardaşın qardaşla danışdığı kimi danışıram. O zaman, niyə görə mənim sözlərim sənə iztirab verir?
Əgər istəyirsən məni qəbul etməzsən. Lakin, mən səni qəbul edəcəyəm. Bir az əvvəl sümüklərimdəki ətin sənin sümüklərindəki ətdən başqa bir ət olmadığını deyən sən deyilmiydin? O zaman mən özümü yaralamadan səni necə yaralaya bilərəm? Buna görə sənə deyirəm ki; qanını tökmək istəmirsənsə, dilinə sahib ol. Qəlbini bütün kədərlərə bağlamaq istəyirsənsə, qəlbini mənə açıq tut.
İnsan bütün sözləri tələ və tikanlı olan bir dilə sahib olacağına dilsiz olsaydı çox daha yaxşı olardı. İnsanların sözləri özləri üçün tikan və tələ olmağa davam edəcəkdir. Ta ki, anlayış, onların dillərini təmizləyib, bir neçə hecadan ibarət olan sözlərini tək bir hecaya endirənə qədər.
Ey rahiblər, qəlblərinizi araşdırın. Ordakı bütün maneə və barrikadaları yıxın! “Mən”inizin qundaqlanmış olduğu qundaqları atın ki, onu Tanrının sözünə bənzər və kainatda ondan meydana gələn hər şeylə əmin-amanlıq içində olacaq şəkildə tək hecalı görəsiz.
Nuha belə öyrətmişdim.
Sizə də belə öyrədirəm.
Mirdad susdu və oradakıları son dərəcə böyük təəccüb içərisində qoyaraq öz otağına getdi. Narahat edici bir səssizlikdən sonra, yoldaşlar da otaqlarına getdi və hamı Mirdad haqqında fikirlərini şərh etdilər.
− O, krallıq tacını xəyal edən bir dilənçidir. – dedi Şəmadim.
− Nuha öyrətmişdim demədimi? – dedi Mikayyun.
− Düyünlü bir iplik çarxı kimidir sanki. – dedi Ebimar.
− Bizim dünyamızın xaricində olan bir ulduzdur. – dedi Mikastər.
− Mükəmməl fikirləri var, lakin ziddiyyətlər içində itib-batmışdır. – dedi Bennun
− Bilmədiyimiz bir açarla köklənmiş bir gitar. – dedi Zemura.
− Dost bir qulaq axtaran bomboş sözlər. – dedi Himbal.
Tufana aid
Gecə saat üç idi. Qapının açıldığını eşitdim. Bir də gördüm ki, Mikayyun fısıldayaraq mənimlə danışır.
− Oyaqsan Neruvenda?
− Mikayyun, bu gecə yuxum gəlmir.
− Mənim də gözlərimdə yuxu yoxdur. Görəsən o yatır?
− Ustadı deyirsən?
− Bundan sonra “Ustad” deyəcəksən ona? Kim bilir, bəlkə də elədir. Mən onun kim olduğunu öyrənənə qədər rahat ola bilmərəm. Gəl indi onun yanına gedək.
Yavaş-yavaş getməyə başladıq. Nəhayət Mirdadın otağına gəldik. Qapı açıq idi. İçəri daxil olduğumuzda, otağın ortasında düzgün sərilmiş bir yataqdan başqa heç nə görmədik. Yatağın üstündə divarın üst tərəfindəki pəncərədən içəri düşən ay ışığından başqa bir şey yox idi. O gecə o yatağa heç kəsin girmədiyi bəlli idi. Təəccüblənmişdik. Bir utanc hissi yaşadıq və ümidsizliyə qapıldıq. Şirin səsini eşidib, əzəmətli görünüşünü qapıda gördüyümüz an geriyə dönməyə hazırlaşırdıq.
− Narahat olmayın! Rahat olun! Gecə bitmək üzrədir. Gecə bitmək üzrə olduğu vaxt nə gədər də gözəl olur!
Mikayyun tədirgin və qısıq ifadələrlə,
− Bu üzsüzlüyümüzü bağışla. Çünki bütün gecə yuxusuz qalmışıq, – dedi.
− Yuxu doğrudan da, insanın özünü unutduğu kiçik bir zaman fəslidir. Sizin oyaq ikən özünüzdən keçməniz, kötük kimi yatmağınızdan daha yaxşıdır. Deyin görək, Mirdaddan nə istəyirsiz?
− Sənin kim olduğunu öyrənmək üçün gəldik. − dedi Mikayyun.
− Mən insanlar üçün bir Tanrı, Tanrı üçün də bir insanam. İndi kim olduğumu bildinmi, Mikayyun?
− Mənə elə gəlir ki, danışığında Tanrıya qarşı bir üsyan var sanki.
− Mikayyunun Tanrısına qarşı bir üsyan ola bilər. Lakin Mirdadın Tanrısına isə əsla!
− Məgər Tanrılar çoxdur, ya da Tanrıların sayı insanların sayı qədərdir ki, Mikayyunun Tanrısı və Mirdadın Tanrısı deyirsən?
− Mikayyun, Tanrı çox deyil, birdir. Lakin insanların kölgələri hələ də fərqli və müxtəlif növlərdədir. İnsan yer üzünə bir kölgə saldığı müddətcə, Tanrısı da kölgəsinə paralel gedəcəkdir. Kim ki, parlaq bir işıq olsa, kölgəsiz olar. Tək Tanrını da sadəcə o bilər. Çünki Tanrı işıqdır və işığı yalnız işıq bilər.
− Mənimlə əsrarəngiz danışma. Çünki səni anlaya bilmirəm.
− Yer üzündə hər şey arxasında kölgə çəkən bir insan üçün əsrarəngizdir. Çünki o insan borc bir işığın altında gəzir. Bunun üçün də, kölgəsinə ilişər. Anlayış işığı ilə tutuşan insanın heç vaxt kölgəsi olmaz.
Mirdad yaxın zamanda kölgələrinizi toplayacaq və onları günəşdə yandıracaq. Nə vaxt ki, haqqın işığı üstünüzə düşəcək, o zaman bütün sirlər dəlilə ehtiyac hiss etmədən parlaq həqiqətlər kimi sizə görünəcək.
− Bizə özündən danış! Bəlkə sənin həqiqi adını öyrəndiyimiz zaman, kimin oğlu və haralı olduğunu biləcəyik və bəlkə də indi anlamaqda çəkdiyimiz çətinliyi hiss etmədən səni başa düşəcəyik.
− Ah Mikayyun! Ah Mikayyun! Sənin üçün Mirdadı insanların zəncirləri ilə zəncirləmək və onların örtüləri ilə örtmək, bir qartalı çıxdığı yumurta qabığına həbsetməkdən daha çətindir. Hansı isim “qabıq”da olmayan insanı xarakterizə edə bilər? Hansı diyar, bir dünyaya sığan insanı içinə ala bilər? İnsanın hansı əcdadı Tanrıdan başqasına dözə bilər?
Mikayyun, əgər məni tanımaq istəyirsənsə, əvvəlcə özünü tanı!
− Bəlkə də sən insan şəklində əfsanələrdən qalma bir xəyalsan.
− Bəli, bir gün olacaq, insanlar “Mirdad əfsanələrdən başqa bir şey deyildi” deyəcəklər. Lakin siz bu əfsanənin insanların bildiyi bütün mühüm həqiqətlərdən daha doğru olduğunu yaxın zamanda anlayacaqsınız.
Dünya bu gün Mirdadı düşünmür. Ancaq Mirdad hər zaman dünyanı fikirləşir. Çox yaxın vaxtda bütün dünya düşüncələrilə Mirdada doğru hərəkət edəcəkdir.
− Görəsən sən “Gəmi”yə, aramıza gizlicə qatılan doqquzuncu yoldaş ola bilərsənmi?
− Mən boş şübhə zülmünə qarşı mücadilə edən hər gəmiyə sızaram. Mən, məndən yardım istəyən hər kapitana kömək edər və sükanı əlindən alaram. Neçə dəfə qəlblərinizin, sizi tanımadığım halda, məndən kömək istəmək üçün fəryad etdiyini eşitdim. Mən, Mirdad, dünya tarixinin gördüyü ən böyük Tufandan dünyanı qurtarmanız üçün sizi qurtarmağa gəldim.
− Başqa bir tufanmı var?
− Xeyir, lakin dünyanı sular silib süpürəcək. Səma yerə enəcək. Lakin insanın əsərlərini yox etmək üçün deyil, Tanrını insanda göstərmək üçün.
− Amma bir neçə gün əvvəl səmada göy qurşağını gördük. Başqa bir tufandan necə danışa bilərsən bizə?
− Sizə bəhs etdiyim və izləri yer üzündə görünən tufan Nuhun Tufanı ilə müqayisə edilməyəcək qədər qorxuncdur!
Baharın gözəlliklərini əks etdirən yer üzünün yerinə sular altında bir yer üzü! Təcrübəli biri tərəfindən idarə edilən yer üzü yerinə, qanla qaynayan bir yer üzü!
− O zaman demək ki, qiyaməti gözləyəcəyəm. Çünki bizə kitablarımız və adət-ənənəmiz, doqquzuncunun gəlişinin qiyamətin xəbərçisi olduğunu deyir.
− Yer üzünün silinəcəyi üçün narahat olmayın! Çünki yer üzü hələ gəncliyinin baharındadır və hələ çox münbitdir. O, sizin saya biləcəyinizdən çox nəsillər doyuracaqdır. İnsan da yox olacaq deyə narahat olmayın! Çünki o, yer üzünün əfəndisidir və yox olmayacaqdır!
Bəli. İnsan yox olmayacaq. Çünki o, tükənməyən bir qaynaqdır. O, qazana bir insan olaraq girəcək, bir ilah olaraq çıxacaqdır.
Diqqətli və hazır olun! Bir dəfə doydurduğunuzda sizi sonsuza qədər tox tutacaq o müqəddəs aclığı qəlblərinizin tanıması üçün gözlərinizə, qulaqlarınıza və dillərinizə oruc tutdurun.
Acları doydura bilməniz üçün sonsuza qədər tox olmalısınız.
Gücsüzlərə və narahat olanlara kömək edə bilməniz üçün hər zaman güclü olmalısınız.
Qasırğaların dağıtdığı insanların sığınacağı olmanız və qasırğa ilə mücadilə etməniz üçün lazımlı təchizata sahib olmalısınız.
Qaranlıqda gedənlərin sizdən işıq alması üçün siz hər zaman aydınlıq olmalısınız.
Zəif, zəif üçün bir yükdür. Qüvvətli isə dağın çınqılı, dənizin də suları daşıdığı kimi, zəifi çiyinlərində daşıyır. Buna görə zəifləri araşdırın. Çünki sizin gücünüzün qaynağı onların zəifliyidir.
Yoxsul, yoxsulun yoxsulluğunu artırar. Lakin yaxşılıq etmək istəyən üçün yoxsul tapılmaz bir qaynaqdır. Buna görə yoxsulları araşdırın. Sizin bolluğunuzun qaynağı onların kasıblığıdır.
Kor, kor üçün bir əngəldir; görən biri üçün isə, yol göstərəndir. Buna görə kor olanları da araşdırın. Sizin aydınlığınızın qaynağı onların qaranlığıdır.
O an Zemura qrupu səhər duasına çağırmaq üçün borunu üflədi.
− Zemuranın borusu yeni günü elan edir. Daha doğrusu yeni bir möcüzəni. Siz bu möcüzədən sizdən əvvəlkilərin faydalandığından daha yaxşı faydalana bilməyəcəksiniz. Siz onu oturaraq, qalxaraq, bağırsaqlarınızı dolduraraq, boşaldaraq, dillərinizi boş sözlərlə yoraraq, edilməməsi lazım olan şeyləri edərək, edilməsi lazım olanlara da lageyd yanaşaraq, nəhayət, onu əsnəyərək öldürəcəksiniz!
− O zaman, duaya getməyək?
− Xeyir! Gedin! Öyrədildiyi kimi dua edin. Necə lazımdırsa və hansı şey üçünsə, gedin və dua edin! Gedin! Özünüzə təlimçi və əfəndi olana qədər; hər sözü bir duaya və hər işi də bir xeyir işə çevirincəyə qədər, sizə əmr olunan hər şeyi edin. Salamat qalın! İndi Mirdad sizin üçün yaxşı və bol bir səhər yeməyi hazırlamalıdır.
Qaranlıq haqqında
O səhər mən (Neruvenda) və Mikayyun dua etməyə getmədik. Əlbəttə ki, Şəmadim həm bundan, həm də gecə vaxtı Mirdadı ziyarət etdiyimizdən xəbər tutdu və çox əsəbləşdi. Lakin bu narahatlığını özünə uyğun bir mühit tapana qədər gizlətdi.
Lakin digər yoldaşlar bizim əməlimizə təəccübləndiklərini və bizi buna sövq edən səbəbləri öyrənmə arzularını gizlətmədilər. Bəziləri Ustadın, bizi duadan uzaqlaşdırdığını sanmışdılar. Bəziləri də, onun kim olduğunu onlara anlatması üçün bizi çağırdığını düşündülər. Lakin onlardan heç kəs onun doqquzuncu yoldaş olduğuna inanmadı. Bunun əvəzinə hamısı onu görmək və bir çox mövzuda sual vermək istəyirdi.
Ustad gəmidəki işini bitirdiyi zaman, boş vaxtını qaranlıq, dərin çuxurun kənarındakı – biz ona “Qartal yuvası” adını vermişdik- mağarada keçirdirdi. Şəmadimdən başqa hamımız onu günortadan sonra ora çağırdıq. O, dərin düşüncələrə qərq olmuşdu. Üzü ilahi bir işıqla parıldayırdı. Üzünü bizə doğru çevirdiyi zaman, üzü daha da parlaq bir hal aldı və:
− Nə tez evinizə gəldiniz! Bilin ki, Mirdad bu işdən çox məmnundur, dedi.
− Sadəcə gəmi bizim evimizdir. Bu mağaranın evimiz olduğunu necə deyə bilərsən? – deyə Ebimar cavab verdi.
− Gəmi də əvvəllər qartalların yuvası idi.
− Bəs bu gün?
− Bu gün isə, təəssüflər olsun ki, köstəbəklərin yuvası olub.
− Səkkiz köstəbəyin doqquzuncusu Mirdaddır?
− İnsanın anlamadığı bir şeyə lağ etməsi necə də asandır! Anlamağa çalışması isə nə qədər də çətindir! Bilin ki, lağ edən insan sadəcə özünə lağ etmiş olar. Ey Ebimar, niyə dilini səhv olan şeylərlə tərbiyə etməyə çalışırsan?
− Əslində sən bizə köstəbək deyərək bizə lağ edirsən. Bizdə nə gördün ki, bizə bu sifəti layiq görürsən? Nuhun atəşini söndürməyən biz deyilikmi? Bu mağaranı ki, daha əvvəllər bir ovuc dilənçinin sığındığı mağaradan başqa bir şey deyildi − hər hansı bir kralın sarayından daha zəngin bir saray halına gətirən biz deyilikmi? Sərhədlərini genişlədən biz deyilikmi? Burada nəhəng və geniş torpaqlara sahib bir krallıq meydana gətirən biz deyilikmi? Əgər biz köstəbəksək, heç olmasa qazmağı yaxşı bilirik.
− Doğrudur, Nuhun atəşinin bu günə qədər yanması lazim idi! Lakin sadəcə Minbərin üzərində. Qəlbləriniz yanacaq, siz də Minbər olmadığınız müddətcə onun sizə nə faydası ola bilər?
Bəli, gəmi bu gün qızıl və gümüş ilə zənginləşmişdir. Lakin o bu ağırlığına görə inləyir, bağırsaqları sarsılır və hardasa batmaq üzrədir. Halbuki, ana gəmi sadəcə həyat yüklü idi, özünə faydası olmayan yükləri daşımazdı. Buna görə də böyük dənizlər ona zərər verə bilmədi.
Dostlarım, daşınmağında xeyir olmayan yüklərdən çəkinin! Uluhiyyətinə tam mənada inanmış insan üçün heç bir ağırlığın hər hansı bir faydası yoxdur. Çünki o, hər hansı bir yük daşımadan bütün dünyanı onsuzda zatında daşıyır.
Mən sizə deyirəm ki, qızılınızı və gümüşünüzü dənizə atıb canınızı onlardan qurtarmalısınız, onlar sizi dənizin dibinə batırar. Çünki insan malının köləsidir. Əgər kölə olmaq istəmirsənizsə, əlinizdəkini sərbəst buraxın ki, başqası da sizi sərbəst buraxsın.
Heç nəyə dəyər yükləməyin! Ən kiçik bir şeyə belə dəyər yükləməyə gücünüz çatmaz. Bu gün siz bir dilim çörəyə dəyər yükləyirsiniz. Madam elədir, niyə görə günəşə, havaya, dənizə, aya, insan tərinə və insanın çörəyi bişirən zəkasına dəyər yükləmirsiniz?
Heç bir şeyə dəyər yükləməyin ki, sizin həyatınıza da dəyər yükləməsinlər. İnsana görə, öz həyatının bahalı saydığı şeylər qədər dəyəri yoxdur. Həyatınızı qızıl kimi ucuz tutmaqdan çəkinin!
Gəmi ilə aranızdakı məsafəni çox uzaqlaşdırdınız. Yer üzünün sərhədlərini öz sərhədləriniz etsəniz belə, yenə də həbsxana yalnızlığı çəkəcəksiniz. Lakin Mirdad sizdən ucsuz-bucaqsız olanı əhatə etmənizi istəyir.
Şübhə yoxdur ki, dəniz, yer üzünü əhatə edən bir su damlasıdır. Lakin bütün yer üzünü əhatə edən bir damla! Dəniz harda, insan harda! Sahili olmayan o okean! Amandır, dənizlə insanı müqayisə edəcək dərəcədə axmaq olmayın və sərhədlərini də çəkdik deməyin!
Ebimarın dediyi kimi qazma işini yaxşı etmiş ola bilərsiz. Eynən qaranlıqda davamlı olaraq çalışan köstəbəklərin etdiyi kimi. Lakin unutmayın ki, köstəbəklər nə qədər çox yuva və yol düzəltsələr, günəşdən o qədər uzaqlaşmış olacaqlar.
Mən sizin tunellərinizi yaxşı bilirəm, Ebimar. Siz sənin sözünə görə, görüntüdə dünya zövqlərindən, təcrübələrindən yoxsun və Tanrıya sarılmış bir ovuc insansınız. Sizi dünyaya bağlayan yolların nə qədər ziqzaqlı və nə qədər qaranlıq olduğunu bilirsiz? Həm də o qədər çox ki! Mən sizin arzularınızın üsyanlarını eşitmirəm sanırsız, ya da bədənlərinizi, tapındığınız ilahi minbər üzərində sürünərkən və qıvranarkən görmədiyimi düşünürsünüz? Bəlkə sadəcə bir ovuc ola bilərsiniz, lakin böyük orduları əhatə edən bu bir ovuca əhsən!
Həqiqətən qazmağı yaxşı bacarsaydınız, indiyə qədər sadəcə yer üzündə deyil, tam əksinə günəşə və səmada üzən bütün planetlərə də yol açmış olardınız.
Çağırın köstəbəkləri. Pəncələri və dişləri ilə qaranlıqda tunellərini qazsınlar. Sizin isə krallığa gedən yolunuzu tapmaq üçün gözünüzü qırpmağa belə ehtiyacınız yoxdur. Siz bu yuvada oturarkən xəyal etməlisiniz. Çünki xəyal krallığınız olan sonsuz varlığın içində gizlənmiş mükəmməl xəzinəyə gedən ilahi rəhbərinizdir. Cəsarətsizliyi bilməyən o uca qəlblərinizlə rəhbərinizi izləyin! Harda ayaq izlərinə rast gəlsəz, çox uzaqlarda belə olsa, bilin ki, bu sizin köklərinizin orda olduğuna aid bir dəlildir. Çünki sizdə tapılmayanı və sizin bir hissəniz olmayanı xəyal edə bilməzsiniz.
Ağacın budaqları köklərinin şaxələnə bildiyi uzaqlıqdan daha uzağa çata bilər. Lakin insan sonsuza qədər gedə bilər. Çünki onun kökləri sonsuz və əzəlidir.
Özünüzə sərhəd qoymayın. Tam tərsinə, əlinizin çatmadığı bir yer qalmayana qədər gedin; bütün dünyanı əhatə edəcək şəkildə gedin; özünüzlə görüşdüyünüz yerdə Tanrı ilə qarşılaşana qədər gedin! Gedin! Gedin!
Qaranlığın görüşü əngəlləyən bir pərdə olduğu inancına qapılmayın! Əgər siz qaranlığın gözlərini örtdüyü insanlardan utanmırsızsa, heç olmasa gecə həşəratları və yarasadan utanın.
Dostlarım, mütləq mənada qaranlıq yoxdur. Lakin işığın dərəcələri vardır. Hər növ varlığın işığa olan ehtiyacı da müxtəlif dərəcələrdə olur. Əgər işığı həddindən artıq çox olarsa, onu kor edər, az olarsa yenə kor edər. Günün ortasında sizin üçün Finiks quşunun səhərindən başqa bir şey deyildir. Sizin gecə yarınız da, qurbağa üçün günün ortası kimidir. Demək ki, qaranlıq özü bir örtüyə ehtiyac hiss edərkən, başqa bir şey üçün necə örtü ola bilər?
Amandır! Bir şeyi ya da bir işi örtməyə cəhd etməyin. Çünki biri sizin sirrlərinizi deməzsə, sirrlərinizi sirrlərinizin pərdəsi deyər. Qazanın içindəkini bilən qazanın qapağı deyildirmi? Qapaqları qaldırıldığı zaman, içi qurd və ilanlarla dolu olan qazanlara yazığım gəlir!
Sizə deyirəm ki, ciyərlərinizdəki hər nəfəs içinizdəki bütün sirrləri havaya yayar. Hər bir nəzəriniz də, gözlərinizdəki arzuları və qorxuları, bütün ağlayışları və gülüşləri uzaqlara aparar. Qapınızı döyən hər xəyal bilin ki, bütün qapıları çalmışdır.
Bunun üçün özünüzə yüklədiyiniz yüklərə diqqət edin! Baxacağınız yerlərə diqqət edin! Qapılarınızı hansı xəyallara açacağınıza və hansılarına örtəcəyinizə diqqət edin! Lakin əgər, dərdsiz və kədərsiz yaşamaq istəyirsizsə, Mirdad sizə yolu göstərəcək.
Dərdlərdən qurtuluş
− Yolu bizə göstər! – Mikaster dedi.
− Budur sizi dərddən və kədərdən qurtaracaq yol:
Düşüncələrinizin bütün kainatın görə biləcəyi və oxuya biləcəyi şəkildə yer üzündə atəşdən olan hərflərlə yazıldığını düşünün. Əslində bu həqiqətən də belədir.
Sanki bütün dünya dediklərinizi eşidən bir qulaqmış kimi danışın. Əslində bu həqiqətən də belədir.
Bütün etdikləriniz sonda sizə dönəcəkmiş kimi çalışın. Əslində bu həqiqətən də belədir.
Sanki özünüzə arzu edirmiş kimi xahiş edin. Əslində bu həqiqətən də belədir.
Sanki Tanrınız sizin həyatınıza möhtacmış kimi həyatınızı yaşayın. Əslində bu həqiqətən də belədir.
− Nə vaxta qədər özünü bizdən gizlədəcək və bizi narahat qoyacaqsan? Sən bizimlə daha əvvəl heç bir insanın və kitabın danışmadığı bir dillə danışırsan, – dedi Himbal.
− Özünü bizə tanıt ki, biz də səni hansı qulaqla dinləməliyik, bilək. Əgər sən, gözlədiyimiz doqquzuncu yoldaşsansa, bizə bir dəlil göstər ki, inanaq, – dedi Bennun.
− Bir çox qulağınızın olduğunu etiraf etdiyin üçün sənə əhsənlər olsun, Bennun! Məhz buna görə də dinləyə bilmirsiniz. Əgər tək qulağınız olsaydı və eşitdiyinizi anlaya bilsəydiniz, heç bir dəlilə ehtiyacınız olmazdı.
− Gözlənilən doqquzuncu yoldaş ənənələrimizə görə dünyanı mühakimə etmək üçün gələcək. Biz gəmi yoldaşları mühakimə etmə kürsüsündə onunla bərabər oturacağıq. Bu cəza günü üçün indidən hazırlıqlara başlayaqmı?
“Gözlərin pıçıltısı”
kitabından
Ey dəniz
Yorulmadınmı, bir irəli çalxanırsan, bir geri,
nə istəyirsən?
Hara gedirsən duracaq bilmədən?
Sanki sən də mənim kimi
iki könüllüsən; kölə və azad.
Biri qaçmaq istəyir o birindən,
amma qaçmaq imkansız!
Söylə, ey dəniz!
Səndə həm xoş,
həm bəd niyyətmi var?
Sükunətində güvənmi var,
dalğalarında ürkəklikmi?
Qabarman asan, çəkilişin çətin,
Alçalışın zillət, yüksəlişin qürurmu?
Səssizliyində hüzün, coşqunda müjdəmi var?
Söylə, ey dəniz,
Səndə həm xoş,
həm bəd niyyətmi var?
Durdum, gecə zil-qara,
dəniz bir irəli, bir geri,
nə dəniz cavab verdi mənə,
nə torpaq.
Gecə ağarmağa başlayanda,
və dan yeri söküləndə,
bir çay zümzüməsi gəldi qulağıma:
kainat bükülmə və açılmadır
insanlar içində yaxşılar da var, pislər də
dənizdə də qabarma və çəkilmə var!
Qovğa
Qəlbimə bir şeytan girdi
və bir mələk gördü orada.
Göz açıb qapayıncayadək
bir qovğa başladı aralarında.
İkisi də bu ev mənimdir deyir.
Mən onlara şahidlik edirəm
və hərəkətə gəlirəm
Tanrımdan soraraq.
Kainatda başqa Tanrı varmı?
Onunmu əli yaratdı qəlbimi,
yoxsa Sənin əlinmi?
Bu günədək özümü
şübhə və çaşqınlıq içində gördüm
qəlbimdəki məlunmu,
yoxsa bir mələkmi, bilmirəm.
İnsanları görəndə
İnsanları görəndə,
Bir atəş yandırmışdılar
Cəhaləti yaxmaq üçün.
Bir taxt, bir heykəl qurmuşdular,
Sitayişçün biliyə.
İnancımı qoydum ovcuma,
Dedim: budur, mənim biliyim,
Yüksəldin onu!
Axmaq ağlımı atəşə çəkdim,
Dedim: budur mənim cəhalətim,
Yox edin onu!
Ağlımı taxtlarına oturtdular,
İnancımı yaxdılar, heç acımadan.
İnsanları görəndə
Bir çarmıx tikdilər
Gərmək üçün yalanı.
Bir tac qoydular,
Hökmdar etmək üçün həqiqəti.
İçimdə nə varsa qoydum ortaya.
Dedim: budur mənim yalanım,
Mismarlayın onu!
Sevinclə göstərdim qəlbimi,
Dedim: budur mənim həqiqətim,
Tac qoyun başına.
Qəlbimi mismarladılar!
Mənliyimi tanrılaşdırdılar!
Dostları ilə paylaş: |