Şərq-Qərb Tədqiqat Mərkəzi Səlahəddin XƏLİlov


Ə L A V Ə U.Bleykdən seçmələr



Yüklə 2,22 Mb.
səhifə18/21
tarix18.03.2017
ölçüsü2,22 Mb.
#11827
1   ...   13   14   15   16   17   18   19   20   21

Ə L A V Ə

U.Bleykdən seçmələr


Cənnətlə cəhənnəmin izdivacı

Yeni cənnətin başlanmasından otuz üç il keçmişdi ki, əbədi cə­hən­nəm də yarandı. Və budur, Svedenborq – məzarın üstündə oturmuş bir mələk, sətirləri də paltarın qatlarında. İndi Edomun hökmranlığı və insanın Cənnətə qayıtma zamanıdır. Bax, İsaya, XXIV və XXXV fə­sil­lər.

Ziddiyyətsiz inkişaf yoxdur. Cazibə və İkrah, Ağıl və Enerji, Mə­həb­bət və Nifrət İnsan ekzistensiyası üçün vacibdir.

Bu ziddiyyətlərdən imanlıların Xeyir və Şər dedikləri yaranır. Xe­yir passivdir və Ağla tabedir. Şər aktivdir və Enerjidən cücərir.

Xeyir – Cənnətdir. Şər – Cəhənnəm.

İblisin səsi
Bütün Bibliyalar, yaxud müqəddəs qanunlar aşağıdakı Yalnışlıq­la­rın yaranmasına səbəb olmuşlar:

  1. Guya insan iki başlanğıca malikdir: Bədənə və Cana.

  2. Guya Şər adlandırılan Enerji yalnız Bədəndəndir; və Xeyir ad­landırılan Ağıl da yalnız Candan.

  3. Guya Allah insana öz qüvvələrinin əsiri olduğuna görə əbədi iş­gəncə verəcəkdir.


Lakin bunların əski olanlar isə Həqiqətdir:


  1. İnsanın Candan ayrı Bədəni yoxdur, zira Bədən Canın bir hissəsi və beş duyğu da Canın gözləridir.

  2. Enerji – həyatdır və Bədəndən gəlir; Ağıl isə Enerjinin həddi və ya xarici qılafıdır.

  3. Enerji – Əbədi Həzzdir.


İstəkləri ram edə bilənlər bunu onların zəif olduqları zaman edə bilirlər; ram edən Ağıl onun yerini tutaraq həvəsə hakim olur.

Ram edilən İstək tədricən passivləşir və özünün kölgəsinə çev­ri­lir.

Bu barədə “İtirilmiş Cənnət”də yazılmışdır və İdarəçi yaxud Ağıl orada Məsih adlandırılır.

Göy ordusunun komandanı və ya əzəli Arxangel – İblis və Şey­tan, onun övladları isə Günah və Ölüm adlandırılır.

Miltonun Məsih hesab etdiyi, İovun Kitabında Şeytan çağrılır.

Zira bu hekayəti vuruşan tərəflərin heç biri inkar etmir.

Ağıl İstəyin dəf olunmasını istərdi; İblisə isə elə gəlir ki, yıxılan o yox, məhz Məsihdir; yıxılıb və Cənnəti Cəhənnəmdən oğurladıqları ilə bəzəyib.

Məsihin Ataya dua edərək ağlının söykənməyə bir İdeya tapması üçün ona Təskinlikverənin, yəni İstəyin göndərilməsini xahiş etməsi İn­cil­də göstərilməyibmi? Bibliyadakı Yehova yanar alovların içində ya­şa­yandan başqası deyil.

Bil ki, Məsihin ölümündən sonra o, Yehova oldu.

Lakin Miltona görə Ata – Tale, Oğul – yeddi hissin Nisbəti, Mü­qəd­dəs Ruh isə – Vakuumdur.

Qeyd. Milton Mələklər və Allah haqqında həbsdə olanda, İblis və Cə­hənnəm haqqında isə azadlıqda yazmışdır, zira o əsl Şair idi və özü də bilmədən İblisin tərəfində idi.

Unudulmaz yuxu
Cəhənnəmin alovları arasında gəzişərkən, Mələklərə əzab və də­li­lik kimi gələn Dahiliyin oyununa heyran olduğum zaman onların bəzi de­yimlərini topladım; zira atalar misallarında millətin xarakteri əks olun­duğu kimi, Cəhənnəmin deyimlərində də Göylərin müdrikliyi bina və geyimlərin təsvirindən daha yaxşı əks olunur.

Beş duyğunun xaosunda evə qayıdarkən müasir dünyanın üzə­ri­nə kölgə salan qayanın üstündə qara buludlara bürünmüş qüdrətli İb­li­si gördüm. Qayanı odla çaparaq üzərində bu gün insan ağlına açılan aşa­ğıdakı sətirləri yazmaqda idi:

Beş duyğunuzun üzünə qapanmış, lakin göydə süzən hər bir quşa məlum Sonsuz Heyrət dünyasından xəbəriniz varmı?

Cəhənnəmin deyimləri
Səpində öyrən, biçində öyrət, qışda çal-oyna.

Arabanı və kotanını ölülərin sümükləri üzərindən sür.

İfrata varmaq yolu ilə müdriklik sarayına çatmaq olar.

Ehtiyat – var-dövlətdir; İqtidarsızlıq qarımış eybəcər qızı yoldan çıxarmaq istəyir.

Yalnız arzulayan və heç bir iş görməyən, taun yetişdirir.

Kəsilmiş soxulcan kotanı əfv edir.

Su içməyi sevəni çayda batır.

Axmağın və müdrikin gördüyü eyni ağac başqa-başqadır.

Üzündə nur olmayan heç zaman ulduz olmayacaq.

Əbədiyyət zamanın yaratdıqları ilə eşqbazlıqdadır.

İşgüzar arının dərd çəkməyə vaxtı yoxdur.

Səfehliyin vaxtını saatlar göstərir, müdrikliksə – ölçüsüzdür.

Ən sağlam qidanı tor və tələlərlə tutmurlar.

Aclıq ilində saya, çəkiyə və ölçüyə arxalan.

Heç bir quş öz qanadları üzərində çox yuxarı yüksələ bilməz.

Meyid ona vurulan zərbələrə görə qisas almır.

Alicənablıq qonşunu özündən üstün saymaqdır.

Səfeh öz səfehliyində israrlı olsa, müdrikləşəcək.

Səfehlik dələduzluğun geyimidir.

Rüsvayçılıq Qürurun geyimidir.

Həbsxanalar Qanunun, Meyxanələr – Dinin daşlarından ucaldılır.

Tovuz quşunun qüruru – Allahın şənidir.

Keçinin həvəsi – Allahın səxavətidir.

Aslanın qəzəbi – Allahın müdrikliyidir.

Qadının çılpaqlığı – Allahın əsəridir.

Dərdin çoxluğundandır gülüş. Sevincin çoxluğundan da ağlayırlar.

Aslanın nərəsi, canavarın ulaması, tufanın qəzəbi və qılıncın tiyəsi əbədiyyətin hissələridir. Və insan gözü üçün deyil.

Tülkü özünü yox, tələni günahlandırır.

Sevinc hamilə qoyur. Dərd azad edir.

Kişiyə – aslan, qadına – qoyun dərisi yaraşır.

Quşa – yuvası, hörümçəyə – toru, insana – dostluq.

Özünə vurğun, gülən səfehlə acıqlı, küskün səfeh əllərində qamçı tutarlarsa, hər ikisi müdrik görünə bilər.

Bu gün isbat edilən dünən yalnız təsəvvür olunurdu.

Siçovul, siçan, tülkü və dovşan kökləri, aslan, pələng, at və fil isə meyvələri görürlər.

Göl suyu toplayır, bulaq paylayır.

Tək fikir sonsuzluğu zəbt edir.

Həmişə öz fikrini söyləməyə hazır ol, onda alçaq adamlar da səndən uzaq duracaqlar.

İnama layiq hər bir şey Həqiqətin görüntüsüdür.

Qarğadan uçmaq öyrənməyə razılıq verən qartal, yalnız vaxtını öldürür.

Tülkü özü-özünü dolandırır, aslanı isə Allah dolandırır.

Səhər düşün. Gündüz işlə. Axşam ye. Gecəni yat.

Sənə tabe olan səni dərk etdi.

Kotan sözlərə tabe olan təki, Allah da duaları eşidəndir.

Hiddət pələngləri təlim atlarından daha müdrikdirlər.

Durğun sudan zəhər gözlə.

Kifayətin nə olduğunu bilməzsən, kifayətdən artığını görməsən.

Axmağın qınağına əhəmiyyət vermək! Şahlara yaraşan hərə­kət­dir!

Alovun gözləri, havanın burun pərələri, suyun ağzı, yerin saq­qa­lı.

Cəsarətdə zəif olan, məkrdə güclü olar.

Alma fıstıqdan böyümək öyrənmir heç zaman; aslan da atdan ov eləməyi öyrənməz.

Şükr edən bol məhsul götürər.

Əgər kimsə axmaq olmaya bilibsə, biz də bacararıq.

Nəfsin işığını qapaya bilməzlər.

Qartalı görüncə, Dahiliyin zərrəsini görmüş olursan. Başını dik tut!

Tırtıl ən yaxşı yarpaqları yumurta qoymaq üçün seçdiyi təki, ke­şiş də ən təmiz sevincləri lənətləyir.

Balaca bir gülü yaratmaq üçün əsrlərin işi tələb olunur.

Lənət bağlayır, Xeyir-dua azad edir.

Şərabın köhnəsi, suyun təzəsi.

Duaları əkmirlər! Alqışları biçmirlər!

Sevinci gülmürlər! Dərdi ağlamırlar!

Başda Qürur, ürəkdə Hissiyyat, cinsiyyətdə Gözəllik, əl-ayaqda Ölçü.

Quşa – göy, balığa – dəniz, rəzalətə – ikrah.

Qarğa dünyanın – qara, bayquş – ağ olmasını istərdi.

Bolluq – Gözəllikdir.

Aslanın müəllimi tülkü olsa idi, o, hiyləgər olardı.

Tək­milləşmə yolları düzəldir; əyri yollar isə Dahilər üçündür.

Uşağı bələkdə öldürmək daha insaflıdır, nəinki arzuların qar­şı­sı­nı almaq.

İnsan olmayan yerdə təbiət yoxsuldur.

Həqiqəti elə demək mümkün deyil ki, o anlaşıldığı dərəcədə ina­ma layiq olmasın.

Kifayətdir! – Lazım olduğundan çoxdur deməkdir!
Qədim şairlər ətraflarındakı əşyaların hamısını canlandırar və on­­larda Allahları və ya Ruhları görərdilər, onları adla çağırar, dağ­la­rın, meşələrin, göllərin, şəhərlərin, xalqların xüsusiyyətləri ilə bə­zə­yər­­dilər onları. Zira onların qavrayışları bizimkindən daha geniş və da­ha dərin idi.

Onlar hər bir şəhərin və ölkənin ruhunu diqqətlə öyrənir və ağıl­da­kı Allahın əhatəsində ona yer tapırdılar.

Ta ki, dünyanın bitkin mənzərəsi formalaşanadək; lakin həris adam­­lar ağıldakı allahları öz obyektlərindən ayırmaq, mücərrədlə­ş­dir­­məklə avam camaatı qul etmək fikrinə düşdülər; və beləliklə ka­hin­lər yarandı.

İbadət formalarını onlar şairlərin dastanlarından götürürdülər.

Və sonda bütün bunları allahların əmr etdiyini elan etdilər.

Beləcə insanlar bütün allahların insan qəlbində yaşadığını unut­dular.


R.Emersondan seçmələr

Gözəllik
...İnsanda daha nəcib bir tələbat da mövcuddur – gözəlliyə eşq. Bu tələbatı təbiət ödəyir.

Qədim yunanlar kainatı “kosmos”- gözəllik adlandırırdılar. Əş­ya­ların quruluşu və insan baxışının yaradıcı qüvvəsindəndir ki, bütün il­kin formalar – göy, dağ, ağac, heyvan – öz-özlüyündə bizə xoş gə­lir­lər və onların cizgilərindən, rənglərindən, hərəkət və mütəna­sib­lik­lə­rin­dən həzz yaranır. Ehtimal ki, buna görə biz gözlərimizə borcluyuq. Göz – ən yaxşı rəssamdır. Onun strukturundan və işıq qanunlarının qar­şılıqlı vəhdətindən perspektiv yaranır və bununla da müxtəlif əş­ya­lar xoş rənglərlə boyanmış və hər hansı dairəvi fəzada birləşdirilmiş olur. Belə ki, bəzi əşyaların köntöy və yapışıqsız olmasına bax­ma­ya­raq, onların yaratdıqları landşaft bitkin formaya malikdir və sim­me­t­rik­dir. Və əgər göz – ən yaxşı kompozisiya ustasıdırsa, işıq – əzəli rəs­sam­dır. Elə bir xoşagəlməz əşya yoxdur ki, parlaq işıq onu gözəl elə­mə­sin. İşıq bizim hisslərimizi oyadır, o, fəza və zaman kimi sonsuzdur və bununla da bütün əşyaları canlandırır. Hətta meyidin belə öz gö­zəl­li­yi vardır. Bütün təbiətə xas ümumi gözəllikdən savayı bütün ayrılıqda gö­türülmüş formalar da göz oxşayırlar. Onlardan bəzilərini biz sonsuz ola­raq təkrarlayırıq: palıd qozası, üzüm, küknar qozası, sünbül, yu­mur­ta, əksər quşların qanadları və formaları, şir pəncəsi, ilan, kə­pə­nək, balıqqulaqları, od, buludlar, tumurcuqlar, yarpaqlar və bir çox ağac­ların formaları, məsələn, palma...

Gözəlliyin xüsusiyyətlərini daha yaxşı tədqiq etmək üçün onları uç qrupa bölmək olar.

  1. İlk əvvəl qeyd edək ki, təbii formaların sadə qavrayışı – həzz­dir. Təbiətdəki sadə forma və hadisələrin təsiri insan üçün zəruridir və ona tələbat görünür ki, dünyanın sadə qavrayışı ilə Gözəlliyə mə­həb­bət arasındadır. Zərərli əməyin, yaxud axmaq cəmiyyətin sarsıtdığı fi­zi­ki və ruhani qüvvələri təbiət müalicə və bərpa edir. Tacir, yaxud aş­baz küçənin səs-küyündən uzaqlaşaraq səmanı və meşəni görəndə ye­ni­dən insan olur. Onların əbədi sakitliyində o özünü tapmış olur. Göz­lə­rin sağlamlığı üçün, görünür, onların üfüqə ehtiyacı var. Ba­xış­la­rı­mız kifayət qədər uzaqlara dikiləndə biz heç zaman yorulmuruq.

Bəzi saatlarda isə Təbiət bədənə heç bir xeyir gətirmədən bizi öz mə­lahəti ilə sevindirir. Evimin qarşısındakı təpənin mənzərəsini səhə­rin ilk şəfəqlərindən günəşin çıxmasınadək müşahidə edərkən mən bəl­kə də mələklərin paylaşa biləcəyi hissləri yaşayıram. Uzun, nazik bu­lud zolaqları qırmızı dənizdə balıqlar kimi üzürlər. Yerdən, sanki sa­hil­də durmuş kimi mən bu lal dənizə baxıram. Və sanki bu sürətli çev­ril­mələrdə mən də iştirak edirəm: orda, yüksəklikdə baş verən möcüzə mə­ni burda, yerdə zəbt edir və mən böyüyür, səhər mehi ilə ittifaqa girirəm...

Lakin bizim Təbiətdə gördüyümüz və duyduğumuz Gözəllik yal­nız kiçik bir hissədir. Günün mənzərələri, səhərin təravəti, göy qur­şa­ğı, dağlar, çiçək açmış meyvə bağları, ulduzlar, ay işığı, durğun suda­kı kölgələr və sairəyə vardıqca bir xəyala çevrilir və bizi özlərinin qey­ri-reallıqları ilə qıcıqlandırırlar. Evdən aya baxmaq üçün çıxın və o si­zə bir illüziya kimi görünəcək; o sizə, yolunuzu işıqlandırdığı za­man­da olduğu kimi həzz verməyəcək. Bəs, oktyabrın qızılı günlərinin gö­zəl­liyini kimsə tutub saxlaya bilərmi? Çıx, axtar onu və onun yoxa çıx­dı­ğını görəcəksən; bu, dilijansın pəncərəsindən müşahidə etdiyin ilğım kimidir.

  1. Gözəlliyin kamil olması üçün daha ali bir element – ruhani ele­ment gərəkdir. Yüksək, ilahi gözəlliyin oyatdığı məhəbbət insan ira­də­sindən ayrılmazdır. Gözəllik – Allahın fəzilət ayəsidir. Hər bir təbii ad­dım gözəldir. Hər bir qəhrəmanlıq da nəcibdir; o, baş verdiyi yeri və onu izləyənləri nurlandırır.

Böyük əməllər bizə öyrədir ki, kainat hamıya məxsusdur. Təbiət hər bir idraklı varlığa məxsusdur. O, insana məxsusdur, əgər o ondan im­tina etmirsə. O öz küncünə qısıla və öz çarlığından imtina da edə bi­lər, çoxları kimi, lakin mövcudluğu etibarı ilə onun kainata haqqı ça­tır. Və o, ağlı və iradəsi həddində dünyanı daxilinə alır. Sallüstiy de­miş­dir: “O şeyin ki, naminə insanlar əkir, tikir və ya dənizlərdə üzür­lər, insan qüdrətinə tabedir”. “Küləklər və dalğalar həmişə yaxşı də­niz­­çilərin tərəfindədirlər”, deyərdi Hibbon. Onlarla birlikdə günəş də, ay da və göydəki bütün ulduzlar da. Bəzən də olur ki, hansısa qəh­rə­man­lıq gözəl bir təbiət fonunda baş verir. Leonid və onun üç yüz fədai dö­yüşçüsü həlak olduqları gün günəş və ay onları dərin Fermopil də­rə­sində görmək üçün çıxmışdılar; Arnold Vinkelrid özünü Avstriya ni­zə­lərinin üstünə ataraq Alp yüksəkliklərində yoldaşlarına yol açmışdı. Məgər bu qəhrəmanlar öz hünərlərinin gözəlliyi ilə onları əhatə edən təbiətin gözəlliyini tamamlamadılarmı?

Lakin əgər həqiqət və ya hünər uğrunda qəhrəmanlıq baxımsız mü­hitdə, çəlimsiz predmetlər əhatəsində baş verirsə, onda səma onun ör­tüyü, günəş isə onun çırağı olur. Təbiət qucağını insana açır , əgər onun fikirləri kainatın böyüklüyünə layiqdirsə. O, həvəslə insanı mü­şa­yi­ət edir, böyüklüyünün bütün rəngləri və hüsnü ilə sevimli övladını bə­zəyir. Təki onun fikirləri nəcibliyinə görə böyük olsunlar, onda çər­çi­və də mənzərəyə layiq olacaqdır. Fəzilətli insan həmişə Təbiətin ya­ra­dıcılığı ilə harmoniyadadır və kainatda mərkəzi yer tutur. Homer, Pin­dar, Sokrat, Fokion bizim şüurumuzda Yunanıstanın coğrafiyası və iq­limi ilə assosiasiya təşkil edir.

  1. Dünyanın gözəlliyini həm də başqa bir yöndən nəzərdən ke­çir­mək olar – onun idrak tərəfindən dərk olunduğu məqamdan. Əş­ya­lar təkcə fəzilətlərlə deyil, həm də fikirlə bağlıdır. İdrak mövcudluğun eh­tiraslarla boyanmamış, mütləq, ilahi nizamını axtarır. İntellektual və ya­radıcı qabiliyyətlər görünür bir-birini əvəz edir və bir qisminin xü­su­si inkişafı digərlərinin xüsusi inkişafına səbəb olur. Onlar az qala bir-birlərinə düşmən görünürlər, əslində isə onlar heyvanlarda qida­lan­ma ilə iş periodlarını xatırladırlar: biri arxasınca gələn digərini ha­zırlayır. Bu səbəbdən də gördüyümüz kimi gözəllik insan fəaliyyəti ilə elə bir əlaqədədir ki, o, onu axtarmayanda aşkarlanır. Və məhz ax­tar­madığımız üçün idrak tərəfindən, daha sonra isə yaradıcı qa­bi­liy­yət­lərlə qavranıla və tədqiq oluna bilir. İlahi olan heç nə ölmür. Tə­bi­ə­tin gözəlliyi sadəcə fəaliyyətsiz seyr üçün yox, yeni yaradıcılıq üçün şü­urda emal olunur.

Məlum həddə kainatın görüntüsü bütün insanlara təsir edir; bə­zi­ləri hətta bundan həzz də alırlar. Gözəlliyə bu məhəbbət zövq ad­la­nır. Bəzilərində bu məhəbbət o qədər böyükdür ki, onlar heyranlıqla ki­fayətlənməyərək onu yeni-yeni formalara salmağa çalışırlar. Gö­zəl­li­yin yaradılması – sənətdir. Sənət əsərinin yaradılması insanın tə­bi­ə­ti­nə işıq salır. Sənət əsəri – təbiətin miniatürdə əksi, yaxud təcəs­sü­mü­dür. Ona görə ki, təbiətin yaratdıqları sonsuz və müxtəlif olmasına bax­mayaraq onların bir-birinə bənzəyişləri də var və hər biri də özünə gö­rə unikaldır. Təbiət bir-birinə oxşar və eyni zamanda qeyri-adi də­rə­­cədə bənzərsiz formalar dənizidir. Ağac yarpağı, gün şüası, landşaft, oke­an şüura göstərdikləri təsirə görə oxşardırlar. Onların hamısına ka­millik və harmoniya, yəni gözəllik xasdır. Gözəlliyin – bütün təbii formaların vəhdətinin – meyarı bütün təbiətdir, gözəlliyin il piu nell’uno kimi təyinini verərkən italyanlar məhz bunu nəzərdə tutur­du­lar. Heç nə öz-özünə gözəl ola bilməz; o, bütövün hissəsi olaraq gö­zəl­dir. Ayrıca götürülmüş əşya kainatın gözəlliyi onda əks olunduğu də­rə­cə­də gözəldir. Hər bir rəssam, heykəltaraş, musiqiçi, memar dünyanın bu nurunu bir fokusda cəmləyərək öz əsərində onu yaratmağa sövq edən gözəllik eşqini təcəssüm etdirir. Beləliklə, incəsənət insanın də­yiş­dirdiyi təbiətdir. Təbiət incəsənəti onun əzəli yaratdıqlarının gözəl­lik­lərindən vəcdə gəlmiş insanın iradəsi vasitəsi ilə yaradır.

Deməli, dünya onunçün mövcuddur ki, bizim nəfslərimizin gö­zəl­li­yə olan ehtiyacı ödənsin. Məhz bunu mən son məqsəd adlandırıram. Heç nə ilə izah etmək mümkün deyil ki, niyə nəfs gözəlliyə can atır. Gö­zəllik, bu sözün ən geniş və dərin mənasında, kainatın ifadəsidir. Al­lah mövcudatın hamısıdır. Həqiqət, xeyirxahlıq və gözəllik – bu möv­cudluğun müxtəlif tərəflərindən başqa bir şey deyil. Lakin tə­bi­ə­t­də­ki gözəllik gözəlliyin ifadəsinin yekunu deyil. O, daxili, ruhani gö­zəl­li­yin yalnız carçısıdır və öz-özlüyündə əbədi dəyər deyildir. O, təbiətin ali təyinatının bir hissəsidir, təcəssümü deyil.


Dostluq
Biz nə özümüzə, nə də başqalarına bağlılıqlarımızdan nə dərə­cə­də asılı olduğumuzu etiraf etmirik. Yer üzünü soyuq şimal küləkləri tək so­yudan eqoizmin əksinə olaraq məhəbbət öz ilahi atmosferi ilə bütün bə­şər övladını isidir. Yaddaşımızda bir çox şəxsiyyətlər var ki, onlarla qı­sa söhbətdən sonra anlayırsan ki, sən onları sevirsən, onlar da səni. Kü­çədə, ya kilsədə qarşımıza çıxdıqları zaman onlarla lal görüşün tə­si­r­indən qəfildən qəlbimiz yenidən sevinir. Bir çox təsadüfi baxışların mə­nasına varmağa çalışın: bu mənanı ürək tanıyır.

İnsani həmrəylik toxunacaq sizə və ətrafda hər şey üzünüzə gül­mə­yə başlayacaq. Poeziyanın, dostyana söhbətin yaxud xeyirxahlıq və dər­də şərik olmağın bizdə yaratdığı təəssüratı istinin və odun təsiri ilə mü­qayisə etmək olar. Lakin qəlbimizi daha da işıqlandıran, canlandı­ran və bizi hünərlərə, fəaliyyətə səsləyən bizim duymaq qabiliyyə­ti­miz­dir, sadə mehrdən ən ali və alovlu məhəbbətə qədər.

Bizim əqli imkanlarımız da bağlılıq ölçüsündən asılı olaraq ar­tır. Yazıçı yazmaq üçün oturur, nədən yazacağını çox götür-qoy etmiş ol­sa da, gözəl fikirlər gəlmək istəmir ki, istəmir; nə qədər çalışsa da ifa­dələr yerinə düşmür; və budur o, dostuna məktub yazmaq fikrinə dü­şür və ən gözəl fikirlər, surətlər öz-özünə ən gözəl sözləri seçərək hər yandan axmağa başlayır. Baxın, insana hörmət və qonaqpərvərlik olan o evdə ilk dəfə məşhur bir qonağı qarşılamağa hazırlaşırlar. Xe­yir­xah ürəklərdəki həyəcan və narahatlığa fikir verin! “Bu naməlum in­san haqqında bizə o da danışıb, bu da. Lakin onun gözəl, nadir key­fiy­­yətlərini yalnız biz qiymətləndirə biləcəyik. O bizim üçün bəşəri təm­sil edəcək, son nəticədə... Bəs, biz nə edəcəyik? Onunla söhbətə ne­cə baş­­layacaq, necə ünsiyyət quracağıq?” Biz az qala qorxu və na­ra­hat­lıq alovuna düşürük. Lakin xoşbəxtlikdən onlar bizi ürəkləndirir, il­ham­­­landırırlar. Sükutun sevimli ruhu bizi tərk edir: biz heç zaman da­nışmadığımız kimi gözəl danışırıq, təcrübəmizin xəzinə­lə­rin­­dən ən zən­gin, ən ruhani, ən zəkalı ifadələri dartıb çıxarırıq; ta­nış­la­rımız və qo­hum­larımızın təəccübdən ağızları açıla qalır: hardan yı­ğı­lıb bütün bun­­lar bizim daxilimizə? Saatlarla susmadan danışmağa ha­zırıq. La­kin məşhur qonağımız orda-burda zəifliklərini, qüsurlarını, pe­dant­lı­ğı­nı aşkarladıqca bizim heyranlığımız getdikcə sönür, yox olur.

Birinci və artıq sonuncu dəfədir ki, o bizdən bizim ən gözəl nitq­lə­ri­mizi eşidir. Heyf! O daha bizimçün böyük Naməlum deyil: məh­dud­luq, anlaşılmazlıq, kobud tərbiyəsizlik – necə də tanışdır bizə! İndi o, bir də gəlsə, onu yenə mənim səliqəli və bəzəkli şəraitim, mənim bay­ram paltarım, mənim yaxşı naharım qarşılayacaq; lakin qəlbin tit­rə­yi­şi­ni, ürəyin açılmasını – bunları bir daha görməyəcək.

Dostluğa gəldikdə, boynuma almalıyam, təbiət etibarı ilə şişirt­mə­lərə meylliyəm. Yeni insan mənim üçün həmişə böyük əhəmiyyətə ma­lik hadisəyə çevrilir və mənə bütün gecəni yatmağa imkan vermir. Lap bu yaxınlarda iki-üç yaxşı oğlanla görüşdən sonra xəyalım yüz ye­rə gedib çıxdı, lakin səhərə sakitləşdim və heç bir nəticənin olmadığını an­ladım: mənim həvəsim mənə yeni heç bir fikir vermədi, davra­nışım­da yaxşılaşma yaratmadı. Bu cür davamlı olmayan həvəslər maraq üçün yaxşıdır, amma həyat üçün yox; onlara uymaq olmaz: bu hö­rüm­çək torudur, etibarlı paltar deyil.

Bəzən mən cəmiyyətdən küsəndə tənhalığa qaçıram; lakin mən hə­lə ədalət hissimi itirməmişəm və qapılarımı təbiət etibarı ilə meh­ri­ban, müdrik və alicənab insanlar üçün bağlamaram; və məni dinləyən və anlayan insan həmişəlik olur mənimçün. Təbiət yoxsul deyil! Vaxt­aşı­rı o, mənə bu həzzi göndərir və biz ictimai parçanı öz meyarlarımız əsa­sında, yeni münasibətlərə görə biçməyə girişirik. Ən müxtəlif fikir­lər bəndlər kimi bir-birinə calanır və öz-özünə tamlıq yaradırlar: bir də görürsən biz özümüz də onların arxasınca yeni, özümüzün yarat­dı­ğı­mız dünyaya düşmüş oluruq; biz artıq əcnəbi deyilik, bizə yad və çağ­daş olmayan yazılar əsasında yaşayan planetin səfilləri kimi hiss elə­mirik özümüzü...

Öz köhnə və yeni dostlarım üçün Allahı hər cürə alqışlayıram, mə­nim həyatımı yeni hədiyyələrlə bəzədiyi üçün Onu ali Gözəllik ad­lan­dırıram. Dostlarımı axtarmadan tapmış oluram: onları mənə qadir Al­lah gətirir. Mən onlarla bütün fəzilətlərin bir-birinə qohum olması sə­bəbindən yaxınlaşıram; yaxud daha yaxşı desəm, mən onlara ya­xın­laş­mıram, onlarda və məndə olan ilahi başlanğıc bizi ayıran şərait, yaş, cins, əxlaq, ictimai status maneələrini dəf edərək bir anda bizi bir­ləş­dirir. Necə bir heyrətlə sizi öyürəm, mənim gözəl dostlarım! Siz mə­nə həyatın yeni və dərin mənasını açdınız və ağlımı ali anlayışlarla zən­ginləşdirdiniz!

Dost? Bu elə-belə quru, özünü dartan adam deyil; bu, İlahi mən­bə­dən axan poeziyadır; bulaq kimi təmiz, ilham kimi azad poeziya; bu bir himndir, odadır, epopeyadır.

Dostlarımdan ayrılacammı – bilmirəm, lakin mən bundan qorx­mu­ram, zira bizim əlaqələrimiz sadə və təmiz şəkildə nəfslərin ya­xın­lı­ğı əsasında qurulmuşdur; və mən bilirəm ki, elə bu yaxınlıq harda olu­ram­sa olum, mənim ilk dostlarım qədər gözəl olan digər kişi və qadın­la­ra münasibətdə də gerçəkləşəcəkdir.

Bizim dostluqlarımız xırdaçı və acınacaqlı sonluqla ona görə bi­tir ki, o bizə bir arzu, bir həzz kimi gəlir, insan qəlbinin ən yetkin sim­lə­rinə toxunmur. Dostluğun qanunları möhtəşəmdir, möhkəmdir və əbə­didir – mənəviyyatın və təbiətin qanunları kimi. Biz isə dostluqda b­a­­laca, qısamüddətli faydalar gəzir və təzəcə təqdim olunmuş neməti hə­mən yeməyə hazırıq. Necə bir yüngüllüklə biz yenicə bağlanmış mey­­­vəni dərməyə atılırıq. Halbuki o, Allahın dərgahında hamıdan gec ye­­­ti­şən meyvədir. Və yalnız illər keçəndən sonra dərilə bilər. Biz öz dost­­­larımıza müqəddəs hörmətlə deyil, bir zinakar həvəsi ilə yanaşırıq, tə­­ki hər şeyi tez əldə edək. Ona görədir ki, biz zəif müxaliflərlə əha­tə­lən­­­mişik, yaxınlaşdıqca yox olarlar və poeziya yerinə bizə ölgün nəsr tək­­lif edərlər. Ona görədir ki, tez-tez görüşdükdə insanlar dəyərdən dü­şərlər. Onların bir çoxu zamanla aşılanır və ən kədərlisi odur ki, baş­qa insanlarla tez-tez toqquşduqca onların gözəl təbiətinin özünün də hüsnü, təravəti uçub gedir. Cəmiyyətimizin indiki quruluşunda biz in­sanlarla (hətta ən istedadlı və ən xeyirxahları ilə) yaxınlaşma za­manı, demək olar ki, daima bir çatışmazlıq hiss edirik. Əvvəlcə eh­ti­yat və diqqət bizim söhbətlərimizin sülhünü qoruyur; və budur qəfildən bi­zi atmacalarla sancmağa başlayırlar; gah yersiz soyuqluqla “se­vin­di­rər”, gah da ağıl və həssaslıqları ilə təəccübləndirərlər və bütün bun­lara fikir və hissin alovu naminə dözmək lazım gəlir. Əgər belə bir qay­da qəbul olunubsa ki, öz qabiliyyətlərini bütün dolğunluğu və hə­qi­qə­ti ilə ifadə etmək olmaz, onda yaxşısı budur ayrılıb tənhalıqda sa­kit­lik axtarasınız. Bütün insani münasibətlərdə bərabərlik gərəkdir. Ca­ma­at içində uzun-uzadı söhbətlərdən mənə nə, əgər orda mənə bərabər olan yoxdursa?

Amma bu da bizim tələskənliyimizdən bizi qoruya bilər. İtələyici so­yuqluq özü də bilmədən incə quruluşları vaxtından qabaq yetiş­kən­li­yə sürüklənmədən qorumuş olar. Əks təqdirdə onları anlayacaq və təs­diq edəcək gözəl nəfslər yetkinləşməmiş, onlar erkən dərk olunaraq öz­lə­rini xərcləmiş olardılar.

Təbiətin rəvan dəyişməsini dəyərləndirin: bir almazın yaranması və bərkiməsinə o, min illər sərf edir. Həyatımızın səma qoruyucuları ram edilməmiş cəsarəti öz cənnətlərinə buraxmırlar. Məhəbbət, Al­la­hın xassəsidir və insanın bütün məziyyətlərinin mükafatlandırılması üçün yaranmışdır, tələskənlər üçün deyil. Ürəyin narahatlığını təmin et­mək üçün uşaq həvəslərinə qapılmayaq, gəlin onu müdrikliklə idarə edək: bir-birimizin qarşısına onun qəlbinin həqiqətinə, möv­cud­lu­ğu­nun dərinliyinə inamla çataq, axmaqcasına düşünməyək ki, istəsək onu hə­yəcanlara qərq edərik...

İstəməzdim ki, dostlar bir-biri ilə rəsmi həssaslıq əsasında ün­siy­yət qursunlar, cəsarətli səmimiyyətin olmasını istəyirəm aralarında. Duy­­ğu həqiqi olduqda o, zərif şüşə, əriyən buz deyil; o, dünyada olan şey­­lərdən ən möhkəmidir. ..

Dostluğun tərkibinə bir-birinə bərabər olan və aralarında fərqi mü­­əyyənləşdirmək çətin olan iki element daxildir. Birinci element – hə­qiqət, ikinci – zərif və vəfalı məhəbbətdir. Kimdir dost? Bu o şəxsdir ki, onunla mən tam səmimi ola bilirəm; dərinin səthindən qəlbin sirli də­rinliyinə qədər. Onun yanında mən ucadan düşünür, onun şəxsində mən özümə o dərəcədə bərabər və o dərəcədə həqiqi insanı görürəm ki, bu zəli kimi insanlardan ayrılmaz olan arxa fikri nəhayət ki, bir tə­rə­fə ata bilirəm. Onunla mən digər eyni cinsli kimyəvi atomla bir­lə­ş­miş atom təbiiliyi və sadəliyi ilə ünsiyyət qururam...

Bəzən ən əziz dostlara belə “bağışla” demək lazımdır: “Ayrılaq, mən daha əsarətdə qala bilmirəm. Lakin, qardaşım, məgər gör­mür­sən­mi ki, biz ona görə ayrılırıq ki, bizim bir-birimizə qarşı məhəbbətimiz hə­lə də çox böyükdür; bu ayrılıqdan sonra biz yenə də yüksəkliklərdə gö­rüşəcək və bir-birimizə daha dolğun şəkildə məxsus olacağıq.” Həqiqi dostda Yanusda olduğu kimi iki sifət birləşmişdir. O bizim keç­mi­şimizi görür; keçmişdə o hələ tanınmamışdır və bizim arzumuz ola­raq qalırdı; o həm də gələcək günlərin carçısıdır. O ondan daha yük­sək dostların elçisidir. Zira saysız-hesabsız olaraq təkrarlanmaq bütün ila­hi nemətlərin xüsusiyyətidir.
U.Uitmendən seçmələr


Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin