Şərq-Qərb Tədqiqat Mərkəzi Səlahəddin XƏLİlov



Yüklə 2,22 Mb.
səhifə13/21
tarix18.03.2017
ölçüsü2,22 Mb.
#11827
1   ...   9   10   11   12   13   14   15   16   ...   21

Atalar və oğullar
Bu mövzu XIX əsrin ortalarında Rusiya

üçün necə vacib idisə, XX əsrin əvvəllərində

Ərəb Şərqində də eləcə aktual idi.

Aida İmanquliyeva

XIX əsrin axırlarında bir sıra ərəb ölkələrində, xüsusən Livanda və Suriyada ictimai həyata təsir edən başqa bir prosesi nəzərə almaq lazımdır. Bu da istər Amerika və Avropanın, istərsə də Rusiyanın bu bölgəyə böyük maraq göstərməsi, burada məktəblər açılması və hər kəsin öz dilini və mədəniyyətini yaymaq təşəbbüslərini əhatə edir.

Mixail Nüaymənin atası Amerikaya mühacirət etdiyi bir vaxtda özü Livanda açılmış rus məktəbində təhsil alırdı. Aida İmanquliyeva bu məktəb haqqında yazır: “1889-cu ildə Biskintidə ibtidai məktəb açıl­dı. Bu məktəbi Rusiyanın İmperator Pravoslav Fələstin cəmiyyəti Li­vanın dağlıq hissəsinin xristian dininə etiqad edən əhalisini savad­lan­dırmaq məqsədilə tikmişdi. Bu pulsuz məktəbdə oxuyanlar dərs üçün lazım olan hər şeylə təmin edilmişdilər.”1 Bizim üçün təəccüblü gö­rünə bilər. Rusiyanın özünün savadlanmağa böyük ehtiyacı olduğu bir dövrdə öz ölkəsinin sərhədlərindən çox-çox uzaqlarda məktəb aç­ma­sı kimə lazım idi? Burada, əlbəttə, imperiya siyasətinin başqa bir ra­kur­su; hərbi istiladan fərqli olaraq mədəni-mənəvi təsir dairəsinin ge­niş­ləndirilməsinə, Osmanlı imperiyasının ərazisində olan əhalinin fə­al­laşdırılmasına və rus təəssübkeşliyi ruhunda formalaşdırılmasına xid­mət edən bir siyasət özünü göstərirdi. Bu niyyət həm imperiya si­ya­sə­tinə, həm də missionerlik fəaliyyətinə uyğun idi. Təsadüfi deyildir ki, Aida xanım da bu cəhəti xüsusilə vurğulayır və rusların Livanda ya­ratdığı şərait haqqında daha aydın təsəvvür yaratmaq üçün Kraç­kov­ski­nin aşağıdakı fikrinə istinad edir: “Bu kiçik, miskin şəraitli mək­təb­lə­rin rolu müqayisəyə gəlməz idi. Fələstin cəmiyyətinin müəllim se­mi­na­riyası vasitəsilə buraya Rusiyadan gətirilmiş Piroqov və Uşinskinin yük­sək ideyalarla dolu unudulmaz öyüd-nəsihətləri də gəlib çatıb. Pe­da­qoji məram və məqsədlərinə görə, Fələstin və Suriyadakı rus mək­təb­ləri müxtəlif missiyalı Qərbi Avropa, yaxud Amerikanın hərtərəfli təmin edilmiş məktəblərindən çox-çox yüksəkdə dururdu”.1

Bu, olduqca əlamətdar bir hal­dır. Belə ki, iqtisadi inkişaf sə­viy­yə­si­nə görə Rusiyaya nisbətən çox irə­li­də olan ölkələrlə rəqabətə girmək və bu sahədə uğurlar qazanmaq ilk ba­­­xışda çox paradoksal görünür. La­kin unutmaq olmaz ki, XIX əsrin axır­­­larında Rusiya iqtisadi baxımdan varlı olmasa da, mədəniyyət və ədə­biyyat resursları baxımından çox zəngin idi. A.S.Puşkin, V.Be­lin­ski kimi məşhur ədəbiyyat nəhənglərinin sayəsində həmin dövrdə Ru­siya da Avropa ədəbi-bədii məkanında ən qabaqcıl mövqelərə gəlib ça­ta bilmişdi. İ.Turgenyev, L.Tolstoy, F.Dostoyevski artıq bütün dün­ya­da məşhur idilər. Və Rusiya öz təsir dairəsini beynəlxalq miqyasda ge­niş­ləndirmək üçün ədəbiyyatdan da bir amil kimi istifadə edirdi. Tə­sa­dü­fi deyil ki, bir çox başqa həmvətənləri kimi M. Nüaymə də ilk mü­ha­­cirətini Rusiyaya etmiş və təhsilini davam etdirmək üçün Poltava ru­ha­ni seminariyasına daxil olmuşdu. Nüaymənin dünyagörüşündə dərin iz buraxan Rusiya həyatı A.İmanquliyevanın kitabında geniş və hər­tə­rəf­li təsvir edilmiş və onun sonrakı yaradıcılığında bu təhsil illərinin və rus ədəbiyyatı ilə dərindən tanışlığın ərəb məhcər ədəbiyyatının böyük əhəmiyyəti açılıb göstərilmişdir.



Seminariyanı bitirdikdən sonra M.Nüaymə Rusiyanı tərk edərək Av­ropa və Amerika səyahətinə çıxır. O, Qərb həyatına o qədər dərin­dən daxil olur ki, “Amerika ordusunun tərkibində Fransaya gəlib çı­xır”.1 1932-ci ildən vətənə qayıdanadək şairin xarici ölkələrdəki həyatı və yaradıcılığı haqqında geniş məlumat verən Aida İmanquliyeva sa­də­cə tərcümeyi-hal yazmır və M.Nüaymənin yaradıcılıq yolunu təsvir et­məklə kifayətlənmir. Aida xanımın yazdıqları bir şəxs haqqında de­yil, bütovlükdə dövr haqqında, Şərq və Qərb sivilizasiyaları arasında qarşılıqlı əlaqələrin müxtəlif formaları haqqında ciddi sosial-fəlsəfi təd­qiqatın nəticələridir. Məsələn, M.Nü­aymənin vətənə dönüşü tim­sa­lın­da 26 illik bir mühacirətdən sonra və­­tənə “cibində bir qəpik ol­ma­dan” qa­­yıdan mədəniyyət xadim­lə­ri­nin mis­siyasını çox gözəl təqdim edir. Be­­lə ki, xarici ölkələrə qazanc da­lınca ge­­­dənlərdən fərqli olaraq, kim­lərsə və­­təninə yeni dünyagö­rü­şü, rasional dü­şüncə vərdişi və ən başlıcası, yeni tipli ədəbiyyat və ədə­bi-tənqidi mü­hakimə gətirir. Və bu, vətən üçün, onun intibahı, mə­də­ni-mənəvi in­ki­şafı üçün qat-qat önəmlidir. M.Nüaymə kimi şəx­siy­yət­lərin vətənə qa­yıdışı xüsusi tipli sosial hadisə olduğuna görə, biz bu mə­sələ barədə ayrıca bəhs etmək istərdik.

Qeyd edək ki, bu hadisə ziyalıların Qərbdən Şərqə gəli­şi­nə bən­zə­mir. Səviyyələr də, məqsədlər də başqadır.

Qərbin alim və ziyalıları Şərq ölkələrinə bir qayda olaraq, məq­səd­­­yönlü surətdə – öyrənmək, tədqiq etmək və əgər Şərqdə hələ də diq­­­qətəlayiq nə isə varsa, onları mənimsəmək və istifadə etmək, Qərb mə­­dəniyyətinə qatmaq məqsədilə səfər edirdilər.

Missionerliklə məşğul olanlar da var idi ki, onların məqsədləri bir qədər fərqli idi: yəni öz dünyagörüşünü, əqidəsini, düşüncə tərzini, mə­dəniyyətini yaymaq, özünə davamçılar yetişdirmək və beləliklə hər­bi istiladan fərqli olaraq, əqli istilaya, əqidənin ekspansiyasına nail ol­maq. Həm də ayrı-ayrı fərdlərin missionerliyindən daha geniş miqyaslı fəa­liyyət formaları da var idi ki, bu da humanitar dəstək motivi ilə mək­­təblərin, mədəniyyət müəssisələrinin açılmasından, insanların fi­kir­­­lərini və hətta duyğusunu, simpatiyasını hələ lap uşaqlıqdan yön­lən­dir­mək, onları özününküləşdirməkdən ibarət idi.



Ziyalıların Şərqdən Qərbə getməsini şərtləndirən amillər isə ta­ma­milə başqa xarakterli idi. Bu sırada ilk növbədə azad düşüncə və ya­radıcılıq fəaliyyəti üçün əlverişli məkan axtarışını qeyd etmək olar. Ya­­zar üçün, bir tərəfdən çap olun­maq imkanı, digər tərəfdən də oxu­cu pub­likası və ədəbi tənqidin mü­na­si­bəti lazım idi ki, bu da o vaxt ge­­ri qalmış Şərq ölkələrində çatış­ma­­yan cəhətlərdən idi.

Gedib hər hansı bir Qərb öl­kə­­sində özünə yer etmək, ya­ban­çı bir mü­­hitin elementinə çevrilmək, yad­­­laş­­maq, bunun müqabilində şəxsi hə­­­­­yatını tə­min etmək və hətta mü­əy­yən popul­yar­lıq qazanmaq da müm­­­­­kün­dür. La­kin beləliklə öz vətəni və xal­qı üçün ta­mamilə itib get­mək olar. Bu, bir cür aqi­bətdir. Öz simasını və amalını də­yiş­­mədən itir­­­­mədən yaradıcılıq mü­hi­ti əldə etmək isə tamamilə başqa cür aqi­bət­dir. Buna nail olmaq üçün ərəb mühacir ədəbiyyatının nü­ma­yən­də­ləri bö­­yük Amerika mühiti kon­tekstində öz nisbi müstəqil mədəni-mə­nəvi mü­­hitlərini yaratmağa çalışırdılar. Bu, çox əlamətdar bir hal­dır. Aida İman­quliyeva öz ki­ta­bın­da bu mə­sə­lə­yə xüsusi diqqət verir. O, qeyd edir­di ki, XX əsrin əv­vəl­lərində Ame­­ri­kada ərəb mühacirlərinin çox­lu sayda jur­nal və qəzeti çap olu­nur­du. Ən çox sa­yılıb-seçilən yazıçılar Cüb­ran Xəlil Cüb­ranın rəh­bərliyi ilə “Qə­ləmlər bir­­li­yi” adlı təşkilat ya­rat­dı­lar və bu­ra­da öz­lə­ri­nə məxsus ədə­bi-bədii yaradıcılıq məktəbi for­malaşdırdılar. Məq­­səd milli ədəbi-bədii ya­radıcılıq ənənələrini qo­ru­­yub-saxlamaq şər­­tilə mü­a­sir tələblərə ca­vab verən yeni ədəbiyyat ye­tiş­dirmək idi. Fi­kir­­lərini əsas­landırmaq üçün A. İmanquliyeva bu bir­li­yin katibi seçilən M.Nü­ay­mənin çı­xı­şın­dan aşağıdakı parçanı misal gətirir: “...Yeni ədə­biy­­yatın yaradılmasına səy göstərməklə biz keç­mi­şin ədəbi ənə­nə­sin­dən tamamilə üzülüşmək fik­rində deyilik. Bu ədə­biy­yatı görkəmli ədib­­lər, mütəfəkkir şairlər şöh­rətləndirmişlər ki, onl­a­rın əsərləri bir çox yazıçı nəs­li üçün əbədi il­ham mənbəyi olaraq qa­la­caq. Lakin buna kor-koranə əməl et­mək mü­asir ədəbiyyatın ölü­mü­dür. Onun canlı nə­fə­sini qo­ru­yub sax­la­maq­dan öt­rü biz mü­a­sir­li­yin eh­tiyat­la­­rın­dan isti­fa­də etməli, sa­baha baxmağı ba­­carmaliyiq.”1 Doğ­ru­dan da, Əmin ər-Rey­hani, Cüb­­ran Xə­lil Cübran, M.Nüaymə və onların yolu ilə ge­dən baş­qa şair və ya­zıçılar ənə­­nə­­çi­li­yin sərhədlərini keç­­­sələr də Qərb ədəbi pro­­sesinin tə­si­rinə uğraya­raq mil­­li özü­nə­məx­sus­luq­la­rın­dan im­ti­­na et­­mə­dilər və öz­­lərinin Şərq dü­şün­­cə tər­zini, şərq­­li mahiyyətini qo­ruyub sax­­laya bildilər.

Bədii ədəbiyyat öz mövzu­su­nu ic­­timai gerçəklikdən götürür. Ya­zı­çı da, oxucu da eyni mühitin ye­tiş­­dir­­mə­si olan­da müəllif ideyası daha tez ba­­şa dü­şülür. Bəs bir ictimai hə­ya­­tın ruhu və səsi başqa bir mühitdə ne­cə eşidilər?

Bir xalqın nümayəndəsi başqa bir xalqın nümayəndəsi tərəfindən ya­­radılmış sənət əsərini yalnız o dərəcədə mənimsəyə bilər ki, burada qaldırılan məsələlər onun özü və öz xalqı üçün də aktual olmuş olsun. XX əsrin əvvəllərində Rusiyada təhsil alan M.Nüaymə həmin dövrün rus ictimai gerçəkliyindən daha çox, XIX əsrdə böyük rus ədibləri tə­rə­findən qələmə alınmış problemlərdən təsirlənir. Çünki inkişaf sə­viy­yə­lərinə görə zaman sürüşməsi mövcud olduqda bir xalq üçün baş­qa­sı­nın keçmişi daha önəmli ola bilər. O xalqlar tarixdə daha düzgün möv­qe tuta bilir ki, onlar başqalarının tarixindən də dərs almağı bacarırlar. Bu dərs isə təkcə tarixi səlnamələr vasitəsilə deyil, daha çox dərəcədə bə­dii ədəbiyyat vasitəsilə mənimsənilir.



Qarşımızda iki fərqli “Atalar və oğullar” vardır. Biri roman, o bi­ri pyesdir. Biri xeyli öncə İ.S.Turgenyev tərəfindən yazılmışdır. Digəri isə həmin bu romandan təsirlənən və burada qoyulan məsələləri öz öl­kə­sindəki ictimai həyat müstəvisinə transfer edən M. Nüaymənin ver­si­yasıdır. Diqqəti bu iki əsər arasındakı ümumi və fərqli cəhətlərə yö­nəl­dən Aida İmanquliyeva yazır: “Nüaymə də Turgenyev kimi iki nəs­lin arasında mövcud olan problemi diqqətə çəkir. Hər iki yazıçı bu prob­­lemi qəhrəmanlarının dar ailə çərçivəsində nəzərə çarpdırır. Bu­nun­la belə, hər bir əsər yarandığı döv­rün əsas cizgilərini özündə əks et­dirir. Bu səbəbdən hər iki mü­əl­li­fin diqqət mərkəzində atalar və oğul­ların, mühafizəkarlarla yenilik tə­rəf­darlarının münaqişəsi durur.”1

Maraqlıdır ki, M.Nüaymənin “Ata­lar və oğullar”ı İ.S.Tur­ge­n­ye­vin eyni adlı romanı ilə nə dərə­cə­də səsləşsə də, o vaxtkı ərəb ictimai ger­çəkliyi Rusiyadakı ictimai-si­ya­si və iqtisadi həyatdan xeyli də­rə­­­cə­də fərqli olduğuna görə, nəsillər­­a­rası münasibətlər də özünəməxsus sə­­ciy­yəyə malik idi. Əslində, bir Şərq ölkəsi olaraq Livandakı ictimai şü­ur səviyyəsi, görünür, o vaxtkı Azərbaycanla daha çox səsləşirdi. Məhz bu­na görə də, M.Nüaymənin əsərində əks olunan problemlər Mir­zə Cə­lilin kəskin tənqid etdiyi real həyat problemlərini xatırladır. C.Məm­məd­quluzadənin «Ölülər» əsərində önə çəkilən mövhumat və ca­hillik o vaxtkj Livan üçün də səciyyəvi imiş. Aida xanım pyesin qısa məz­mu­nunu nəql edərkən, məhz belə mövhumat və fanatizm mə­qam­la­rını xü­susilə vurğulayır. Əsərin qəhrəmanlarından biri Ümmü İlyas öz qı­zı­nı zorla əyyaş və avara Nasif bəyə verərkən ancaq bir mən­tiq­dən çıxış edir: əsas odur ki, Nasif bəy – bəydir. «Bununla da Ümmü İl­yas üçün hər şey deyilmişdir».1 A.İmanquliyeva Ümmü İlyasın özünü belə xa­rak­terizə edir: «Onun özü son dərəcə cahildir, övladları ilə kobud rəf­tar edir – kötək, söyüş, qarğış – onun itaətsizləri gəza­lan­dır­maq me­to­du­dur. Onun bu qədər can yandırdığı dinin özü də mənəvi prin­sipləri ilə ona yaddır: hər şey onda zahiri mərasimlərə çevrilir, nə vaxt la­zım­dır kilsəyə gedir, şam yandırır, əzbərlədiyi duaları oxuyur».2 Göz­lərini möv­humat pərdəsi örtmüş olan Ümmü İlyasa qarşı təkcə onun böyük oğ­lu çıxır: ata ilə oğul arasında konflikt yaranır. Bu da ey­ni ilə olmasa da, xeyli dərəcədə İskəndər obrazının zəif variantı kimi qiy­mətləndirilə bi­lər. Ümumiyyətlə, M.Nüaymənin yaradıcılığı ya­şa­dığı ictimai həyatı kəskin tənqid etmək baxımından və hətta seçilən kon­kret forma və metodlar baxımından ondan bir qədər əvvəl Azər­bay­canda yazıb-ya­ra­dan M.Ə.Sabir və Mirzə Cəlilin yaradıcılığı ilə hə­mahəngdir. Aida xa­nım özü də bu əlaqəyə işarə edir.3 Biz bu əlaqəni bir qədər də geniş plan­da nəzərə çarp­dır­maq istərdik. Məsələn, M.Nüay­mə­nin «Alilər» he­kayəsi kasıb kəndli ai­lə­sinin yeganə var-dövləti oan çəpiş və xo­ru­zun bəy tərəfindən soyuq­qan­lılıqla mənimsənilməsi və bu za­man bu kənd­li ailəsinin yeganə oğlu Rəşidin ke­çirdiyi iztirablar xeyli də­rəcədə Mirzə Cəlilin «Danabaş kəndinin əh­va­latı» povestində Xuda­yar bəyin Mə­həm­mədhəsən əminin oğlu Əhmə­din iz­ti­rablarına və faci­ə­s­inə etinasız mü­­na­sibətini xatırladır. Belə misallar çox çəkmək olar. Çünki, cəhalət, na­­dan­­lıq və yoxsulluğun yayılmış ol­du­ğu bölgələrdə ortaya çıxan eyni tip­li problemlərin bədii ifadələrində də yaxınlıq olması bir növ qa­nu­na­uyğunluqdur.

M.Nüaymə öz xalqının nəinki indisini, hətta gələcəyini də daha böyük inkişaf yolu keçmiş xalqların təcrübəsində axtarırdı. Lakin onun axtarışları təkcə bədii ədəbiyyatı yox, gerçəkliyi də əhatə edirdi. Gerçəksə bundan ibarət idi ki, indi ərəb ölkələri təkcə öz daxili po­ten­si­alı hesabına deyil, qabaqcıl kapitalist ölkələri ilə qarşılıqlı əlaqə şə­ra­i­tində inkişaf etməli idi. Bunun üçün isə bu əlaqənin əsas faktorları olan mühacirlərin həyatı və təcrübəsi öyrənilməli idi. Bundan da öncə, bu mühacirətı zəruri edən səbəblər aşkara çıxarılmalı idi. O dövrdə Qərb ölkələrində təhsil almış və uzun müddət Qərbdə yaşamış ərəb şa­ir­lərinin bu barədə fikirləri, əlbəttə, çox önəmlidir. Aida xanım da öz təd­qiqatında ərəb məhcər ədəbiyyatının yaradıcılarının bu mövzudakı fi­kirlərinə geniş yer verir. Bunlar çox əhəmiyyətli məsələlərdir. Lakin biz XXI əsrin zaman məsafəsindən həmin dövrdəki proseslərə ictimai-ta­rixi aspektdə də nəzər salmaq istərdik.



XIX əsrin axırlarında ərəblərin Amerikaya mühacirətində iki fərq­li motiv və hadisə fərqləndirilməlidir. Əvvəla, planetin bütün gu­şə­lə­rindən Amerikaya pul qazanmaq niyyəti ilə gedənlər olduğu kimi, ka­sıb ərəb ailələrindən də iş dalınca Amerikaya üz tutanlar var idi. Və tə­bii ki, belə adamlar nə yeni mədəniyyət mənimsəməyə, nə də Ame­ri­ka­da öz mədəniyyətlərini, öz mədəni-mənəvi varlıqlarını ifadə etməyə vaxt tapa bilirdilər. Daha doğrusu, bu onların nə məqsədlərinə, nə də hazırlıq səviyyələrinə uyğun idi. Lakin tədricən fərqli missiyaya malik bir köç də formalaşmağa başladı. Pul qazanmaq naminə səfər edən ataların övladları artıq müəyyən mad­di təminata, ilkin savad və bi­lik səviyyəsinə malik olduqların­dan in­di başqa missiya ilə səfər edir­di­lər. Bu ikincilərin səfəri, bir tərəf­dən Qərb elmini və mədəniyyətini mə­nim­səmək, digər tərəfdən də öz mühitlərində inkişaf etdirə bil­mə­dik­lə­ri yaradıcı qabiliyyətlərini reallaşdırmaq, mədəni-mənəvi və ədə­bi-bə­dii mühit əldə etmək məqsədini güdürdü.

Atalar və oğullar. Mədəni intibaha xidmət edən maddi dirçəliş. Mad­di təminat üçün səfər edənlərin içindəki işığın öz simalarında ol­ma­sa da, övladlarının simasında aydınlanması, zahirə çıxması...

İkinci nəfəs... ikinci nəsil... Ömür vəfa etməyəndə ideyaların öv­lad­lar vasitəsilə və onların simasında işıq üzü görməsi, davam et­di­ril­məsi.

Sonralar Nüaymənin diqqəti də başqa bir “Atalar və oğullar”a – İ. V. Turgenyevin bu məhşur əsərinə və burada təhlil olunan nəsillərin əvəzlənməsi probleminə yönələcəkdir. Və bu cəhət də Aida xanımın təd­qiqatında önəmli yer tutacaq. Amma bu yerdə Aida xanım Nü­ay­mə­nin şəxsi həyatından bəhs edir və göstərir ki, onun atası ağır maddi və­ziyyət üzündən Amerikaya mühacirət etməli olmuşdu.1 Və təbii ki, bu mühacirət gələcəkdə Mixailin mühacirəti ilə eyni məqsədə xidmət et­mirdi. Lakin birinci ilə ikinci arasında ictimai həyatın mürəkkəb daxili əlaqələrindən doğan bir vəhdət vardır.

Təsadüfi deyildir ki, Aida İmanquliyeva Mixail İbn Yusif Nüay­mə­nin timsalında diqqəti bir daha “atalar və oğullar” məsələsinə yö­nəl­dir. Bu problem bu gün də aktualdır.

XX əsrdə Türkiyənin yoxsul ailələrindən Avropaya və Ame­ri­ka­ya iş dalınca mühacirət edən yüzlərlə, min­lərlə insanın taleyinə nəzər salsaq görərik ki, burada da səbəb an­caq mad­diyyatla bağlıdır və türk kim­li­yinin, türk mədəni-mənəvi sima­sı­nın ifa­də olunmasına əsla xidmət et­mir. Ək­­sinə, onların timsalında Qərb­də türk­lər haqqında olduqca yanlış tə­səv­vürlər formalaşmışdır. İkinci nə­sil türklər Qərbdə hələ yeni-yeni ayaq tutub yeriyir, möhkəmlənir və əsl türk obrazı da məhz indi ya­ran­maq­dadır. Məhz ataların ağır fiziki əməyi sayəsində yaratdıqları maddi tə­minat övladların öz genetik potensialını və milli-etnik, mədəni-mə­nə­vi sifətlərini ifadə etmələri üçün vasitə, baza rolunu oynayır. XX əs­rin axırları XXI əsrin əvvəllərində Azərbaycanda da analoji hadisələrə rast gəlmək mümkündür. Sovet dövləti dağıldıqdan sonra 90-cı illərin əv­vəllərində yaranmış ağır maddi şəraitdən və mədəniyyətdə gedən de­struk­turalizasiya prosesindən mütəəssir olan insanlar açılmış yeni im­kanlardan istifadə edərək Amerikaya, Avropaya, ən çox isə Rusiya, Uk­rayna və Türkiyəyə mühacirət etdilər ki, bu mühacirətin struktu­run­da həm ataların, həm də oğulların missiya və aqibəti öz əksini tap­mış­dır. Burada bölgü artıq ölkələrə görə aparıla bilər. Xarici dil bilənlər Qərb ölkələrinə, ancaq rusca və türkcə danışanlar isə müvafiq ölkələrə mü­hacirət etdilər. Bu baxımdan, indi Qərb ölkələrində daha çox dərə­cə­də gənclər, xüsusilə də həmin ölkələrdə təhsil almış gənclər, Rusiya və Ukraynada ən çox fiziki iş və biznes sahəsində çalışanlar, Tür­ki­yə­də isə daha çox intellektual qüvvələr, mədəni elita özünə yer etdi. Həm də, xaricdə Azərbaycan disporasının formalaşmasına xidmət edən bu mü­hacirət zənciri çox mürəkkəb bir prosesdir. Bu prosesləri planlı və məqsədyönlü surətdə idarə etmək çox çətin olsa da hər halda XIX əsr ərəb mühacirətinin və XX əsr türk mühacirətinin örnəkləri timsalında eks­trapolyasiya etmək və müəyyən proqnozlar vermək həmin pro­ses­lə­rə düzgün yön verilməsi də ancaq tarixi örnəklər sayəsində əldə edilə bilər.


Ə L A V Ə

M.Nüaymədən seçmələr

Sonuncu gün”

kitabından

Ummu Zeydan! Ölümün nə olduğunu bilirsənmi?

Ölüm ölümdür oğlum. Bu nə sualdır?

Ölümü sevirsənmi?

Ölümü kim sevir ki? Kaş ki, ölüm olmasaydı!

Allahı sevirsənmi?

Allahı kim sevməz ki!

Vallah ölüm bəlasını bizə verən O-dur! Necə olur ki, O-nu həm se­vir­sən, həm də ölümdən nifrət edirsən?

Övladım, mən kiməm ki, Allahın iradəsini anlayım? Mən sadəcə Um­mu Zeydanam.

Həyatın nə olduğunu bilirsənmi?

Mən hara, həyatı bilmək hara?

Həyatı sevirsənmi?

Əlbəttə. Həyatı kim sevməz!

Bilmədiyin şeyi necə sevirsən?

Of ay oğlum! Bunları niyə soruşursan?

Ummu Zeydan! Zamanın nə olduğunu bilirsənmi?


Ölüm, səni bütün bunlardan qoruyacaq.

Çünki ölüm, ölümdən başqa hər şeyi yox edir.
Yemək və doğulmağın heç vaxt sonu olmaz. Görəsən həyat məhz özü-özünü yeyən, özü-özünü doğan böyük bir qurdcuq olduğu üçünmü sonsuza qədər davam edir? Görəsən həyat ölüm, ölüm də həyat ola bilərmi?
Ölümə “xoş gəldin, ölüm”, – deyib, qəlbindəki bu yükdən xilas ola biləsən kaş ki.

Qulaqlar yox olar, amma səslər yox olmaz.
Fəqət düşüncələrini, duyğularını və hərəkətlərini yox edə bilməz.
Sənin bədənin olan cihaz köhnələcək, amma sənin olan fikirlər, səslər və şəkillər qalacaq.
İndi mən sanki labirint içində bir labirint, hətta labirint içində bö­yük bir labirintəm! Sanki hər labirintdə xəzinəyə gedən bir xəzinə; bö­yük bir əsrarəngizliyə aparan möhtəşəm bir sirr var! Sanki təbəqə üstündə təbəqəyəm və ya midi qabığı içində bir mirvariyəm. Axırda isə görünməyən bir zərrəyə çevrilirəm. Mirvarinin bütün əsrarəngizliyi o zər­rənin içindədir. Belə hiss edirəm indi özümü. Əvvəllər heç vaxt hiss et­mədiyim duyğulardır bunlar!
Bəs güc nədir görəsən? Harada gizlidir bu güc? Sümüklərdə, əzə­lələrdə, qanda, düşüncədə, hisslərdə, yoxsa başa düşə bilmə­yə­cə­yi­miz başqa bir yerdə?
Sərçə ilanla öz arasındakı həmin döyüşdə özünün və balalarının hə­yatını xilas edən o gücü kimdən almışdı? Görəsən bu, ana sevgisi idi­mi? Bu ana sevgisi sümüklərdə, ətdə, yoxsa qanda gizlidir? Niyə sü­mük, ət və qan ayrı-ayrılıqda, ya da birlikdə, ancaq fövqəladə duy­ğular onları hərəkətə gətirəndə fövqəladə qəhrəmanlıq göstərə bilir?
Mən sürünə bilərəm, istədiyim kimi yeriyə bilərəm və qaça bi­lə­rəm. Hər üç vəziyyətdə də mən mənəm, sadəcə mən! Görəsən mənim ad­dımlarım sürətli ikən, onları daha da sürətli olmağa isti­qa­mət­lən­dirən kimdir? Düşüncələrimmi? Bəs bu əmri həyata keçirən kimdir?
Görəsən, düşüncəmin gücü sonlu və ya sonsuz bir şəkildə inkişaf edə bilərmi?
Dünən ancaq gözümün görə bildiyi qədər görə bilirdim. Gözlə­ri­min görə biləcəyi sahə, şahin gözlü olsam belə, üfüq xəttini keçə bil­mir­di. Halbuki bu gün gözlərimin görməyə qadir olmadığı həssas dün­ya­ları belə görə bilirəm. Çox uzaq və çox dərin dünyaları görə bili­rəm. Fəqət gözlərim, düşüncəm kömək etmədən əvvəl bütün bunları gö­rə bilmirdim. Düşüncəm olmasaydı, dünən gözlərimin görə biləcəyi sa­hənin xaricində qalan yerləri bu gün görə bilməzdim. Bu, dü­şün­cə­min sürəkli olaraq bir kəşf halında olduğunu göstərmirmi?
Düşüncəm davamlı olaraq kəşf halında olduğu müddətcə, onun bu kəşfində bu və ya başqa bir nöqtədə duracağını kim deyə bilər? Mə­nim düşüncəmin, düşünmək üçün materialı olduğu müddətcə hüdudları ola bilərmi? Onsuz da düşüncəm hüdudsuz olmaq üçün düşünməyə baş­ladı. Düşüncəm sərhədsizdirsə, bədənimə və digər bədənlərə edə­cək­lərinin sərhəddi yoxdur.
Mən yaşamaq istəyirəm! Qanımın hər damlası, sinəmdəki hər nə­fəs və bədənimin hər hüceyrəsi mənə bunu deyirdi.
Mirdadın kitabı”ndan

Sehrli Rahib
As və Liviya dağlarının Minbər (Sunak) adı ilə məşhur olan yük­sək təpəsində Gəmi adında, tərk edilmiş, parçalara ayrılmış heykəlin qı­rıntıları var. Tarix keçmişin dərin çuxurlarında itmiş olsa da, xalq öz ta­rixinin Tufandan başladığına inanırdı.

Gəmi haqqında uzun illərdir ki, bir çox nağıl və əfsanələr da­nı­şır­lar. Ancaq ən çox sevilən əfsanə (bir il bütün yayı orda qaldığım za­man), Minbər təpəsinin ətəklərində oturanlardan dəfələrcə eşitdiyim əf­sanədir. İndi sizlərə o əfsanəni eşitdiyim kimi nəql edəcəyəm:

Böyük Tufandan bir neçə il sonra Nuh və ətrafındakılar bol və şi­­rin suları olan, torpağı zəngin və bərəkətli, iqlimi mülayim olan As və Liviya dağlarına qalxıb orda məskunlaşmağa qərar verdilər.

Nuh əcəlinin yaxınlaşdığını hiss edəndə, özü kimi xoş xasiyyətli və dərin düşüncəli oğlu Samı yanına çağırdı və ona belə dedi:

Oğlum, atan bu günə qədər çox böyük var-dövlət sahibi oldu. İn­­­di isə əcəl vaxtı gəlib çatdı. Sən, qardaşların, uşaqlarınız, nə­və­lə­ri­niz və dünyanın itmiş həyatını yenidən canlandıracaq nəsliniz Tanrının mə­­nə vəd etdiyi kimi, dənizdəki qum dənələri qədər çoxalıb ar­ta­caq­sı­nız.



Ancaq məndə bir qorxu var, ona görə gözüm arxada qalacaq. Bu qo­rxu əcəlim gəlmədən məni öldürəcək. Çünki insanlar əsrlər sonra Tu­­fanı və Tufanın yer üzündə törətdiyi pislikləri və xəcalət verici ha­di­sə­­ləri, sonra isə imanı və imanın yüz əlli gün dalğalı dənizdə əmniyyət için­­də daşıdığı Gəmini də unudacaqlar. Beləcə insanlar özlərinin də bir parçası olduqları imandan meydana gələn yeni həyatı xatır­la­ma­ya­caq­lar.

Bunun üçün sənə bu dağın ən yüksək təpəsində bir minbər tik­mə­yi­­ni əmr edirəm. Ondan sonra o təpənin adı “Minbər Təpəsi” olsun. Son­­ra Minbərin ətrafında hər bir hissəsi Gəmiyə bənzəyən, lakin həc­mi ondan daha kiçik olan bir heykəl düzəlt, bu heykəl də Gəmi adını alsın.

O Minbərin üstündə Tanrıya son şükür qurbanımı təqdim etmək is­təyirəm. Orda alovlandıracağım atəşin əbədiyyən yanmasını istə­yi­rəm.

Heykəlin yanında isə, hər zaman doqquz seçilmiş insandan mey­da­na gəl­­miş qrupu yerləşdir və onları qoru. Onlara “Gəmi Dostları” de­­yə xitab edil­­sin. Onlardan biri ölsə, onun yerinə başqa biri gəlsin. Dos­tların qo­run­duq­ları yerdən çıxmamalıdırlar, Gəmidə bizim ya­şa­dı­ğımız həyat kimi tənha bir həyat tərzi sürməlidirlər. İman atəşinin sön­mə­məsi üçün ça­lı­şıb, həm özlərinin, həm də qardaşlarının hidayətləri üçün dua edərək bütün gün­lərini orda keçirməlidirlər. Fiziki eh­ti­yac­la­rı­na əhəmiyyət verməmə­lidir­lər. Belə etsələr möminlərə yaxın olub on­lar üçün xeyir əməl edə bilərlər.”

Sam atasının dediyi hər bir kəlməyə diqqətlə qulaq asır və onları ac insanın yeməyi həzm etdiyi kimi daxilən qəbul edirdi. Ancaq Sam Gə­mi dostlarının niyə görə doqquzla məhdud qalmasının səbəbini so­ruş­maq üçün atasının sözünü kəsdi. Üzərinə uzun illərin ağırlığı çö­k­müş qoca Nuh ona cavab verdi:

Oğlum, bu Gəmiyə minənlərin sayıdır.” Lakin Sam Gəmiyə mi­nə­n­lə­rin sayının ən çox səkkiz olduğunu bilirdi. Bunlar atası, anası, iki qardaşı və xanımları, özü və xanımı idi. Buna görə də atasının dediyi ona təəccüblü gəldi. Nuh oğlu Samın təəccübləndiyini gördü və ona və­ziyyəti izah etdi:



Bax oğlum, sənə böyük bir sirri deyəcəyəm: doqquzuncu sər­ni­şin, siz­­dən və məndən xəbərsiz Gəmiyə minib. Məndən başqası onun var­lığını bil­­mir, görmür və hiss etmir. Gecə və gündüz davamlı olaraq mə­nimlədir. Gə­­minin sükanı onun əlində idi. Onun haqqında bundan əla­­və məndən heç ­nə soruşma. Səni tənbeh edirəm, ona sığınaqta yer ver­­məlisən. O, mənə dün­­yanı atəş tufanından qorumaq üçün geri dö­nəcəyini dedi. Bu mənim sənə olan vəsiyyətimdir. Vəsiyyətimə əməl et”, – dedi.

Sam atasının ona söylədiyi hər şeyi qəbul etdi.

Nuh öldükdən sonra uşaqları onu vəsiyyət etdiyi kimi, canla, baş­la mü­ha­fizə edilərək nəsildən-nəsilə miras qalan Gəmidəki min­bə­rin altında basdırdılar.

Bir neçə əsr keçdi və – simalar və isimlər dəyişsə də – o gündən bu gü­nə onlara bildirilən inanclara və dini mərasimlərə düzgün şə­kil­də əməl edən doq­quz insan Gəmidə yaşamağa davam etdilər. Ancaq il­lər keçdikcə, onlar möminlərdən ehtiyaclarından daha çox bəxşişlər qə­bul etməyə başladılar. Bu­nun nəticəsində isə Gəmiyə verilən bəx­şiş­lər, qızıl, gümüş və cəvahirlər ildən ilə artmağa başladı.

Bu vəziyyət bir neçə nəsil davam etdi. Doqquz nəfərdən biri də bu müd­dət ərzində vəfat etdi. Onun ölümündən sonra, gəmiyə qəribə bir insan gəl­di. Dəstənin içində qəbul edilməsini istədi. İnşa edil­di­yin­dən bu günə Gə­mi­dəki adətlərə görə “kapitan” ismini daşıyan lider bu əc­­nəbi adamı dost­la­rın­dan birinin ölümündən sonra ilk dəfə tələb olu­nan biri olduğu üçün qəbul et­məli idi. Ancaq o dövrdəki kapitan çox tərs və daş ürəkli bir insan idi. Çıl­paq, aclıqdan zəifləmiş, yaralı və hal­­sız olan bu əcnəbi onun xoşuna gəl­mə­miş­di. Buna görə də ona dəs­tə­­yə layiq olmadığını demişdi.

Lakin əcnəbi arzusunda təkid etdi. Onun bu təkidi kapitanın ona qarşı nif­rətini və hirsini artırdı. Kapitan ona kilsənin ətrafından dərhal uzaqlaşma­sı­nı əmr etdi.

Ancaq əcnəbi təkid edirdi. Bir çox bəhanələr gətirib, istəyindən əl çə­k­mir­di. Nəhayət kapitanı onu Gəmidə xidmətçi kimi qəbul et­mə­si­nə razı sala bildi.

Bu hadisədən sonra kapitan uzun zaman ölən dostunun yerinə gön­­­də­ri­ləcək birini gözlədi. Lakin heç kəs dəstəyə daxil olmaq məq­sə­di­y­lə Gəmiyə gəl­mədi. Beləliklə də, Gəmidə tarixində ilk dəfə səkkiz dost və bir xidmətçi ya­şayırdı.

Bu hadisədən sonra yeddi il keçdi və bu müddət ərzində Gəminin sər­və­ti o qədər artdı ki, sayıb qurtarmaq mümkün deyildi. Ətrafdakı kənd­­lərin ge­niş əraziləri də Gəmiyə aid oldu. Kapitanın sevincdən qəlbi fə­rəhlənirdi. Bu müddət ərzində xidmətçi ilə münasibəti də düzəlmişdi. Hət­ta onun özünə və Gəmiyə düşərli olduğuna inandığı üçün onu sevə biləcəyini də dü­şü­nür­dü.

Ancaq səkkizinci ilin əvvəllərində işlər sürətli bir şəkildə dəyiş­mə­­yə baş­ladı. Hətta o günlərə qədər mehribanlıqla yaşayan Gəmi Dost­­ları belə, təkəbbürlü və ifratçı olmağa başladılar.

Kapitan bunun səbəbini xidmətçidə görürdü. Buna görə də dər­hal onun qovulmasına qərar verdi. Lakin artıq çox gec idi. Çünki xid­mət­çinin əm­­rində olan dostlar ona qulaq asmırdılar, heç bir qayda-qa­nu­na və adət-ənə­­nəyə boyun əymirdilər. Hətta onlar iki il içində geniş əra­ziləri orda ya­şa­­yan kəndlilərə bağışlayıb Gəminin bütün mallarını da­şınır-daşınmaz əm­lak deyə bölüşdürmüşdülər. Üçüncü ilin əvvəlində isə Gəmini tərk etdilər. Da­­ha betəri isə, xidmətçi kapitana lənətlər et­di. Bu lənətlər kapitanı ov­sun­la­­dı və onu kilsəyə bağladı. O gündən son­ra kapitan bir kəlmə belə da­nış­ma­dı.

As və Liviya dağlarında, Minbər təpəsinin kölgəsində eşitdiyim Gəmi hekayəsi məhz belə idi.

Bir çox şahid, bəzən gündüzləri bəzən də gecələr mənə o rahibin müx­təlif zamanlarda tərk edilmiş kilsənin baxçasında gəzdiyini demiş­di. Lakin heç kəs onun ağzından bir kəlmə belə eşitməmişdi.

Digər tərəfdən rahib yanında bir insanın varlığını hiss etsə sü­rət­lə yox olub gedirdi. Harada və necə gizləndiyini isə bilən yox idi.

Bu dastanın məni narahat etdiyini indi etiraf edirəm. O rahibin tərk edilmiş köhnə bir heykəlin ətrafında və Minbər Təpəsi kimi çöllü-biyaban, yüksək bir təpənin zirvəsində illərdir gəzdiyini heç cür anlaya bi­lmədim. Ancaq qanımda bir atəş, bədənimdə bir qığılcım, düşün­cə­lə­rim­də bir narahatçılıq və gözlərimin önündə də kölgələr hiss etdim. Bun­ların hamısı məni təpəyə doğru itələyirdi.

Nəhayət öz özümə dedim: “Mən dağa dırmaşacağam”.

Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin