Şərq-Qərb Tədqiqat Mərkəzi Səlahəddin XƏLİlov



Yüklə 2,22 Mb.
səhifə6/21
tarix18.03.2017
ölçüsü2,22 Mb.
#11827
1   2   3   4   5   6   7   8   9   ...   21

Yaxın Şərq qadını
Nyu-York, 1930
Bu gün Yaxın Şərqin qadını hərəmxana qapalılığından çıxaraq mək­təbə, açıq forumlara, rəqs meydançalarına, hətta biznes dünyasına belə qatılmaqdadır. Sosial və intellektual həyatdakı dəyişikliklər hər yer­­də müşahidə olunur. Türkiyədən Ərəbistana, Misirdən Əfqanıstana qə­­dər. Bu Avropa, Qərb üçün də təsirsiz deyildir. Bu gün şərq qa­dın­la­rı Avropadakı qurultayların işində iştirak edir, Qərb qadınları Şərqi gə­­zərək şüar və çağırışlarını yayırlar və hər iki məkanda onlar bir ara­­­ya gələrək öz fikirlərini və qayğılarını bölüşürlər. Qadının əsrlər bo­­­yu kişilər tərəfindən formalaşdırılan və saxlanılan statusu də­yiş­di­ril­­məlidir.

Lakin Yaxın Şərqdə bu dəyişikliklərin sürəti necədir? Türkiyədə Qərb sürəti, Misirdə davamlı uğurlar, Suriyada qətiyyətli polemikalar, Ərəbistanda, İranda və Əfqanıstanda ənənəvi ehtiyatlılıq müasirlik am­­bisiyaları ilə çulğalaşmışdır. Hər yerdə ənənəvi olanla qeyri-ənə­nə­vi qol-qola addımlamaqdadır.

Keçən ilin iyununda Dəməşqdə baş tutan Qadın Kongresində adı­nı çəkdiyim bütün ölkələrdən nümayəndələr vardı. Və natiqlərin is­ti­fadə etdiyi dillərin heç də hamısı Asiya dillərinə aid deyildi. Avropa bey­nəlxalq qadın təşkilatının təmsilçisi fransız dilində danışdı; İranın nü­mayəndəsi öz nitqini ingiliscə söylədi, türk nümayəndəliyinin başçısı isə Dəməşqdəki parlaq çıxışını səlis ərəb dilində etdi. Buradan belə bir nəticəyə gələ bilərik ki, dilin seçimi müzakirə olunan məsələnin həyati əhə­miyyətindən asılıdır; ərəb dilinin vasitəsi ilə və bu gün bu mə­də­niy­yət­lərdə əhəmiyyət kəsb etməyə başlayan ingilis, fransız dillərinin kö­mə­yi ilə qadın hərəkatının başlıca ideyaları bütün Yaxın Şərqə ya­yı­la­caq­dır.

Bu ideyalar, Konqresin Prezidentinin söylədiyi kimi, üçdür: mo­no­­qamiya, qızın öz ərini seçmək hüququ və əsarətin ləğvi. Bu isə o de­məkdir ki, poliqamiya, çadra və hərəmxanalar keçmişdə qalmalıdır.

Bunlar artıq Türkiyədə keçmişə qovuşmuşlar. Qadın hərəkatı Şər­­qin ən modern ölkəsində artıq özünün inkişafının birinci mər­hə­lə­si­ni arxada qoymuşdur. Bu proses Sultan Əbdül Həmid dövrünün so­nun­da başladı və ağır-ağır Mustafa Kamalın adı ilə möhürlənmiş nöq­tə­yə doğru inkişaf etdi. Bu andan etibarən ölkə sürətlə müasir iqtisadi və sosial eksperimentlər silsiləsini keçdi. Dəyişən həyatın sürəti idi, ru­­hu yox. 1912-ci ildə mən Konstantinopolun küçələrindən birində bir qa­­dının kütlə içində qızğın çıxışının şahidi oldum. Bu, çadrasını atan ilk qadın idi. Çıxışının sonunda o, çadrasını azadlıq bayrağı kimi yel­lə­məyə başladı. Bir çox qadınlar onun nümunəsinə uydular və tezliklə bu, adi bir hala çevrildi.

Demək olmaz ki, Mustafa Kamal türk qadınının azadlığının mü­əl­lifidir. O, bu hərəkatın rəsmi müdafiəçisi və aparıcısıdır. Onun bu pro­sesdəki rolu və əziyyətini müəyyənləşdirmək çətin deyil. Konstan­ti­no­poldakı (indiki İstanbul) qızlar üçün amerikan məktəbi hələ də mü­a­sir təhsilin başlıca agentlərindəndir; Pyer Lotinin “Məyus”undan dik­ta­torun azadlığına qədər uzanan yol Avropa eksperimentlərinin işıq­ları və kölgələri ilə sınanmışdır.

Lakin istək hələ hər şey demək deyildir. Hərəmxanaların letargik xa­nımları təkcə məktəbə getməli deyillər, onlar həm də işləməlidirlər. Az ya çox dərəcədə onlar öz talelərinin sahibələrinə çevrilməlidirlər. Pul qazanmalı, özünə ər tapmalı, evlə bağlı qayğılarını həll etmə­li­dir­lər. Azadlığı baş ağrısız əldə etmək olmur.

Müasir türk qızına azadlığının ilk mərhələsində bu hisslər necə də tanışdır. O hələ öz sübhünün şəfəqlərinə bürünmüşdür; diktatorun ira­dəsi ilə ürəklənmiş və çıxan qərarlarla həvəslənmişdir, o başılovlu irə­liyə atılır. Respublikanın jurnalistləri onun peyğəmbərləridir. Mol­la­ların ehkamları təbliğatçıların ehkamları ilə əvəz olunmuşdur. Bu yol­da onu əyləndirmək üçün oyun meydançaları da nəzərdə tutul­muş­dur. Ruhunu yüksəkdə saxlamaq üçün rəqs meydançaları və gözəllik ya­­rışları mövcuddur. Bundan başqa, şərab içə-içə, siqaretini ağır-ağır tüs­­tülədərək kişi dünyasını müşahidə etməyə və ya kişi dünyasından mü­­­şahidə olunmağa imkan verən kafelər də vardır. Hələ parik­ma­xer­lər! Dünən görünməyən zülflər barədə ancaq şeirlərdən oxuya bil­dik­lə­­ri halda, bu gün onları qulac-qulac kəsərək zibil yeşiklərinə tap­şı­rır­lar. Roman üçün əla materialdır.

Dünən hərəmxana hücrəsində Pyer Lotini oxuyan qız bu gün Tak­­sim parkının skamyasında Bernard Şounu və Bertran Rasseli mü­ta­liə edir. Zəhər hansıdır, dərman hansı? Cəsarətlə deyə bilərəm ki, bir ağı­l­lı adam bu gün bu suala cavab vermək iqtidarında deyil. Bizi ifrat ro­mantizmə həvəsləndirən müasir peyğəmbərlər eyni müvəffəqiyyətlə bi­zi acınacaqlı keçmişə də sürükləyə bilərlər.

Hər bir halda bu gün üzünü və ağlını niqabdan azad etmiş türk qa­dını Avropa geyimində gözəllik müsabiqəsi münsifinin qarşısında dur­maqdan çəkinmir. Türk dərgisinin redaktoru isə teatr administra­to­ru­nun soyuqqanlılığı ilə bu qızın şəkillərini öz səhifələrində yerləşdirir ki, onun oxucuları da öz seçimlərini etmək imkanı qazansınlar. Qul ba­za­rından gözəllik yarışmasına! Hər halda yenilik də adlandırmaq ol­maz bunu. Lakin ən azı bu, kişi mentallığında bir inkişafdır. Bir az əv­vəl at sürüsünü nəzərdən keçirən təki qulları tədqiq edən türk kişisi bu gün yarı-çılpaq gözəllikdən kifayət qədər uzaqlıqda durmalı, gözünü və ağlını qəzetdə, yaxud ekranda gördüklərinə tapşıraraq elə bununla da kifayətlənməlidir. Lakin bu gün Türkiyədə daha ciddi məzmunlu ya­rış­lar da keçirilir və hətta çap maşınının arxasında olan türk qızı belə öz amerikalı bacılarına çatmağa can atır.

Lakin digər tərəfdən bu qızın Yaxın Şərqin digər hissələrindəki mü­səlman bacıları heç də onun bu sürətilə ayaqlaşmırlar. Onlar üçün bu, mümkünsüzdür, necə ki, Mustafa Kamal Əfqanıstanın mollaları üçün əlçatmaz şəxsiyyətdir. Faktiki olaraq özünün ultra inqilabi ru­hu­na görə Türkiyədəki qadın hərəkatı Türkiyə sərhədlərindən kənarda çox kiçik təsirə malikdir. Bu cür inqilabi ruh heç nəyə baxmayaraq is­lam dini ilə bir o qədər dərindən bağlı olmayan türkə uyğun gəlsə də, is­lamın güclü olduğu İran və Ərəbistana rahat şəkildə daxil ola bil­məz, Qahirə və Dəməşq kimi islam mərkəzlərində alqışlarla qarşılana bilməz.

Beləliklə, öz-özlüyündə bu hərəkat təcridə məhkumdur. Lakin mü­­əyyən manevr imkanları da vardı. İstər digər Şərq ölkələrində qa­dın hərəkatlarının radikallaşaraq güclənməsi və ənənəvi maneələri aş­ma­sı məqamında, istərsə də reaksiya dönəmində türk qadınının bir-iki addım geriləyərək özünün az inkişaf etmiş şərqli bacıları ilə görüşmək şan­sını yaxalamasında. Sonuncudan, mənim fikrimcə, daha çox bəh­rə­lən­mək olardı. Sıçramaq sürünmək qədər təhlükəlidir. Lakin, məsələn, ev­də birinci mərtəbədən ikinci mərtəbəyə qalxmaq o qədər də təhlükəli de­yil, nəinki hərəmxanadan rəqs meydançasına, yaxud biznes dün­ya­sı­na sıçramaq... Jurnalist qadın gözəl rəqqas da ola bilər, yaxşı arvad da olmağı bacarar; lakin o, onunla eyni bir yeni iqtisadi şəraitdə özü­nü itirmiş minlərlə bacılarına kömək edə bilməz. Lakin hətta jurnalist qadın belə çevrilişlər və fırtınalar zamanında başını itirə bilər.

Həqiqətən, respublikanın qərs meydançası yaman sürüşkəndir.

Misirdə rəqs meydançaları müsəlman qızlar üçün hələ bağlıdır və yaxın zamanlarda açılması da gözlənilmir. Sürüşkən döşəmənin əvə­zinə o hələ tikanlı cığırlarda yeriyir. Tikanlar və çətinliklər isə Av­ro­padan gəlmir. Qahirədəki əl-Əzhər Universiteti cürbəcür əcaib bit­ki­lər yetişdirən istixanadır və milləti istənilən növ tikanlı hasarlarla təc­hiz etmək iqtidarındadır.

Əl-Əzhərin professorları dünyadakı başqa həmkarlarından da­ha sərt və daha mühafizəkardırlar və Avropadan gələn hər hansı bir ye­niliyə qarşı Quranı qoymaqdan başqa yol bilmirlər. Məsələn, bu ya­xın­larda gənc islahatçılarla bu professorların şlyapa ilə bağlı qızğın mü­bahisəsi çıxmışdı. Bu professorlardan biri bir kitab yazaraq orada sü­but etdi ki, şlyapa mömin müsəlman üçün uyğun bir şey deyil və Qu­ran­da buna icazə yoxdur. Yeri gəlmişkən, deyə bilərəm ki, cənubi Ərə­bistanın o yerlərində daha çox günəşdən qorunmaq lazım gəlir. Və or­dakı ərəblər, əl-Əzhərin oxumuş şeyxlərindən az dindar deyillər. Çöl­də işləyən bu kişi və qadınlar şlyapanı faydalı sayırlar; samandan özləri düzəltdikləri enli şlyapalar geyirlər.

Mübahisəyə gəldikdə isə, bu ağır əmmaməli müsəlman profes­sor­­larını özlərindən çıxarmaq o qədər də çətin deyil. Müasir misirlilər içə­­risində Qasım Amin adlı çox görkəmli yazarlardan birisi, özü də bil­­mədən bir zaman onların hamısını özündən çıxartmağa nail oldu. Onun “Qadın azadlığı” adlı bir kitabına qarşı onlarla kitab yazıldı. Hər iki tərəf də Qurana istinad edirdi. “Qadının yerini peyğəmbər gös­­­tərmişdir”, – deyirdilər professorlar. Qasım Amin isə yazırdı: “Pey­­­­ğəmbər qadının əsarətdə və acınacaqlı qulluqda olduğunu gördü və onu zamanın imkan verdiyi mövqeyə qaldıraraq məhz Quran va­si­tə­si ilə onun üzünə inkişaf və azadlıq yolunu açdı. Biz peyğəmbərin işini davam etdiririk.” Özü qazi olan bu islahatçını Quranı səhv anlamaq və yanlış şərh etməkdə heç kim günahlandıra bilməzdi.

Bu, qırx il əvvəl olmuşdu. O zaman ki, Türkiyədə qadın azadlığı ba­rədə fikirlər nadir hallarda səsləndirilərdi. Və deməli Qasım Amin tək­cə Misirdə deyil, bütün islam aləmində tək idi və bu gün onun ölü­mün­dən əlli il sonra da o, milli hərəkatın yolunu işıqlandırmaqdadır və onun çoxlu davamçıları arasında hətta əl-Əzhər Universitetinin t­ə­lə­bələri də vardır.

Lakin onun prinsiplərinin bu gün ən görkəmli ifadəçisi hörmətli və qüdrətli bir qadındır; mərhum milli lider Saad Zaqlolun xanımı. Bri­taniya hökuməti onun ərini 1922-ci ilə sürgün edərkən ondan so­ruşdular ki, ərini müşayiət etmək istəmirmi? O “Yox,” demişdi, “bur­da qalıb onun işini davam etdirəcəm.” Qasım Aminin digər nüfuzlu ar­dı­cılı, eynən Zaqlolun dul xanımı kimi çadrasını atmış qadın, siyasətlə fə­al məşğul olan ictimai lider və gözəl təşkilatçı Huda Şiravidir. Huda xa­nım da Avropada tanınan Şərq qadınlarındandır. O tez-tez Av­ro­pa­da olur, bir konqresdən digərinə keçərək öz ölkəsinin və cinsinin hü­quq­larının müdafiəsinə çalışır.

Qasım Amin də bu və ya digər şəkildə ictimaiyyət tərəfindən ta­nın­mağa, qəbul olunmağa başlamışdır. Misir Universitetində, bu ya­xın­larda, böyük islahatçının ideyalarından ilhamlanaraq əsər yazmış bir qadın yazıçı mükafatlandırılmışdır; Misir heykəltəraşı Muxtara hö­ku­mət tərəfindən Misirin abidəsini yaratmaq sifarişi verildikdə isə o bu əsəri qadın azadlığı ideyaları əsasında hazırlamağı qət etdi. Əs­lin­də onun əsəri Qasım Aminə həsr olunmuşdu; mərmərdən düzəldilmiş, ayaq üstə dayanan çadrasız qadın Millət Anasını təcəssüm etdirir.

Bütün bunlar yazılı söz vasitəsi ilə digər ərəbdilli ölkələrə də tə­sir edir. Bu gün Qahirədə xristian və müsəlman qadınlarının re­dak­tor­lu­ğu ilə qadın hərəkatına həsr olunmuş bir sıra jurnallar çıxır. Lakin ya­zarlar arasında ən çox fərqlənəni livanlı xristian Mari Ziadidir ki, onun evi hər iki cinsdən və ən müxtəlif dinlərdən olan intellektuallar üçün maqnit rolunu oynayır. Bu baxımdan mənim Yaxın Şərqdə ta­nı­dı­ğım yeganə evdir onun evi. Ziadi xanım Maiy ləqəbi altında əsərlər ya­zır və sürətlə qadın hərəkatının liderlərindən birinə çevrilməkdədir, tək­cə Misirdə yox, ərəbcə mütaliə olunan hər yerdə.

Suriya çoxlu qüvvələrin təsiri altındadır. Ordakı müsəlman qa­dın­lar köhnə ənənələrə qarşı çıxsalar da, hələlik görünür ki, daha ra­di­kal addımlara hazır deyillər. Çadrasını cıraraq onu azadlıq bayrağı ki­mi yelləyən türk qadınının qəhrəmanlığı onda yoxdur; və son qırx il­də bir çox Misir ailələrinə əcnəbi mürəbbiyələr və müəllimələr tutaraq öz qızlarına evdə təhsil verməyə imkan verən iqtisadi şərait də burda yox­dur.

Bundan başqa Suriyada geniş yayılmış fransız modası, daha doğ­rusu Paris bulvarlarının ənlik kirşanlı modası burdakı ictimai qı­cı­ğı elə səviyyəyə çatdırmışdır ki, hətta gənclər belə narazılıqlarını və qə­zəblərini bildirirlər. Axı, gəzməyə, ya bazarlığa çıxarkən baş örtü­yü­nü əminlik üçün taxmış, lakin eyni zamanda onların çılpaq qollarını və ayaq­larını aşkarlayan fransız geyimli qadınlar onların b­a­cı­ları və gənc xanımlarıdır. Təbii ki, bu, eybəcərlikdir və dö­zül­mə­z­dir. Lakin ki­şi­lərin qıcığı və narazılıqları daha kobud və kriminal for­ma­larda aş­kar­lanır. Paris geyimlərində görünən müsəlman qadınları kü­çə­lərdə nit­rat turşusu ilə hücumlara məruz qalırlar. Və yanan təkcə on­ların ipək və sətin paltarları olmur. Onlardan bəzilərinin üzləri yan­dı­rılmışdır. Daha bir hadisə Dəməşqdə baş vermişdir. Beyrutdan daha mü­hafizəkar olan bu şəhərdə məşhur ailələrdən birinin qızı müasir ge­yimdə və çadrasız şəkildə bazardan keçərkən fanat bir şeyx tərəfindən üzünə şapalaq ilişdirilmişdir. Bu iki nümunə primitiv kişi üstünlüyü id­di­asına əsaslanır və üzdən baxdıqda təsirli görünür. Bu yolla onlar eks­travaqant üslubu əngəlləmiş olurlar. Lakin üzdəkinin o tərəfində, qa­dının nəfsinin dərinliklərində onlar yuxulayan qüvvəni oyatmış olur­lar. Və həqiqətən Suriya qadını üzdə nümayiş etdirdiyindən daha bö­yük müqavimət sərgiləməyə qadirdir və mən inanıram ki, yaxın gə­lə­cək­də hamı bunun şahidi olacaqdır. İctimai protest əvəzinə onlar bu gün təşkilatlanma ilə məşğuldurlar. Və Qadın Konqresinin tarixdə bi­rin­ci dəfə olaraq Şərqin bu qədim şəhərində baş tutması da fanat şeyx­lərə layiqli cavabdır.

Suriya, Fələstin və İraqdakı hərəkatın mahiyyətli özəlliklərindən bi­ri də odur ki, ən müxtəlif əqidəli qadınlar, müsəlmanlar, xristianlar, druz­lar əl-ələ çalışırlar; və onlar razıdırlar ki, təbliğat ən müdrik siya­sət deyil və təşkilatlanma ilə də kifayətlənmək olmaz. Onlar təhsilin Paris modasından daha populyar olması əminliyindədirlər. İyirmi il əvvəl Şərqin ən böyük dörd şəhərinin müxtəlif məktəblərində otuz-qırx qız şagird güclə tapmaq olardı; lakin bu gün təkcə Beyrutda, təhsil nazirinin məni məlumatlandırdığı kimi, minə yaxın qız təhsil alır.

Yaxın Şərqin aparıcı təhsil mərkəzi olan Beyrutda bu gün bu öl­çü­də olan şəhərlərlə müqayisədə daha çox əcnəbi və milli məktəb və kol­lec vardır. Lakin Dünya müharibəsinə qədər burdakı qız məktəbləri əsas etibarı ilə əcnəbi və missioner xarakterli məktəblər idilər. Buna gö­rədir ki, müsəlmanlar öz qızlarını bu məktəblərə göndərməkdən im­ti­na edirdilər.

Lakin müharibə zamanı bütün əcnəbi məktəblər bağlananda, su­ri­yalı qadın Mari Qəssab əvvəllər özünün təhsil aldığı ingilis mis­siya­sı­nın binasında milli məktəb açmağa müvəffəq oldu. Bu məktəb elə uğur­lu oldu ki, bir neçə il ərzində onun şagirdlərinin sayı iyirmidən üç yü­zə qədər yüksəldi, qonşu ölkələrdə belə, təhsilə marağı qızışdırdı. Ma­ri Qəssabın Əhliyah Məktəbinə İraqdan, Fələstindən, ərəb dünya­sı­nın hər yerindən ən müxtəlif inanclı qızlar: müsəlmanlar, xristianlar, druz­lar axışmağa başladılar. Məktəbin populyarlığının sirri prinsipial ola­raq, onun milli olmasından savayı, həm də sektantlığa meyl etmə­mə­sindədir. Texniki və idarəçilik baxımından da məktəbin reputasiyası yüksəkdir.

Türkiyədə qadın azadlığı, gördüyümüz kimi, prinsipial olaraq qa­nunvericilik yolu ilə inkişaf etmişdir; Misirdə, Suriyada, bütün ərəb dün­yasında və, o cümlədən, İranda isə bu yol təhsildən keçmişdir. Mək­təblərin rolunu qeyd edərkən hərəkat liderləri hökumətin iradəsini də inkar etmirlər. İkisi bir yerdə olanda isə onlar Qərbin sivil qa­nun­la­rına söykənən diktator sərəncamlarından daha effektivdirlər. Mə­qa­lə­nin əvvəlində qeyd olunan kardinal məqsədlərdən savayı Dəməşq Kon­qresi qərarlarına 1) oğlan və qızlar üçün icbarı təhsilin təmini; 2) qa­nunvericilik yolu ilə on dörd yaşdan kiçik uşaqların əməyə cəlb olun­masının qadağan edilməsini; 3) və hökumətlərin hər iki cins üçün tex­niki məktəblər yaratması məsələlərini nəzərdə tutan müddəalar əla­və etdi.

Mistiklərin nəğməsi



və digər şeirlər”

kitabından



Sufi nəğməsi
Mənim qəlbim tarladır, Sənin üçün səpmişəm,

Sənin üçün suvarılır, yığılır.

Mənim qəlbim evdir, Sənin üçün açmışam

Sənin üçün havalanır, tozlanır, təmizlənir.

Mənim qəlbim xalçadır, Sənin üçün sərilib,

Sənin üçün üzərində rəqs edilir, dua oxunur, yatılır.

Mənim qəlbim mirvaridir, Sənin üçün düzmüşəm,

Sənin üçün taxılır, sındırılır, qorunur.

Mənim qəlbim sehrli şeylərin yatağıdır –

Sehrli xalılar, badələr, üzüklər –

Sənin üçün bu xəzinə ta uzaqdan,

Ta Dərindən gətirilir.

Uzaqların Allahı, bizi dinlə

(şeirdən parçalar)


I
Uzaqların Allahı, bizi dinlə –

Dinlə bizi, bu gün bizə yol göstər.

Sənin heç vaxt bizə yaxın olmayan addımların

Çarpışmaların toz-dumanında itib.

Sənin həmişə danışmış uca müqəddəslərinin

Diqqətdə saxlanılan sözləri laldır.

Onların işığı söndürülüb; onların işarətinə

Şübhə yaranıb, fikir ayrılığına, müəmmaya düşüb,

Uzaqların Allahı heç vaxt insan olmayıb.

Hələ zindanda olsa da, o, elə azaddır ki,

Öz ulduzu ilə meydan oxuyur,

Özünü keçmişdən də, səndən də ayırır.

Ancaq ruhlarımız sındırılsa da,

Yenə, həmən səni arayır;

Biz Sənə güvənirik, Allah,

Sənin ayətin səhraya, əhdin günəşə dönsə də.

Uzaqlar daim bizi çağırır –

Uzaqlar xəyallarla örtülüb;

Biz gəlirik başımıza nə gəlsə də,

Sənin bizdəki, əmanətin bizi qoruyur.

Biz gəlirik; tez-tez dəyişsək də

İstiqamətimiz qorxunun qapılarınadır.

Biz heç vaxt keçmişə, səhvlərə baxmırıq,

Heç vaxt yolumuzdan peşman deyilik.

Uzaqların Allahı, bizi dinlə –

Dinlə bizi, bu gün bizə yol göstər.

­

­

Yağışın nəğməsi
Allah rəhmandır, Allah mehribandır,

Onun qəlbi yerin göz yaşlarında qorunub saxlanır.

O, tufanların, atəşlərin

İstəklərini bir-birinə calayır.

Quraqlıq, səmum, onların bütün gücü,

Onun qüssəsinin kölgələri sürətlə yayılaraq ah çəkir: –

Yağış yağır, yağış yağır.
Allah rəhimdir, Allah şəfqətlidir,

Səhra Onun qədəmlərindən gül açır,

O, atəşi aramla sərinlədir,

Dağları qucaqlayır.

Qumların ağırlığı altında inildəyən mağaralar

Onun əllərindən axıb tökülən səxavətdən çaşıb qalıblar: –

Yağış yağır, yağış yağır!
Allah görəndir, Allah müdrikdir,

Ona şükür deyən palma daşdan bitəcək,

Çöllərdəki maral,

Gildəki fidan,

Yuvadakı quş, tufandakı qağayı

Bəxtəvər-bəxtəvər oxuyur, salam, Allah, salam!

Yağış yağır, yağış yağır!
Allah qüdrətlidir, Allah böyükdür,

Onun əlləri bütün şeylərə can verir

O, müdafiələri yandırır,

Buludları silkələyir.

Torpağın ölümü yeni həyatla mükafatlanır: –

Torpağın sümükləri bəxtəvərdi, xoşbəxtdi: –

Yağış yağır, yağış yağır!

Su və güllər
Bu, güllərdir, Sevgilim,

Bu, güllərdir.

Gəl, bu gün ürəklərimizi

Çiçəklərin ətrafına düzək

Gəl, yolumuzdan azmayaq

Uzaqdakı ilğımdan;

Bu, yaşıllıqdır, yaşıllıqda

Sevgi gizlənir.
Bu, bahardır, Sevgilim,

Bu, bahardır.

Gəl, dincələk, yuva quraq

Baharınca yanında;

Gəl, yorucu axtarışı artıq kəsək,

Şükürlərin uca dağları üçün.

Bu, sudur, suda

Xeyir-dua oxunur.

Mistiklərin nəğməsi
Biz sehrlərin dumanından qalxmışıq,

Sirlərin kainatından keçmişik,

Aşiqlərin məkanına girmişik.

O kəslər ki, cəhətləri dan ulduzu tək hilallanıb

O kəslər ki, bədənləri yeni ay tək incədir.

Sanki qab içində bədəndir,

Könül bu qabda

Bulağın aydın səsidir,

Dağların gül ətirli nəfəsidir.
Sənin üçün gəldik

Dənizdən bir qab halında;

Sənin üçün gəldik, alçalmıştək,

Ancaq rəhminlə dolmuşuq.

Sözün xətrinə rəqs edirik

Alovların üstündə, ülgücün tiyəsində

Düşüncəmiz ölüm deyil, bizim üçün

Dənizin köpüyünün işığıdır.
Biz həqiqətə, biz günəşə doğmayıq,

Bütün zənginliyin sonsuz mənbəyi,

Biz birik

Dünyanın tapmacaları və möcüzələrilə.

Ancaq nə dünyanın, nə günəşin nəfəsi var

Çox çəkmir Ölümlü məkanda

Bizim ayaqqabının tozu bizi aldadır, biz bilirik –

Biz uzaqlardan vəfamızı göstərməyə gəlmişik.

Ona, bizi Vəhdət bağçasının

Qapısında gözləyənə bizim doymaq üçün güclü istəyimizi

Biz Həqiqəti çatdıracağıq

Biz sirrin pərdəsini açacağıq;

Soyunmaq üçün gəlmişik, şeh kimi

Meh kimi, tufan kimi biz gəldik,

Soyunduq, tikanlıqdan, çəmənlikdən keçdik

Biz danışdıq, biz yazdıq.

Bizim paltarlar Ağlın odunda yandı,

Karla korun mübahisə etdiyi dünyada.

Biz – Həqiqətik.

Səmalardayıq,

Sirlər kainatından göndərilmişik.

Biz – Həqiqətik.

Səmalardayıq,

Biz sehrlərin dumanından qalxmışıq.
II
Gündüzün işığında, gecənin uzduzlarında biz

görürük,

Rəbbimizin üzünü, qoca səyyahın ayaqlarını;

Küləyin nəfəsini, şimşəyin səsini

eşidirik,

Xanəndənin naləsini, peyğəmbərin lirik

tərənnümünü

Onlarsız, biz heyf ki, lalıq.

Neyi, dəfi eşitsək də.

Ancaq görüntü həqiqətdir,

Allah, Allah!

Onlar maviyə bürünüb,

Allah, Allah!

Şehdə-şəbnəmdə islanıb,

Allah, Allah!
Sənaiyə salam olsun, könüllərin mehtabı,

Məqsədə aparan bələdçi, yol.

Əttara salam olsun, müşk ətirli sözlərilə

Nəğmə deyən quşların vəziri.

Ərəbiyə salam olsun, Həqiqətin dilinə,

Peyğəmbərin həqiqətdə gözünə.

Rabiəyə salam olsun, Kainatın könlünə,

Nəğməkarların, peyğəmbərlərin sevgilisinə;

Allahın ayaqları altındakı parıltını

Qarşılamaq üçün qalxan gül qönçəsinə.

Qəzaliyə salam olsun, nur toxucusuna

Nur üçün qanad düzəldənə.

Həllaca salam olsun, ilahi dalğıca,

Onun inciləri hər balıqqulağını bəzəyir,

Onun qanı «Ənə‘l-Həqq» sözlərinin

Daim parlaması üçün bir güvəndir.

Bütün salamlar Cəlaləddin Rumiyə olsun.

Hər pərdəni cırıb atan Mevlana,

Onu küləyə verən, heç vaxt ayıq olmayan,

Heç vaxt meyxanədə olmasa da;

Daim – tez-tez – yalqız qalıb –

Allahın taxtı önündə rəqs edən.

Təbriziyə salam olsun, Nəğməkara

Yasəmənlə, süsənlə, qaymaqçiçəyi ilə qida verən

Onunla vaxt keçirən, könlünü dəvət eyləyən

Öz Dəftərinə bir kəlmə də yazmayan.

Fəridə salam olsun, yaralı aşiq,

Romantik Günəşin qəlbi,

Üzümlüyün könülü – sıxmaqdır,

Bunu hər diqqətli üzümçü bilir.

İlahi meyxanənin sakinləri

Saqi, badə və şərabdır.
Ancaq görüntü həqiqətdir,

Allah, Allah!

Onlar maviyə bürünüb,

Allah, Allah!

Şehdə-şəbnəmdə islanıb,

Allah, Allah!
III



Nə aypara, nə də xaçdı səcdəgahımız,



Nə Budda, nə Xristədir dualarımız,

Nə İslama, nə Yəhudiyə yox inkarımız,

Biz azadıq.
Nə İran, nə Hinddənik,

Nə ərəb, nə sinddənik,

Biz azadıq.
Nə şərqli, nə qərbli,

Sərhəd tanımayan sinəli,

Biz azadıq.
Biz tozdan, şehdən yaranmamışıq,

Biz yerdən, göydən olmamışıq,

Biz azadıq.
Biz odla, köpüklə yoğrulmamışıq,

Nə günəşi, nə dəryanı ev sanmamışıq,

Nə mələklə, nə cırtdanla doğmalaşmamışıq,

Biz azadıq.


Reyhaniyyat”



kitabından


Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin