1939-1992
Təbiət kimi insan da gözəlliklə dolub daşır.
Aida İmanquliyeva
Aida İmanquliyeva
və Şərq-Qərb problematikası
Aida xanım Şərq ruhunu özündə yüksək səviyyədə təcəssüm etdirən, eyni zamanda müasir Qərb mədəniyyətinə dərindən bələd olan, sovet məkanında bizə görə Qərb sayılan Moskva və Sankt-Peterburqda Şərq ruhunu böyük ləyaqətlə təmsil edən bir Azərbaycan qadını, Qərb üçün şərqşünas, Şərq üçün qərbşünas alim idi.
Təbii gözəlliyin təcəssümü olan insan özünüdərk məqamında həm də təbiətin və dünyanın gözəlliyini dərk etmiş olur. Təbiət kitabının ahəngi, təbiətdən gələn gözəlliyin ruhu Aida xanım üçün doğma idi. Aida xanımın fikrinə görə, “dünyanı dərk etmək elə özünüdərkə bərabərdir”. Çünki “dünyanın dərki əslində qəlbin dərinliklərindəki gizli qatların oyanışı sayəsində mümkün olur”. 1
İnsanla təbiət arasındakı adekvatlıq xüsusilə Şərq təfəkkürü üçün səciyyəvidir. Təbii gözəlliyə vurğunluq təbiətin də məhz təbiilik məqamını, bakirəliyini, insan əli dəyməmiş, sonradan dəyişdirilməmiş doğal vəziyyətini önəmli edir. «Qərb» ən çox sivilizasiya ilə bağlı olduğundan, bədii ədəbiyyatda, xüsusən romantik poeziyada texnikanın insan həyatına müdaxiləsinə qarşı etirazlar, insan ruhu ilə təbiətin ahəngi arasında müvazinətin pozula biləcəyindən ehtiyatlanmalar əslində bir növ Şərqə qayıdış, Şərq ruhunun bərpası uğrunda mübarizə kimi də dəyərləndirilə bilər. Aida İmanquliyevanın tədqiqatlarının mərkəzində duran Əmin ər-Reyhaninin, C.Cübranın və Mixail Nüaymənin nəyə görə texnogen sivilizasiyaya qarşı çıxmalarının səbəbi də məhz bu kontekstdə aydın olur.
Bəs «Şərq ruhu» dedikdə biz nəyi nəzərdə tuturuq?
Milyon illər davam edən əməli fəaliyyət prosesində insanda heyvani instinktiv hisslərdən fərqli olan nəcib və ali hisslər – insani hisslər yaranıb və bu hadisə bəşər tarixinə «Şərq ruhu» adı ilə daxil olub. Həmin ruhu ata-babalarımız bir məşəl kimi nəsildən-nəslə ötürüb yaşadıblar. Əmin ər-Reyhani yazır: “Bu alovlu qüvvə alışdırılıb ki, başqa qüvvələr törətsin. Uca bir məqsəd üçün alovlanıb. Ona görə alovlanmayıb ki, nurunu fəzada yaysın, ya da tüstüsü evlərin kənarında toplaşsın. Alovlanıb ki, öz cövhəri və fərd-toplu cövhəri arasında tamamlansın və bundan çörəkdə olan yeni, gizli qüvvə meydana çıxsın”.1
Əsrlər ötüb, nə vaxtsa əzəmətli, lakin buz kimi soyuq olan ağıl dəryasının təlatümləri sahili bürüməyə başlayıb və bütün alçaq sahələrdəki alovların üzərinə su çiləyib, onları söndürüb. Atəşlər söndü, ehtiraslar cilovlandı, meydanı mücərrəd təfəkkür tutdu. Bu hadisə bəşər tarixinə «Qərb ruhu» adı ilə daxil olub.
Lakin Qərb ruhu alçaq əraziləri sulara qərq etsə də, uca zirvələrə qalxa bilməyib. Uca zirvələrdəki ocaqlar toxunulmaz qalıb.
Hamıda potensial imkan şəklində həm primitiv, həm də ali, həm mənfi, həm də müsbət hisslər var. Lakin tərbiyə, mühit, hakim ruh bunlardan hansını isə canlandırır, gerçəkliyə çevirir, digərləri isə passiv imkan şəklində qalır. Necə ki, elə yazılar olur ki, onu yalnız alovda isindirəndə oxunmağa başlayır, eləcə də qəlbimizin potensial hisslərini müəyyən bir canlı təsir, müəyyən bir atəş öz hərarəti ilə isindirərkən, onlar oyanır, fəal qüvvəyə çevrilir, «cahanda kamalın qalib gələcəyinə» əminlik yaranır.
Bu sönməyən atəş, bu insani ləyaqət şöləsi əsrlərdən bizə miras qalmış mənəvi sərvətlərimiz, adət-ənənələrimiz, dini-əxlaqi dəyərlərdir. Onu intellektual inqilabın tufanlarından, robot erasının buz kimi soyuq nəfəsindən qorumaq vəzifəsi böyük bir sivilizasiyanın, müqəddəs bir ruhun “olum, ya ölüm” məsələsidir, üçüncü minilliyin əvvəlində Şərq xalqları qarşısında duran ən böyük tarixi missiyadır.
Qərb dənizində batmamaq, yaxşı üzə bilmək üçün intellekt gəmisi lazımdır. Şərq intellektdən heç vaxt korluq çəkməyib. Lakin Şərqdə ənənəvi olaraq hərə öz gəmisi ilə üzməyə çalışıb. Birləşib böyük gəmi düzəltmək istəməyiblər. Öz gəmisini qura bilməyənlər suya qərq olublar.
(Deyirlər ki, Şərq adamların sayına görə Qərbdən üstündür. Lakin Qərbdə buz kimi soyuq nəfs dalğaları üzərində böyük ictimai gəmilər üzür. Şərqdə isə öz şəxsi gəmiləri ilə möhtəşəm dalğalara sinə gərib üzmək az-az adamlara qismət olur).
Digər tərəfdən, öz kiçik şəxsi gəmilərində üzənlər Qərbin böyük gəmiləri ilə qarşı-qarşıya gəlməmək üçün onların dalınca üzmək məcburiyyətindədirlər.
Böyük dalğalar Şərqin alçaq təpələrdəki məşəllərini suya qərq edib. Ancaq uca zirvələrdəki alov hələ də şölələnməkdədir və yalnız nəfs dalğalarının fövqünə qalxanlar bu sönməz ruha qovuşa bilərlər.
Orta əsrlərdə məhz nəfsin əql vasitəsilə məhdudlaşdırılması, idarə olunması, insanın düşüncəli bir varlıq olaraq öz bədəni və instinktləri üzərində qələbəsi uğrunda mübarizə getmiş və bu proses fərdi miqyasdan çıxaraq bir ruhani hərəkat səviyyəsinə qalxmışdır. Sufizm də bu hərəkatın nəzəri əsası kimi formalaşmışdır. Lakin bu təlimi sadəcə nəzəriyyədən fərqləndirən əsas cəhətlərdən biri də budur ki, burada ideya həyat tərzi ilə çulğalaşır, vəhdətdə olur.
Şərq kimi tanıdığımız sosial fenomen əvvəlcə fərdi-mənəvi bir fenomen kimi formalaşır. Şövqlü fəlsəfi təlim, dərin dini hiss və onlara tabe etdirilmiş solğun cismani həyat vahid fenomendə – şərqliliyin mahiyyətində qovuşur. Əmin ər-Reyhani «Mən Şərqəm» şeirində şərqliliyin mahiyyətini bir neçə baxımdan təqdim edir. Aida İmanquliyeva onun yaradıcılığını tədqiq edərkən məhz bu məqamları ön plana çəkir və həmin şeirin geniş təhlilini verir.
Dostları ilə paylaş: |