Bizim Təbiət adlandırdığımız sahənin zirvələri ölçüyə gəlməz, çölləri və dərinlikləri sonsuzdur. Bura ona təsir edən bütün mənəvi-emosional faktorlarla bərabər insanı bir də sosial-tarixi hadisə kimi daxil edirik. Ədəbiyyat bu sahənin həqiqətdə olduğu kimi yalnız çox kiçik bir hissəsini təsvir edir (bu gün mən belə düşündüm). Hətta ədəbiyyatı bütün əsrlər boyu olan həcmində götürsək belə. Ən yaxşı halda o bizə sahilsiz bir dəryanın düz sahillərində vurnuxan gəmiciklərin kiçik donanması təsiri bağışlayar. Onlar heç vaxt Kolumb kimi xəritəsiz-filansız Yeni Dünya axtarışlarına çıxmağa və planetimizin ətrafında tam bir dövrə vurmağa ürək eləmirlər. Belə ürəkli ideyaların atmosferi Emersona yad deyil və onun kitablarının bəzi yerlərində həm okeanın, həm də okeanın özünün ab-havası duyulur. Bu kitablar hər hansı bir başqa yazıçının kitablarından daha çox bilavasitə bizim əsrimizə, bizim amerikan gerçəkliyinə üz tutur. Ancaq mən onların üzərindəki zahiri pərdəni bir az qaldırmaqdan başlayacam. Yeri gəlmişkən, mən onun görüşlərinin bütün dərinliyini duymağı bacarıram. Mən onun kitablarını demokratik və qərb nöqteyi nəzərdən şərh edəcəm. Mən bu günəş şüaları səpələnmiş çöllərin kölgələrini qeyd edəcəm. Birisi qəhrəman ruhlar haqqında demişdir: «Yüksək zirvələrin olduğu yerdə dərələr və dərin uçurumlar qaçılmazdır». Mənim işim nankorluqdur: mən göylərə ucalan zirvələr, günəş səpələnmiş çöllər barədə susub, yalnız çılpaq səhralar və qaranlıq kölgələr barədə danışmaq istəyirəm. Mən əminəm ki, heç bir birinci dərəcəli rəssam, heç bir böyük sənət əsəri bunlarsız ötüşə bilməz.
Əvvəla, Emersonun səhifələri, belə deyək, çox yaxşı, çox qatıdır. (Axı yaxşı yağ da, yaxşı qənd də əla şeydir, ancaq ömrü boyu qənd və yağdan, ən yüksək keyfiyyətli olsa belə, başqa şey yeməmək!) Müəllif daim sərbəstlikdən, vəhşilikdən, sadəlikdən, ruhun sərbəst ifadə olunmasından danışır, amma hər sətiri üç-dörd yad qavrayışlardan bir düzülmüş süni professorluq incəlikləri, alimlik mərasimçiliyi üzərində qurulub. O, buna mədəniyyət deyir. Bu, onun üzərində durduğu bünövrədir. O, öz kitablarını düzəldir, quraşdırır, onda heç nə öz-özünə böyümür. Bu, kiçik çini heykəlciklər, fiqurlardır: şir, maral, qırmızı dərili ovçu fiquru – incə işli zərif fiqurlar. Onları elə qoyasan mərmər rəflərə, ya da kabinetdəki, qonaq otağındakı qırmızı taxtadan düzəldilmiş taxçalara! Heyvanın fiquru, özü yox, heyvan ovçusunun fiquru, özü yox. Bir də, əsl ovçu, əsl heyvan kimə lazımdır ki! Pərdələrin, sancaq-muncuqların, masaüstü lampaların, astadan incəsənət, Lonqfello və Robert Brauninq barədə danışan centlmenlərin və xanımların arasında əsl heyvanın nə işi var? Onlara sadəcə işarə etsən ki, bu, əsl öküzdür, əsl qırmızı dərilidir, Təbiətin həqiqi hadisəsidir, – bütün bu mehriban insanlar dəhşət içində hərəsi bir tərəfə qaçmağa üz tutacaq.
Emerson, məncə, öz bacarıqlarını heç də rəssam, şair, müəllim kimi üzə çıxartmır. Halbuki, burada da onun xidmətləri az deyil. Onun əsas gücü tənqid, ədəbi təhlildir. Onu idarə edən ehtiras, mübtəlalıq, zəiflik, fantaziya, hər hansı bir ideyaya sadiqlik, yanılma deyil. Onu idarə edən soyuq və rəngsiz intellektdir. (Mən bilirəm ki, bütün Yeni İngiltərəlilər kimi, onun da içində, haralardasa gizlində qaynar məhəbbətin, eqoizmin sönməz odu yanır. Ancaq bu od soyuq və laqeyd görkəmin arxasında baxışlardan gizlənib və özünü heç cür göstərmir). Emerson heç vaxt mübtəla, birtərəfli olmur (adətən bütün şairlər, hər halda ən yaxşıları məhz belə olur). O, hər tərəfə baxır, hamının halına yanır. Onun əsərlərinin təsiri ilə siz əvvəl-axır heç bir şeyə səcdə etməyəcəksiniz, özünüzdən başqa heç nəyə inanmayacaqsınız. Bu kitablar sizin həyatınızın bir dövrünü, sizin mənəvi inkişafınızın bir mərhələsini doldurur – həm də gözəl doldurur. Bu baxımdan onlar olduqca xeyirlidir (Emersonun cavanlıqda təbliğ etdiyi dini doqmalar kimi). Bu kitablar yalnız mərhələdir. Qocalığında, həyatınızın gərgin, yaxud təntənəli saatlarında və ya ölüm ayağında, ruhunuz sonsuz Təbiətin sakitləşdirici və canlandırıcı təsirini, yaxud onun ədəbiyyatda və insanlarda inikasının həsrətini çəkəndə, nə qədər iti olsa da, quru olan ağıldan üz döndərəndə, bu kitablar sizə heç lazım olmayacaq.
Filosofluq üçün Emerson çox zərifdir. O, rəssamdan ədəbli, incə tərzlər tələb edir. O, sanki bilmir ki, bizim tərzlərimiz metallurqun və ya kimyaçının metalları bir-birindən fərqləndirdiyi zahiri keyfiyyətlərdir. Yaxşı kimyaçı üçün bütün metallar eyni dərəcədə yaxşıdır, çünki doğurdan da belədir. Üzdən gedən, kütlənin düşüncələrini bölüşən birisi isə qızıl və gümüşü digərlərindən yaxşı hesab edər. Həqiqi rəssam üçün də pis tərz hesab edilən şeylər bəzən daha dəyərli və mənzərəli görünə bilər. Təsəvvür edin ki, Emersonun kitabları bizim canımıza, qanımıza işləyib, amerikan ruhunun təməlinə, qidasına çevrilib. Biz necə də sığallanmış, qrammatik baxımdan düzgün, ancaq köməksiz və ifadəsiz adam olardıq. Yox, yox, əziz dost! Ştatlara alim lazım olsa da, ola bilsin, onlara həm tez-tez vanna qəbul edən, bərkdən gülməyən, danışıqlarında səhv buraxmayan centlmen və xanımlar da lazımdır. Amma əgər biz hamımız bir nəfər kimi qalan hər şeyi itirərək, belə professorlara, centlmenlərə və xanımlara çevrilsəydik bu dəhşət olardı. Ştatlara əla işgüzar və sosial əlaqələr, əla fermerlər, dənizçilər, ustalar, xidmətçilər, əla atalar və analar lazımdır. Belələri çox olsa yaxşıdır – qoçaq, sağlam, xeyirxah, vətənpərvər. Qoy, onların xəbəri mübtədası ilə uzlaşmasın, gülüşləri silahdan açılan atəş kimi partlasın! Əlbəttə, Amerika üçün bu azdır. Amma əsas lazım olan şey budur, həm də çoxlu sayda. Həm də deyəsən, Amerika qorxunc səhvlərə və düz yoldan sapmalarına baxmayaraq intuisiya ilə, şüursur olaraq, əl havasına, məhz bu məqsədə doğru gedir. Nə isə xüsusi (Avropadakı kimi) ifrat incə, cilalanmış insanlar (bütün insanlıqdan təcrid olunmuş) özü- özlüyündə pis şey deyil, amma Birləşmiş Ştatlar üçün bu, uyğun deyil. Bu, bizim amerikan ideyasının məhvi, real ölümüdür. Bundan başqa, Birləşmiş Ştatlar əsas avropa millətlərinin keçmişlərdə və indi yaratdığı xüsusi, spesifik təbəqə ilə öz möhtəşəmliyi və mənəvi zərifliyi ilə yarışa və ya heç olmazsa müqayisə oluna biləcək bir təbəqə yaratmaq qüdrətində deyil. Yox, Amerikanın məqsədi bu deyil. Məqsəd ilk dəfə dünya tarixində, Yerin nəhəng və müxtəlif məkanlarında – qərbdə, şərqdə, şimalda, cənubda – böyük, çoxqəbiləli həqiqi Xalq yaratmaqdır. Bu ada layiq, qəhrəman şəxsiyyətlərdən, qadın və kişilərdən ibarət Xalq – bax, Amerika bunun naminə yaşayır. Reallaşarsa, bu, həm (bəlkə də son vaxtlar ikiqat şəkildə) müvafiq sosial təlimlərin, ədəbiyyatın, incəsənətin – əgər onlar bizdə nə vaxtsa yaranarsa, – həm də bizim demokratik siyasətin nəticəsi olar.
Bəzən mənə elə gəlirdi ki, Emerson çətin ki, poeziyanın, sözün ən ali mənasında, – Bibliyanın, Homerin, Şekspirin poeziyasının – nə olduğunu anlayır, hiss edir. Mahiyyətcə, onun xoşuna daha çox cilalanmış söz birləşmələri və ya nə isə qədim yaxud qəribə misralar gəlir, məsələn Uollerin: «Sən, gözəl gül!» yaxud Lovlesin «Lukastaya» şeiri, köhnə fransız şairlərinin və s.-lərin gülməli qəribəliklər. Əlbəttə, o, gücə heyrandır, lakin öz heyranlığını centlmen kimi bildirir və qəlbinin dərinliyində belə güman edir ki, Allahın və şairlərin bu möhtəşəm keyfiyyəti həmişə oktavalara, incə üsullara, səslərin və sözlərin zərif səslənməsinə tabe olmalıdır.
Yadıma düşəndə ki, mən nə vaxtsa, çox illər əvvəl, bir çox gənc kimi Emersonun təsir dairəsində olmuşam (bu, səthi və son dövrlər olsa belə), onun kitablarını heyranlıqla oxumuşam, mətbuatda ona «Müəllim» deyə müraciət etmişəm və bir aya yaxın inanmışam ki, mən həqiqətən də onun tələbəsiyəm – mən heç bir xoş olmayan hiss keçirmirəm, əksinə, bundan razıyam. Mən gördüm ki, odlu düşüncəsi olan əksər cavanlar mütləq mənəvi gimnastikanın bu mərhələsini keçirlər.
Emerson doktrininin əsas üstünlüyü ondadır ki, o, onu məhv edən nəhəng yetişdirir. Onun hər səhifəsində eşidilir: «Kim yalnız tələbə və davamçı olmaq istəyər?». Heç vaxt öz tələbələrinə müstəqil yolla getmək üçün belə sonsuz azadlıq verən müəllim olmayıb. Bu məsələdə o, əsl təkamülçüdür.