Şərq ruhunun Qərb həyatı



Yüklə 5,09 Mb.
səhifə14/101
tarix31.12.2021
ölçüsü5,09 Mb.
#29047
1   ...   10   11   12   13   14   15   16   17   ...   101
Həp sevgidir gözəlliyi insana sevdirən

Məhrumi-eşq olunca gözəllik də can sıxar. 3
Cübran da gözəlliyin dəyərləndirilməsində subyektiv faktoru nə­zərə alır:
Quşların oxumasına, yarpaqların xışıltısına,

bulaqların züm­­züməsinə qulaq asın,

axı, gözəllik – eşidənlərin nəsibidir!

Körpənin məsumluğuna, gəncin zərifliyinə, yetkinin gü­cü­nə, qüdrətinə, qocanın müdrikliyinə fikir verin,

axı, gözəllik – diqqət kəsilənlərin heyrətidir!

Qönçə dodaqları, gül yanaqları, nərgiz gözləri vəsf edin,

axı, gözəlliyi onu vəsf edənlər şöhrətləndirirlər! 1
«Bədəni gözəllik məbədinə, ürə­yi eşq qurbangahına çevi­rin»,2 – de­yən Cübran da Cavid kimi gö­zəl­liyi da­ha yaxşı duymaq üçün eş­qin, “hə­ya­ta könül gözü ilə bax­ma­ğın” rolunu xü­­­susi qeyd edir: “Hə­yatın qəlbinə ça­tan­da sən gözəlliyi hər şey­də gö­rəcək­sən, hətta gözəlliyə kor olan göz­lər­də belə”.3

Hər ya­ra­dıl­mışın bir xey­ri, bir gözəlliyi var: onu üzə çı­xa­ran şə­ra­it, zaman və şəxs olan­­da. «Ər­lərin eşqi gözəlliyi təyin et­­məyin me­ya­rı­dır. Gözəlliyin üzə­rin­də­ki pər­dəni parçalayan bu eşq, ey­ni zamanda onu pərdələyər».4 Mə­­həm­məd İqbalın bu sözləri eşq ilə gö­zəllik ara­sın­da qar­şılıqlı mü­nasibətin ifadəsidir. Həm də ilkinlik, sub­yekt funk­siyası eşqə verilir.

Cübran eşq və gözəllik sı­ra­sı­na Xe­yiri də əlavə edir. Aida İman­­­qu­­li­ye­vanın haqlı olaraq qeyd et­­­diyi kimi, Cübrana görə, gözəllik – mə­­­­­həbbət və xeyir kimi mənəvi an­la­yış­lardan ayrılmazdır.1 Göründüyü ki­­­­mi, xeyrin də, həqiqətin də, eşqin də, gözəlliyin də fikir müstəvisində və fərdi hissi yaşantı müs­tə­vi­sin­də­ki təzahürləri fərqlidir. Bu mə­sə­lə­nin tədqiqində Aida İmanquliye­va­nın diq­­qətini daha çox hansı cə­hət­lər cəlb edir? Ərəb ədəbiyyatında və Qərb ro­man­tik poeziyasında Aida xa­nım hansı məqamları önə çəkir? Şei­riy­yətimi, forma gözəlliyinimi, yox­sa hadisələri, təhkiyə gözəl­li­yi­ni­mi?

Yox, bunların hamısı Aida xanımın yaradıcılığında arxa planda qa­lır. O, öz tədqiqatına elə müəllifləri və elə əsərləri cəlb edir ki, bu­ra­da fikrin, ideyanın gözəlliyi önə çıxır.



Cübran yaradıcılığı da hissi dün­yadan daha çox ideyalar alə­mi­nin poe­tik tərənnümü kimi də­yər­lən­dirilə bi­lər. Gözəlliyin də ən ali tə­za­hürü məhz ideyanın bilavasitə öz ba­ki­rəliyində təqdimatı zamanı üzə çı­xır. Ro­mantizmin ən böyük mə­ziy­yə­ti də cis­mani həyatın ala­to­ra­nın­­dan ke­çə­rək, ideya dünyasının işıq­lı qa­tı­­na yük­­səlməkdir. Aida İman­qu­­liyeva yazır: «Romantiklərdə gö­zəl­lik və mə­həbbət şairin ürəyini və tə­­­xəy­yülünü işıqlandıran mənəviyyat nu­rudur».2

Ənənəvi poeziya, klassik poe­zi­ya harada yaranmasından asılı ol­ma­ya­raq mahiyyəti etibarilə Şərq ha­di­sə­sidir. Əlbəttə, poeziya geniş mənada başa düşüldükdə, yəni nəzmlə ya­zılan istənilən əsər poeziyaya aid edildikdə bu anlayışda lirik po­e­zi­ya ilə yanaşı epik poeziya da əha­tə olunur. Epik düşüncə isə Şərqlə Qər­bi birləşdirən ortaq sahədir. Bu­ra­dan elmə və lirikaya doğru yollar ay­rılır ki, bu da Şərq və Qərbin di­fe­rensiallaşmasına və qütbləşməsinə uyğun gəlir.

Qərbi simvolizə edən daha çox dərəcədə elmi düşüncədir və ya, başqa sözlə desək, biliklərin sistemli və davamlı kontekstində həyata ke­çən konseptual (nəzəri) fikirdir. Epik üslub isə elmi düşüncə üçün bir növ baza olduğundan, deməli, həm də Qərb düşüncə tərzinin tə­məl­lə­rindən biridir.

Fikrin ifadə olunması üçün onu bəzəməyə ehtiyac yoxdur. Hansı isə milli ədəbi dil kifayət qədər zəngindirsə, aşkar şüur səviyyəsində for­malaşmış hər hansı fikir epik üslubda, nəqli yolla ifadə oluna bilər. El­mi dil də bu qəbildəndir; sadəcə olaraq bir sıra sözlərin daha konkret an­lamda işlədilməsini, yəni anlayışların elmi terminologiya kimi for­ma­laşmasını tələb edir. Bənzətmələr, təşbehlər, dolayısı ilə deyimlər, qa­fiyənin, ritmin, poetik vüsətin köməyi – yalnız aşkar şüur sə­viy­yə­sin­­də tam formalaşmamış, qeyri-müəyyən, hələ təhtəlşüurda olan və ya hət­ta ancaq hisslər və təəssüratlar sə­viy­yəsində olan yaşantıların ifa­də­si üçün lazım gəlir.



Ənənəvi poeziya məhz hiss­lə­rin və təəssüratların, hal və mə­qa­mın, subyektiv yaşantıların ifadəsinə xidmət edir. Lakin adi danışıq di­li, epik üslub, nəqli cümlələr anlayışlar şəklində formalaşmamış qeyri-aş­­­kar şüurun və hissiyyatın ifadəsi üçün yetərli olmur. Hissiyyatın, əh­va­­lın musiqi və ya rənglər vasitəsi ilə ifa­də edilməsi təhtəlşüurda olan­la­rın üzə çıxarılmasına xidmət edir. Poe­zi­ya isə bu məqsədlə dilin im­kan­larından istifadə edir; lakin bu dil adi da­nışıq dilindən fərqli olaraq, mü­baliğələr, məcazlar, təşbehlərlə «bə­­zə­­dilmiş», habelə ritm və ahəng­lə ta­mam­­lanmış xüsusi bir dildir. Bu mə­na­da poeziya qa­fi­yə­yə, ahən­gə, ritmə sa­­­lınmış söz­lər­dən da­ha çox, söz­­lər­lə ifa­də olun­muş ritm və ya ahəng­dir. Hətta belə de­mək müm­­­kün­dürsə, söz­­lərlə çə­kil­miş tab­­lo və ya sözlərlə ritmlənmiş mu­si­qidir.

Aida İmanquliyevanın yara­dı­cı­lığında əsas məqsəd hissiyyatı, əh­­­­valı ifadə edən müxtəlif sənət növləri içərisindən məhz poeziyanı ayı­­­rmaq və onun «söz sənəti» ol­maq­dan başqa, «fikir sənəti» olmaq id­­­­­diasını və bu xüsusda potensial im­kanlarını araşdırmaqdır. Bizi bu cür müqayisəyə sövq edən isə təkcə söz­lə yox, fikirlə manevr edən, əsər­­­lərini fikirdən yapan və fikrin da­xili aləmini və ritmini ifadə edən Cüb­ran Xəlil Cübran yaradıcılığıdır.

Qərbdə ruhsuz dünyanı, «obyektiv reallığı» bir qayda olaraq el­mi dillə, insan ilə dünya arasındakı münasibətləri isə fəlsəfi dillə ifadə edir­lər. İnsan dünyasının ifadə olunmasına isə fəlsəfə ilə yanaşı in­cə­sə­nət, ilk növbədə poeziya iddialıdır. Lakin elmi-fəlsəfi yanaşma ilə po­e­tik yanaşma arasında köklü fərqlər vardır. Qərb sivilizasiyasının si­ma­sı, əlamətdar cəhəti kimi başa düşülən elmi düşüncə sadəcə bir al­ter­na­tiv təsvir üslubu olmayıb, əlahiddə bir keyfiyyətə malikdir ki, buna ku­muliyativlik deyilir. Yəni inkişaf müxtəlif şəxslərin gördükləri iş­lə­rin toplanması hesabına gedir.

Şərq poeziyasında da ümumiləşdirmələr vardır. Yəni konkret ha­di­sələrin təsvirindən sonra ümumiləşdirici bir fikir hasil olur ki, bu da Şərq müdrikliyi kimi məlumdur. Lakin bu ümumiləşdirici fikir bir qay­da olaraq əxlaqi müstəvidə, böyük nəsihət və ya davranış düsturu, re­sep­ti kimi təqdim olunur.

Bu üslub Bibliya və Quran da daxil olmaqla bütün dini ki­tab­lar­da da aparıcı üslubdur.

Şərq poeziyasının digər bir qolu di­daktikadan fərqli olaraq es­te­tik his­sin, təəssüratların ifadəsi olan lirik po­e­ziyadır. Burada lirika da­ha çox də­rəcədə gerçəkliyin özünü yox, onun in­sanda doğurduğu emo­­sional və­ziyyəti, subyektiv du­ru­mu ifadə edir.

Lakin Cübran eyni zamanda həm əxlaqi, həm də estetik müs­tə­vi­də ümumiləşdirmələr aparır. Onun po­­e­zi­yasında Xeyir müstəqim mə­na­da «xe­yir» kimi yox, daha çox «gö­zəl­lik» kimi tərənnüm olunur. Şa­ir haqq, xeyir və gözəlliyin eyniy­yə­tin­dən çıxış edir. Aida İman­qu­li­ye­va bu məsələ ilə bağlı ingilis ro­man­­tik şairi Con Kitsin belə bir fikrini ya­da salır: “Gözəllik – hə­qi­qət­dir, hə­qiqətsə gözəllikdir – bizim bütün bil­diyimiz və ümumiyyətlə bu dün­­ya­da bilməli olduğumuz hər şey bu­dur.”1 Cübran isə «Gözəllik nəğ­­­­­mə­si»n­­də de­yir: «Mən – səadət evi­yəm, mən – sevinc mən­bə­yi­yəm, mən əmin-amanlığın başlanğıcıyam... Mən şairlərin ilhamçısı, sə­nət­­­karların rəh­bəri, musiqiçilərin müəl­li­mi­yəm.... mən körpə gözlə­ri­nin baxışı­yam.... Mən – həqiqətəm, ey in­san­lar! Mən – həqiqətəm.... və bu sizə mə­lum ola bilənlərin ən yax­şı­sıdır!»”1

Şərq poeziyası hadisələrdən, təzahürlərdən təsirlənən şairin ürək söz­lərini ifadə edir. Tə­­əs­sü­ratlar təfəkkür prizmasından keçərək hə­ya­tın, dünyanın ən ümumi qa­nuna­uy­ğun­luq­larında iz sal­mamış, ideyalar səl­tənətinə qədəm qoymamış, intellekt süzgəcindən keçməmiş elə bir­ba­şa, hansı isə obrazlarla, təşbehlərlə, bənzətmələrlə ifadə olunur. Həm də bu cəhət nə isə bir çatışmazlıq kimi yox, poeziyanın rəmzi tələbi kimi, bir məziyyət kimi qəbul edilir.

Hiss, duyğu necə yaranıbsa oxucuya eləcə, hələ öz təravətini itir­mə­dən, öz bakirəliyində təqdim olunur.

Ancaq hadisələr var, görüntülər var və bu görüntüdən təsirlənən şa­ir qəlbinin etirafları var! Əlbəttə vəcd məqamında şairin iti nəzərləri adi adamların görə bilmədiyi incə mə­qam­ları, alatoranları da görür.

Canlı bir həyat! Hər təzahürü bir rəngdə, bir biçimdə, bir for­ma­da! Və şai­rin təbiətlə, həyatla təmasda ke­çir­diyi müxtəlif hallar, qəlb çır­­pın­tı­ları, yaşantılar!

Fərqli yaş dövrlərindən gə­lən müxtəliflik; gəncliyi, məhəb­bə­ti ifa­­də edən işıqlı not­lar, al-əlvan rəng­lər… Qocalıq çağının yaşan­tı­­la­rı: xa­­tirələr, nisgil və s. «Sən­siz»­lik, həs­rət, həs­rətin konkret tə­za­hür­­ləri, ob­­­razlı lövhələr, tarixçələr, xatirələr.

Yaxud müxtəlif vüsal səhnələri; hər səhnənin öz rəngi-ruhu və bu ru­hu ifadə edən şair qəlbinin yaşan­tı­ları…

Hissi dünya nə qədər zəngin və rən­garəngdirsə, bu cür poe­zi­ya­nın da həd­di-hüdudu yox­dur. Çünki dün­ya ma­hiyyətlər müstəvisində yox, təza­hür rakurslarında qələmə alınır. Sonsuzluq dərinə, təməldə da­­­­­­yanan ümu­mi cəhətlərə getmək hesabına yox, daha çox dərəcədə üfü­­­qi müs­tə­vidə hərəkət hesabına, hadisələrin müxtəlifliyi sayəsində əl­də edilir.

Poeziyaya bu cür münasibət Azərbaycanda o qədər dərin kök at­mış­dır ki, ayrı-ayrı hal­lar­­da şairlər bu ənənədən uzaqlaşaraq mahiyyət­ləri, ümumiləri tərənnüm etmək «iddiasına» düş­dükdə, ədəbi tənqid hət­ta onların şöhrətindən, nü­fu­zundan çəkinməyərək, kəskin möv­qe tut­­muş, onları «fəlsəfəçilikdə» günahlandırmışdır.

Lakin XX əsr Azərbaycan poeziyasında bu tabunu pozmaq meyl­­­­ləri də güclü olmuşdur. Sə­­­­məd Vurğun da, Rəsul Rza da bütün «fəl­­­­səfəçilik» ittihamlarına bax­ma­ya­raq, vaxtaşırı kon­kre­t­­­­likdən ümu­mi­­yə, mahiyyətə doğru addımlar at­mış və fəlsəfi poeziyanın gözəl nü­mu­nələrini ya­­ratmışdırlar.

Düzdür, Səməd Vurğunda fəl­­səfilik tamam başqa üslubda və is­ti­qamətdə, Rəsul Rzada isə xeyli fərq­li formada özünü göstərir. Lakin formalar fərqli olsa da, məğzi ey­ni­dir: poeziya fəl­sə­­fi qata yüksəlir. Sə­­məd Vurğun fəlsəfə mərtəbəsinə po­etik vüsət qanadlarında qalxır. Rə­sul Rza isə mahiyyət dünyasına təhlil və düşüncə qapısından keçir. La­kin heç biri bu mərtəbədə hə­mi­­şəlik lövbər salmır və yenidən hissi dün­yanın konkret yaşantılarına qayı­da­raq axıradək öz şa­ir mis­si­ya­la­rı­nı ye­rinə yetirirlər.

Cübran isə heç vaxt bizim ənənəvi surətdə başa düşdüyümüz mə­na­da şair olmamışdır. Və ona dünya şöh­rəti qazandıran da yaz­dıq­la­rı­nın şei­riyyəti yox, mənası olmuşdur. Tə­sa­­dü­fi deyildir ki, onun əsərləri baş­qa dillərə bir qayda olaraq nəsrlə tər­cümə olunur. Zira, nə pa­fos, nə qafiyə, nə də təəssüratın konkretliyi və təravəti… Cübran üçün önəmli de­yil. Önə çə­kilən fikrin özüdür.

O baş­qa məsələ ki, Cübranda fikir dün­yasının öz ahəngi, öz ritmi, me­lo­di­yası üzə çıxır. Cübran hansı isə hik­mətamiz bir fikir söyləmək üçün əv­vəlcə hansı isə ha­disədən tə­sir­lən­məyə ehtiyac duymur. Ümumi mahiyyətlər, ideyalar arasında elə mü­­nas­i­bətlər aşkar edilir ki, insan fikir qatından keçərək özünəməxsus bir hissi dünyaya daxil olur.

Şairlər hisslərin qanadında ideya mərtəbəsinə yüksəldikləri hal­da, Cübran kimi mütə­fək­kir­lər oxucunu ideya dünyasının öz gözəlliyi ilə heyrətləndirir, fikrin gözəlliklərindən yaranan hey­rət poetik bir əh­val-ruhiyyə yaradır. Lakin əslində bunun poeziyaya bir o qədər də dəx­li yoxdur. Bu, rəngsiz-boyasız, çılpaq fikirlərin öz daxili gözəlliyidir. (Ma­raqlıdır ki, Cübran bir rəssam ola­raq da insanları paltarda, bərli-bəzəkli çəkmir, həmişə alt qatdakı məzmunu ifadə etməyə çalışır.)



Böyük şairlər hətta ən ənənəvi mövzularda da yeni fikir söy­lə­mə­yi bacarırlar. Məsələn, şairlərin diqqətini ən çox çəkən çiçək möv­zu­­suna və çiçəklərin içərisində «bənövşə» obrazına həm xaricdə, həm də Azərbaycan ədəbiyyatında kifayət qədər müraciət olunmuşdur. Bun­­ların ən məşhurlarından biri İ.V.Götenin «Bənövşə» şeiridir. Onu fərq­ləndirən cəhətlərdən biri bundan iba­rətdir ki, burada ənənəvi mü­na­si­bət­dən fərqli olaraq bənövşə obrazının təsvirindən və onun şairdə ya­ratdığı hiss­lərdən bəhs edilmir. Bu şeirdə bə­növşə özü subyektə çev­rilir və onun keçirdiyi hisslərdən söhbət açı­lır. Məqsəd əslində in­sanlara, in­sa­ni ma­hiyyətə aid olan keyfiyyətlərin bə­növşə obrazı va­si­tə­silə təqdim olun­masıdır, yəni şeirin məğzi təəssüratla yox, ideya ilə ifa­də olunur.

Ma­raqlıdır ki, C.X.Cüb­ran da bənövşə obrazına eyni ilə Göte ki­mi mü­ra­ciət edir. O da bənövşənin ar­zularından danışır. Hətta şeirlərin baş­­lanğıcında elə böyük ox­şar­lıq var ki, kim isə Cübranı təq­lid­də təq­­sir­lən­dirə bilər. Lakin Cübran da Gö­te ki­mi, ideya xiridarıdır. Onun «İd­­di­alı bənöv­şə» şeiri for­ma­ca Götenin şei­rinə və üslubuna bən­zəsə də, ide­ya fərqlidir və hətta dia­metral əks si­tuasiyanın işıqlan­dı­rıl­­ma­sına xid­mət edir. Götenin bə­növ­­şəsi də id­di­a­lıdır. O, çəmənlikdə ahəs­tə hə­ya­tın­dan bezərək bir gözəl qızın ya­xa­sı­nı bəzəməyi, onun ürə­yinə ya­xın ol­mağı tərcih edir. Lakin qız onun ar­zu və iddialarından xə­bərsiz hal­da onu tapdalayıb keçir. Amma yazıq bə­növşə gözəl qızın aya­q­la­rı­na belə toxunduğu üçün özünü xoşbəxt sa­yır. Burada biz öz vəziyyəti, statusu ilə razılaşmayan çiçəyin son nə­ticədə yenə də aza qane olmaq taleyi ilə barışmaq xisləti ilə rastlaşırıq.

Cübran sanki bu məqamla razılaşmayaraq bənövşənin arzusunu ən yüksək səviyyədə yerinə yetirir və bu, bənövşəyə həyatı bahasına ba­­şa gəlsə də, o, heç olmasa bir anlığa yaşadığı yüksəlişdən məmnun qa­­lır. Bu – ideya yolunda, azadlıq yolunda canını qurban verməyə ha­zır olanların fəlsəfəsidir.

Zahirən Götenin «Bənövşə»sini xatırladan bu əsər öz ideyasına və ruhuna görə daha çox dərəcədə M.Qorkinin «Şa­hin nəğməsi»ni xatırladır. Yerdə sürünmək və ya boynunu büküb yerə sı­ğınmaq aqibəti ilə razılaşmayanların bir anlıq uçuşu və yüksəlişi! Və bu ani yüksəlişin səadəti!



Təsadüfi deyildir ki, Cübra­nın ruhuna yaxşı bələd olan Azər­bay­­can tədqiqatçısı Aida İmanquli­ye­va əsərdən məhz bu misraları iqtibas gə­­tirir: «Mən indi ölürəm. Mən ölü­­rəm, ancaq mənim qəlbimdə heç bir vaxt heç bir bənövşənin keçir­mə­di­yi bir hiss var. Mən ölürəm, an­caq mən do­ğulduğum dar dünyanın hü­dud­la­rın­dan kə­nar­da nələr ol­du­ğu­nu bi­li­rəm. Həyatın məqsədi də elə bu­­­­dur. Gü­­ndüzlərin və gecələrin tə­­sa­­düf­lə­ri arxasında gizlənən ma­hiy­yət də elə budur».1

Bəli, Cübran bir azadlıq car­çı­sı­dır. Lakin azadlığa çatmaq üçün əv­­vəl­cə idealların dərk olunması la­zım­dır. Aydın aqibət üçün əv­vəl­cə ide­ya dünyasının özündə bir ay­dın­lıq ol­malıdır.

Cübranın bütün üstünlüyü məhz ideya aydınlığında və fikir­lə­ri­nin ahəng­­darlığındadır. Bir çox Şərq fi­lo­sof­ları kimi o da öz fəlsəfəsini ki­çik hekayətlər və şeirlər vasitəsilə ifa­də edir. Fərq isə bundan iba­rət­dir ki, onun poeziyasında hissiyyatdan fi­­kir yox, fikirdən bir hissiyyat ya­ranır və bu fikirlər bir-birini ta­mam­la­yaraq şa­irin fəlsəfi dün­ya­gö­rü­şünü bü­töv­ləş­dirir.

Mahiyyətlərin, ideyaların poetik tərənnümü Şərq klassik poe­zi­yası üçün yenilik sayıla bil­məz. Nizaminin və Füzulinin ya­ra­dı­cı­lı­ğın­da Xeyir, Həqiqət, Eşq, Söz haqqında ümumi fi­kir­lər ki­fayət qədər çox­dur. Düzdür, burada da ümumilərin, mahiyyətlərin vəsfinə, tə­rən­nü­münə da­ha çox yer ayrılıb. Mahiyyəti ifadə edən lakonik fikirlər tap­maq elə də asan deyil.

Lakin bu­nun­la belə, fikirləri kontekstdən ayı­rıb ifadə etmək və ideyalar arasındakı mü­nasibəti aşkarlamaq müm­kün­dür. Bu, xüsusi bir yaradıcılıq, təhqiqat tələb edir. Səbəb isə bun­dan ibarətdir ki, Şərq­də poeziya daha yüksək bir məqam hesab olu­nur­du. Ona görə də, fikri mümkün qə­­dər əritmək özü bir məharət sa­yı­lır­dı. Əbu Turxanın dediyi kimi, «po­­eziyada bariz şəkildə üzə çıxan çıl­paq fi­­kir emosional yaşantının ahən­gini po­­za bilər», ona görə də Şərqdə bö­­­­­yük şairlər ide­ya­la­rı dəb­də­bəli pal­ta­ra və söz xəzinəsinin ləl-cəva­hi­ra­tına bü­rüyərək oxucuya gö­rüntü pla­nında, his­si-psixoloji müstəvidə təq­dim edir­­dilər. Sözün gözəlliyindən feyzyab olan oxucu isə bu söz çə­lən­gi­nin içə­ri­sində ona dərman və ya zəhər ve­ril­diyinin belə fərqində olmur.

Cübran da söz çələngindən böyük məharətlə istifadə edir. Lakin hiss, emosiya, əhval deyil, fikir, dü­şün­cə təqdim etdiyini gizlətmir. A.İman­­quliyeva məhz bu cəhəti nə­zə­rə alaraq yazır: «…romantik şair ağ­lı intuisiya ilə, hisslə birləşdirir, başqa sözlə, dünyanı ilhamla, «bə­dii şə­kil­də» mənimsəyir, varlıq ha­di­sə­ləri üzə­­rin­dən adilik örtüsünü qo­pa­­rır, onun arxasında saxlanan gö­zəl­liyi üzə çı­xa­rır».1

Yazdıqlarının ənənəvi mənada şeir yox, fəlsəfi fikir və ya afo­rizm olmasına bax­ma­ya­raq, Cübran özü­nü yenə də şair hesab edir. Çün­­­ki onun anlamında şair daha geniş mə­na­da başa düşülür. Çünki o, di­li də bədii dil çərçivəsindən çıxararaq mil­li tərəqqinin, yaradıcı tə­fək­­kürün ifadəsi kimi şərh edir. Onun «şa­ir»i həm şair, həm alim, həm fi­­losof, həm də qəhrəmandır: «Şair – xal­qın yaradıcı gücünün ifa­də­çi­si, ruh aləmində baş verənləri əql dün­ya­sı­na ötürən, fikir dünyasında baş verənləri bi­lik xəzinəsinə toplayan bir bə­ləd­çi­dir». Bu fikri Cübran «Ərəb dilinin gə­­ləcəyi» haqqında ya­zar­kən söy­lə­yir. O, şairi dilin qo­ru­­yucu mələyi sta­tusunda görür. Cüb­ran üçün «şair dilin həm atası, həm də ana­sı­dır».2 Bu cür yüksək və geniş mə­nada başa düşülən şair an­lamı, əl­bət­tə, ənənəvi şairdən fərqlidir.

Bəli, bu cür başa düşülən şair sa­dəcə şeir yazan yox, milli düşün­cə­­­ni poetik zirvəyə qal­dı­ran bir şəxs­dir. Biz nə üçün bu fərqi xüsusilə vur­ğulayırıq? Çünki Şərq ənə­nə­lə­ri­nə görə və xü­su­sən Azərbaycanda ya­yılan təsəvvürlərə görə şair məhz şe­ir yazan insanlara deyilir. Digər sa­­hə­­lər­də fəaliyyət göstərən şəxs­lə­rin öz statusu, öz adı vardır. Kimsə alim, kimsə fəhlə, kimsə si­ya­sət­çi, kim­sə filosofdur. Görünür, Cübran şair sözünü məhz mütəfəkkir-ziyalı mə­nasında işlədir.

Cübran özü də ilk növbədə mü­­­tə­fəkkir-ziyalıdır və təsadüfi de­yil ki, onun poeziyası fərdi təəs­sü­rat­­lardan da­­ha çox, bəşər təc­rü­bə­si­nin ümumi­ləş­məsindən yaranan ümu­mi obrazlar, an­la­yışlar, ideyalar ara­sı­nda mü­na­si­bə­ti tərənnüm edir.



Kimsə konkret təbiət mən­zərə­si­­­nin, yaxud hansısa konkret bir fər­din gözəlliyini vəsf edir. Han­sı­sa ha­­di­sənin təsiri ilə qəlbin kon­kret bir sıxıntısını sözlərlə ifadə edir. La­kin kimsə bu konkret təza­hür­l­ər­dən abstraksiya olunaraq, ümu­miy­­­yət­lə gö­zəlliyi, ümumiyyətlə haq­­qı, ümu­miyyətlə eşqi, insanı, hə­ya­tı, dün­­ya­nı bir müstəviyə gətirir, on­lar arasında universal əlaqələrdən da­nı­şır və bu əlaqələrin öz gözəlliyini ifa­də etməyə çalışır.

İdeyalar dünyasının daha möhtəşəm bir gözəlliyi var imiş! Ha­di­sə­lərdə görünməyən ayrı-ayrı hədislərlə ifadə oluna bilməyən; ölçüsü, bo­yu-buxunu, rəngi-ruhu olmayan bir gözəllik! Qeyri-müəyyənliyə bir ay­dınlıq gətirilməsi, ölçüsüzlüyün, hüdudsuzluğun söz hüduduna sı­ğış­dırılması! Şəffaflığın rəngi, Qaranlığın işığı, Sükutun pıçıltısı!

Ənənəvi Şərq fəlsəfəsində, xüsusən işraqilik təlimində, ən ali var­­lıq İşıqlar İşığı (Nur əl-Ənvar) hesab olunur. Əbu Turxan yazır: «Yal­­­­­­nız işıq vardır, qaranlıq işığın yoxluğudur». Eyni zamanda dün­ya­nın məhz yox­luqdan var olması fikri təkcə fəlsəfədən və dindən gəl­mir; mü­asir fizika da yoxluğun varlığa, vir­­tu­al zərrələrin real zərrələrə çev­­­­ril­mə­sindən bəhs edir. Bəli, indiki fi­­zi­ka artıq lirika səviyyəsinə çatmışdır.

Lakin fizika nə qədər dərinə get­sə də, «qaranlığın işığı» ide­ya­sı­na an­caq indi-indi yan alır. Şairlər isə əks­lik­lər arasında dərin daxili əlaqəni, gö­rü­nür, fəhmlə duyurlar.

İçimizdəki zülmət ilahi qüd­rət, nur­lanma, ilahi ilham sayə­sin­də hər an işıq­lana bilər və onun heç də bir boşluq olmadığı, nə qədər bö­yük bir yük da­şı­dı­ğı üzə çıxar.

«Dünyanın nizamı» – işıq­dır. Qa­­ranlıq isə hələ nizam­lan­ma­mış, qay­­­­daya salınmamış, deməli, ya­ra­­dıl­ma­­­mış dünyadır. Əvvəlcə dünya ya­­­­ra­­dı­lır, yəni xaos nizamlanır, qa­ran­­lıq­lar işıq­­lanır. Sonra bu qaydanı, bu nizamı, bu işığı bilik kimi, kon­sept kimi özündə saxlayan insan yaranır.

Dənizin təsviri yox, onun bütöv bir obraz kimi iştirakçı olduğu səh­nələr!

Təsvir olunan səma deyil, çay deyil, dəniz deyil… Təsvir olunan qəl­bin ənginliyidir və təbiət, səma, dəniz, külək ancaq yardımçı obraz ki­mi istifadə olunur. Məsələn, mə­həb­bətdən bəhs edən Cübran ya­zır: «Bir-birinizi sevin, amma mə­həb­bəti buxova çevirməyin. Qoy o, kö­nül­­lərinizin sahilləri arasında axan dəniz olsun».1

Əgər Cübranın dediyi bu məcaz Şərq və Qərb sivilizasiyasına tətbiq edilsə, belə qənaətə gəlmək olar ki, bu “iki sahil”, bu iki qütb, bu iki düşüncə tərzi və nəhayət, bu iki ruh arasında qarşılıqlı anlaşma və məhəbbət əldə edilsə belə, onları eyniləşdirməyə çalışmaq, iden­tik­ləş­dirmək təşəbbüsləri yolverilməzdir. Çünki biz vəhdətə nail olmağa çalışarkən, müx­təliflikdən gələn zənginliyi itirmək istəmirik. Sadəcə olaraq, burada məhəbbət ancaq “tamamlama məhəbbəti”2 formasında məqbuldur.



Yüklə 5,09 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin