Alış-veriş
Bir tacir söylədi: “Alış-verişdən danış bizə”.
O, belə cavab verdi:
“Torpaq öz meyvələrini sizin üçün yetişdirir, lakin siz təkcə öz əllərinizi doldurmağı öyrənmisinizsə onlardan bəhrələnə bilməyəcəksiniz.
Çünki yalnız torpağın nemətlərinin mübadiləsində siz bolluq tapa bilər və ehtiyaclarınızı ödəyərsiniz.
Lakin bu mübadilə məhəbbət və ədalətlə həyata keçirilmirsə, o, bəzilərinizi hərisliyə, digərlərinizi isə aclığa gətirib çıxaracaq.
Siz – dənizin, tarlaların və üzümlüklərin zəhmətkeşləri – bazarda toxucularla, dulusçularla və ədvaçılarla görüşəndə, yerin Ruhunu çağırın, gəlib dursun aranızda, tərəzilərinizi və haqq-hesabınızı işıqlandırsın.
İmkan verməyin ki, sizin sövdələşmələrinizdə avaralar, iş əvəzinə boşboğazlıq satanlar iştirak etsinlər.
Belələrinə deyin: “Gedək bizimlə tarlaya, yaxud çıxın qardaşlarınızla dənizə və siz də tor atın;
Torpaq da, dəniz də bizə qarşı olduğu kimi, sizə də səxavətli olacaqdır.”
Əgər müğənnilər, rəqqaslar və ney çalanlar gəlsələr onların da nemətlərindən alın.
Zira, onlar da meyvə və ətir yığanlardırlar. Gətirdikləri yuxulardan toxunsa da, ruhunuza qida və geyimdir.
Bazarı tərk etməzdən əvvəl diqqət edin ki, heç kim evinə əliboş yollanmasın.
Əgər içinizdəki ən balacanın da ehtiyacları ödənməyibsə, yerin Ruhu küləyin altında rahat yata bilməyəcək”.
Dostları ilə paylaş: |