Şərq ruhunun Qərb həyatı



Yüklə 5,09 Mb.
səhifə39/101
tarix31.12.2021
ölçüsü5,09 Mb.
#29047
1   ...   35   36   37   38   39   40   41   42   ...   101
Cinayət və Cəza
Sonra şəhərin hakimlərindən biri qarşıya çıxaraq dedi: “Bizə Cinayət və Cəzadan danış”.

O, belə cavab verdi:

Ruhunuz rüzgar qabağına düşüb avaralanmağa gedəndə,



siz tənha və müdafiəsiz olanda, başqalarına və dolayısı ilə özü­nü­zə zülm etmiş olursunuz.

Etdiyiniz bu zülmə görədir ki, müqəddəsliyin qapısını döyərək bir müddət unudulmuş kimi gözləməyə məcbursunuz.

Sizin ilahi mənliyiniz bir okean kimidir,

O, əsla çirkləndirilə bilməz.

O, bir efir kimi yalnız qanadı olanları yüksəyə qaldırır.

Hətta sizin ilahi mənliyinizin günəşə də bənzəri var;

O nə köstəbək yolları tanıyar, nə ilan deşiyi axtarar.

Lakin ilahi mənliyiniz içinizdə yalnız deyildir.

İçinizdə insani çox şey var, lakin bir çox şey hələ də in­san­laş­ma­sı­nı gözləyir.

O, bir biçimsiz cırtdan kimidir, duman içində yuxulu-yuxulu öz oya­nışını arayır.

İndi içinizdəki insandan danışmaq istəyirəm.

Zira, cinayətin və cinayətə görə cəzanın nə olduğunu bi­lən içi­niz­dəki ilahi məniniz, yaxud yuxulu cırtdan deyil, məhz odur.

Tez-tez eşitmişəm bunu sizdən,

Zülm etmiş adam haqqında elə danışırsınız ki,

guya o sizlərdən birisi olmayıb, dünyanıza soxulmuş bir yaddır.

Mən isə deyirəm: müqəddəs və mömin olan, daxilinizdəki ali­lik­dən yüksəyə qalxa bilmədiyi kimi, eləcə zalım və zəif olan da, həm­çi­nin, daxilinizdə gəzdirdiyiniz alçaqlıqdan aşağı enə bilməz.

Bir yarpaq bütövlükdə ağacın səssiz razılığı olmadan sarala bil­mə­diyi kimi, sizin hamınızın buna gizli razılığınız olmasa zalım da öz pis əməlini eləyə bilməz.

Sanki bir izdiham kimisiniz, birlikdə yeriyirsiniz öz ilahi mən­li­yi­nizə doğru.

Siz həm yol, həm də yolçularsınız.

Əgər biriniz yıxılırsa, o, arxadan gələni ayaq altdakı daşdan xə­bər­dar etmək üçün yıxılır.

Lakin yıxılan, həm də, qabaqda gedənlərə görə yıxılmış olur; ayaq­­dan möhkəm və iti olmaqlarına baxmayaraq, o daşı yoldan gö­tür­mə­mişlər.

Bir söz də deyəcəm, ürəyinizə ağırlıq gətirəcək olsa belə:

Öldürülənin öz ölümündə təqsiri yox deyil.

Soyulanın soyğuna məruz qalanda günahı yox deyil.

Zalımın zülmündə möminin də günahı vardır.

Xatakar pis iş tutanda əlləri təmiz olan da təmiz qalmır.

Bəli, çox zaman məhkum zərərçəkmişin qurbanı olur.

Çox zaman da məhkum olunmuş günahlandırılmayan və mü­ha­ki­mə edilməyənin yükünü daşımış olur.

Siz haqlını haqsızdan və yaxşını pisdən seçə bilmirsiniz.

Zira, ağ sapla qara sap birlikdə toxunan kimi onlar günəşin qar­şı­sında birgə dayanmışlar.

Qara sap qırılır, toxucu bütün parçanı gözdən keçirməli, dəzgahı da yoxlamalıdır.

Əgər aranızda birisi öz xəyanətkar arvadını məhkəməyə çəkmiş olsa, qoy, onda ərin də ürəyini tərəzidə çəksinlər. Ölçsünlər də­qiq­lik­lə onun ruhunu.

Qoy, incidəni şallaqlayacaq adam əvvəlcə incidilmişin ruhuna da boylansın.

Aranızdan bir kimsə haqq naminə şər ağacını balta­la­mağa qal­xıb­sa, qoy, onun köklərinə də diqqətlə baxsın.

Həqiqətən də, o, xeyir və şər, bəhrəli-bəhərsiz bütün kök­lə­ri ye­rin səssiz-səmirsiz ürəyində bir-birinə sarmaşmış halda görəcəkdir.

Siz, ədalətli olmalı olan hakimlər, əlləri təmiz, ruh isə oğ­ru ola­na nə hökm çıxaracaqsınız?

Bəs əlləri ilə qatil, ruhu ilə zülmün qurbanı olana hansı cəzanı la­yiq biləcəksiniz?

Davranışında yalançı və qəddar olan, lakin özü də inci­dil­miş və al­çaldılmış birisini necə təqib edərdiniz?

Bəs çəkdiyi peşmançılığı artıq çoxdan xatasını üstələdiyi birisini ne­cə mühakimə edərsiniz?

Məgər sizin xidmət etdiyiniz ədalət məhkəməsinin əsl hədəfi elə peş­mançılıq deyilmi?

Hər bir halda, siz nə günahsıza peşmanlıq çəkdirmək, nə də gü­nah­karın ürəyindəki peşmanlığı ordan çıxarıb atmaq gücündə deyil­si­niz.

O, gecələr çağrılmadan gəlir. Gəlir ki, insanlar oyanıb özlərinə baxa bilsinlər.

Ey ədaləti anlamalı olan kimsələr, əgər bütün işlərə gün işığında baxmasanız bunu necə edə bilərsiniz?

Yalnız o zaman anlayacaqsınız ki, ayaq üstə olan və yı­xılan – əs­lin­­də öz cırtdan mənliyinin gecəsi ilə ilahi mənliyinin gündüzü ara­sın­da­kı alatoranlıqda gəzişən eyni insandır.

Məbədin guşə daşı təməldə duran ən altdakı daşdan heç də yüksəkdə deyil”.


Yüklə 5,09 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin