Sərraf Şiruyə
132
NƏ GÖZƏLDİ
Bu yaylaqda axar sular,
Çəmən, çiçək nə gözəldi.
Şahə qalxan şəlalələr,
Göy biçənək nə gözəldi.
Gün təzəcə çıxıb hələ,
Gül üstdən süzülür jalə.
Qızları var, – yanaq lalə,
Dodaq ləçək – nə gözəldi.
Göylərə bax, xəyala dal,
Zirvələrin heyrəti lal.
Üzü nurlu o ağsaqqal,
Bu ağbirçək nə gözəldi.
İlham aldım növrağından,
Həm daşından, torpağından,
Lilpar ilə bulağından,
Soraq, içək nə gözəldi.
Məna dərin, hikmət dərin,
Əgər varsa bir hünərin.
Vəsf elə, yaz, – bu yerlərin
Şəklini çək, nə gözəldi.
Şiruyə, çıxarma yaddan,
Düşəsiyik qol-qanaddan.
Qana-qana bu həyatdan,
Ötək, keçək nə gözəldi.
2011-ci il.
|