459
sözlərindən zəif təsir bağışlamır. Bəlkə onlardan da yüksək, mübaliğəli
ölçü-qavrayış hədləri kimi dərk olunur. Fidel Kastronun özünə “Rus”
ləqəbi götürməsi də siyasi mübaliğədən başqa bir şey deyildir. Burada
“mübaliğə”, “günah” sözləri sinonimləşir, bərabərləşir. Geniş məkanda,
distant məsafələrdə belə sözlərin qavranılmasından uğurla koheziya,
mətnyaratma layihələri kimi istifadə etmək mümkündür. Ümumiyyətlə,
əlaqəli nitqdə şiddət sözlərindən, kəmiyyət-nisbət çoxluqlarından,
bütövlükdə mübaliğə qavrayışından mətndüzəltmə üsulu kimi istifadə
olunması tekst dilçiliyinin ən maraqlı, perspektivli məsələlərindən biri kimi
qiymətləndirilə bilər. Siyasi diskursda, siyasi və ədəbi-bədii publisistikada,
diplomatik ünsiyyətdə mübaliğə vasitələrinin semantik-praqmatik
yayılanlığı daha bariz şəkildə və rəngarəng çalarlarda özünü təqdim edir.
Nasional-sosialist mətbuatında “dünyanın ən yaxşı əsgərləri” (die
besten Soldaten der Welt) alman əsgərləri, “dünyanın ən yaxşı silahları”
(die besten Waffen der Welt) alman silahları hesab olunurdu. Daha
doğrusu, belə təqdim olunurdu. Bununla da sərt, amansız həqiqət xalqdan
gizlədilir, yaxınlaşmaqda olan dəhşətli məğlubiyyət, labüd fəlakət,
uğursuzluq reallığı pərdələnirdi, işarədən yayındırılırdı. Bu işlənmələrdə
“gut” sözü (alman dilində “gut” sözü supletiv formalar alır: gut – besser –
am besten), “ausgezeichnet” (əla) sözü ilə nəinki bərabərləşir, hətta mütləq
son həddi də arxada buraxır.
Ən adi, gündəlik işlərin görülməsi, vaxtı çatmış məişət və təsərrüfat
məsələlərinin həlli, məsələn, yetişdirilmiş məhsulun yığılmasaı, soyuqlar
düşməmiş, yağışlar başlamamış pambığın və ya taxılın itkisiz toplanması –
bütün bu cari işlər totalitar təbliğat tərəfindən əsil “cəbhə” – “əmək
cəbhəsi” elan olunmuşdu. İnsanların “kütləvi fədəkarlıq” göstərməsi,
“parlaq əmək qələbələri” əldə etməsi, “yüksək zirvələrin fəth olunması”
sayaq bic referensiyalar “sosializm yarışı” deyilən böyük aldanışın
milyonların zehninə, düşüncəsinə yeridilmiş söz-yalan uyuşdurucuları idi.
Real, inandırıcı faktlar, həqiqətlər yox idi və ya az idi, ümid söz
reallıqlarına, aldanışa qalırdı. Sovet xalqı məhz belə bihuşedici, zorakı, çox
vaxt davakar, “hərbiləşdirilmiş” təbliğat nəticəsində kütləvi surətdə
aldadılır, qeyri-insani şəraitdə işləməyə məhkum edilir, haqqı cüzi olaraq
ödənilən və ya heç ödənilməyən qul əməyinə məhkum edilirdi. Quraqlıq və
460
uğursuzluq illərində az qala bütün təbiət və cəmiyyət “sosizalizm
quruculuğuna mane olan rəqib” elan edilirdi. Əvəzində çoxlu “əmək
qəhrəmanları”, “zərbəçilər”, bir növbədə bir neçə növbənin işini görən
briqadalar, staxanovçular, çoxlu traktorçu, kombaynçı qadınlar, hər gün
mavi gəminin bunkerindən yüz tonlarla pambıq boşaldan mexanizatorlar,
Sərdar İmrəliyevlər, Sevil Qaziyevalar, Günəşin digər bacı-qardaşları
yetişirdi. Əmək cəbhəsindəki uğurlar az qala Aleksandr Matrosovun və ya
Qafur Məmmədovun fədakarlığı səviyyəsinə qaldırılırdı. Sosializm yarışını
bir də ona görə “böyük aldanış” hesab etmək olardı ki, heç kimə məxsus
olmayan, lakin hamının olan mülkiyyətə sahiblənmək uğrunda ölüm-qalım
savaşı aparılırdı, sosialist yarışı deyilən stimullaşma, həvəsləndirmə
qaydası mülkiyyət məsələsinin təmamilə aydın və təbii şəkildə həll
olunduğu sağlam rəqabəti əvəz edə bilmirdi. Və bunu etiraf etmək rejimin
ölümü idi. Kütləvi düşüncəyə gedib çatsaydı, rejimin ölümü idi. Dil
işarələrinin bu yayğınlığı, qeyri-adekvatlığı və aldanışı təhlükəni dəf
edəcək yeganə reallıq idi. Təsadüfi deyildir ki, adamların kütləvi şəkildə
fədakarlıq göstərməsinə, yorulmadan və əzmlə çalışmasına, gecəni gündüzə
qatıb işləməsinə baxmayaraq, sosializmin, sosiallığın həqiqətən yırtıcı,
amansız bir quruluş olan kapitalizmdən geriliyi get-gedə artırdı. Ən yaxşı
həkimlərin səyi həyat qüvvətlərini itirmiş xəstəni xilas etməyə kifayət
etmədiyi kimi, “yüksək zirvələrə çatmış fədakar, qəhrəman insanların”
səyləri, əslində sonda artıq yalandan yorulmuşların cəhdləri də sosializmi,
“dünyada ilk və ən qabaqcıl sosialist dövlətini” xilas etmək üçün yetərli
olmadı. Partiya qurultaylarında, konfranslarda, saysız-hesabsız təntənəli və
təntənəsiz iclaslarda, partiya-təssərüfat fəallarının yığıncaqlarında ara
verməyən gürultulu və sürəkli alqışların, partiya rəhbərlərinin
ilahiləşdirilməsi, bütləşdirilməsi təşəbbüslərinin yalanı xilas etməyə gücü
çatmadı. Tarixi və lingvistik təcrübə göstərir ki, mübaliğəli, qeyri-adekvat
və ifrat səciyyələndirmə kütləvi yalan və aldanışın ən bariz şəkillərindən
biri kimi müxtəlif formalarda cəmiyyətin aparıcı qüvvələri tərəfindən
ortaya atılır və sonda həmin cəmiyyətin məhvinin başlıca mənbəyinə,
ələfotuna çevrilir. Cəmiyyət son nəticədə süni, yalançı, şişirdilmiş
“qələbələrdən”, “rekord nəticələrdən” yorulur, təbii, real həyata qayıtmaq
istəyir. Həmişə mütləq “qalib gəlmək”, “rəşadət” və “qəhrəmanlıqlar”
461
göstərmək, birinci olmaq psixologiyası nəhayət insanı bezdirir, dinclik
bilmədən, yorulmadan fəaliyyət göstərmək, həmişə ayaqda olmaq
bərpaedilməz yorğunluq, üzgünlük yaradır, yalan dumanları çəkildikcə,
reallıq dil təxribatlarından təmizləndikcə əsil gerçəklər daha aydın
görünməyə başlayır. Bu dəhşətli həqiqətlərdən keçən insanlar, yəqin yaxşı
xatırlayırlar ki, həm faşist Almaniyasında, həm də totalitar Sovetlər
İttifaqında ötən hər gün bir qəhrəmanlıq, rəşadət tarixi kimi bayram
edilirdi. Şüur, düşüncə tarıma çəkilmişdi. Bütün hadisələr hökmən
“əlamətdar” bir günə təsadüf edirdi. Və həmin gün mütləq möhtəşəm
qələbələr haqqında məlumatlar, peportajlar verilməli idi, hər şeydə bir
vüsət, əzəmət, Lenin maksimalizmi, dinamika, hərəkət var idi. Mübarizə,
qələbə görüntüsü, yalançı rəqib axtarışı baş alıb gedirdi. “Təşkil etmək”,
“nail olmaq”, “təqdim etmək”, “möhkəmləndirmək”, “sürətləndirmək”,
“genişləndirmək”, “artmaq”, “ruhlanmaq”, “ötüb-keçmək”, “silahlanmaq”
(ən yeni ideyalarla silahlanmaq), “səfərbər etmək”, “çoxaltmaq”, “müzəffər
yürüş”, “əzmkar”, “daha da möhkəmlətmək”, “alovlu”, “qızğın”, “intizam”,
“əzm”, “dönüş”, “etibarlı”, “təşəbbüskarlıq”, “layiqincə”, “yüksəliş” (əsaslı
yüksəliş), “hetrətamiz”, “həlledici”, “objektiv”, “həqiqətən”, “barışmaz”,
“durmadan”, “mətin”, “mübariz”, “hökmən” və s. kimi çox hallarda, qeyri-
dəqiq, mücərrəd, qeyri-dialektik sözlər totalitar leksikanın leytmotivlərinə,
əsas cizgilərinə çevrilmişdi. Bu müntəzəm, dönməz linqvistik-psixoloji
substrat təhlil, araşdırma, təsbit və təsdiqə yer qoymur, dərketməni
avtomatlaşdırır, sonda iflic edir. İnsanların aldadılmasına, yalnış deformativ
dərketməyə hesablanmış bu aqressiv, içi boşaldılmış, ruhsuzlaşdırılmış bu
gəvəzə leksikon indi də bir çox tarixdənkənar xalaqlarda və dillərdə, habelə
müstəqil postsovet respublikalarında yaşayan xalqların dillərində öz
təhlükəli mövcudluğunu davam etdirir, qeyri-demokratik prosesləri,
avtoretarizmi müşayiət və hifz edir. Funksional naqislik, natamamlıq və
birtərəflilik dünyanın ən qüdrətli dillərindən olan alman və rus dillərini bir
məhbəs, ən yaxşı vəziyyətdə tarla və iclas, plenum-qurultay dilinə çevirmiş,
onları yarımcan, ölü bir vəziyyətə gətirmiş, canlı, dinamik nitq-ünsiyyət
həyatanı qapalı, kəsif bir mühit içərisinə soxmuşdu. III reyxin dilini təhlil
edən Klemperer deyir ki, insanlar bu dildə daha danışmırdılar, qışqırırdılar,
bir-birini günahlandırırdılar, üzə dururdular, bir-birini satırdılar, casusluq
462
edirdilər, tərif yağdırırdılar, ya da qorxudan, vahimədən lap yavaşdan,
pıçıltı ilə danışırdılar, səslərini içəri salırdılar (Klemperer, 36). Bu, dilin öz
təbii ahəng və ritmini itirdiyi məqamdır, dilin maşınlaşması,
avtomatlaşması situasiyasıdır.
Cəmiyyətin qanunlarla deyil, qaydalarla, bir adamın iradəsi ilə idarə
olunduğu dönəmlərdə dil az qala texniki bir şeyə çevrilir, nitq öz fərdiliyini,
unikallığını itirib başqalaşır, radikallaşır. Dil dərketmə və ifadə
funksiyalarından süni olaraq uzaqlaşdırılır, formativ və məna, referent, fikir
obyekti ilə işarə arasındakı uçurum daha da dərinləşir. “Hə” və “yox”,
“həqiqət” və “yalan” arasındakı linqvistik məsafə genişlənmək, böyümək
əvəzinə getdikcə daha artıq daralır, bəzən maksimal dərəcədə sonuncu
qütblərə tərəf sıxışdırılır, sıxılır, qeyri-səlis çoxluqlar məntiqi səlis yalan
imperativləri ilə əvəz olunur.
Zaman və məkanın arasıkəsilməzliyi, vəhdəti və sonsuzluğu
materiyanın bu mühüm mövcudluq formalarına çoxluğun, topluluq, cəmlik
düşüncəsinin, ümumən kəmiyyət münasibətlərinin vəhdəti kimi yanaşmaq
üçün tam əsas verir. Həmin qavrayış və düşüncə zaman və məkanın ən
müxtəlif dil miqyaslarının, mübaliğə və kiçiltmə hədlərinin yaranmasını
şərtləndirir. “Bu keçən qırx ildə səni bir an da unutmadım” sevgi isharında
şübhəsiz ki, zaman, məkan qavrayışı baxımından həm də bir yayılanlıq,
qeyri-dəqiqlik və aldanış yaşayır. Şair “Min dəfə, milyon dəfə doğulsaydım
yenidən / Şer, sənət yolunu götürərdim yenə mən” deyirsə, “ideyanın”
qeyri-mümkünlüyü, zaman qavrayışının mütləqə, sonsuza varan qeyri-
müəyyənliyi və yayğınlığı, qeyri-səlisliyi mübaliğə yaradıcılığı ilə ifrat
genişlənməyə, intensivləşdirməyə varmış olur. Şərt və qeyri-reallıq
qavrayışında həmişə bir boşluq, natamamlıq və ramedilməz yayılanlıq
olur. Burada iki cəhəti qeyd etmək olar: bu ölçülər ya gerçəklik dəyərlərini,
obyektiv ölçü və miqyasları ötür, ya da onlardan geri qalır. Mübaliğənin
ifadə gücü, koqnitiv sehri məhz deyilən linqvistik paradokslardan doğur.
Paradoksların başlanması ilə dilin fikir limiti başa çatdığı kimi, ifrat
mübaliğələrin, şişirtmələin başlanması ilə yalan-aldanış limiti də zorlanmış
olur. Yuxarıdakı fikir yayılanlığını “Yüz ildən sonra doğulsaydım, yenə
sənət yolunu seçərdim”, “Min ildən sonra bir də yaşayası olsaydım, yenə
sənət yolunu seçərdim”, yaxud sadəcə olaraq “Həyata bir də gəlsəydim / nə
463
vaxt gəlsəydim, şer sənət yolunu seçərdim” kimi ifadə etmək olar. Fərqi
yoxdur, bütün ifadə şəkillərində qeyri-mümkünlük, zamansızlık, linqvistik
absurd və xaos ifadə olunur. Əslində zaman və məkan qavrayışı tamamilə
neytrallaşır, yoxa çıxır. Dilin gücü bundadir ki, o mümkün, keçərli, məqbul,
qeyri-həqiqi olanlara da sanki real məzmun verir, ən müxtəlif, çox vaxt
yanlış, qeyri-gerçək variantları özündə hifz edib saxlayır, iç-içə yığır. Öz
substansional reallıqlarını yaratmaqla gerçək reallığın sərhədlərini, idrak
imkanlarını əsaslı surətdə genişləndirir. Qavrayış və dərketmənin çevrəsi də
həmin nisbətdə böyüyüb genişlənir.
İnsan zaman və məkanı nisbətən aydın, görümlü, müəyyənləşmiş
konturlarda qavramaq, real surətdə hiss etmək üçün onları kiçik ölçülərə,
təfərrüat və detallara, sərhədlərə ayırmaqla üzvləndirməyə,
seqmentləşdirməyə çalışır. Bəzən isə əksinə, əslində olmayan iri konturlarla
təqdim edir: saniyə, an, dəqiqə, saat, gün, həftə, ay, il, qərinə, əsr, minillik,
əbədiyyət, sonsuzluq və s. kimi vaxtilə böyük kəşflər olan bu bölgülər,
sərhədləndirmələr məhz həmin ehtiyacdan yaranmışdır. Lakin dil
nisbilikləri, fərdi-praqmatik şüur bu fərqləri qüvvədən salmaq gücündədir.
Yadımdadır ki, SSRİ-nin yaradılmasının 70 illiyi münasibətilə, görünür,
həqiqəti gizlətməyin mənasız və ya qeyri-mümkün olduğunu hiss edən
kommunist rəhbərlərdən biri hesabat məruzəsində dedi: “70 лет – это миг
в истории человечества”. Kommunist lazım olduqda hər günü bir tarix,
bütöv bir tarixi “an” eləmək iqtidarındadır. Həmin nisbi zaman ölçülərini,
dil nişanlarını kəmiyyət sözləri-say və rəqəmlərlə birləşdirməklə zamanın
və kəmiyyətin təsəvvür olunan və təsəvvürolunmaz, qavranılmaz sonsuzluq
transformasiyalarına gedib çıxmaq olar. Məkanın sərhəd münasibətləri,
intensivlik, genişlik hədləri də kifayət qədər müxtəlif və rəngarəng forma
və şəkillərdə özünü təqdim edir: kənd, şəhər, göl, dəniz, vətən, yer kürəsi,
göy, səma, kainat, səyyarələr, kosmos və s. Əslində güclü idrak vasitəsi
olan romantik ədəbiyyatın ən böyük xidməti zaman və məkan
münasibətlərinin geniş verbal mənzərəsini yaratmaq, dəyişən parametrlərdə
təqdim etmək, kəmiyyət transformasiyalarının real və virtual
projeksiyalarını şərti-nisbi mənada konkretləşdirmək, canlandırmaqla
qavrayışın imkanlarını genişləndirməsindədir. Romantizm dünyanın
parametrlərini dəyişir, yeni zaman-məkan, kəmiyyət-ölçü münasibətləri
464
təqdim edir, sanki yerin cazibəsini dəf edir. Dil romantikası da beləcə
varlığın, substansiyanın ətalətini dəf edir. Təsadüfi deyildir ki, alman
romantizmi ilə alman idealizmi, irrasionalizm və nisbilik nəzəriyyəsi
arasında birbaşa əlaqə və varislik axtaranlar var. Yuxarıya və aşağıya doğru
genişlənən mübaliğə, kiçiltmə və maksimallaşdırma ölçüləri insanın idrak
axtarışlarını ifadə edir.
Zaman və məkana görə ümumiləşdirmə və detallaşdırmada,
genişləndirmə və məhdudlaşdırmalarda bir qayda olaraq aldanış və
manipulyasiya imkanları gizlənir. Sovet təbliğatı uzun müddət təkidlə
inandırmağa çalışırdı ki, “Konqoda heç vaxt sovet hərbi ekspertləri və hərbi
kontingenti olmayıb”. Lakin heç 5-6 il keçməmiş yalançı və unutqan sovet
mətbuatı ordu hissələrinin həmin ölkədən çıxarılması haqqında məlumatlar
yaymağa başladı. Kuba ərazisində, onun “heç bir nöqtəsində” sovet hərbi
bazalarının yerləşdirilməməsi haqqındakı xəbərlərin tamamilə və büsbütün
yalan və dezinformasiya olduğu aşkara çıxdı. Tezliklə məlum oldu ki,
nəinki Kubanın quru ərazisində bazalar yerləşdirilmişdi, sovet hərbi
mütəxəssisləri və əsgərləri gecə-gündüz intensiv hazırlıq işi aparırdı. Yalan
bir də burda ifadə olunurdu ki, əsas zərbə qüvvəsi, öldürücü, məhvedici
nüvə başlıqları həqiqətən quru ərazisində deyil, Kuba sahillərində, sualtı
qayıqlarda yerləşdirilmişdi. Suda isə heç bir “nöqtə”, “quru” ərazi olmur.
Sovet təbliğatının “Biz heç bir zaman dünyanın heç bir ölkəsinə inqilab
ixrac etmirik” kimi bəyanatları da ağ yalanlardan, riyakarlıqdan başqa bir
şey deyildi. Ən azı ona görə ki, sosializm cəbhəsini genişləndirmək, “bütün
dünyada sosializmin qələbəsini təmin etmək” kommunist partiyasının
proqramına daxil edilmişdi və bu məqsədlə son nəticədə Sovet İttifaqının,
bütün sosialist cəbhəsinin məhvinə gətirib çıxaran milyonlarla pullar
xərclənir, “təmənnasız yardımlar” edilirdi. Dünyada heç vaxt geniş planda
tam təmənnasız yardım olmur, hər bir yardımda mütləq bir təmənna, bir
məqsəd, gözləyiş motivi gizlənir. Qeyri-təbii, süni mövqe, gerçəklikdən
ifrat uzaqlaşma öz ifşaedici xislətini göstərir. Tədricən sovet rəhbərləri
yalan aldanış ətaləti ilə dünyanı elə təqdim olunduğu şəkildə də, bu
miqyaslarda qavramağa başladılar və o vaxtlar ən yalançı dil olan rus dili
ilə hamının adından elə bu şəkildə də təqdim etdilər, daha doğrusu, dillə
yaranan xəyali reallığın əsarətinə və zülmətinə düşdülər.
465
İndi artan yayılanlığın digər aspektlərini nəzərdən keçirək.
Linqvistik qiymət və qiymətləndirmələrin nisbiliyi fərdi
mübaliğələrdə özünün ən yüksək yayılanlıq həddinə çatır. Ən təhlükəli
cəhət isə burasındadır ki, totalitar və avtoritar sistemlərdə tezliklə
sosiallaşaraq kollektiv şüura da təsir göstərir, bir klişe halına gəlir. Sosial
və siyasi diskursda klişelər insan şüuru üzərində hökmranlıq etməyə, onu
yönəltməyə başlayır. Kəmiyyətə keçmiş təkrar və təkrarlıq, təkid qavrayışı
yalanı həqiqətə çevirmək, mübaliğəni normativləşdirmək gücü kəsb edir.
Cəmiyyəti irəli aparan azad, analitik düşüncə taxtdan salınır.
Üzləşdikləri sərt gerçəkliklə barışmaq istəməyən, situasiyanı mütləq
öz xeyrinə dəyişməyin zəruri olduğunu dərk edən sərvaxt mədhiyyəçilərin
əndazəsiz, kobud mübaliğələri sırf fərdi-utilitar baxımdan nə qədər başa
düşülən, anlaşılan olsa da, həmin naqis və qeyri-əxlaqi, qeyri-etik dil
hərəkətlərinin cövhərindəki hiyləgərliyi, saxtakarlıq və qeyri-səmimiliyi
sezmək o qədər də çətin olmur. Belələrini ifrat yalançı tərif təxribatları
müqabilində, xalqın, cəmiyyətin şüur səviyyəsinin, idrak mədəniyyətinin
inkişafına ziyan vuruqlarına görə barındırmaq, mükafatlandırmaq yox,
əksinə, müqabil tərəfin şərəf və ləyaqətini təhrif etdiklərinə, hörmətdən
saldıqlarına görə cəzalandırmaq lazımdır. Psixoloji baxımdan yaltaqları
həmin maddəyə görə sorğu-suala çəkmək, günahlarını sübuta yetirmək
asanlıqla mümkündür. Hər bir qeyri-səmimi nitq aktı, yerinə oturmayan,
geçəkliklə əlaqəsini itirmiş mübaliğə və ya metafora ifşaedici gücə
malikdir. Heç nə idraka, koqnisiyaya tərif və mədhiyyəçilik qədər mane
olmur. Belə məqsədli dil hərəkətlərini yalan və aldanışın, kələk və
hiyləgərliyin müjdəçiləri, çox hallarda gerçək vəziyyətin təhrifi kimi
dəyərləndirmək lazımdır.
“Bəlkə min il sonra doğulacaqdın / Vaxt atdı milyon il qabağa
səni!” kimi bədii cəhətdən zəif misralar qeyri-dialektik, qeyri-səmimi
dərketmə modeli heç şübhəsiz ki, müəlliflərin konkret şəxslərə
münasibətindən çox məqsədli, hiyləgər dil və əməl davranışlarını,
gözləntilərini ortaya qoyur. “Həyat sübut edir ki, tanrının sayəsi daim
Türkmənbaşının üzərindədir, Allah-təala onu həmişə qoruyub, qoruyur və
qoruyacaqdır. O, Allahın sevimli, seçilmiş bəndəsidir, tanrı həmişə onun
466
səsini eşidir” kimi dil hədyanları, XX əsrin dünyagörüşünə,
dünyaduyumuna və qavrayış tərzinə uyuşmayan sayıqlamalar aşkar bir
xəstəlik simptomu, mənəviyyat patalogiyası, psixi qeyri-sabitlik kimi
qiymətləndirilə bilər. Söz təbii və saf, səmimi olmayanda həqiqət dəyəri
qazana bilmir, buna görə də ürəyə yol tapmır, hədəfdən yan keçir. Belə dil-
davranış əxlaqı, daha doğrusu, əxlaqsızlığı yaranmışların əşrəfi
adlandırdığımız insanı birhücüyrəlilər də daxil olmaqla bütün bioloji
varlıqların, hətta cansız əşyaların ən dəyərsizinə və primitivinə çevirir. Dil
fəzilət olmaqdan çıxır, qüsura çevrilir. Koqnitiv paradiqmanın yerinə
behavioristik paradiqma keçir.
Fövqəlsəciyyələndirmə dil işarəsinin, onun üzə çıxarmaq,
sərhədləndirmək istədiyi biliyin, həqiqətin ölümü deməkdir. 20 ildən sonra
bir daha təkrar etmək istəyirəm ki, həqiqətən aktual, böyük, azman mövzu
daha böyük sənətkarlıq və məsuliyyət tələb edir. O, asan çap olunmaq üçün
göstərilən qırmızı vəsiqə ola bilməz! Söz təbii, səmimi, yerində olmayanda
dərketməni, düşüncəni zorlayır, reallığa toxunmadan, referensiyaya
hopmadan onların üzərindən, ya da yanından ötüb keçir. Gerçəklik
dəyərləri ilə əlaqəsini itirmiş söz və ifadələr, onlarla formalaşan,
formalaşdırılan fikirlər nəinki mənəvi məsuliyyət, həm də cəmiyyətin
sahmanını, sosial tarazlığı pozduğu üçün maddi-hüquqi məsuliyyət yaradır.
Xüsusilə diktatorların, avtoritar rejim liderlərinin sayıqlığnı, reallıq,
realizm, gerçəkçilik duyğusunu əlindən alır, yalançı, etibarsız bələdçilik və
bələdçi funksiyasını yerinə yetirir. Nəticədə bütünlüklə ölkə çərçivəsində
ayrı-ayrı yerlərdə hər növ böyük-kiçik padşahlar baş qaldırır, dövləti, insan
talelərini, kollektiv iradəni əks etdirən qanunlarla, Allah kitabı ilə deyil, öz
fərdi iradə və ehtirasları ilə idarə edən, əməlindən çox sözündən qorxan
“azad” qullar əməl gəlir. Belə məqamlarda düşünmək, qərar qəbul etmək
bir çox hallarda heç lazım gəlmir, şəxsi sədaqət, tamahını deyil, dilini
saxlamaq daha artıq kara gəlir. Yalançı, texniki tərif, boşboğazlıq,
mədhiyyəçilik insanları ayaqlarının altındakı təməldən o qədər qoparır,
ilkin-bəşəri dayaqları o qədər laxladır ki, dini idrakla elmi idrak arasındakı
fərqlər az qala silinib gedir, böhran həddinə çatır. Diktatura və diktatorun
ilahiləşdirilməsində, ideallaşdırılmasında, fetişləşdirilməsində insan,
467
cəmiyyət özü də bilmədən, bəzən də bilə-bilə asan mövcudluq vəd edən
bütpərəstliyə qayıdır. İlahi güc və iradəyə xitab edən “O” əvəzliyi böyük
hərflə yazılır. Siyasi diskursa yol alır. Bəşər aləmi ilahi aləmə, Allah
dünyasına transformasiya edilir və dərhal rasional idrakla dərk olunmaq
imkanından məhrum olur. Sözsüz itaət və etiqad məntiqi sağlam, sərbəst
düşüncəni, təfəkkür məntiqini sıxışdırb aradan çıxardır. Diktaturanın hər
iki ifrat formasında – sovet və faşist diktaturasında və müasir kiçik,
yarımçıq diktatura formalarında da vəziyyət belə olmuşdur. Və indi də
belədir. Təsvir olunan sosial-siyasi situasiyada yalnız məntiqi və etik
paradokslar yox, nəhəng substansional uçurum üzərində qərarlaşan
linqvistik paradokslar da güclənir. Nəinki güclənir, həm də getdikcə daha
artıq dərəcədə dərinləşir, məsafələşir. Cəsarətlə demək olar ki, dil işarəsinin
qeyri-səlisliyi, təxmini mühakimələrin yayğınlığı və qeyri-müəyyənliyi heç
bir üslub fiqurunda mübaliğədə olduğu qədər özünün son həddinə, pik
nöqtəsinə çatmır. Nəzərə almaq lazımdır ki, mübaliğələrdə mütləq sözün,
dərketmənin tədriciliyi, ahəngdarlığı pozulur.
Cəmiyyət təkcə dövlət rəhbərlərini deyil, seçilmişləri, görkəmli
filosof, elm və incəsənət xadimlərini də yersiz, ucuz, ucuzlaşdırılmış sözün
şərəf- və ləyaqətsizliyindən qorumağa borcludur. Xalqın söz və təfəkkür
mədəniyyətinin inkişafı bunu tələb edir. Əslində dövlət başçılarını saxta,
bihuşedici təriflərdən, cəmiyyətin mənafeyini deyil, öz xeyrini güdən
böyük-kiçik adamların şərindən qorumaq bir milli təhlükəsizlik
məsələsidir.
Müasir təsəvvür və təxəyyül hədlərində, dərketmə hüdudlarında
zamana və məkana görə mütləq ümumiləşdirməyə əsaslanan “bütün
dövrlərin, zamanların, ölkələrin, planetlərin prezidenti” kimi gerçəklik
Dostları ilə paylaş: |