504
VIII FƏSİL
Metafora şəkilləri – obrazli-assosioativ çoxluqlar kimi
Birbaşa, müstəqim adlandırma və təsviri formalardan fərqli olaraq
əslində qeyri-müstəqim nitqin geniş yayılmış ifadə şəkillərindən biri olan
məcazlarda dil nisbilikləri yeni, daha geniş, bəzən konturları heç də axıra
qədər görünməyən, aydınlaşmayan, dərk olunmayan bir dairəyə -
çoxölçülü, çoxçalarlı və çoxistiqamətli qeyri-adekvatlıq, qeyri-səlislik
müstəvisinə daxil olur. Linquistik qiymət çoxluqları dilin güc
mərkəzlərindən biri olan məcazlar sayəsində məna sıçrayışları və
addəyişmə, adköçürmə, məfhum mübadiləsi nəticəsində geniş yaradıcılıq,
törədicilik perspektivləri açır, yeni hüdudlar, reallıqlar kəsb etməklə
dərketmə imkanlarını genişləndirir. Bu cəhətdən məcazlara, metaforaya
spesifik, kifayət qədər geniş və əhatəli, daim daha da genişlənə, özünü
doğura bilən dərketmə mexanizmləri kimi yanaşmaq lazımdır. Məhz
buradan – köhnədən yeniyə, məlun olandan hələ məlum olmayana, real
olandan qeyri-reala, konkret olandan mücərrədliyə məna sıçrayıçları
başlayır. Dərketmənin, mental proseslərin gücləndiyi, ruhun maddiləşməyə
can atdığı kreativ, yaradıcı mikromühitdə metaforada həmişə bir mistik-
irrasioanal başlanğıc, xəyal gücü, gerçəkliyə fəal emosional müdaxilə və
təkid-təhrik elementi olur. Məşhur Volf Şnayder metaforanı “fantaziyanın
oyunu” (das Spiel der Phantasie) adlandırır (W. Shneider (2), 46). Lorkanın
“fantaziyanın köhlən atı” metaforası da məcazın bu yaradıcı, dəfolunmaz
idrakı gücünə, koqnitiv perspektivlərinə işarə edir. Məcazların, onların
qavranılmasının arxasında gerçəkliyin predmet, hadisə və növbənöv
obyektlərinin zahiri və daxili oxşarlığa, funksiya bənzərliyinə -
addəyişmələrin, əvəzlənmə və alternativlərin müxtəlifliyinə əsaslanan,
yaradıcı şəxsiyyətin daxili konteksti ilə şərtlənən mürəkkəb məntiqi-
semantik strukturlar, fərqli koqnitiv strateqiyalar, praqmatik məqsədlər
dayanır. Filoloji ədəbiyyatda belə bir fikir mövcuddur ki, istər metafora
olsun, istər müqayisə və ya metanomiya, istərsə də digər vasitəli ifadə
forması, qeyri-müstəqim nitq tam mənada, sonadək və bütövlükdə rasional,
birqiymətli düşünülə bilməz (Bax: E. Riesel, E Sehendels (2), 216).
505
Təsadüfi deyildir ki, bəzi müəlliflər bir qeyri-müstəqim, dolayı nitq növü
olaraq məcazları “eine falsche, unsinnige Aussage” (qeyri-həqiqi, mənasız
ifadə) kimi qiymətləndirirlər (Fonằgy, 256). Yoxsa, məsələn, işcilliyə,
fədakarlığa görə bəzi insanlarla nə qədər yaxın, bənzər olsalar da, o boyda
insanla, gözəl, nəcib insanla cırcırama və ya qarışqanı necə müqayisə
etmək, eyniləşdirmək olar? Yaxud, təbiət adlanan ən ulu təbib tərəfindən
sanki eynək taxmış kimi görünən Eule (bayquş) deyilən bəduğur canlını
ondan heç də az bəduğur olmayan neçə-neçə böyük-böyük alimlərlə, alimi-
biəməllə necə yanaşı qoymaq olar? (Almanlarda Eule haman bu tanış-
müəmmalı, ağıllı görkəmi ilə müdriklik, intellekt rəmzi kimi
qiymətləndirilir.) Əslində biz ən pak, ən müqəddəs, ən gözəl və gənirsiz
qadını mələklərlə müqayisə etməklə yanlışlığa yol verir, yeni, çox vaxt
saxta, subyektiv bir reallıq icad etmiş oluruq. Biz həqiqi və imaqinativ
obrazlar arasında bir nöqtədə oxşarlıq tapsaq da, digər əlamatləri dondursaq
da, onları tamamilə və ya qismən neytrallaşdırsaq da, qavrayış prosesində
çoxlu digər assosiyasiyalar, koqnitiv transformasiyalar da qaçılmazdır.
Deyilənlərdən bəlli olur ki, ümumən məcazlara, o cümlədən də
metaforaya sadəcə olaraq bir dil-üslub vasitəsi kimi yanaşmaq özünü
doğrultmur. Filoloji ədəbiyyatda işlənən Namensübertragung (adköçürmə)
– Namensersatz (addəyişmə), Bedeutungsübertragung (mənanın
köçürülməsi), Bezeichnungsübertragung kimi terminlər həmin anlayışların
strukturunu tam əhatə etmir, yalnız hadisənin linguistik mahiyyətinə uyğun
dil informasiyalarının xarakterini önə çəkir. Əslində isə köçürülən,
dəyişdirilən və əvəzlənən adlar, adlandırmalar, mənalar deyil, anlayışlardır.
Bu cəhətdən Begriffsantausch (məfhumdəyişmə, məfhum mübadiləsi)
termininin yerində olduğunu söyləmək olar.
Məlumdur ki, müasir elmdə konseptual və ya koqnitiv
metaforalardan söhbət gedir. Təbiidir ki, insan dərketmə prosesində real
predmet və hadisələrin özləri ilə deyil, onları adlandıran, təmsil edən dil
işarələri ilə düşünür və mühakimə yürüdür. İdrak prosesində sanki hər dəfə
yenidən yaranan və yaşanan dil, dil simvolları öz fəal subyektiv-emosional
başlanğıcını büruzə verir, yeni, sanki fərqli enerqetik güc nümayiş etdirir,
təkrar dərketmə aktına çevrilir. Dil ikinci siqnal sistemi olaraq sanki
substansiyadan, şeylərin gerçək məntiqindən ayrılaraq müstəqilləşir,
506
alternativ bir dünyanı, öz dünyasını yaradır. Öz sistem əlaqələrini
formalaşdırır. Yoxsa dil, törəyən və törədən, törədilən dil bu qədər yalançı
həqiqətləri və gerçək yalanları necə yaradıb mühafizə edə bilərdi? Doğruya
yalan, pisə yaxşı, nahaqqa haqq, əyriyə düz deyə bilərdi? Biz hər dəfə
dediklərimizlə bərabər onların adlandırdığı, tanıtdığı referentləri də birər-
birər göstərə bilsəydik, dili bütün yaradıcı, həyatverici qaynaqlarından
məhrum etmiş olardıq. Ilkin, ibtidai ünsiyyətə qayıtmış olardıq. Bu
vəziyyət bütün linquistik işarələrin kəmiyyət və keyfiyyət
münasibətlərində, o cümlədən məcaz çoxluqlarının qiymət və
qiymətləndirmə hədlərində özünü göstərir. Birbaşa adlandırmanın qeyri-
adekvatlığı, natamamlıq və təxminiliyi bir yana dursun, müəyyən bir
predmeti, hadisəni, prosesi adlandıran, xarakterizə edən dil işarələri, qeyri-
müstəqim dil formaları, dil elementləri də bir-biri ilə fəal təmaslara keçir,
ikitərəfli və çoxtərəfli əlaqələr şəklində yayılır. Məcaz çoxluqlarının
yaranma, törənmə texnologiyası belədir ki, müqayisə və əlaqələndirilə bilən
predmetlər, onların adlandırma və təsviri versiyaları bir məfhum və söz
sahəsində birləşir, nitq gerçəkliyində təkrar-təkrar qaynayıb-qarışır,
çarpazlaşır. Prosesi ən sadə şəkildə belə təsvir etmək olar ki, dil işarələri ya
predmet və hadisələrin oxşarlığı əsasında bir-birinin üzərinə köçürülür,
dəyişdirilir, ya da real məntiqi əlaqələr əsasında birləşir. Sinonim
çoxluqlardan fərqli olaraq burada sözlər adətən müxtəlif məfhum sahələrinə
aid olur. I halda metafora, II halda isə metonimiya yaranır. Təsadüfi
deyildir ki, I halda şeylərin, hadisələrin əlaqələri daha asan qavranılır.
Metafora sadəcə olaraq zahiri və ya daxili oxşarlığa və ya funksiya
eyniliyinə görə adköçürmə, məna inteqrasiyası deyil, iki müxtəlif, fərqli
məfhum sahələrinə aid olan anlayışların semantik koordinasiyası,
funksional paralelliyidir. Dil işarəsinin öz hüdudlarını genişləndirmək
səyidir. Məcazların digər mühüm növü olan metonimiya isə tamamilə
mextəlif, sadəcə olaraq oxşarlıq, analogiya əsasında müqayisə olunan iki
müstəqil, tam muxtar məfhumun qarşılaşması yox, bir-biri ilə əvəz
olunması, müəyyən predmet əlaqələrinə, yaxınlığa görə daha geniş
anlayışın daha kiçik, dar bir anlayışa daxil edilməsi əməliyyatıdır.
Düşünmək olar ki, həm metafora, həm də metonimiya dərketmədəki, anlam
aktındakı çatışmazlığı, natamamlıq və ümumiliyi, mücərrədliyi dəf etmək
507
axtarışlarıdır. Həm də bu axtarışları yeni bilik, həqiqət sərhədlərinə,
mühakimə və ehtimallara yönəltmək təşəbbüsləri və ya həmin səylərin
bitməsi, sona çatmasıdır. Metonimiyanın əlahiddə bir növü, bəzən isə
müstəqil məcazlıq, əvəzetmə fiquru kimi nəzərdən keçirilən sinekdoxa
fiquru isə eyni bir anlayışın məzmun çərçivələri daxilindəki addəyişmə,
mübadilə əsasında meydana gəlir. Deməli, eyni anlayışın məzmun
sərhədlərini genişləndirməyə xidmət edir.
Beləliklə, metafora bir predmetin, hadisənin başqa bir predmet və
hadisə prizmasından, bir məfhum sahəsinin digər məfhum sahəsi vasitəsilə
dərk olunması əməliyyatıdır. Metanimiya müxtəlif, lakin qohum, yaxın
əlaqəli məfhum sahələrinə aid olan anlayışların, predmet və hadisələrin
tipik detalları, koqnitiv segmentləri, təfərrüatları əsasında dəyişdirilməsi,
əvəzlənməsi bünəvrəsində meydana gəlir. Metafora ümumi-müstərək
əlamətə görə aktual denotatın adının başqa bir denotat üzərinə transfer
edilməsidirsə, metonimiya predmet əlaqələri bünövrəsində müxtəlif
məfhum silsiləsinə aid olan adların uyğunlaşdırılması, tənləşdirilməsi, iki
müxtəlif, lakin bir-biri ilə əlaqələnən, semantik cəhətdən birləşə bilən
məfhumların dəyişdirilməsi, müvaziləşdirilməsidir. Bu uyarlıq və fərqi belə
də ifadə etmək olar ki, metafora müxtəlif tematik qruplara aid olan iki
fərqli, lakin müqayisə oluna bilən, dərketmə, mühakimə üçün müəyyən
perspektivlər, koqnitiv imkanlar yaradan adlandırma və ya təsviri
formaların assosiativ əlaqələrə əsaslanan analogiyası, metonimiya isə yenə
də fərqli, lakin sərbəst əlaqələnə bilən iki müxtəlif məfhumların yaxınlıq,
birgəlik əlaqələrinə görə qarşılaşması kimi şərh oluna bilər. Qeyri-səlis
çoxluqların mühüm qaynaqlarından biri olan məcazların bir çox
mənbələrdə ümumilikdə əvəzetmə fiqurları kimi araşdırılması (W.
Fleiseher, G. Michel, 153) heç də təsadüfi deyildir. Əvvəlcədən deyək ki,
elmi-nəzəri ədəbiyyatda mürəkkəb semantik-koqnitiv hadisə olan
məcazların sərhədlərini həm genişləndirmək, həm də daraltmaq,
məhdudlaşdırmaq təşəbbüsləri diqqəti cəlb edir. Bəzi mənbələrdə məcaz
şəkilləri qeyd-şərtsiz leksik perifrazların bir növü kimi şərh olunursa, digər
mənbələrdə, əksinə, bütün perifraz formaları məcazlar adı altında şərh və
izah olunur. (Riesel / Schendels, 231; Fleischer / Michel, 205, 231) Hansı
termin altında nəzərdə tutulmasından və ya hansı terminlə
508
sərhədləndirmələrindən, hüdudlanmalarından asılı olmayaraq məcaz və
perifrazlar, sonra görəcəyimiz kimi, bir çox ümumi və fərqləndirici
semantik-funksional xüsusiyyətlərlə səciyyələnir, qeyri-müstəqim nitqin
(uneigentliche Rede) təzahürləri kimi linquistik qiymət çoxluqlarının
zənginləşməsi və difersesiallaşmasında əhəmiyyətli rol oynayır. Ümumi
olan odur ki, hər iki qeyri-müstəqim nitq davranışında doğruluğun
qiymətləri, maksimal dərəcədə sıxılsa, konkretləşsə də, dərketmənin ümumi
axarında daha artıq qeyri-dəqiq və daha artıq yayılan, məsafələşmiş olur.
Yalnız qeyri-səlis çoxluqlar və qeyri-səlis məntiq və təxmini mühakimələr
nəzəriyyəsi qeyri-müstəqim nitq vasitələri sistemində məcaz çoxluqlarının
yerinin müəyyənləşməsinə, aydınlaşmasına imkan yaradır. Və onların
koqnitiv perspektivlərinin müəyyənləşməsi üçün geniş imkanlar açır.
Qeyd etdiyimiz kimi, bir çox mənbələrdə məcazlar əvəzetmə
fiqurları (Figurationen des Ersatzes) adı altında birləşdirilir ki, bu da qeyri-
səlis çoxluqlar, müvazilik və alternativlik ideyası ilə üzvi surətdə qovuşur.
Biz gözəl qızı “ceyran” deyə vəsf ediriksə və ya Bütün şəhər ayağa
qalxmışdı – cümlə-mətnində “əhali”, “insan” anlayışını məkan adı ilə
dəyişdiririksə, fikrimizi birbaşa deyil, vasitəli, dolayı yolla ifadə etmiş
oluruq. Daha artıq, daha səmərəli praqmatik effektə nail olmaq üçün
əvəzetmə, dəyişdirilmə fiqurlarını işə salmış oluruq. Əslində normadan
kənara çıxmaqla könüllü olaraq, lakin konkret müəyyənləşmiş praqmatik
məqsədə uyğun olaraq birbaşa-rasional ifadə formasından uzaqlaşmış, optik
işarələrin xidmətindən sərf-nəzər etmiş oluruq.
Canlı maraq doğuran məsələlərdən biri də müqayisə olunan və ya
əlaqəlndirilən sözlərin sinonim olub-olmaması, çoxluqlar sırasında necə yer
alması, təmsil olunması məsələsidir. Antik ritorikada məcazlar məhz
sinonimlərdən, müvazi nitq vahidlərindən fərqləndirilmək, ayrılmaq üçün
xüsusi termin altında birləşdirilmişdir. Leksik sinonimlərdən və
sinonimliyin davamı, uzantısı olan perifrazlardan fərqli olaraq məcazlar
eyni məfhum sahəsinə deyil, müxtəlif məfhum sahələrinə aid olduqlarından
onları sinonimlər adlandırmaq olmaz. Biz sinonimləri “eyni şeyləri
müxtəlif cür adlandırma çoxluqları” kimi şərh etmişdik. Heç şübhəsiz ki,
“qız” və ”ceyran” sözləri, yaxud “şəhər” və “sakin”, ”əhali” sözləri sinonim
vahidlər hesab oluna bilməz və sinonim vahidlər də deyil. Lakin bu da
509
şübhəsizdir ki, alternativ vahidlər, mətn daxilində situativ olaraq tənləşən,
müvaziləşən paralel funksional vahidlər kimi işlənməkdədir. Onlar eyni
denotatın variativ ifadə formalarından başqa bir şey deyildir. Əsas və
köçürmə adlandırmalara mətni və ya kontekstual sinonimlər kimi
yanaşanlar da var. Məcazlar məhz ifadə variativliyinin xüsusi bir forması
kimi dərk olunur. Konkret mətn daxilində aktual denotat – referensiya
fərqli qavrayış bucağından
əlamətləndirilərək konket ünsiyyət
intensiyasının təsiri və təzyiqi altında ümumi dominant linquistik dəyişən
üzərinə yönəlir. Bu müxtəliflikləri, uyğunluq və uyğunsuzluqları, paradoks
və uyarlıqları qeyri-səlis çoxluqlar və qeyri-səlis məntiqin anlayışlarından
istifadə etməklə aradan qaldırmaq olar. Qeyri-səlis dilçilik terminləri
ümumən sinonimlik, alternativlik, çoxmənalılıq, omonimlik problemlərinə
həmin dil hadisələrinin semantik-praqmatik və koqnitiv funksiyalarını daha
geniş nəzərlərlə yanaşmağa imkan verir. Yuxarıda göstərilən və heç
şübhəsiz ki, mütəqil leksik vahid olmayan sözləri qeyri-səlis linquistik
çoxluqlar sisteminə daxil etmək olar.
Qeyri-müstəqim nitqin formaları olan məcazlar (metafora-
şəxsləndirmə/ təcəssüm, rəmz, alleqoriya, sinestesiya) və perifraz
texnologiyası(litota, mübaliğə, evfemizm, kinayə) başqa cür demək, başqa
cür ifadə etmək alternativləri kimi daha yüksək dərketmə səviyyəsində
onsuz da qeyri-dəqiq, subyektiv olan insan nitqinin variativ ifadəsinə
istiqamətlənir. Şaxələnmiş variativ adlandırma və təsvirlərin ümumi cəhəti
heç də sadəcə olaraq, oxşarlıq, bənzərlik, yaxud məfhumi yaxınlıq, şəffaflıq
deyil, həm də linquistik dəyişənin qiymətləri, təzahürləri kimi
reallaşmasındadır. Biz kiminsə həddindən artıq fəndgar, hiyləgər olduğunu
ifadə etmək üçün inamla Er ist ein alter Fuchs, Qoca tülkü deyirik.
“”Hiyləgər” və “tülkü”, “listig”, “abgefeimt”, “Fuchs” sözlərini bir araya
gətiririk, onları vahid semantik-koqnitiv sahədə birləşdiririk. Es ist nicht
einfach, diesen Menschen zu durchschauen, Er ist ein alter Fuchs; Bizim
sədri tanımaq sən deyən qədər də asan deyil, o qoca tülküdür / tülkünün
biridir söyləmlərinda “adam”, yaxud “sədr” və “tülkü” sözləri semantik-
kommunikativ baxımdan bərabərləşir.
510
Yenə “ceyran” prototipinə qayıdaq.
Şərq mədəniyyət kontekstində gözəllik simvolu olan “ceyran” fauna
sahəsinə, onunla müqayisə olunan “qız” isə şəxs – antroponimika sahəsinə
aiddir. Məlumdur ki, biz hər hansı gözəl bir qız haqqında da, ondan da
gözəl başqa bir qız haqqında da eyni heyranlıqla “Elə bil ceyrandır/ Ceyran
kimi gözəldir, ceyrandır, Ceyran balasıdır” deyirik. Su sonasıdır deyirik.
“Ceyran balasıdır” deməklə incə bir qavrayış, sevdalı bir yaşantı ilə
gəncliyə, gənc orqanizmin ayrıca gözəllik və təravətinə işarə etmiş oluruq.
Əslində başqa bir estetik obyekt yaratmış oluruq. Fərqinə varmırıq ki, hər
vəziyyətdə, hər bir qavrayış aktında dil müasir qadını - hər gün, hər saat
yeni gözəllik cilvələrində, rəng və boyalarda görünən, vahid, konstant
estetik obyekt olmaqdan çoxdan çıxmış müasir qadını ceyrana bənzətməklə
riskə yol veririk. Daha doğrusu, birtərəfliyə, ədalətsizliyə, yanlışlığa yol
veririk. Ceyran da, maral da, sona da, lap sular sonası da yalnız bircə
əlamətə görə - gözlərin gözəlliyinə, hürkəklik və təbiiliyinə görə qadınla
müqayisə oluna bilər. Bunlar artıq çoxdandır ki, əsl gözəl qadını
xarakterizə edən əlamətlər deyil. Biz burada yenə də sözün, təəssüratın
gerçək reallıqdan irəli keçməsi və ya ondan geridə qalması faktı ilə
rastlaşırıq. Amma bir məsələ də var ki, dil bir əşyalar, obyektlər, hadisələr
toplusu deyil, məhz işarələr, simvollar sistemi olaraq daim öz qüsurunu
unutdurmaq, öz ifadə sərhədlərini aşmaq gücündə olur. İş burasındadır ki,
yalnız “ceyran” və “qadın” bütöv, tam obyektlər kimi müqayisə olunmur,
biz onları konkret bir əlamətə, zahiri gözəlliyə, daha dəqiq desək, bunun
yalnız bir segmentinə görə yaxınlaşdırır və birləşdiririk. Və konkret nitq
aktı başa çatınca yenə də anlayışları ilkin vəziyyətinə, ilkin təyinatına, start
sabitliyinə qaytarırıq. Bu vəziyyət addəyişmənin, sözün deyil, məhz
məfhum transferinin həlledici, tamamlayıcı, təyinedici olduğunu bir daha
təsdiq edir. Həmin müqayisə ilə biz əslində ceyran deyilən, həqiqətən
gözəl, yaraşıqlı xilqəti bütün qüsurlarından, qadın deyilən gözəllik ilahəsini
isə dərketmə prosesində neytrallaşdırılmış, dondurulmuş bütün əlavə
üstünlüklərindən məhrum etmiş oluruq. Əgər biz hətta layiq olub-
olmamasından asılı olmayaraq məşhur müğənniyə Fernsehstar – teleulduz
deyiriksə, virtuoz təyyarəçilərimizi “səma
şahinləri”, “qartal”
adlandırırıqsa, heç də “müğənni” və “star” – ulduz sözlərindən, yaxud
511
“təyyarəçi” və “şahin”, “qartal” sözlərindən tam bərabərhüquqlu,
bərabəryüklü və bərabərqiymətli ifadə vahidləri kimi istifadə etmirik. Onlar
arasında situativ-kontekstual, mətni bərabərləşmə, tənləşmə baş verir. Əgər
Azərbaycan şairi sevgilisinə “Sərvim”, “sənubərim” deyə xitab edirsə,
yaxud alman şairi Göte “İm Schatten sah ich ein Blümchen stehen”deyərək
heyrətini gizlədə bilmirsə, funksional müqabillik, alternativlik qavrayışı
idarə edir. “Yarın sinəsin, sinəsi üstündəki xalı gördüm” / “Hacer bu imiş,
ellər niyə Hacə getmiş” deyə soruşan, ilk növbədə öz-özündən soruşan,
vəcdə gələn başqa bir şair heç də “xal” və “Həcər daşı” adlandırmasını tam
eyni keyfiyyətin müxtəlif ifadə şəkilləri kimi nəzərdə tutmur. “Xal” və
“Hacər daşı” dil formaları bir-birini təqib edə-edə əlvan çalarlar alır. Aşıq
Ələsgər “Mərmərdən bəyaz sinə”, “Savalanın qarı gözəl” deyərkən “sinə”
(bəyaz sinə) və “qar” (“Savalanın qarı”) sözlərini sinonim sözlər, ifadələr
kimi işlətmir. Dilbilməz dilçilərin uydurduğu bu qəlp anlayışın
metafizikasına uymur. Leksik sinonimlər eyni denotata aid olduğu halda,
məcaz çoxluqları, metaforalar və onların isnad verildiyi əsas adlar ayrı-ayrı
məfhum sahələrinin elementləri kimi təzahür tapır. “Müğənni”, ustad,
tanınmış müğənni və “ulduz”, “mərmər” və “sinə”, xüsusilə də “qara” və
“Hacər daşı” müxtəlif məfhum sahələrinə, anlayış sferasına daxil olan canlı
sözlər, ifadələr kimi sayrışır, alternativ sıralar əmələ gətirir. Bu cəhətdən
məcaz şəkillərini əsas adlara əlavə olunan, onlara nəzərən kontekstual
sinonim hesab edən müəlliflərə haqqa qazandırmaq olar. “Əllər şişə,
barmaq qələm” misralarında sözün yaratdığı təəssürat real denotatı,
adlandırılanı kölgədə buraxır. “Sən mənim yarıma bax / Gör nə məlal ilən
gəlir / Özü ceyran balası, bir cüt maral ilən gəlir” misraları şair
təqdimatında gerçək situasiyadan daha parlaq, təkrarsız bir reallıq
modelləşdirir. Bunların hər biri “gözəllik” linquistik dəyişəninin son,
mütləq həddi olmasa da, konkret situasiyada mütləq keçilməz hədd, hüdud
kimi qavranılır. Ifadə alternativləri sonda müvafiq linquistik dəyişənin
yalnız nisbi-subyektiv qiymətləri şəklində gəlişir.
Məfhum transferi, semantik-assosiativ zənginlik məcaz çoxluqlarının
əmələ gəlməsi üçün yaradıcı, törədici amil rolunu oynayır. Bu ilkin
koqnitiv əsas, təməl o qədər güclüdür ki, bir evristik-iradi, obrazlı-
emosional başlanğıc, çoxtərəfli linquistik qiymət səviyyələrindən danışmaq
512
olar. Həmin uyarlığı nəzərə alaraq mən bunlari “obrazlı-assosiativ
çoxluqlar” adlandırdım.
Predmet və hadisələrin daxili və zahiri bənzərliyinə, məntiqi-
semantik əlaqələrinə əsaslanan əvəzetmə fiqurlarının yalnız xalis linquistik
substrat, söz-məna konfiqurasiyaları kimi, təkrar, yenidən adlandırma və ya
təsvir kimi deyil, bir koqnitiv paradiqma olaraq nəzərdən keçirilməsi, heç
şübhəsiz, konseptual metafora nəzəriyyəsinin təməlinda dayanır. Bu
cəhətin, bu elmi həqiqətin etirafı yalnız bədii təfəkkür sisteminin
öyrənilməsi üçün önəm daşımır, bütövlükdə sosial-linquistik paradiqmalar,
yarımsistemlər əmələ gətirən digər funksional üslublar, funksional janrlar,
ələlxüsus da elmi və siyasi diskursların formalaşması və dərk olunması
baxımından olduqca cazbedici görünür. Müqayisə olunan və əlaqələndirilə
bilən əşya və hadisələrin qavranılmasında, birləşdirilməsi və
bütövləşdirilməsində nəsə irsi-genetik bir harmoniyanın, ontoloji
başlanğıcın, mən deyərdim ki, ilkin-təbii bir refleksin, motivin olduğunu
düşünmək də maraqlıdır.
Paul metaforanı “dilin çiçəkləri” (Sprachblumen) adlandırır. Nəzərə
almaq lazımdır ki, bu çiçəklər onun düşündüyü, fəhm etdiyi kimi yalnız
dilin bədii düşüncə tarlasında bitmir, “varlığın evi” kimi dil gülzarının
bütün ərazilərində bitib cücərir, boy göstərir. Sadəcə olaraq ətir saçmır,
gözləri, könülləri oxşamır, həm də, bəlkə daha çox dərketmənin istinad Dostları ilə paylaş: |