10.11.1987
ƏLİM ÇATMIR
Niyə əlim çatmır, ünüm yetməyir,
Haqqın sarayına, haqqın özünə.
Ah-naləm, şivənim, vayım bitməyir,
Bunu kim vuracaq haqqın üzünə?!
Mən ki, içəridən alışan şamam,
Qaraya bürünmüş bəxtsiz axşamam,
Dərdi öz içinə sığmayan damam,
Şişir dağlar kimi özü-özünə.
Hər yanda dəhşətli divanəliklər,
Soyuq ürəklərdə viranəliklər,
Meydanın sulayır heyvanəliklər,
Küllər üfürdülür haqqın gözünə.
Ad-san arayırlar ağlı dayazlar,
Hökmü verən olub könlü avazlar,
Satırlar idrakın özünə nazlar,
Qanunlar afərin deyir sözünə.
09.10.1990
|