110 ШиринХаным Кяримбяйли Шадиман
YARPAQ TƏKİ İLLƏRİM Qopdu düşdü yarpaq təki illərim,
Qara saçlar acı yelə tuş oldu.
Zəncirləndi bəxt evində əllərim,
Cavanlığım bir köçəri quş oldu.
Səbri kəsdi ömrün eniş-yoxuşu,
Puç eylədi kimlərin bəd baxışı,
Tutdu məni yaman dillər qarğışı,
Kabab olmuş bəxtim dərdə nuş oldu.
Kim deyər ki, zaman məni güldürdü?
İçimdəki yaram gildir-gildirdi,
Bu bəxt məni diri gözlü öldürdü,
Yaxşı işim yaman dildə faş oldu.
Əzəl gündən murad atım yıxıldı,
Köksüm dərddən min yol yanıb-yaxıldı,
Talesizlik yazıq başa çaxıldı,
Acılarım ürəyimdə daş oldu.
Nə etdim ki, ələm mənlə çarpışdı,
Çocuq təki ətəyimdən yapışdı,
İtgin düşmüş dərdlər qəlbdə tapışdı,
Gözlərimdə gilələnib yaş oldu.
Əcəl atım bəxt evinə yollandı,
Taleyimi qırx quyuya tulladı,
Ağ bəxtimi min qarayla qolladı,
Dünya tutmaz dərddən-qəmdən baş oldu.
Şadimanın içi ələm yuvası,
Öldürübən nə‘şini qəm yuvası,
Zərgər könlüm tapmaz sevinc qəvvası,
Ömrüm yaman ağızlarda tuş oldu.
12.07.1991