MƏN HARDA GİZLƏYİM İZTİRABIMI?
Gözümdə gizlənib niskilli nəmlər,
Mənə acı verir ağrılı dəmlər,
Canımın sirdaşı ah dolu qəmlər,
Dövranın ağrısı kəsib tabımı,
Mən harda gizləyim iztirabımı?
Kimə can dedimsə, qan dedi mənə,
Saldı ürəyimi dumana, çənə,
Bürünüb ağrıya, acıya sinə,
Fələk qara yazıb bəxt kitabımı,
Mən harda gizləyim iztirabımı?
Əlimdə qələmim ağlar halıma,
Misralar hıçqırar hər zavalıma,
Batmışam özüm də qeylü-qalıma,
İtirib zamanım haqq-hesabımı,
Mən harda gizləyim iztirabımı?
Şadiman zənn etdi bu dünya mələk,
Əlində ağladı binəva dilək,
Şəkəri özünə götürən fələk,
Zəhərlə doldurub könül qabımı,
Mən harda gizləyim iztirabımı?
Dostları ilə paylaş: |