DÜNYANIN VƏFASI PARADAN KEÇİR
Diləkdən, sevdadan, həyatdan deyən,
Hər dərdin əlacı çaradən keçir.
Özünü, pulunu, varını öyən,
Dünyanın vəfası paradan keçir.
Adamın bədənlə can döyüşüdü,
Cahana gələnin an yürüşüdü,
Vicdanın idrakla vaxt görüşüdü,
Gələnlər haqq deyən sıradan keçir.
Həyat həm sevincdir, həm də kədərdir,
Gələn gəldiyitək çıxıb gedərdir,
Demə, taleyini yazan qədərdir,
Bax gör addımların haradan keçir?
Ağılın vəfası cibində gəzir,
Qanmayan həyatın dibində gəzir,
Yaradan bəndəni təbində gəzir,
Onun da yolları qaradan keçir.
Acizlik insanı əyər yay təki,
Qopar ürəyində ahu-vay təki,
Şadiman, duyğular coşan çay təki,
İdrak – can deyilən aradan keçir.
Dostları ilə paylaş: |