04. 04. 2004
PAYIZ AXŞAMI
Qəlbimi, ruhumu alıb əlimdən,
Tufan qoparırsan, payız axşamı.
Bu coşğun təbimi o pak elindən,
Hara aparırsan, payız axşamı?
Yandırma ürəyi, atıb qoynuna,
Qoymursan könlümü odda qoruna,
Çılğın diləkləri salıb toruna,
Hara aparırsan, payız axşamı?
Sükut içindədir gecənin bağrı,
Silinib qəlbimdən hər acı-ağrı,
Hicrində alışan ürəyi, bağrı,
Hara aparırsan, payız axşamı?
Köksümdə alışan ulduzlar səf-səf,
Hüsnünü oxşayan hilalın sədəf,
Qara şallı gecə uyğuma kələf,
Hara aparırsan, payız axşamı?
Şadiman bir şərqi oxuyur pəstə,
Sevgiylə alışan ürəyi xəstə,
Durmusan təbimlə yenə də qəsdə,
Hara aparırsan, payız axşamı?
11.11.1991
|