143 Сечмяляр (шеирляр)
MƏNƏ BİR İMKAN VERİN Yenə də qanadlanan ruhum durna köçüdür,
Ağlayan ürəyimin görünməyən içidir,
İlan təki sürünən yamanlıqlar neyçindir?
Zəka səltənətinin eşqi dərindən dərin,
Duyğumu qaynatmağa mənə bir imkan verin.
Titrəyən diləklərim ürəklə qol-boyundur,
Ömür hər bir insana Tanrı yazan oyundur,
Ruhumu çağıran el, sənin kökün-soyundur,
Bülbültək çağlamağa çiçəkli məkan verin,
Duyğumu qaynatmağa mənə bir imkan verin.
Bax baharın nəfəsi duyulur yerdə, göydə,
Yaşıllaşır çinarlar, buta bağlayır iydə,
Şəbnəmlər nur ələyir bir saçaqlı söyüdə,
Şimşəktək alışmağa ruhuma təkan verin,
Duyğumu qaynatmağa mənə bir imkan verin.
Bir az dəli kimiyəm, bir az coşğun irmağam,
Az qalıram buluddək dolub şıdırığı yağam,
Canım bədəndə durur, şükür ki, hələ sağam,
Şadimana bir dəniz, qayıqlı yelkən verin,
Duyğumu qaynatmağa mənə bir imkan verin.
12.05.2013