156
Ширин Ханым Кяримбяйли Шадиман
QIRMA ÜMİDİMİ…
Keçmişi geriyə qaytarmaq çətin,
Dikəlir içimdən asimana ah.
Məni peşman etdi bu səadətin…
Qırma ümidimi, qırma, sən allah.
Ürəyim, bağırım, qəlbim didərgin,
Keçir saatlarım, anlarım gərgin,
Bitib-tükənməyir acılar sərgin…
Qırma ümidimi, qırma, sən allah.
Rüzigar sərt əsdi tale bağımda,
Dərdin dastan oldu qəlb varağımda,
Ayrılığın gəzir nə sorağımda?
Qırma ümidimi, qırma, sən allah.
Nə qəmli könlümü güldürə billəm,
Nə qəlbdə sevgini öldürə billəm,
Nə bəxtdən yazımı sildirə billəm,
Qırma ümidimi, qırma, sən allah.
Yoluna dikilən gözümü qoru,
Qapımda sərgərdan izimi qoru,
Səni əzizləyən dözümü qoru,
Qırma ümidimi, qırma, sən allah.
Şadiman onsuz da canından bezar,
Tale acıların vərəqə yazar,
Sənsiz ürəyimə ürəyim məzar..!
Qırma ümidimi, qırma, sən allah.
22.12.1994
|