178
Ширин Ханым Кяримбяйли Шадиман
GƏLMƏ BU YERƏ
Tənəli baxışlar gəzir üzümdə,
Yamanlar söyləyir ağzından hərə.
Sədaqət görmədim bircə sözündə,
Sən allah, sən tanrı, gəlmə bu yerə.
Bu çılğın ürəyim qüssədən naçar,
Mən qürbət quşuyam, bağım kim açar?!
Uçar bir gün eşqim, başımdan uçar,
Sən allah, sən tanrı, gəlmə bu yerə.
Gözüm gözlərindən ayrı olsa da,
Əqrəbtək köksümü həsrət çalsa da,
Sınıq ürəyimdə nisgil qalsa da,
Sən allah, sən tanrı, gəlmə bu yerə.
Mən öz mənliyimi ucuz tutmaram,
Eşqimi zirvədən düzə atmaram,
Dünyada ağılı qəlbə satmaram,
Sən allah, sən tanrı, gəlmə bu yerə.
Ayrılıq qəlbimdə saçsa da ocaq,
Dözüb ağrılara, çox dayanacaq,
Olsa da qəlbimə son dayanacaq,
Sən allah, sən tanrı, gəlmə bu yerə.
Heç kəs, səni kimi, qəlbə yatmadı,
Mən səni atsam da, ürək atmadı,
Onsuz ömür-günüm kama çatmadı,
Sən allah, sən tanrı, gəlmə bu yerə.
04.08.1991
|