Ədəbi və fəlsəfi kontekstdə şərq-qərb
münasibətləri
Hər hansı bir mədəniyyətin meydana gəlməsinin
əsasını inteqrativlik və özünü dərk prosesi təşkil edir.
Bu həm fərdi, həm də ictimai dünya görüşünə istinad
edir. Məhz buna görə də müxtəlif mədəniyyətlər
arasında olan transformasiyalar özünü dərkə istinad
edərək dünya görüşlərinin qarşılıqlı nüfuz etmə
mənasına gəlir. Milli kimlikdən fərqli olaraq, özünü
dərk sosial tərifə ehtiyac olmadan fərdi şüuru əks
etdirir. Məhz milli kimlik məfhumu mərhələli olaraq
milli özünü dərkə istinad edərək formalaşır. Belə ki,
mədəniyyətlərin inteqrativliyi və özünü dərk prosesi
daha əhatəli varlıq anlayışı və davranış modelləri
vasitəsi ilə yaranır. Fenomonologiya metodu ilə
mütləq bir idrak səviyyəsinə çatmağa səy edən
məşhur Alman filosofu Edmund Husserl həyat
dünyasının elmi tədqiqata müdaxilə etdiyini, bu
dünyanın bizə verilmiş olduğunu və bizim özümüzü
ancaq onun içində təcrübə və idrak edə bildiyimizi
vurğulamışdır. Məhz Aida İmanquliyeva bu
kontekstdə Livanın belə bir coğrafi məkanda, Şərqlə-
Qərbin kəsişmə nöqtəsində yerləşməsini də
intellektual mühitin yaranmasına səbəb olduğunu
ifadə edir. İmanquliyeva bu sintez məsələsinə
toxunaraq Əndəlisdə yaranan ədəbiyyatın Qərbi
Avropa və Şərq arasında vasitəçilikdə rolunun böyük
olduğunu vurğulayır: “Ərəblərin mənimsədikləri
antik, qədim şərq və ərəb-müsəlman ənənələri
Əndəlis vasitəsilə Avropaya yayılırdı”.
Ümumiyyətlə, mədəniyyətlərarası dialoqun
əsasını “mən” və “başqası” məfhumlarının
münasibətləri təşkil edərək funksionallıq və mahiyyət
baxımından həlledici rola malik olurlar. Belə ki,
“mən”, hər hansı bir mədəniyyətin və ya
sivilizasiyanın daxilində “başqa”larından fərqli
düşünmə sistemləri ilə qarşılaşır. Nəticədə “mən`”
sivilizasiyalararası əlaqədə həm qəbul etmə, həm də
ayrılma mənasında özünü ancaq başqası və ya başqa
sivilizasiya vasitəsi ilə müəyyən edir. Levinasın da
qeyd etdiyi kimi: “insanlığın mənbəyi, bəlkə də,
Başqasıdır”.
Aida İmanquliyeva ədəbi-fəlsəfi ümumiləşdirmə
nöqteyi nəzərindən Cübran Xəlil Cübran, Əmin ər-
Reyhani və Mixail Nuayməni bu kontekstdə belə
dəyərləndirir: “Onlara əzəldən Şərq xalqlarının mədə -
niyyətinə xas olan ümumbəşəri və humanist ideallar
əsasında öz doğma mədəniyyətlərində bu dəyərlərin
təsdiq üçün müvafiq üsullar tapmaq asan idi. Eyni
zamanda heç vaxt unutmaq lazım deyil ki, bu
yazıçıları öz vətəninin adət-ənənələrini və öz dilini
qoruyub saxlayan mühacirlər mühiti əhatə edirdi.
Buna görə də onlar iki mədəni ənənənin –həm Şərqin,
həm də Qərbin mədəni əlaqələrinin daşıyıcıları
oldular”.
Ümumiyyətlə isə hermenevtik prosesin özünü
dərk məfhumu ilə birbaşa əlaqəsi vardır və burada
əsas ölçü nüfuzetmə xüsusiyyətinə malik olmaqdır.
Başqa bir ifadə ilə, özünüdərk digər mədəniyyət
ünsürləri ilə açıq və bölüşə bilən mahiyyətdə
olmalıdır. Həyat tərzinin müxtəlifliyi və fərqli
mədəniyyət formaları, özlərini yarada bilmə
qabiliyyətlərinin şaquli və üfüqi səviyyədə var
olmaları ilə səciyyələnir. Belə bir mədəniyyətdə
özünüdərkin ən təsirli iki nümunəsi olaraq Böyük
İsgəndərin siyasi hakimiyyəti altında yaranan
mədəniyyətlər hövzəsi və İslam mədəniyyətinin
Abbasi, Əndəlüs, Osmanlı və hind hövzələrində
meydana gələn dəyişik formalarını göstərmək
mümkündür. Daha sonralar İslam mədəniyyətinin
uzunmüddətli inteqrasiya prosesində İpək yolu
vasitəsilə iqtisadi və mədəni əlaqələr Buxaradan
Qahirəyə, İstanbuldan Qrenadaya qədər əraziləri
əhatə etmişdir. Bunun nəticəsində də fərqli
şəhərləşmə modeli vasitəsilə meydana gələn həyat
tərzləri, müştərək məfhumlar kateqoriyası və
linqvistik vasitələr müxtəlif intellektual məktəblərin
ortaya çıxmasına səbəb olmuşdur.
Dostları ilə paylaş: |