14.Qurddan doğulanlar haqqında əfsanələr Çin qaynaqlarındakı bu maraqlı əfsanə tele adlanan türk xalqının haqqındadır: Tele hökmdarının 2 (bəzi qaynaqlarda 3) qızı olur. Qızlar o qədər gözəl olur ki, hökmdar onları insan oğluna qıymır. Onları Tanrıya ərə verməyi düşünür. O, qızları dağın başına qoyur. İlahi qurd gəlir. Qızlardan kiçiyi İlahi qurda ərə gedir. Bu evlilikdən töles xalqı yaranır. Bu əfsanə isə Toba sülaləsi dövrünə (b.e.385-550) aid qaynaqlarda əks olunur.
Shou sülaləsinin (b.e.557-580) illiyində isə göytürklərin qurddan törəməsi haqqında əfsanə əks olunur: Göytürklər hun soyundan gəlirdilər. Lin adlı bir ölkə onları məğlub etdi və hamısını qırdı. Azyaşlı bir uşaq qaldı. Ona qıymadılar. Ayağını kəsib bataqlığa atdılar. İlahi qurd gəldi, uşağı böyütdü və ona ərə getdi. Düşmənlər uşağın sağ qaldığını eşidib gəldilər. Qurd qaçdı. Turfanın şimalında yerləşən dağa getdi. Orada on uşaq dünyaya gətirdi. Göytürklərin on tayfası bu uşaqların törəmələridir.
Həmin sülalə illiyində bu əfsanənin başqa bir variantı da var: Göytürklərin ataları Sou ölkəsindən çıxmışdılar. Onların qəbilələrinin rəisinə Apanqpu deyilirdi. Onun 17qardaşı var idi. İci Nisitu adındakı qardaş qurddan doğulmuşdu. Qardaşlar məsuliyyətsizlik etdiyi üçün dövlətləri düşmənlər tərəfindən dağılır. İci Nisitunun iki arvadı var idi. Onlar yaz və qış tanrısının qızları idı. Bu üzdən o, yağış yağdırıb külək əsdirə bilirdi. Bu kadınlardan birinin dörd uşağı oldu. Uşaqlardan biri ağ leyləyə çevrildi. İkinci uşaq Afu ilə Kem çayı arasına getdi. Onun adı Qırğız idi. Üçüncü uşaq Çu-cin suyunda yerləşdi. Dördüncü uşaq Şensi ilə Şin dağları arasında yaşayırdı. Bura soyuq idi. Böyük qardaş odu icad etdiyinə görə onu böyük seçərək Türk adı verdilər. Onun öz adı Natulu idi. Türkün on uşağı olur. Onların hər biri öz soyadlarını analarının adından alırdı. Göytürk dövlətini quran Aşina ailəsi Türkün kiçik arvadının soyundan gəlirdi. Türk öləndən sonra on qardaş aralarından başçı seçmək üçün toplandılar. Şərtə görə, kim ağaca doğru yüksəyə atlana bilsə başçı olacaq. Aşinanın (Altun şuna) oğlu ən yüksəyə atlanır. Onu başçı seçirlər.