12.Klassik folklorun xüsusiyyətləri və janrları; Klassik folklor ibtidai qəbilə quruluşunun dağılması və ilkin dövlətlərin yaranması ilə bağlı olaraq ortaya çıxır. Yazının yaranmasının da ilkin dövlət quruluşunun yaranması ilə bağlı olduğunu nəzərə alsaq, klassik folklorun yazı mədəniyyəti ilə birgə doğulduğunu görərik. Klassik folkorlorda söz magik mənasını itirir və bədii-estetik mahiyyət daşıyır. Başqa sözlə, klassik folklor bədii yaradıcılığın qanunları ilə yaranır. Məlum folklor janrlarının əksəriyyəti klassik folklorun janrlarıdır. Dastanlar, nağıllar, lətifələr, əfsanələr, rəvayətlər, əhvalatlar, xatirələr, bayatılar, laylalar, oxşamalar, düzgülər, atalar sözləri, tapmacalar, yanıltmaclar və s. bu qəbildəndir.
Klassik folklor bədii yaradıcılığın qanunları ilə yaransa da, mərasimlə əlaqəsini tamamilə itirməyib və onun mərasim kökləri hələ də görünməkdədir. Məsələn, xalq ənənəsi gündüz nağıl deməyi yasaq edir:
Gündüz nağıl deyənlər,
Gecə dırnaq tutanlar,
Həyəm bura gələrsiz,
Odlu kösöv yeyərsiz.
Deməli, nağılı ancaq gecə söyləmək olar. Mifoloji inanclardan bəllidir ki, gecə ruhların evləri ziyarət edən vaxtıdır. Belə məlum olur ki, gecə nağıl söyləmək həm də ruhları məmnun etmək mahiyyəti daşıyır. Dastanlar və klassik folklorun bəzi başqa janrları da ( əfsanə,rəvayət, əhvalat, lətifə) oxşar mahiyyət daşıyır.
13.Müasir folklorun xüsusiyyətləri Müasir folklor: Folklor yaradıcılığının üçüncü mərhələsi “müasir folklor” adlanır. Müasir folklor özünün bir sıra xüsusiyyətləri ilə klassik folklordan fərqlənir
1.Klassik folklorun vətəni kənddir. Onun daşıyıcıları kəndlilərdir. Şəhərdə yaşayan klassik folklor nümunələri kənddən gəlir. Müasir folklorun isə vətəni şəhərdir. O şəhərdə yaranır və şəhərdən kəndə yayılır.
2.Klassik folklor min illər boyu formalaşan ənənə əsasında yaranır və ənənəvi mahiyyət daşıyır. Müasir folklor qeyri-ənənəvidir. Orada klassik folklora məxsus ənənəvi ünsürlər yox dərəcəsindədir.
3.Klassik folklor üzünü keçmişə çevirir. Yəni keçmişdə olmuş hadisələrdən bəhs edir. Müasir folkor isə üzünü bu günə tutub, bu günün aktual məsələlərindən bəhs edir.
4.Klassik folklordan fərqli olaraq müasir folklor yazı mədəniyyətinin içərisində yaranıb və yazı mədəniyyətinə bağlıdır.
Şəhər mədəniyyəti inkişaf etmiş ölkələrdə onun çoxlu janrları mövcuddur. Bununla yanaşı, Azərbaycanın Bakı, Gəncə, Şəki, Təbriz kimi şəhərlərində müasir folklor nümunələri yaranmaqdadır. Meyxana, şəhər lətifələri, ayrı-ayrı tanınmış şəxsiyyətlərdən bəhs edən rəvayət, əhvalat və xatirələr, şayiələr və qeybətlər və s. müasir follkor nümunələridir.