10.Folklorun yaranma mərhələləri və tipləri; Folklor şifahi söz yaradıcılığı və kollektiv ənənəvi bilikdir. Şifahi söz yaradıcılığı tarixi baxımdan üç mərhələdən keçir: arxaik, klassik, müasir.
Arxaik folklor şifahi söz yaradıcılığının ilk mərhələsidir və mifoloji düşüncənin məhsuludur. Arxaik folklor nümunələri bu gün də yaşayır. Ancaq bu örnəklər dünyanın mifoloji mənzərəsindən təmizlənmiş haldadır. Belə ki, bu örnəklərdə, əsas etibarilə, bu inancın tarixi, bu mərasimin keçirilməsi səbəbi barədə heç nə deyilmir. Bununla yanaşı, bu örnəklərdə söz, mifoloji dövrdə olduğu kimi, magik məna daşıyır. Yəni söz, hansısa təbiət qüvvəsinə (küləyə, yağışa, günəşə) ruhlara, heyvana və ya insana təsir etmək funksiyası daşıyır və bir çox hallarda mərasimə bağlı vəziyyətdədir. Müəyyən hallarda isə mərasimdən qoparaq müstəqil şəkildə yaşayır.
Mərasim nəğmələri və qədim mərasimdən baş götürən inanclar, alqış və dualar, qarğışlar, andlar, sınamalar arxaik folklor janrlarıdır.
Arxaik folklordan sonra klassik folklor gəlir. Klassik folklor ibtidai qəbilə quruluşunun dağılması və ilkin dövlətlərin yaranması ilə bağlı olaraq ortaya çıxır. Yazının yaranmasının da ilkin dövlət quruluşunun yaranması ilə bağlı olduğunu nəzərə alsaq, klassik folklorun yazı mədəniyyəti ilə birgə doğulduğunu görərik. Klassik folkorlorda söz magik mənasını itirir və bədii-estetik mahiyyət daşıyır. Başqa sözlə, klassik folklor bədii yaradıcılığın qanunları ilə yaranır. Məlum folklor janrlarının əksəriyyəti klassik folklorun janrlarıdır. Dastanlar, nağıllar, lətifələr, əfsanələr, rəvayətlər, əhvalatlar, xatirələr, bayatılar, laylalar, oxşamalar, düzgülər, atalar sözləri, tapmacalar, yanıltmaclar və s. bu qəbildəndir.
Klassik folklor bədii yaradıcılığın qanunları ilə yaransa da, mərasimlə əlaqəsini tamamilə itirməyib və onun mərasim kökləri hələ də görünməkdədir. Məsələn, xalq ənənəsi gündüz nağıl deməyi yasaq edir:
Gündüz nağıl deyənlər,
Gecə dırnaq tutanlar,
Həyəm bura gələrsiz,
Odlu kösöv yeyərsiz.
Deməli, nağılı ancaq gecə söyləmək olar. Mifoloji inanclardan bəllidir ki, gecə ruhların evləri ziyarət edən vaxtıdır. Belə məlum olur ki, gecə nağıl söyləmək həm də ruhları məmnun etmək mahiyyəti daşıyır. Dastanlar və klassik folklorun bəzi başqa janrları da ( əfsanə,rəvayət, əhvalat, lətifə) oxşar mahiyyət daşıyır.