Tarixi-coğrafi məktəb. 1901-ci ildə Helsinkidə Folkorçuların Beynəlxalq federasiyası yarandı. Onun əsasını Kaarl Kron, K.Sidov və A.Olrik qoymuşdu. Onların əsərləri Folklorşünaslar Federasiyasının Nəşrlərində çap olunurdu. Bu təşkilat xüsusi metodoloji konsepsiya irəli sürdü və ona uyğun şəkildə də araşdırma apardı. Onların araşdırmaları, adətən, konkret bir süjetin araşdırılmasına həsr olunurdu. Bu zaman, öncə, süjetin nömrələnmiş bütün variantlarının siyahısı tutulur. Material etnik prinsip üzrə paylanır, hər bir xalq üçün şifr müəyyən olunur.
II mərhələdə onlar süjeti təşkil edən motivləri tutuşdurub müqayisə edirlər və bütün hallar qeyd olunur. Burada məqsəd ondan ibarətdir ki, hansı formanın sıx şəkildə işləndiyini müəyyən etsinlər. Nisbətən sıx şəkildə işlənən formanı əsl və qədim hesab edirdilər.
III mərhələdə isə süjetin vətəni və onun tarixi öyrənilir. Elə ona görə də bu məktəb tarixi-coğrafi adı alıb. Süjetin yarandığı coğrafi məkan da həmin statik prinsiplə müəyyən olunur. Süjetin vətəni yazıya alnmış mətnlərin kəmiyyət çoxluğu ilə müəyyən olunur. Hansı bölgədən daha çox mətn toplanıbsa, deməli, süjet də o bölgədə yaranıb.
Qeyd edək ki, bu məktəbin praformanı (əsas formanı) və ya süjetin tarixi vətənini müəyyən etmə metodu yanlış sayılır və dəfələrlə tənqidə məruz qalmışdır.
B.Y.Propp bu məktəbi tənqid edərək göstərir ki, bütöv variantların yazıya alınmasına cəhd həmişə nisbi olur. Çünki zaman keçdikcə yeni mətnlər yazıya alınır və araşdırmadan alınan nəticə həmişə özünü doğrultmur. Müəllif fin məktəbini süjetlərin müxtəlif xalqlarda müstəqil şəkildə yarana biləcəyi və bir süjetin başqa süjetdən törəməsi ehtimalını nəzərə almamaqda günahlandırır. V.Y.Propp fin məktəbini süjetin qədim vətənini müəyyən etmə metodunu da tənqid edir. Müəllif dünyanın əksər ölkələrində toplamanın zəif və ya heç aparılmadığını nəzərə alaraq toplanmış mətnlərin məsələnin əsl üzünü göstərmədiyini diqqətə çatdırır.