26. Oğuz haqqında dastan və onun ideyası Oğuz haqqında dastanın Oğuznamə versiyası Oğuzun əcdadları haqqında məlumatla başlanır. Mətndə “Bibliya” və “Quran” ənənəsinə uyğun olaraq Nuh və oğlu Yafəsin adı çəkilir. Yafəsə türklərin Bulca və ya Olcay dedikləri qeyd olunur. Nuhun onu “Türküstan və onunla sərhəd olan bölgələrdə” yerləşdirməsi xatırlanır. Ardınca onun oğlu Dib Yavkuy xan, onun oğlu Qaraxan, onun oğlu Oğuz xan şəklində soykötüyü sıralanır.Oğuzun dünyaya gəlişi ilə süjet hərəkətə gəlir. Tək Tanrıya inanmayana qədər o, anasının südünü əmmir. Oğuz əmisi qızlarının içərisində Tək Tanrıya inananla evlənir. Oğuzun imtina etdiyi qızlar böyük şölən zamanı Oğuzun onlarla evlənməməsinin sirrini açırlar. Qara xan və qardaşları (Kür xan, Küz xan) Oğuzu öldürmək istəyirlər. Oğuz məsələdən xəbərdar olur. Döyüş öncəsi, Əbülqazi mətninə görə, əmilərinin oğlanları Oğuzun tərəfinə keçir və döyüşdə Oğuzun atası və əmiləri ölürlər. Oğuz əmilərinin tayfaları ilə yetmiş beş il döyüşüb onları Türküstandan çıxarır və Tuğla çayı vadilərinə qovur. Oğuz onları lənətləyib “bədbəxt, qəmli, məzlum” anlamı daşıyan moval adı verir. Yəni, Oğuznamə moğol etnonimini bu şəkildə mənalandırır. O, öz tərəfdarlarına isə “uyan, qoşulan” anlamı daşıyan uyğur deyir. Oğuznaməyə görə, kanklı, kalac, karluk və qıpçaqların əcdadları da uyğurlar arasında idi.
Oğuz Çin, Maçin, Hind, Qur, Qarcistan, Habil və Zabili fəth edir, Sınmi Yağma xan, İnal xan, Qara Şit Yağı üzərində qələbə çalır.
Oğuz vətənin müdafiəsini uyğurlara tapşırıb “doxsan min yurddan” “on toquz oğuz” adı daşıyan bir ordu yaradır. Yəni öz ordusuna “oğuz” adı verir və onlarla dünyanı fəth etmək üçün səfərə çıxır.
Səfərdən öncə Oğuz ordunun sürətli hərəkəti üçün qocaların ordudan ayrılmasını əmr edir. Ancaq Qara Sülük adlı bir əsgər atası Yuşi Xocanı sandığın içərisində gizlədib özü ilə aparır. Səfər zamanı bir çox qələbələr Yuşi Xocanın məsləhəti ilə mümkün olur.
Səfər zamanı Oğuz başqurdları və Kıl Barak xalqını itaətə gətirir. Qaranlıq dünyaya səfərdən sonra Dərbəndə gəlir. Dərbənd və Şirvan fəth olunur. Maraqlıdır ki, “Oğuz kağan” dastanında Oğuzun atı Muz dağında, Oğuznamədə isə Dərbəndin alınması zamanı itir.
Dərbəndin ardınca Oğuz Şirvanı, Muğanı, Aranı tutur. Savalan, Ala dağa, Aqdıber dağlarına ad verir. Oğuz orduya əmr edir ki, hər bir əsgər bir ətək torpaq gətirsin. O öncə özü ətəyinə torpaq yığıb bir yerə tökür. Qalanan torpaqdan böyük bir təpə yaranır. Oğuz bu təpəyə Azərbayqan adı verir. Azər Oğuznaməyə görə, “yüksək”, bayqan“ dövlətlilərin, böyüklərin yeri” deməkdir. Bu şəkildə Oğuznamə Azərbaycana xüsusi diqqət yetirir.
Oğuz hərbi yürüşlərini davam etdirir. Gürcüstan, Antakşəhrin Təkfur xanı, franklar və rumlular boyun əyir. Dəməşq və Misir könüllü olaraq tabe olur. Oğuz geriyə dönüb şərq istiqamətində irəliləyir. Bağdaddan sonra Bəsrə, Xuzistan tutulur. İsfahanlıların müqaviməti Yuşi Xocanın düşündüyü hərbi hiylə ilə qırılır. Ardınca İranın başqa bölgələri tutulur. Oğuz Türküstana dönür. Bozoq-Uçoq sistemini yaradır. Hakimiyyəti oğlu Gün xana vəsiyyət edib dünyasını dəyişir. Oğuz haqqında dastanın ardınca həm Rəşidəddin, həm də Əbülqazi oğuznamələr silsiləsini verir.
Oğuzun vəsiyyətinə görə, ondan sonra hakimiyyətə böyük oğlu Gün xan gəlir. Gün xandan sonra taxta oğlu Dib Yavkuy xan oturur. Dib Yavkuy xandan Uladmur Yavkuy xana qədər davam edən doqquz sülalə üzvü (naib sifətində Tuman xanı əvəz edən Kol Erki xanı çıxmaq şərti ilə) hakimiyyətə “atadan oğula” prinsipi ilə gəlir. Uladmur Yavkuy xanı qardaşı Qara Alp əvəz edir. Oğuznamə qardaşın hakimiyyətə gəlməsini sonuncu hökmdarın oğlunun olmaması şəklində motivləşdirir. Qara Alpdan sonra oğlu Buğra xan, Buğra xandan sonra oğlu Qoru təkin gəlir. Qoru təkindən sonra “onun qohumlarından biri Oyunak padşah olur”. Oyunakı oğlu Qara Arslan xan əvəz edir. Qara Arslan xandan sonra hakimiyyətə əmisi oğlu Osman gəlir. Mətndə bu hadisə Qara Arslan xanın oğlunun kiçik yaşlı olması ilə izah olunur. Osmandan sonra hakimiyyətə Əsli xan gəlir. Əsli xanla Osmanın qohumluğu haqqında heç nə deyilmir. Əbülqazi Əsli xanı Osmanın kiçik qardaşı kimi təqdim edir. Təsvir olunan mənzərə açıq şəkildə göstərir ki, Oğuznamə siyasi hakimiyyət vərəsəliyinin “atadan oğula” prinsipini irəli sürür.