43.“Koroğlu” surəti: epik xarakter “Koroğlu” söyləyici-dinləyici yaddaşında yalnız qəhrəman obrazı kimi deyil, eyni zamanda mistik qüvvəyə malik olan sakral simvolik obraz kimi yaşayır. Koroğlu obrazının sakrallığını təsdiq edən üç simvol var: Çənlibel, Misri qılınc və Qırat. Çənlibelin mistik qoruyucu gücünü bildiyindən Alı kişi oranı oğluna məsləhət bilir. Koroğlu və Çənlibel, Qırat və Çənlibel, dəlilər və Çənlibel arasında mistik-ilahi əlaqə mövcuddur. At və silah (Misri qılınc) epik qəhrəman tipinin strukturunu müəyyənləşdirir. At Koroğlu obrazının ayrılmaz atributudur, onun sakral statusunun göstəricilərindən biridir. Ona görə də Koroğlu-Qırat, Giziroğlu Mustafa bəy-Alpaça həmişə vəhdətdə təqdim edilir. Qəhrəmanın silah - savaş qiyafəti “bahadırlıq mətni” nin vacib artefaktlarıdır. “Koroğlu” qəhrəmanlarının özlərini silahla və atla eyniləşdirməsi mifik düşüncədən gələn bir özəllikdir.
Koroğlunun epik qəhrəman kimi bir özəlliyi də ondadır ki, onun bir əlində qılınc, o biri əlində saz var. O, yalnız şər qüvvələrə qarşı savaşan, döyüşən igid deyil, həm də söz qoşub saz çalan bir aşıqdır.
Koroğlunu səciyyələndirən və başqa dastan qəhrəmanlarından fərqləndirən bir cəhət də onun dəli nərəsidir.
44. “Koroğlu” dastanının ənənəvi qəhrəmanları Azərbaycan qəhrəmanlıq dastanlarında xalqın həyatı ilə bağlı tarixi hadisələrdən, onun haqq-ədalət və azadlıq uğrunda apardığı mübarizədən bəhs edilir. Belə dastanların qəhrəmanları xalq içərisindən çıxmış mərd və igid insanlar olur. Qəhrəmanlıq dastanları əsasən, xalq qəhrəmanları haqqında olan rəvayət və nəğmələr əsasında yaranır. Ən məşhur qəhrəmanlıq dastanlarından biri də "Koroğlu" dastanıdır.
Dastanın adından da göründüyü kimi, dastanın baş qəhrəmanı Koroğludur. Lakin Koroğludan başqa da dastanda iştirak edən qəhrəmanlar var. Bunlara Dəli Həsən, Eyvaz, Bəlli Əhməd, Dəmirçioğlu və b. aiddir.
Bu qəhrəmanlardan Dəli Həsən Çənlibel igidlərinin ən nüfuzlusudur. Hələ Koroğlu ilə rastlaşana qədər Dəli Həsən yeddi il Çənlibel ətrafındakı yollarda ağalıq etmiş, tacir və bəzirganlardan bac-xərac alaraq, çoxlu sərvət toplamış, ad-san qazanmışdır.
Koroğlu uzaq səfərlərə gedəndə Çənlibeli Dəli Həsənə tapşırırdı.
Koroğlu dəlilərindən biri Dəmirçioğludur. Koroğluya məğlub olduqdan sonra onunla qardaşlaşıb Çənlibel igidlərinə qoşulur və s.