47. “Aşıq Qərib” dastanının süjeti Xalqımızın çoxəsrlik aşıq yaradıcılığında neçə yüz illərdən bəri özünə şərəfli yer tutan, dastançı aşıqların repertuarından düşməyən, ustad sənətkarlar tərəfindən zaman-zaman yeni-yeni variantlarda çalınıb-çağrılan böyük məhəbbət dastanlarından biri də "Aşıq Qərib"dir. Türk xalqlarının məhəbbət dastanları silsiləsində "Aşıq Qərib"in xüsusi yeri vardır.
"Aşıq Qərib" milli dastan yaradıcılığının ən erkən süjetlərini əhatə etdiyi kimi, Azərbaycan xalqının erkən orta əsr məişət həyatını, adət-ənənələrini və cəmiyyətdaxili ziddiyyətlərini geniş şəkildə özündə ehtiva edir. Onun hər hansı başqa bir xalqa məxsus olduğunu iddia etmək, saxtalaşdırıb özünküləşdirmək heç cür mümkün deyil. "Aşıq Qərib" dastanının süjeti Azərbaycan aşıq yaradıcılığında yeni məhəbbət dastanı kimi "buta" arxasınca getmə ənənəsi üzərində qurulub.
"Aşıq Qərib" dastanında tacir Məhəmmədin oğlu Rəsul yuxuda ikən tiflisli Xoca Sənanın qızı Şahsənəm ona buta verilir. Rəsul öz butasının arxasınca getməli olur. Gəlib Tiflisə çatanda bir qarıya rast olur. Qarı vəziyyətdən hali olur və deyir ki, sən qal burada, mən gedim Şahsənəmi muştuluqlayım. Elə buradaca qarı Rəsulu "Qərib" deyə çağırır və Rəsula bu ad xoş gəlir. O, bu adı özünə götürür. Hadisələr açılır, Şahsənəm Aşıq Qəribin gəlişindən xəbər tutur və onunla görüşür. Ancaq Qərib Şahsənəmin əmisi oğlu Şahvələdə nişanlı olduğunu bilir. Bu xəbər onu sarsıdır.
Şahsənəm əmisi oğluna xəbər göndərir ki, məni yeddi il gözləsin. Aşıq Qərib Şahsənəmə qovuşmaq üçün bütün əzablara dözür. Dastanda Qəribin kəşməkəşli həyatının çox gərgin bir mərhələsi təsvir olunur. Bu, çətinlik və ağır güzərandan çıxma, buta arxasınca getmə, böyük çətinliklərə qalib gəlib toy gününə qovuşma, yeni həyata qədəm qoyma ilə əlamətdardır. Dastanın əvvəlində butasına qovuşacağına nagüman olan Rəsul (Qərib) dastanın sonunda artıq muradına yetişən haqq aşığı kimi diqqəti çəkir.
48. “Tahir və Zöhrə” dastanının süjeti Astral dastanlar içərisində ən geniş yayılanı «Tahir-Zöhrə»dir. Bu dastandakı süjetin Azərbaycanla yanaşı, özbək, tatar, türkmən, uyğur, Anadolu variantları da mövcuddur. Əsər adları çəkilən xalqlarda üç biçimdə – sadəcə nağıl, xalq dastanı və məsnəvi-qissə şəkillərində yaşamaqdadır.
«Tahir-Zöhrə» dastanı çoxvariantlı dastanlardandır. Təkcə Azərbaycanda onun iyirmidən yuxarı variantına təsadüf edilir. Lakin variantların çoxluğuna baxmayaraq, süjet və poetik struktur fərqinə görə onlardan hər hansı biri versiya təşkil edə biləcək səviyyədə ayrıntı yaratmır.
Zöhrə Qaraman hökmdarı Hatəm Sultanın qızıdır. Tahirlə o, bir saatda dünyaya gəlib, bir yerdə böyüyüb, bir yerdə oxuyublar. Müxtəlif variantlara görə, Zöhrəni Qara vəzirin oğlu, yaxud Molla Bədəl və yaxud Keçəl almaq istəyir. Onun hiyləsi ilə Hatəm Sultan öz qardaşını, yəni Tahirin atasını öldürür, özünü də sürgün edir. Tahir qəribliyə düşür. Ellər, obalar gəzir, nəhayət, Xanverdi sövdəgərin qızı Nərgizə rast gəlir. Nərgiz Tahiri sevir. Lakin Tahir Zöhrəni unuda bilməyib vətənə dönür. Zöhrə onu sandığa qoyub suda saxlayır. İp qırılır. Sandıq girdaba düşür. Zöhrə öz qoşmaları ilə onu girdabdan qurtarır. Sandıq Çinə gedir. Çin şahzadəsi Banu Hatəm Sultanı öldürüb Tahirlə Zöhrəni qovuşdurur.
Göründüyü kimi, dastanın əsas surətlərindən biri Hatəm Sultandır. O, Qaraman hökmdarıdır. Elm aləminə indiyə qədər «Qaraman» adı ilə qədim bir türk tayfası və 1301-1472-ci illərdə mövcud olmuş bir xanlıq məlumdur. Hatəm Sultanın hökmdar olduğu Qaraman bu sayılanların heç birisi ilə bağlı deyildir. Dastandakı Qaraman simvolik addır. O, sadəcə qara mən, yəni qaranlıq göy, səma deməkdir. Onun öz adı olan Hatəm sözü isə bir sıra məlum mənalardan başqa həm də sahib, hakim, ağa anlamı verir. Beləliklə, Qaraman hökmdarı Hatəm astral mənada qaranlıq gecə deməkdir. O öz doğma qardaşını, yəni gündüzü öldürüb hakimiyyəti əlinə almışdır.
Dastanın əsas qəhrəmanlarından olan Zöhrə Hatəmin, yəni həmin qaranlıq gecə səmasının ulduzu – qızıdır. O, Tahirlə bir saatda doğulmuş, bir müddət onunla sərbəst, azad gəzib-dolaşmış, Tahir sürgün edildikdən sonra Hatəm tərəfindən xüsusi bir imarətdə göz dustağı kimi «həbs» edilmiş, bir də Hatəm öldükdən sonra sərbəstliyə çıxmışdır. Aydındır ki, bu, axşamdan parlaq bir ulduz kimi görünüb sonra yoxa çıxan, bir də ancaq səhərə yaxın görünən Zöhrə ulduzunun antropomorfizmidir.
Bəlli olduğu kimi, Zöhrə (bəzi mənbələrdə onun adı həm də Nahiddir) istər əksər dünya xalqlarının mifologiyasında, istərsə də astral görüşlərdə və klassik bədii ədəbiyyatlarda su ilə, çay ilə, dəniz ilə bağlı gözəl, musiqiçi – nəğməkar, sevgili kimi təsvir edilmişdir. «Tahir-Zöhrə» dastanında da onun bu cizgiləri qabarıq görüntülərlə verilir. Zöhrə vəfalı bir sevgilidir, son dərəcə gözəldir, mahir nəğməkardır. Sular onun iradəsinə tabedir. Onun sulara hakim olması təsəvvürü mifoloji atribut kimi dastanda xüsusilə gözəl işlənmişdir.
Hatəm Sultan Tahiri sürgün etdikdən sonra su kənarında xüsusi bir imarət tikdirib Zöhrəni orada saxlayır. Tahir gəlib çıxdıqdan sonra Zöhrə onu sandığa qoyub gündüzlər su içində gizlədir, gecələr isə öz yanına gətirir. Buna görə də Hatəmin cəlladları onu tapa bilmirlər. Günün birində ip qırılır, sandıq axır. Lakin uzağa getmir. Elə bil ki, su sandığı aparmaq üçün Zöhrədən icazə istəyir: «Su sandığı aparmaqda olsun, görək Zöhrə sandığın dalınca dəryaya nə deyir:
Qanlı dərya, nə axarsan selabnan,
Axıbanı bir ümmana gedirsən.
Əmanətdir, qərq eyləmə sandığı
Üz tutuban nə məkana gedirsən?
Dastanın baş qəhrəmanı Tahir də Ayın antropomorfizmidir. Bunun doğrudan da belə olduğu dastanın süjetindən də görünməkdədir. O, Zöhrə ilə bir zamanda doğulur, sonra sürgün edilir, qürbətlərdə gözləməli olur. İkinci dəfə yenidən Zöhrə ilə görüşür. Qaraman xanı onu dənizə atdırır. Nəhayət, Çin Banusunun, yəni Günəşin qaranlıq gecəni məhv etməsi sayəsində Zöhrəyə qovuşur.
Dastanın maraqlı obrazlarından biri də Nərgizdir. Əsərdə Nərgiz müxtəlif şəkillərdə təsvir olunur. Lakin hər nə şəkildə olursa-olsun o özünün əsas xarakter cizgilərini qoruyur. Çox gözəl və məğrur olan bu qız dastanın bütün variantlarında su ilə bağlı təsvir edilir. Dastanın bir variantında su sandığı gətirib onun bağına çıxarır. Bir variantda isə Tahir özü gəlib onun bağına girir, su içib çarhovuzun yanında yatır.
Dastanda Tahirin macərası Ayın göydəki hərəkətinə tam uyğun şəkildə qurulmuşdur. Astroloji təsəvvürlərə görə, guya həmişə Şərqə doğru hərəkət edən Ayın yolunda bir eniş, bir də yoxuş var imiş. Eniş fəlakət, qalxış-yoxuş isə səadət hesab edilirmiş. Bu əsərdə də Tahir həm enişlə axaraq girdaba düşür, Nərgizə rast gəlir, həm də yoxuşla gedərək öz xilaskarı olan Çin Banusu ilə görüşür. Ən böyük səadət isə Ayla Zöhrənin bir bürcdə görüşmələri imiş.
Bütün bunların yüksək sənətkarlıq və bədii təxəyyül gücünə dastan süjetində əks olunması sayəsində folklorumuz «Tahir-Zöhrə» kimi unikal bir astral əsərlə zənginləşmişdir.