50. “Şah İsmayıl” dastanının süjeti Məhəbbət və qəhrəmanlıq motivlərinin birgə çıxış etdiyi dastanlar içərisində «Şah İsmayıl-Gülzar» öz məşhurluğu ilə daha çox seçilir. Dastandan aydın olur ki, Adil şah min bir dua, nəzir-niyaz və qurbanla yeganə oğlunu tapır. Yaman gözə gəlməsin deyə onu hətta on beş yaşına qədər xüsusi yerdə saxlatdırıb günəş işığından da qoruyur. Oğlan böyüyür və həqiqətən azman bir pəhləvana çevrilir. Oğul – Şah İsmayıl bir gün ov zamanı Gülzarı görür, sevir, arxasınca gedir, min bir əzab-əziyyətdən sonra öz məqsədinə çatır, üç gözəllə atasının vilayətinə dönür. Ata öz gəlinlərini ələ keçirmək üçün oğlunun gözlərini çıxartdırıb quyuya atdırır. Doğma atanın oğula qarşı belə qəddar, vəhşi münasibəti, sonra isə oğulun sağalıb atadan intiqam alması, yəni ədalətin bu şəkildə bərpa olunması dastanın çox geniş yayılmasına səbəb olmuşdur. Şübhəsiz ki, burada saraylara xas olan despotizmin, taxt-tacı ələ keçirənlərin öz övladlarına, qardaşlarına, hətta atalarına qarşı qeyri-insani münasibətlərinin bədii inikası vardır.
«Şah İsmayıl-Gülzar» dastanının ondan yuxarı variantı mövcuddur. Variantlarda atanın adı, qəhrəmanın qalaçada rast gəldiyi ilk qızın adı, onun qardaşlarının müharibə etdikləri düşmənin adı, Ərəbzənginin adı, onun tərcümeyi-halı biri-birindən xeyli dərəcədə fərqlənir. Lakin süjet və poetik mətnlərdə elə bir ciddi ayrıntı duyulmur.
Variantların hamısında Şah İsmayılın gözlərini çıxartdıran, quyuya atdıran atadır. Müxtəlif variantlarda Zülal şah, Adil şah, Fətəli xan, Abdulla xan, Aslan şah adlanan bu qansız ata qabaqca oğlunu quyuya salmaq, bu baş tutmadıqda zəhərləmək qərarına gəlir. Bu fəndlər baş tutmur, belə olduqda, oğlunun qollarını bağlatdırıb gözlərini çıxartdırır.
Şah İsmayılın gözlərinin sağalması da variantlarda müxtəlif cür verilir. Onun gözlərini bəzən göyərçinlər, bəzən mələklər, bəzən isə qarğa sağaldır ki, bunlardan ən qədimi – arxaik vasitə sonuncudur.
Dastanda başlıca diqqət Şah İsmayılın öz sevgilisi Gülzar xanım uğrunda çəkdiyi cəfalara və göstərdiyi qəhrəmanlıqlara yönəldilmişdir. Şah İsmayıl atasından fərqli olaraq mərd, mübariz, sədaqətli və vəfalıdır. O, haqq-ədalət tərəfdarıdır. Şah İsmayılın hünər və şücaətlərinin tamamlanmasında onun sevgili atı Qəmərdayın da özünəməxsus yeri vardır. Ümumiyyətlə, qədim türk bahadırlıq anlayışının tərkibində mühüm yer alan at, qılınc və qopuz-saz üçlüyü Şah İsmayılın qəhrəmanlığının da aparıcı atributu kimi çıxış edir. Bu baxımdan Şah İsmayıl obrazı Beyrəyi, Koroğlunu xatırladır, daha doğrusu, onların cərgəsində dayanır.
Gülzar da dastanlarımız üçün səciyyəvi olan sevgili surətlərindəndir. Misilsiz və bənzərsiz gözəlliyi ilə Şah İsmayıl kimi bahadır igidi məftun edən, onun könlünə hakim kəsilən bu gözəl öz zərifliyi, saf, səmimi sevgisiylə yadda qalır.
Lakin qəribədir ki, dastandakı əsas sevgili – məşuqə obrazı olmasa da daha qabarıq nəzərə çarpan və dastançı təxəyyülünün daha əzəmətli görüntülərlə təqdim etdiyi obraz Ərəbzəngidir. Əsas variantlara görə, Ərəbzəngi bədəxlaq işlərlə məşğul olan qardaşını və onun özü kimi əməldaşlarını öldürüb dağlara çəkilmiş igid, namuslu bir qızdır. O, qardaşına və onun bədəməl yoldaşlarına o qədər nifrət etmişdir ki, binamus işlərlə məşğul olan bütün kişilərə düşmən kəsilmiş, onlardan intiqam almağı qərarlaşdırmışdır. Kişi cildinə girmiş əzəmətli pəhləvan kimi çıxış edən Ərəbzəngi əslində gözəl, dastançı dili ilə deyilmiş olsa, «ay parçası kimi bir qızdır». Ərəbzəngi istər mənəviyyatına, istərsə də fiziki gücünə, igidliyinə, qüvvətinə görə qədim türk etnik düşüncəsindəki «bahadır qız» təsəvvürünün folklorlaşmış ifadəsidir. Onun daxili aləmi, eləcə də bu daxili aləmlə həmahəng olan qəhrəmanlığı Dədə Qorqudun Banuçiçəyini, Selcan Xatununu xatırladır. Dastanın hətta Gülzarı götürüb geri döndükləri zaman bulaq başındakı vuruş epizodu «Qanturalı» boyunun həmin epizodunun, demək olar ki, eynidir. Fərq bircə burasındadır ki, istər Banuçiçək, istər Selcan xatun, istərsə də bu planda olan başqa folklor qəhrəmanları oğlan tərəfindən məğlub edilib ərə getdikdən sonra öz bahadırlıqlarını itirmirlər, Ərəbzəngi isə sona qədər yenilməz bir qəhrəman olaraq qalır.
«Şah İsmayıl-Gülzar» dastanının süjet xətti, eləcə də dastandakı çoxsaylı arxaik-ibtidai təsəvvür və düşüncə sistemi ilə bağlı motivlər göstərir ki, bu dastan aşıq yaradıcılığı məhsulu olana qədər çeşidli mətnlər, müxtəlif folklor örnəkləri, o cümlədən, rəvayət və nağıl halında mövcud olmuş, elə oradan da aşıq dastançılığına gəlmişdir. Dastanın nağıl mənşəli olmasını oradakı çoxsaylı nağıl ünsürləri (göz çıxarma, quyu, qeyri-adi güləş səhnələri, qalada tənha yaşayan cəngavər qadın motivləri və s.) də təsdiqləyir. Bundan başqa, məşhur «Şahzadə İbrahim» nağılının süjeti ilə «Şah İsmayıl-Gülzar» dastanının süjeti kiçik istisnaları çıxmaqla, demək olar ki, bir-birinin təkrarıdır.
Dastanın nağıl mənşəli olmasına, habelə buradakı obraz və hadisələrin tarixi – mədəni səciyyəsinə əsasən qəti şəkildə söyləmək mümkündür ki, bu əsərdəki Şah İsmayıl obrazının Şah İsmayıl Xətai ilə heç bir bağlılığı yoxdur. Adlar arasındakı bənzəyiş tamamilə təsadüfidir.